İşğal altında olan
ərazilər tez bir zamanda geri
qaytarılmalıdır
İlham Əliyev:
"Azərbaycan imitasiya, danışıqlar naminə
danışıqlarda iştirak etməyəcəkdir "
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi bu gün Azərbaycan dövlətinin qarşısında duran ən əsas vəzifələrdən biri kimi göstərilə bilər. Ölkənin hər bir sahəsində görülən işlər məhz bu məqsədin reallaşdırılmasına yönəlmişdir. İstər daxili, istərsə də xarici siyasətdə problemin həlli üzərində böyük işlər görülməkdədir. Lakin təəssüf ki, Ermənistan tərəfinin qeyri-konstruktivliyi və münaqişənin həlli ilə birbaşa məşğul olan beynəlxalq qurumların məsələyə ikili standartlar mövqeyindən yanaşması işğal olunmuş torpaqlarımızın azad olunmasına böyük əngəl törədir.
Dağlıq Qarabağ münaqişəsi bu gün bir sıra beynəlxalq təşkilatların gündəmində qalmasına və ATƏT-in Minsk Qrupunun bununla bağlı xüsusi iş proqramının olmasına baxmayaraq, onun həlli üçün lazımi addımlar atılmır. Belə ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğalçılıq fəaliyyətinə qarşı qəbul olunmuş sanksiyaların icra olunmaması və hətta bunun üçün hansısa cəhdlərin də edilməməsi bir növ məsələyə laqeydliyi nümayiş etdirir. Bu isə, təbii olaraq, Azərbaycan tərəfinin haqlı etirazına səbəb olur. Mütəmadi olaraq, ölkə ictimaiyyəti tərəfindən beynəlxalq qurumlara qarşı etirazların edilməsi də buna bariz nümunədir. Münaqişə ilə məşğul olan beynəlxalq qurumların göstərdiyi mövqedən irəli gələrək istər dövlət, istərsə də qeyri-dövlət dairələri tərəfindən Minsk Qrupunun həmsədrlərinə, eləcə də, digər qurumlara etirazlar edilmiş onların münaqişənin tənzimlənməsi prosesindən kənarda qalması məsələsi də gündəmə gətirilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı öz mövqeyini bildirmiş və münaqişənin uzanmasının, beynəlxalq ictimaiyyətin ikili standartlar baxımından yanaşmasının yolverilməz olduğunu bildirmişdir. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində mövqeyimiz birmənalıdır. Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Necə ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməyə başlamışdır. Yəni, mən bu barədə artıq fikrimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, ədalətsizlikdir, bu, ikili standartlardır və bu, ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyildir. Çünki ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı-genosid törədilmişdir. Xocalı soyqırımı törədilmişdir. Ermənilər tərəfindən günahsız insanlar vəhşicəsinə qətlə yetirilmişdir. Nədənsə o zaman dünya birliyi bizim dərdimizə biganə qalmışdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır. Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib, ATƏT-in qərarları, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, NATO-nun qərarları - bütün bu qərarlar işğal edilmiş torpaqlardan erməni qoşunlarının çıxarılmasını tələb edir. Ancaq məsələ öz həllini tapmır. Belə olan halda haqlı olaraq Azərbaycan vətəndaşları sual verirlər ki, nə üçün bizə qarşı münasibət fərqlidir? Bunun səbəbi nədir? Mən bu sualı beynəlxalq ictimaiyyətə, beynəlxalq aləmdə nüfuza malik olan ölkələrə ünvanlayıram. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğala son qoyulmalıdır və bu məsələ tezliklə öz həllini tapmalıdır. Çünki Azərbaycan xalqının səbri tükənməz deyildir."
