"Bu gün Azərbaycan
gəncliyi təkcə dövlətimizin deyil,
eyni zamanda bir çox beynəlxalq
dairələrin əsas hədəflərindən biridir"
Yeni Azərbaycan Partiyasının
İcra katibinin müavini, Milli Məclisin deputatı
Mübariz Qurbanlının SİA-ya müsahibəsi
- Prezident
İlham Əliyevin gənclərlə görüşünü necə
dəyərlədirirsiniz?
- Gənclərə dövlət qayğısını yüksək qiymətləndirirəm. Bütövlükdə götürdükdə Azərbaycanda Prezident İlham Əliyevin gənclər siyasəti ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xəttin davamıdır. 1994-cü ildən Azərbaycanda bu siyasət Heydər Əliyevin prinsipləri əsasında formalaşdırılıb, bu gün də davam etdirilir. Sağlam gəncliyin yetişdirilməsi, Azərbaycanın dövlət maraqlarını bilən və təmin etməyi bacaran gənclər ordusunun yaranması, intellektli gənclərin meydana gəlməsi, bəşəri dəyərlərə və milli dəyərlərə sahib gənclərin formalaşdırılmasının əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu gün Azərbaycan gəncliyi təkcə dövlətimizin deyil, eyni zamanda bir çox beynəlxalq dairələrin əsas hədəflərindən biridir. Gənclər siyasəti ilə bağlı qanunlar qəbul edilib, proqramlar hazırlanıb və hazırda həyata keçirilir. Eyni zamanda gənclərin xaricdə təhsil alması, yeni açılan iş yerlərində gənclərə üstünlük verilməsi, ipoteka proqramı vasitəsi ilə gənclərin mənzillə təmin edilməsi gənclər siyasətinin ayrı-ayrı hissələridir. Hesab edirəm ki, prezident İlham Əliyevin dünən gənclərlə keçirdiyi görüş gənclər siyasətinə yeni keyfiyyət gətirib. Yeni bir proqramın işlənməsi ilə əlaqədar keçirilən görüş idi. Gənclər siyasətinin 2011-2015-ci illərdə qarşıda duran məsələlər və.s müzakirə olunub. Bütövlükdə isə Azərbaycanda gənclər siyasəti ilə bağlı uğurlu işlər görülür.
- Gələn ay ümummilli lider Heydər Əliyevin anadan
olmasının ildönümüdür. Hakim partiya bununla
bağlı hansı tədbirləri keçirməyi
planlaşdırır?
- Hər il olduğu kimi bu il də Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə bir sıra silsilə tədbirlər keçirəcək. May ayının 7-də "Gülüstan" sarayında Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı konfrans keçirəcək. Heydər Əliyev siyasəti və müasirləşmə mövzusunda keçirilən konfransda 90-dan artıq elm, siyasət, mədəniyyət sahəsində tanınmış şəxslər iştirak edəcək. Konfrans 3 bölmədə olacaq və Heydər Əliyev irsinin tədqiqi, öyrənilməsi ilə bağlı mühazirələr, məruzələr dinləniləcək. Eyni zamanda Yeni Azərbaycan Partiyasının rayon-şəhər təşkilatları, partiyanın Gənclər Birliyi də bir sıra tədbirlər keçirməyi planlaşdırıb. Partiyanın Gənclər Birliyi Heydər Əliyevin doğum gününə həsr olunmuş futbol turniri təşkil edəcək. Eyni zamanda Yeni Azərbaycan partiyası Təhsil Nazirliyi ilə birgə Heydər Əliyevin irsinin öyrənilməsi ilə bağlı orta məktəb şagirdləri arasında "Heydər Əliyevin irsini öyrənirik" adı altında inşa müsabiqəsini keçirəcək. Həmin qaliblər sonradan ali məktəblərə daxil olduqda Yeni Azərbaycan Partiyası tərəfindən təqaüdlər alacaqlar. Bu il də belə tədbirlərimizi davam etdirəcəyik.
