Azərbaycanda QHT sektoru özünün yüksək inkişaf mərhələsini yaşayır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin yap.org.az-a müsahibəsi

 

- Azay müəllim, məlum olduğu kimi ölkəmizdə xeyli sayda qeyri-hökumət təşkilatarı fəaliyyət göstərir. Bəs QHT sektorunun inkişafı hansı səviyyədədir?

- Ölkəmizdə QHT sektoru son illər öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ümumiyyətlə, hazırki şəraitdə QHT sektorunun fəaliyyətini bir neçə mərhələyə bölmək olar. Birinci mərhələdə, yəni müstəqilliyimizin ilk illərində QHT-lərin yaranması, ikinci mərhələdə onların ictimaiyyətə tanıdılması və fəaliyyətləri haqda yeni biliklərin əldə edilməsi, bir növ institusional formalaşma prosesini qeyd etmək olar. Hazırda biz üçüncü mərhələdəyik. Bu, oturuşmuş bir QHT sektorunun vətəndaş cəmiyyəti quruculuğunda konkret iştirakı mərhələsidir. İndiki durumun müəyyən çatışmazlıqlarına, çətinliklərinə baxmayaraq, deyərdim ki, əvvəlki dövrlərlə müqayisədə bu dövr QHT sektorunun ən inkişaf etmiş və keyfiyyət baxımından ən yeni dövrü kimi qiymətləndirmək olar. Bunun əsas səbəbi isə cənab Prezident İlham Əliyevin 2007-ci ildə Azərbaycanda QHT-lərə dövlət dəstəyi Konsepsiyasını təsdiq etməsi oldu. Bu konsepsiyada demək olar ki, QHT-ləri maraqlandıran, vətəndaş cəmiyyətinin inkişafı üçün labüd olan bütün müddəalar öz əksini tapdı. QHT-lərə dövlət büdcəsindən maliyyənin ayrılmasının zəruriliyi, QHT-lərlə işləyən xüsusi bir qurumun yaradılmasının vacibliyi həmin sənəddə əks olundu. Konsepsiyanın tələblərindən irəli gələrək 2007-ci ildə ölkə başçısının Fərmanı ilə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Bu qurumun yaradılmasında əsas məqsəd QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında daha yaxından iştirakını təmin etmək idi. QHT-lərə bu istiqamətdə bütün şərait yaradıldı. Bu səbəbdən də mən bu mərhələni keyfiyyət mərhələsi hesab edirəm. Bu addım yeni QHT-lərin yaranmasına da öz təsirini göstərdi. Həmin təşkilatların Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinə məlumatların verilməsi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasətin ifşa edilməsi, şəhid ailələrinin, əlillərin hüquqlarının qorunması ilə bağlı fəaliyyəti üçün yeni bir müstəvi açıldı. Mən bunu təsadüfən söyləmirəm. Şura yaranana qədər heç bir donor təşkilat Qarabağ həqiqətlərinin təbliği ilə bağlı layihələrə maliyyə ayırmırdı. Onlar deyirdilər ki, Dağlıq Qarabağ məsələsi, eynilə də müharibədən əziyyət çəkən insanların problemləri Azərbaycanın öz problemidir və buna görə də layihələrə dəstək vermirdilər. Biz hər zaman deyirdik ki, əgər bu təşkilatlar həqiqətən də Azərbaycanın inkişafında maraqlıdırlarsa, bu inkişafa ən çox mane olan amil Dağlıq Qarabağ və bu müharibədən əziyyət çəkən insanların məsələsidir. Dövlət tərəfindən müəyyənləşmiş Konsepsiyada isə Dağlıq Qarabağ məsələsi ilə bağlı xüsusi bir istiqamət yer alıb.

Onu da demək istəyirəm ki, hazırda regionlarda da QHT-lərin inkişafı yönündə böyük irəliləyişlər hiss olunur. Bu qurumların fəaliyyətində dövlət maraqları əsas götürülür.

- Qeyri-hökumət təşkilatları şuraya daha çox hansı istiqamətlərdə layihələr təqdim edirlər?

- Bu gün statistik rəqəmlər də, bizim müşahidələrimiz də onu göstərir ki, QHT-lər ən çox sosial problemlərin həlli istiqamətində ixtisaslaşıblar. Bu baxımdan təqdim olunan layihələrin əksəriyyəti sosial sahələri əhatə edir. Biz region QHT-lərinə ayrıca istiqamət müəyyənləşdiririk və bu istiqamətdə xeyli sayda regional QHT-lər şuraya müraciət edirlər.