Prezident İlham Əliyev, həmçinin, Azərbaycanın danışıqlarda iştirakının da məhz münaqişənin sülh yolu ilə tənzimlənməsinə istiqamətləndiyini və mövcud status-kvonun qalmasının heç bir halda Azərbaycana sərf etmədiyini qeyd etmişdir. O, Dağlıq Qarabağa müstəqillik statusunun verilməsinin isə, ümumiyyətlə, danışıqlar mövzusu olmadığın birmənalı şəkildə vurğulamışdır. "Bir daha demək istəyirəm ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi birmənalıdır. Bu mövqe nəinki bizim arzularımıza, beynəlxalq hüquqa əsaslanır və beynəlxalq hüquq, hələ ki, dünyada başlıca bir meyardır. Biz indi görürük ki, beynəlxalq hüquq normaları müxtəlif yerlərdə kobudcasına pozulur. Ona görə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və heç bir şərt irəli sürülməməlidir. Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcəkdir. Eyni zamanda, məsələ öz həllini Dağlıq Qarabağda yaşayan insanların və oraya mütləq qayıdacaq Azərbaycan vətəndaşlarının muxtariyyət, özünüidarəetmə statusunda yaşamasını təmin edə biləcək prinsiplər əsasında tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da nə vaxtsa müstəqilliyin verilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyildir və olmayacaqdır."
Cənab Prezident iclas zamanı ötən ayın sonlarında açıqlanmış ATƏT-in qiymətləndirmə missiyası tərəfindən 2010-cu ilin oktyabrında işğal olunmuş ərazilərdə keçirilmiş müşahidələrin nəticələrini özündə əks etdirən hesabata da münasibətini bildirmiş, bunun reallıqları əks etdirdiyini qeyd etmişdir.
"Birinci rübdə bu məsələ ilə bağlı ATƏT-in qiymətləndirmə missiyası işğal edilmiş torpaqlara səfər etmişdir. Bu missiya bizim təklifimiz əsasında baş tutmuşdur. Ermənistan tərəfi buna etiraz etməyə cəhd göstərmişdir. Bildiyiniz kimi, 2005-ci ildə oxşar missiya işğal edilmiş torpaqlara səfər etmişdir. O, faktaraşdırıcı missiya idi. Yəni, o, belə adlandırılırdı. Missiyanın əsas məqsədi işğal edilmiş torpaqlarda vəziyyəti araşdırmaq və məruzə hazırlamaq idi. Mən bilirəm ki, Azərbaycan cəmiyyətində missiyanın yekun məruzəsi ilə bağlı müxtəlif fikirlər vardır. Haqlı olaraq cəmiyyətimiz öz narahatlığını bildirir ki, o məruzədə ifadələr o qədər də kəskin deyildir. Ancaq qeyd etmək istəyirəm ki, missiyanın məqsədi və mandatı ondan ibarət idi ki, mövcud vəziyyəti öyrənsin və gördüklərini məruzədə ifadə etsin. Bu baxımdan, hesab edirəm ki, məruzədə göstərilən məsələlər reallığı əks etdirir."
Prezident hesabatda yer alan bəzi məqamlara toxunaraq, bunları vacib məsələlər kimi nəzərdən keçirmişdir. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən törədilən qeyri-qanuni əməllərin azərbaycanlıların tarixini və izini bu ərazilərdən silmək məqsədi daşıdığını bildirən Prezident İlham Əliyev bu məsələlərin Ermənistana qarşı xəbərdarlıq kimi nəzərdən keçirilməli olmasını qeyd etmişdir. O, hesabatda yer alan status-kvo ilə bağlı fikirlərə xüsusi diqqət yetirmişdir. "Nəhayət, məruzədə göstərilir ki, status-kvo, yəni indiki vəziyyət davam edə bilməz. Mən hesab edirəm ki, məruzədə bu, ən vacib məsələlərdən biridir. Çünki uzun illərdir ki, Azərbaycan dövləti bütün tribunalarda, bütün beynəlxalq təşkilatlarda, eyni zamanda, həmsədr ölkələrin rəsmiləri ilə birbaşa görüşlərdə məsələ qaldırır ki, status-kvo dəyişdirilməlidir."