- Radikal
müxalifətin qanunsuz mitinq
keçirmək cəhdlərinin arxasında nələr
dayanır? Necə düşünürsünüz,
bu cür uğursuz aksiyalar nə zamana qədər davam
edəcək?
- Biz dəfələrlə demişik Azərbaycanda radikallığa yer yoxdur. Azərbaycanda hər bir məsələ hüquq çərçivəsində həll olunmalıdır. Son hadisələr Azərbaycanda radikalizmin sonunu bir daha nümayiş etdiridi. Azərbaycanda radikal siyasətin heç bir dəstəyi yoxdur. Radikallıq Azərbaycanda özünə yer tapa bilmir. Radikallıq bu yolla müəyyən mənada siyasətdə qalmaq cəhdləri keçmişə yönələn addımlardır. Ona görə də ölkədə radikal çağırışlara yer yoxdur. Azərbaycanda konstruktiv müxalifət, əməli fəaliyyət göstərən müxalifət partiyaları var. Onlar seçkilərə qatılır, Parlamentdə, bələdiyyələrdə müəyyən yer qazanırlar. O müxalifət ki, təkamül yolu ilə fəaliyyət göstərir həmin müxalifət az da olsa cəmiyyətdə bu və ya digər şəkildə uğur qazanmaq ehtimalı olan müxalifətdir. Amma bütövlükdə böyük əksəriyyət ölkə başçısının siyasətini dəstəklədiyinə görə, hesab edirəm ki, Prezidentin siyasətini müdafiə edən siyasi təşkilatlar, onların aparıcısı olan Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycanda avanqard, aparıcı rolunu oynayacaq. Müxalifət tərəfindən təyin edilmiş yerdə, yəni şəhərin mərkəzində, Sahil parkında mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələrini gördüm. Ancaq orada aksiyanın bir iştirakçısını da görmədim. Mən deyərdim ki, onlar iflasa uğramış vəziyyətdə idilər. Özləri də gördülər, anladılar ki, onları cəmiyyətdə heç kim müdafiə etmir. "Möhtəşəm mitinq edəcəyik" deyənlər və onların liderləri kabinetlərdən bayıra çıxmadılar, küçələrə çıxan 5-6 nəfər də bütünlüklə aldadılmış, bir sıra hallarda səhv yola yönəldilən şəxslərdirlər ki, onlar bu cür radikalların, radikallar özləri isə xaricdən Azərbaycana düşmənçilik edən qüvvələrin əlində alətə çevriliblər. Onların bir qismi İctimai Palatada birləşib. Artıq İctimai Palata faktiki olaraq dağılıb. Əslində başlanğıcdan o dağılmağa məhkum idi və onun perspektivi olmayan qurum olduğu hamıya bəlli idi.
- Böyük
Britaniya parlamentinin Lordlar palatasının vitse-spikeri,
baronessa Kerolayn Koksun separatçı quruma
səfərini necə dəyərləndirirsiz?
- Böyük Britaniya parlamentinin Lordlar palatasının faktiki
olaraq dövlətin
idarəçiliyində elə bir rolu yoxdur. Lordlar
palatası Böyük Britaniya
siyasi həyatında axrıncı
dəfə 1926-cı ildə, ümumi
İngiltərə tətili zamanı bir
dəfə çıxıb nəsə deyib.
Lordlar palatasının üzvlərinin
hamısı palatanın iclas zalına
gəlsə heç yer
tutmazlar. Orada lordlar var nəsildən
nəsilə keçir, lordlar
var bu adı titul kimi alırlar. Ona görə də Lordlar
palatasının üzvünün
gəlişi-gedişi ermənilərə yalnız və
yalnız mənəvi dəstək formasında ola bilər. Kerolayn Koksun vaxtı ilə ola
bilər ermənilərlə hansısa formada
bağlılığı olub,
İrəvana səfər edib. Bu Böyük Britaniya hökümətinin mövqeyi
deyil və ona
qarşı da biz zaman-zaman etiraz etmişik.
Səs.- 2011.- 23 aprel.- S. 5.