Daha sonra, insan hüquqları, ekoloji məsələlərlə bağlı daha çox layihələr təqdim olunur. Ötən il "Ekologiya ili" olduğu üçün bu sahəyə xüsusi diqqət ayırdıq, 40-dan çox layihə dəstəkləndi. Bütövlükdə, bu gün QHT sektorunun əhatə etmədiyi demək olar ki, heç bir sahə yoxdur. Yəni, hər bir sahə ilə bağlı layihə həyata keçiririlir və onlara maliyyə dəstəyi göstərilir. Əsas məqsədimiz odur ki, bütün resursların vətəndaş cəmiyyətinin inkşafına cəlb olunması ilə bağlı vəzifəni layiqincə yerinə yetirək. Bütün bunlar isə obyektiv, şəffaf şəkildə həyata keçirilir. Əvvəllər bəzi dairələr bizə ittiham irəli sürürdülər ki, guya QHT-ləri nəzarətə götürmək üçün, yalnız iqtidaryönlü QHT-lərə dəstək vermək üçün bu şura yaradılıb. Amma biz fəaliyyətimizlə bu iddiaların yalan olduğunu sübut etdik. Dövlətimizin məqsədi vətəndaş cəmiyyətinin şəffaf şəkildə inkişafıdır. Şuranın da fəaliyyətində şəffaflıq məsələsi önəmli yer tutur. Bizim maliyyə müsabiqəsi tam şəffaf şəkildə həyata keçirilir. Qalib olan şəxslərin adları, layihələri hətta məbləğlər belə açıq şəkildə göstərilir. Hətta layihələri keçməyən QHT-lərin şikayət hüququnu tanıyırıq, apellyasiya komissiyası fəaliyyət göstərir ki, narazıların müracətinə baxılır. Hesab edirəm ki, bu, ictimai etimadın da qazanılmasında mühüm addımdır. Dövlətimizin həyata keçirdiyi bu fəaliyyət olduqca uğurlu bir təcrübədir. Ötən il Bakıda vətəndaş cəmiyyətinin inkşafı ilə bağlı beynəlxalq konfrans keçirdik, təxminən 25 ölkədən nümayəndələr vardı. Həmin nümayəndələrin bir çoxunun ümumi rəyi belə oldu ki, Azərbaycanda QHT-lərlə bağlı görülən iş bir modeldir. Və bu model bir çox Şərqi Avropa ölkələrində qabaqcıl təcrübə kimi istifadə edilə bilər.

- Xaricdən maliyyələşən bəzi QHT-lərin milli maraqlarımıza xidmət etməyən fəaliyyətdə olması məsələsi hər zaman gündəmdə olub. Bu cür təşkilatların fəaliyyətinə nəzarət, maliyyə şəffaflığı ilə əlaqədar hər hansı addımlar atılırmı?

- Ədliyyə Nazirliyinin verdiyi rəsmi məlumata görə, ötən il QHT-lərin illik büdcəsi 30 milyon manat ətrafında olub. Bu vəsaitin yalnız 2 milyon manatı Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə verilib. 28 milyon manat isə digər mənbələrdən, xüsusilə xarici donorlar vasitəsilə daxil olub. Araşdırma aparıb müəyyənləşdirdik ki, şuranın vəsaitlərinin QHT-lərin illik büdcəsindəki payı 7 faizdən yuxarı deyil. Bu göstərici, əlbəttə, gələcəkdə büdcənin artırılması, xarici təsirlərin azaldılması üçün düşünməyə kifayət qədər əsas verir. Fikrimcə, şuranın ayırdığı məbləğ artırılmalı və ən azı QHT-lərin illik büdcəsinin 20-30 faizi həcmində verilməlidir ki, xarici asılılıq azalsın. Bu məsələnin həllinin ən gözəl mexanizmi budur. Amma 7 faizlik göstəriciyə baxmayaraq, biz son illərdə bu amilin nə qədər lazımlı olduğunu və QHT-lərin bir çoxunun xarici asılılıqdan azad olmasına nə qədər müsbət təsir göstərdiyinin şahidi olduq. Məsələnin ikinci tərəfinə gələndə isə, demək olmaz ki, QHT-lər xaricdən maliyyələşirlərsə, mütləq şəkildə Azərbaycanın milli maraqlarını tapdayırlar. Mən özüm də bu sahədə işləmişəm və Milli QHT Forumuna rəhbərlik etdiyim zaman da xarici donorlardan vəsaitlər almışıq. Amma Azərbaycanla işləyən donorları iki qrupa bölmək olar. Birinci qrupa xoş niyyət və sağlam məqsədlə vəsait ayıranlar, ikinci qrupa isə tam əksinə, gizli niyyəti və xüsusi missiyası olanları aid etmək olar. Xoş məramlı donorların fəaliyyətini Azərbaycan həmişə təqdir edib və indi də həmin təşkilatlarla işləməkdən məmnundur. Amma ikinci qrup haqqında eyni fikri söyləmək olmaz. Çünki bəzən bu kimi donor təşkilatlar özlərini seçdiyi QHT-ləri maliyyələşdirməklə onlardan rupor, alət kimi istifadə edir, müxtəlif dairələr tərəfindən Azərbaycana qarşı tətbiq olunan təzyiq və təhdidlərə haqq qazandırmaq üçün onların xidmətlərindən faydalanırlar.

- Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğu prosesinin getdiyi bir şəraitdə bəzi müxalifət partiyaları neqativ fəaliyyətlə məşğuldurlar. Onların bu fəaliyyəti demokratik prinsiplərlə nə dərəcədə uyğundur?

- Azərbaycanda hər hansı bir təşkilatın sərbəst toplaşmaq üçün etdiyi müraciətə yox cavabı verilməyib. Sadəcə olaraq, müxalifətin təklif etdikləri yerlərin obyektiv səbəblərdən mitinqlər üçün məqsədəuyğun olmadığı üçün onlara başqa yerlər təklif olunur. Bu səbəblər sırasında insanların istirahət hüquqları, nəqliyyatın intensivliyi və s. məsələlər var. Amma biz şahid oluruq ki, müxalifət bütün bunları nəzərə almır. Nəinki təklif olunan yerdən imtina edir, hətta özünün irəli sürdüyü yerlərə belə getmir. Məsələn, onlar aprelin 2-də və 17-də Nərimanov kinoteatrının qarşısında aksiya keçirmək üçün müraciət etmişdilər. Amma Bakı meriyası həmin ərazidə intensivliyi, insanların təhlükəsizliyi və istirahət hüququ məsələlərini nəzərə alaraq başqa bir yer təklif etdi. Müxalifət isə icazəsiz aksiyanı öz təklif etdiyi yerdə deyil, şəhərin mərkəzində keçirməyə cəhd göstərdi. Demək, burda məqsəd sərbəst toplaşmaq hüququndan istifadə etmək deyil, təəssüflər olsun ki, süni şəkildə ajiotaj və qarşıdurma yaratmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq, bütövlükdə Azərbaycanda ictimai-siyasi asayişi pozmaqdan ibarət olub. Bununla da guya Azərbaycanda demokratiyanın olmadığını, insan hüquqlarının pozulduğunu nümayiş etdirmək istəyirlər. Təsəvvür edin ki, bunların bəzi havadarları hətta aksiya olmamışdan öncə özlərinin reportyorlarını ölkəmizə göndərirlər. Bəziləri hətta görürsən ki, heç polis ona çatmamış öz paltarını cırır, soyunur. Görüntü yaratmaq, şəkil çəkdirmək üçün belə addımlar atırlar. Bütün bunları hamı görür. Müxalifətçiliyə belə yanaşmaq olmaz. Siyasi mübarizədə bu, ən qəbul olunmayan variantdır. Təbii ki, siyasi baxışlarda fərqlilik nümayiş etdirmək, fərqli əqidə sahibi olmaq və siyasi mübarizə aparmaq hər bir siyasi qüvvənin haqqıdır. Amma bunun sivil ifadə formaları mövcuddur. Mən təəssüf edirəm ki, indiyə qədər bizim ənənəvi müxalifətdən ölkədə aparılan genişmiqyaslı islahatlara qarşı nəinki bir dəstək və ya təqdir etmənin elementlərini görməmişik, əksinə bu islahatlara qarşı həmişə qarayaxma və gözdən salma kampaniyasının şahidi omuşuq. Məsələn, ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı konkret addımlar atılır, işlər görülür və bu sosial bəlanın aradan qaldırılması üçün bütün kəsimlərin həmrəy olmasının vacibliyi bildirilir.

