Uğurlu və məqsədyönlü
siyasətin bariz nümunəsi
Dövlət
başçısının diqqəti və
qayğısı nəticəsində Bakıətrafı kənd
və qəsəbələrin sosial-iqtisadi inkişafı
və mədəni siması dəyişib
Ölkə başçısı İlham Əliyevin paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına yetirdiyi xüsusi diqqəti və qayğısı nəticəsində, həmin yerlərin mədəni simasında da xeyli dəyişikliklər müşahidə edilməkdədir. Prezident İlham Əliyev paytaxtın yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin və yenidənqurma işlərinin bundan sonra daha da vüsət alacağını qeyd etmiş və bu məqsədlə xüsusi Dövlət Proqramı üzərində işlərin getdiyini bildirmişdir. Prezidentin tapşırıqlarına əsasən, Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində yenidənqurma tədbirlərinə başlanılmışdır.
Eyni zamanda, bütövlükdə, ölkəmizdə aparılan geniş quruculuq işləri sadə vətəndaşlardan tutmuş, buraya gələn xarici qonaqların da sevincinə səbəb olur. Ümumiyyətlə, iqtisadi ekspertlərin də statistik göstəricilərə əsaslanaraq, verdikləri rəylər yuxarıda qeyd olunan fikirləri yetərincə təsdiqləmiş olur.
Həm paytaxt Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır. Təbii ki, bütün bu quruculuq-abadlıq və inkişafa ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu məqsədyönlü siyasəti nəticəsində nail olunur. Ümummilli Liderimiz Heydər Əliyev və Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev Azərbaycanın bütünlüklə inkişafının həmişə tərəfdarı olub. Onu da xatırlamaq yerinə düşərdi ki, Dövlət başçısı keçirdiyi müşavirədə davamlı inkişafın təməlində uğurlu iqtisadi və siyasi islahatların, ölkədə aparılan uğurlu neft siyasətinin dayandığını söyləyib: "Bu siyasət bizə imkan verdi ki, böyük maliyyə resursları yaradaq və onları çox böyük səmərə ilə iqtisadiyyata yönəldək ki, həm insanların rifah halı yaxşılaşsın, həm də ölkəmizin inkişafı uğurlu və uzunmüddətli olsun. Azərbaycanda son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artmışdır, yoxsulluq 4,5 dəfə, işsizlik kəskin şəkildə azalmışdır. Yəni, hər bir ölkənin iqtisadi və sosial göstəricilərini nümayiş etdirən əsas rəqəmlər bizim inkişafımızı əyani şəkildə sübut edir".
Məhz bunun bariz nəticəsidir ki, bu inkişaf tendensiyası respublikamızın regionlarının inkişafı ilə yanaşı, paytaxt Bakı şəhərində də nəzərə çarpmaqdadır. Çünki Bakı, qeyd etdiyimiz kimi, paytaxt şəhəri olmaqla bu inkişafın önündə gedir. Bu baxımdan, ölkə Prezidentinin Sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə də paytaxt Bakımızın və onun ətraf kəndlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan bir çox işlərlə bağlı fikirlər söyləyib: "Bununla bərabər, biz Bakı şəhərinin inkişafına da çox böyük diqqət göstəririk. Bakı bizim paytaxtımızdır, dünyanın ən gözəl şəhərlərindən biridir və əlbəttə, Bakıya göstərilən diqqət və qoyulan vəsait şəhərimizin inkişafı üçün müsbət rol oynamışdır. Ancaq məqsədimiz ondan ibarət idi ki, rayonlarla Bakı arasındakı fərqi azaldaq və biz buna müəyyən dərəcədə nail ola bilmişik. Əgər bu gün də hələ bu fərq kifayət qədər böyükdürsə, bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə il ərzində çox sürətlə inkişaf etmişdir".
Dövlət başçısı tapşırıqların icrası ilə yerində tanış olmaq üçün, mütəmadi olaraq, qəsəbələrə səfərlər edir, orada görülən işlərin hansı səviyyədə aparılması ilə maraqlanır. Prezident İlham Əliyevin tapşırığına əsasən qəsəbələrarası yolların əsaslı təmirinə başlanılıb. Zabrat ərazisində yerləşən yaşayış sahəsindəki 12 min 300 kvadratmetr yola yeni asfalt örtüyü döşənib. Dövlətimizin başçısının tapşırıqlarına əsasən qəsəbələrarası yollar boyunca işıqlandırma sisteminin qurulacağı da görüləcək işlər sırasındadır. Kəndlərdə və qəsəbələrdə kanalizasiya xətlərinin çəkiləcəyinin isə Dövlət Proqramına daxil olunub. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşür, onları maraqlandıran digər məsələlərlə bağlı suallarını dinləyir, problemlərin yerində həll olunması üçün müvafiq dövlət orqanlarına tapşırıqlarını verir.
Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən I Zabrat qəsəbəsi ilə II Zabrat qəsəbəsi arasında 12 min sakinin yaşadığı yeni sahədə də müasir məktəb binası inşa ediləcəkdir.
Xatırladaq ki, Prezident İlham Əliyev keçən ay ərzində Suraxanı rayonunun Bülbülə kəndində görülən işlərlə də yaxından tanış olub.
Sakinlərlə görüşdən sonra Prezident İlham Əliyev Bülbülə kəndindən əsas yola çıxmaq üçün köhnə yolun vəziyyəti ilə tanış olmaq üçün oraya baxış keçirib və dövlətimizin başçısı köhnə yolun bərpa olunması ilə bağlı yerindəcə tapşırıqlarını verib. Prezident İlham Əliyevin tapşırığına əsasən artıq, Heydər Əliyev prospekti ilə "Atəşgah" məbədini birləşdirən küçələrdə əsaslı təmir işlərinə start verilib.
Ümumiyyətlə, bu gün Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması görülən abadlıq işləri sayəsində xeyli dəyişmiş, dinamik və davamlı inkişafın əsası qoyulmuş, başqa sözlə, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə çevrilməsi prosesi baş vermişdir. Bu isə görülmüş və görüləcək işlər sahəsində, sözün həqiqi mənasında, əsil sıçrayış deməkdir.
Bunu, həmçinin, aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhəri Binəqədi rayonunun Biləcəri və Xocasən qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamdan da görmək olar.
Sərəncamda Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən mədəniyyət-istirahət parkının abadlaşdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat, eləcə də, Binəqədi rayonunun Xocasən qəsəbəsində 103 saylı ümumtəhsil məktəbinin 640 şagirdlik əlavə korpusunun tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılması qeyd edilən fikirlərin nəticəli təzahürüdür.
Prezident İlham Əliyevin bu müstəvidə gördüyü nəhəng, irimiqyaslı işlərin nəticəsi, əlbəttə ki, Azərbaycanın inkişaf amilinin mühüm faktoru kimi dəyərləndirilməkdədir. Dövlət başçısının söylədiyi önəmli fikirlər isə, görülən işlərin sürətlənməsinə, stimul verən reallıq və həqiqətdir:"Hazırda problemlər təhlil edilir. Əslində, biz bu problemləri bilirik. O problemlərin həlli üçün xüsusi proqram qəbul olunandan sonra biz bu il proqramda nəzərdə tutulacaq məsələlərin bir hissəsini icra edəcəyik. Ancaq vaxt itirməmək üçün Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılmışdır ki, bu məsələlər təxirə salınmadan həllini tapsın...
Artıq qəsəbələrdə işlər başlamışdır. Mən indi qəsəbələrdə tez-tez oluram, əvvəlki dövrlərdə də olmuşam, vəziyyətlə tanış oluram və insanlardan birbaşa soruşuram ki, hansı məsələlər onları daha çox narahat edir. Deyə bilərəm ki, qəsəbələrdə son illərdə böyük işlər görülmüşdür. Tikilən məktəblər, demək olar ki, qəsəbələrdə təhsil sahəsinin inkişafına müsbət təsir göstərmişdir. Bəzi qəsəbələrdə su qıtlığı mövcuddur. Kanalizasiya problemi, demək olar ki, bütün qəsəbələrə xas olan məsələdir. Kanalizasiya problemi təkcə qəsəbələrdə deyil, Bakı şəhərinin özündə də qarşıda duran çox kəskin məsələdir. Ancaq bununla bərabər, son illər aparılmış işlər nəticəsində elektrik enerjisi ilə təminat yaxşıdır. Heç bir şikayət, heç bir müraciət olmamışdır. Qəsəbələrin qazlaşdırılması prosesi gedir. Hazırda bu məsələ, demək olar ki, tam şəkildə həll edilib. Sadəcə, növbəti bir neçə il ərzində biz yeni xətlərin çəkilişi nəticəsində qazın təzyiqinin də yaxşılaşdırılmasına nail olmalıyıq. Səhiyyə məsələləri müəyyən dərəcədə həll olunub. Amma yeni xəstəxanaların, poliklinikaların tikintisinə ehtiyac vardır. Ən vacib məsələ, - bu problemi bütün qəsəbələrə aid etmək olar, - yollar məsələsidir. Demək olar ki, qəsəbələrin yollarının əksəriyyəti torpaq yollarıdır. Hazırda yol çəkilişi prosesi başlamışdır".
RÖVŞƏN
RƏSULOV
Səs.- 2011.- 22 aprel.- S. 3.