Tovuz yeni inkişaf yollarında

 

Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş planlar yüksək səviyyədə həllini tapmaqdadır

 

Bu gün bütün regionlarda olduğu kimi, Tovuz rayonunda da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində rayon müasirləşib və gözəlləşib. Xüsusilə də, Tovuzda böyük turizm potensialı yaradılıb. "Tovuz rayonunun gözəl təbiəti, zəngin sərvəti vardır. Ən qiymətli sərvəti isə onun əməksevər insanlarıdır". Ümummilli Liderimiz Heydər Əliyev bu qədim Oğuz diyarı haqqında danışarkən, məhz bu ifadələri işlədirdi. Doğrudan da, gözəl təbiətə, zəngin sərvətlərə malik Tovuz rayonu əməksevər, vətənpərvər insanları ilə daha da gözəlləşir, onların əməyi sayəsində gündən-günə inkişaf edir, müasirləşir.

 

İnfrastruktur və abadlıq işlərinin müvəffəqiyyətli nəticələri

 

Respublikamız ikinci dəfə müstəqillik əldə etdikdən sonrakı mərhələlər, keçid dövrü Tovuz rayonunun sosial-iqtisadi həyatına da özünəməxsus təsir göstərmişdir. Tovuzluların ən böyük fərəhli tarixi günü isə Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etməsidir. "Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2009-cu il 7 oktyabr tarixli Sərəncamına əsasən, həmin ilin noyabrında strateji əhəmiyyətli bu yolun yenidən qurulmasına başlanıldı. Qeyd edək ki, uzunluğu 53 km olan yol 21 min əhalinin yaşadığı 43 yaşayış məntəqəsini, o cümlədən, Ermənistan ilə sərhəddə yerləşən 19 dağ kəndini rayon mərkəzi ilə birləşdirir. Həmçinin, sərhəd bölgəsində yerləşən Qoşa və Qaralar kəndləri arasında strateji əhəmiyyətli yeni yol çəkilib, dağ kəndlərində, ümumilikdə, 194 kilometr yollar hamarlanıb, çınqıl tökülərək təmir edilərək genişləndirilibdir. Göstərilən ərazilərdə 3 avtomobil körpüsü tikilib, 9 körpüdə əsaslı təmir işləri aparılıb.

Eyni zamanda, rayon ərazisində yol kənarlarında insanların zövqünü oxşayan 17 dayanacaq tikilib, rayonun yeraltı avtomobil keçidi də  əsaslı təmir olunubdur. Ötən il Tovuz şəhərində, Qovlar qəsəbəsində, Alakol və Bozalqanlı kəndlərində küçə və yollara 63650 kvm asfalt-beton örtük salınıb.

 

Tovuzda İKT sürətlə inkişaf edir

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi istiqamətində, bütün bölgələrdə olduğu kimi, Tovuzda da davamlı tədbirlər həyata keçirilir. RİTN "Aztelekom" İB-nin dəstəyi ilə Tovuzda informasiya və kommunikasiya texnologiyalarının inkişafı sürətli şəkildə davam edir. Tovuzda müasir rabitə şəbəkəsi yaradılmaqdadır. Qovşaq tərəfindən kəndlərdə mövcud analoq ATS-lərin elektron ATS-lərlə əvəzlənməsi istiqamətində də təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu istiqamətdə işlərini davam etdirən qovşaq Əlimərdanlı kəndində 400 nömrə tutumlu analoq ATS-i 512 nömrə tutumlu yeni EATS-lə əvəzlənib. Aşağı Ayıblı elektron ATS-nin daxili xətt təsərrüfatında əsaslı təmir işləri aparılmaqla xətt təsərrüfatının tutumu 290 nömrə genişləndirilibdir. Kənddə 512 nömrə tutumlu yeni elektron ATS qurulubdur. Hər bir kənddə 4 nömrə olmaqla 40 peyk rabitəsi qurulubdur. Aparılmış gərgin və məqsədyönlü işlər nəticəsində hazırda Tovuzda 37 peyk rabitəsi mövcuddur. Yaxın vaxtlarda Məşədiqullarda qurulmuş mini elektron ATS-in 32 nömrəyə çatdırılması ilə Göyəbaxan, Həsənqullar və Nəsibli kəndlərində mənzillərin stasionar telefonla telefonlaşdırılması təmin edilməklə, rayonda peyk rabitənin sayı daha 3 ədəd azaldılaraq 34-ə çatdırılacaq ki, bu da uğurlar sırasına yazılan yeni bir uğurdur.