Bəs müxalifət buna necə cavab verir? Onlar görürlər ki, problemlər öz həllini tapır, onda müxalifət buna kölgə salmaq, effektini azaltmaq üçün yollar axtarır. Məmurları ciddi qanun pozuntusuna və korrupsiya hallarına yol verdiyinə görə həbs edəndə dövlətə dəstək vermək əvəzinə onların hüquqlarının müdafiəsinə qalxırlar. Bu cür yanaşma olmaz. Dünyanın heç bir yerində müxalifət bu cür mövqe sərgiləmir. Düşünürəm ki, radikal müxalifət tərəfindən təşkil olunan son hadisələr xoş niyyətlə atılan addım deyildi. Burada yalnız ölkə haqqında mənfi imic yaratmaq və ərəb ölkələrində baş vermiş hadisələrin fonunda bir az da "ruhlanaraq" insanları yanlış yola çəkmək məqsədi güdülür. 2 və 17 aprel hadisələri göstərdi ki, bu çox səhv bir yanaşmadır və İctimai Palata deyilən qurumun niyyəti baş tutmadı. Bir çox KİV-lərdə haqlı olaraq 17 apreldə İctimai Palatanın iflasa uğradığını qeyd edilir. Mən də bu fikirlə razıyam. Çünki Azərbaycan xalqı, gəncliyi, ictimaiyyəti qarşıdurmanı, böhranlı hal gətirəcək addımları, ictimai-siyasi asayişin pozulmasını, gərginliyi qəbul etmir. Azərbaycan özünün çox yüksək səviyyədə inkişaf mərhələsini yaşayır. Mövcud problem və çətinliklərin aradan qaldırılması üçün konkret addımlar atılır, işlər görülür və əminəm ki, bu islahatlar bundan sonra da daha yüksək templə davam edəcəkdir.

- Bu proseslə əlaqədar bəzi beynəlxalq qurumların bəyanatlarını necə şərh etmək olar?

-Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar baş verən hadisələrdən öz maraqları üçün istifadə etmək üçün çalışdılar. Bu cür hadisələrə bəziləri qeyri-adekvat yanaşdılar, bəziləri bunu sərbəst toplaşma azadlıqlarının pozulması kimi qələmə verdilər. İstər ATƏT, istərsə də digər qurumların, o cümlədən, ABŞ Dövlət Departamentinin bəzi hallarda səsləndirdiyi rəylər həqiqəti əks etdirmir. Bunlar ya bilərəkdən hadisələri təhrif edirlər, ya da onlara verilən məlumatların yanlışlığı əsasında belə fikirlər səsləndirirlər. Ona görə də düşünürəm ki, beynəlxalq təşkilatlar tələsməməlidirlər, balansı qorumalıdırlar, birtərəfli qaydada yanaşma sərgiləməməlidirlər. Azərbaycan qanunvericiliyi ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara uyğundur. Ona görə də, bu barədə də beynəlxalq təşkilatlar ehtiyatlı olmalıdırlar.

- Azay müəllim, bu məsələdə yerli QHT-lərin beynəlxalq təşkilatlarla iş aparması müsbət nəticələr verə bilərmi?

- Hesab edirəm ki, müəyyən qrup təşkilatlar məqsədli şəkildə ölkəmizə qarşı sərt mövqe nümayiş etdirir, əvvəlcədən təlimatlandırılmış, hazırlanmış bəyanatlar səsləndirirlər. Belələrinə heç nəyin faydası yoxdur. Onlara hansı şəraitin yaradılmasından asılı olmayaraq öz dediklərində qalacaqlar. Bunlar kənardan idarəolunan QHT-lərdir.

İkinci qrup təşkilatlar var ki, onlarla həqiqətən də işləmək lazımdır. Onlara Azərbaycanla bağlı doğru-dürüst, balanslaşdırılmış, obeyktiv hesabatlar verilməli, onlarla görüşlər keçirilməlidir. Bu prosesdə isə bizim bəzi QHT-lərin fəaliyyətinə yenidən baxılmalıdır. Xüsusilə hüquq müdafiə təşkilatlarının. Mən hüquq müdafiə təşkilatlarıının hamısını xarici qüvvələrin əlində alətə çevrilmiş bir qurum kimi təsəvvür etmirəm. Onların içində kifayət qədər tanınmış, təcrübəsi olan, vətənpərvər, dövlətinə, millətinə bağlı olan insanlar var. Həmin qrup QHT-lər bu məsələni aydın şəkildə izah etməlidir və xarici qurumların nümayəndələrini Azərbaycana dəvət edərək onlarla səmimi, məhsuldar dialoq aparılmalıdır. Heç kimə sirr deyil ki, Azərbaycana qarşı qərəzli olan bəzi qurumların maliyyə mənbələrinin sırasında erməni diasporası yaxından iştirak edir. Çünki Azərbaycandakı inkişafın qarşısının alınmasında əsas maraqlı olan ermənilərdir. Onlar Azərbaycanın sülh danışıqlarında mövqeyini zəiflətmək istəyirlər və bu yöndə hər şeydən istifadə etməyə çalışırlar. Təəssüf ki, radikal müxalifət də, QHT-lərin bəziləri də bu prosesdə iştirak edirlər.

 

 

Səs.- 2011.- 23 aprel.- S. 10.