O, Ermənistan tərəfinin status-kvonu saxlamaq məqsədilə danışıqları uzatmaq istəyinin isə, yolverilməz olduğunu da nəzərə çatdırmışdır. "Ermənistan tərəfi bütün imkanlardan istifadə edir, çalışır ki, danışıqları uzatsın. Mən Azərbaycan vətəndaşlarına bu barədə də müəyyən dərəcədə məlumat vermişəm. Müəyyən mərhələdə razılaşdırılmış məsələlər onlar tərəfindən yenidən danışıqlar masasına qoyulur və onlar əvvəlcədən razılaşdırılmış məsələlərdən geri çəkilirlər. Yəni, istəyirlər ki, bu proses sonsuz, daimi, əbədi olsun, daim bu danışıqlar getsin və guya ki, Ermənistan danışıqlarda özünü konstruktiv aparır. Halbuki biz dəfələrlə demişik ki, Ermənistan danışıqlarda qeyri-səmimidir. Onların məqsədi məsələnin həlli deyildir. Onların məqsədi işğal edilmiş torpaqları nə qədər mümkündür öz nəzarəti altında saxlamaq və de-fakto vəziyyəti gələcəkdə de-yure vəziyyətinə çevirməkdir. Onların niyyəti ondan ibarətdir ki, nə qədər çox vaxt keçsə o qədər yaxşıdır, yəni dünya birliyi bu vəziyyətlə barışacaq və beləliklə, bu vəziyyət - danışıqlar prosesi sonsuz aparılacaqdır. Biz dəfələrlə məsələ qaldırmışıq ki, bu, mümkünsüzdür. Azərbaycan imitasiya, danışıqlar naminə danışıqlarda iştirak etməyəcəkdir."
Prezident İlham Əliyevin də müşavirədə qeyd etdiyi kimi, bu gün Azərbaycan heç bir halda öz torpaqlarının işğalı faktı ilə barışa bilməz. Ermənistan tərəfindən aparılan işğalçılıq siyasətindən əziyyət çəkən azərbaycanlı qaçqınların doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında duran ən vacib məsələdir. Bu məsələyə ölkə Prezidenti səviyyəsində yüksək diqqət yetirilir. Danışıqların uzanması isə bu məsələdə dövlətimiz qarşısında duran əsas maneədir. Bunun əsas səbəbkarı kimi isə qeyri-konstruktiv Ermənistan tərəfi göstərilməlidir. Onun apardığı işğalçılıq siyasəti və qeyri-konstruktiv mövqeyi Azərbaycan ərazilərinin işğaldan azad olunmasına imkan vermir. Lakin cənab Prezidentin də dediyi kimi, bu vəziyyət uzun müddət davam edə bilməz. Gec-tez Ermənistan tərəfi Dağlıq Qarabağın Azərbaycan torpaqları olması faktı ilə barışmalı və onu geri qaytarmalıdır. Bu, sülh yolu ilə alınmayacağı təqdirdə, digər daha sərt tədbirlərə əl atılacağı da istisna edilmir. Azərbaycan öz təbii hüququndan istifadə edərək öz ərazilərini düşmən işğalından müharibə yolu ilə də azad edə bilər. Əlbəttə, bu arzuolunmaz haldır, lakin faktdır. Belə olmaması üçün beynəlxalq birlik təcili olaraq, Ermənistana qarşı təzyiq göstərməli, onu tutduğu mövqedən çəkindirməlidir. Belə olmayacağı təqdirdə, nəinki Azərbaycan və Ermənistan, eyni zamanda, bütün dünya birliyi münaqişənin doğura biləcəyi acı fəsadlardan əziyyət çəkməli olacaqlar.
Azərbaycan dövləti isə münaqişənin hansı yolla həll olunmasından asılı olmayaraq, öz gücünü, potensialını artırmağa çalışır. Cari ilin ilk rübündə qeydə alınmış göstəricilər də bunu deməyə əsas verir. Yüksək inkişafın olacağı təqdirdə isə, ölkəmizin nüfuzunun daha da yüksələcəyi və artıq söz sahibi ölkə kimi çıxış etməyə imkanımızın olacağı məlumdur.
Murad İSMAYILZADƏ
Səs.- 2011.- 22 aprel.- S. 5.