Tovuzda informasiya texnologiyalarına paralel olaraq poçt rabitəsi də inkişaf etməkdədir. Tovuz Regional Poçt Filialı ötən il plan və tapşırıqları 130,6 faiz, əvvəlki ilin icrasına qarşı isə 131,6 faiz yerinə yetirib, qeyri-ənənəvi poçt xidmətlərindən gələn gəlir 162,3 min manat olubdur. RİTN "Azərpoçt" MMC-nin köməkliyi ilə son iki ildə poçtamt tərəfindən Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Yanıxlı və Qovlarda yeni poçt şöbələri tikilərək sakinlərin istifadəsinə verilibdir.

 

Aqrar sənayenin prioritet istiqamətləri

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında kənd təsərrüfatının inkişafında aqrar sənaye prioritet istiqamətlərdəndir. Bu baxımdan da, aqrar sahədə və onun başlıca bölmələrindən olan heyvandarlığın inkişafı sahəsində xeyli iş görülübdür. Cari ilin birinci rübündə 1078,9 ton ət, 6075 ton süd, 3 milyon 284 min ədəd yumurta istehsal edilib. Eyni zamanda, rayonda heyvandarlığın yem bazasının möhkəmləndirilməsi məsələsinə xüsusi diqqət yetirilir. Ötən il yonca əkini sahələri xeyli artırılmış, 10766 ton çox məhsul istehsal edilib. Həmçinin, Xatınlı kəndində saatda 1,6 ton qarışıq yem üyüdən dəyirmanın  tikintisi başa çatmaq üzrədir.

Rayonda digər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində də xeyli nailiyyətlər əldə olunub, dən üçün qarğıdalı, kartof, tərəvəz, meyvə istehsalı artırılıbdır. Hazırda rayonda 420 hektar üzüm bağı vardır ki, bunun da 320 hektarı məhsul verən bağlardır. Ötən il üzüm bağlarından 4970 ton məhsul götürülüb ki, onun da 4890 tonu məhsuldar bağlardandır. Üzüm bağlarının hər hektarından 158 sentner məhsul əldə olunub ki, bu da əvvəlki ildəkinə nisbətən 128 ton çoxdur. Eyni zamanda, Yuxarı Öysüzlü kəndi ərazisində 2-3 min hektar üzüm sahəsi salmaq və azı 10 ədəd mini - şərab zavodları tikdirmək planlaşdırılıbdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda  bütün rayonlar kimi Tovuz rayonunun da sosial-iqtisadi inkişafı ilə bağlı çox mühüm layihələr nəzərdə tutulubdur. Proqrama uyğun olaraq keçən il rayonda tutumu 2 min ton olan soyuducunun və tutumu 10 min ton olan taxıl anbarının tikintisi başa çatdırılıb, Qaraxanlı kəndində 15 min başlıq quşçuluq binasının, Xatınlı kəndində 50 tonluq soyuducunun, 80 çarpayılıq rayonun mərkəzi xəstəxanasının, Axınca çayı üzərində avtomobil körpüsünün və digər obyektlərin tikintisi davam etdirilir.

Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində cari ilin birinci rübündə rayonda 484 iş yerləri açılıbdır ki,  bunun da 134-ü daimi iş yerləridir.

Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Tovuz rayonunda böyük uğurla reallaşır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 21 aprel.- S. 8.