Azərbaycan tibb elminin parlaq
siması
Yeni Azərbaycan Partiyasının Nizami rayon
təşkilatında görkəmli oftalmoloq-alim,
akademik Zərifə Əliyevanın anadan olmasının 88 illiyinə həsr olunmuş tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 88 illiyinə həsr olunmuş tədbir keçirilib. İlk öncə YAP Nizami rayon təşkilatının və rayon icra hakimiyyətinin nümayəndələri Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın məzarını ziyarət etmiş və abidələri önünə tər çiçək dəstələri düzmüşlər.
YAP Nizami rayon təşkilatının qərargahında davam etdirilən tədbirdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sütükla yad edilib. Azərbaycanın görkəmli ziyalı qadını, gözəl anası, görkəmli alim Zərifə Əliyevanın həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto görüntülərdən ibarət film nümayiş etdirildi.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva görkəmli akademikin mənalı həyatı, Onun tibb elminə bəxş etmiş olduğu misilsiz töhfələrdən, eyni zamanda, Onun əsil ana kimi malik olduğu zəngin xüsusiyyətlərindən bəhs etdi. Bildirdi ki, oftalmoloq-alim Zərifə Əliyeva Azərbaycan tibb elmində, bir insan kimi görmüş olduğu böyük işlərlə həmişə sevgi və məhəbbətlə əhatə olunub: "Görkəmli akademik Zərifə Əliyeva çox gözəl ana, əsil ziyalı xanım kimi Azərbaycan tibb elminin inkişafında özünə məxsus dərin iz buraxıb. Onun göz xəstəliklərinin digər növləri ilə yanaşı, traxoma xəstəliyinin müalicəsində göstərmiş olduğu böyük fədakarlıqlar bu gün də unudulmur. Akademik Zərifə Əliyeva, həmçinin, insanların peşə xəstəlikləri ilə bağlı, onların iş müddətində almış olduqları göz xəsarətlərinin müalicəsinə də ciddi önəm verərək, mühüm addımlar atmışdır". S.Vəliyeva görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın bütün bunlarla yanaşı, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin ömür gün yoldaşı kimi də, həmişə Ona mənəvi dayaq olması xüsusi önəm kəsb etdiyini vurğuladı. S.Vəliyeva görkəmli akademik Zərifə Əliyevanın Azərbaycanın ən gözəl anası kimi yetişdirmiş olduğu övladlarının ölkəmizin, xalqımızın böyük məhəbbəti ilə əhatə olunduqlarını bildirdi. Millət vəkili Ulu Öndər Heydər Əliyev siyasətini, Onun zəngin irsini, möhkəm iradəsini, akademik Zərifə Əliyeva hərarətini özündə cəm etmiş Prezident İlham Əliyevin bu gün Azərbaycan xalqına, dövlətinə böyük həvəslə xidmət etməsi, milli maraqlarımızı ən yüksək zirvələrə qaldırması sadalananların ən bariz mücəssəməsi olduğunu diqqətə çatdırdı.
Milli Oftalmologiya Mərkəzinin elmi işçisi, akademik Zərifə Əliyevanın tələbəsi Daqmara Məmmədova da çıxışında öz müəllimi ilə bağlı zəngin xatirələrindən bəhs etdi. D.Məmmədova qeyd etdi ki, görkəmli alim Zərifə Əliyeva bizim yaddaşımıza oftalmologiyanın anası kimi həkk olunub.
D.Məmmədova Azərbaycan tibb elminin daha da yüksəklərə qalxmasında akademik Zərifə Əliyevanın misilsiz xidmətlərinin olduğunu da vurğuladı.
Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova da, çıxışında görkəmli alim Zərifə Əliyevanın bir ana, qağyıkeş həyat yoldaşı kimi də zəngin mənəviyyata sahib olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan qadını həmişə öz ailəsinə sadiq, övladlarına qarşı çox diqqətli olub. Eyni zamanda, xanımlarımızın həmişə işlərində və evdə milli-mənəvi dəyərlərə böyük yer verdiklərini də söyləyən G.İsrafilova akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə diqqət yetirdikdə bu zəngin dəyərlərin məhz burada öz əksini tapdığın açıq şəkildə müşahidə etməyin mümkünlüyünü vurğuladı. "Çünki görkəmli akademikimiz Zərifə Əliyeva həmişə öz ailəsinə ömür gün yoldaşı olan Ulu Öndərimiz Heydər Əliyevə, bu gün ölkəmizi zəngin təcrübəsi və bacarığı ilə yüksəklərə ucaldan Prezident İlham Əliyevə böyük məhəbbətlə yanaşdığını da hər birimiz çox gözəl bilirik" deyən G.İsrafilova onun tibb elmində göstərmiş olduğu əvəzsiz xidmətlərin də bu günümüzün böyük tələbatına çevrildiyini söylədi.
Bakı Dövlət Universitetinin tələbəsi Xəyalə Əsgərli, YAP Nizami rayon qadınlar şurasının sədri Sevda Abdullayeva və digərləri çıxışlarında görkəmli akademik Zərifə Əliyevanın tibb elminə vermiş olduğu əvəzsiz töhfələrdən, onun bir ana, qayğıkeş həkim, səmimi insan kimi zərif əməllərindən bəhs etdi.
Müəllif:
Tapdıq Qurbanlı
Səs.- 2011.- 22 aprel.- S. 8.