Şəffaflığın
artırılmasında, korrupsiyaya
qarşı mübarizədə auditin rolu xeyli yüksəlib
Vahid Novruzov: "Korrupsiyanın
olmaması mühüm təşkilati tədbirlərin
həyata keçirilməsini tələb edir. Xüsusən
də, insan amilinin minimuma endirilməsi vacibdir"
Dünən YAP mərkəzi qərargahında ənənəvi keçirilən mətbuat konfransında Auditorlar Palatasının sədri Vahid Novruzov ötən illər ərzində görülən işlər barədə məlumat verdi: "Şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə auditin rolu xeyli yüksəlib. Bütün dünyada korrupsiya mövcuddur və bütün dünyada şəffaflıqda problemlər var. Bu, ümumbəşəri problemdir. Korrupsiyanın olmaması mühüm təşkilati tədbirlərin həyata keçirilməsini tələb edir. Xüsusən də, insan amilinin minimuma endirilməsi vacibdir".
V.Novruzov Azərbaycanda audit Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşəkkül tapdığını söylədi və audit sisteminin beynəlxalq təcrübə və standartlar əsasında təkmilləşdirilməsindən də söz açdı: "Bu məqsədlə 1 yanvar 2010-cu il tarixindən etibarən beynəlxalq audit standartlarının tətbiqinə başlanılıb. Palatanın müraciətinə əsasən, MDB məkanında ilk dəfə olaraq 1999-cu ildə respublikamızda beynəlxalq Daxili Auditorlar İnstitutunun "Audit-Azərbaycan" bölməsi yaradılıb. Həmin qurumun Avropa Daxili Audit İnstitutları Konfederasiyasının və Asiya Daxili Auditorlar İnstitutları Konfederasiyasının üzvlüyünə qəbul edilməsinə nail olub".
Sədrin sözlərinə görə, hazırda Auditorlar Palatası Avropa Komissiyası tərəfindən keçirilən "Yaşıl sənəd"in müzakirəsində yaxından iştirak edir: "Bu sənəd Azərbaycanda, eləcə də, Avropa ölkələrində milli auditin inkişafını nəzərdə tutur. Burada auditin keyfiyyətinin yüksəldilməsi, auditor xidmətinin artırılması əsasdır".
Problemlərdən danışan V.Novruzov onu da vurğuladı ki, bu gün sifarişçinin özü auditin keyfiyyətli aparılmasında maraqlı deyil. Bu marağın olmaması isə "qara", "boz" audit formalarını ortaya çıxarır: "Halbuki təsərrüfat subyektlərinin özləri prosesin şəffaf aparılmasına maraqlı olmalıdır. Sifarişçilər formal audit rəyi uğrunda hərəkət edirlər. Sifarişçinin belə münasibəti audit bazarında qeyri-sağlam rəqabətə şərait yaradır". Bu səbəbdən də müxtəlif illərdə auditorların keyfiyyətsiz audit xidmətlərinə görə lisenziyası geri alınıb və ya xidmət fəaliyyəti dayandırılıb: "Bu gün qanun da 3 dəfədən artıq keyfiyyətsiz audit aparan auditorun lisenziyasının geri alınmasını vacib sayır. Bu səbəblərdən Auditorlar Palatası 2009-cu ildə bir auditorun fəaliyyətini dayandırıb".
Audit xidmətlərinin göstərilməsinə görə tələb olunan vəsaitə də toxunan V.Novruzov qurum tərəfindən tövsiyə xarakterli qiymətlər sisteminin hazırlandığını bildirib: "Hazırda ölkədə audit yoxlamasının orta qiyməti 1500 manat civarındadır. Belə ki, müəssisə və təşkilatlar onlarda aparılan audit yoxlaması üçün təxminən bu qədər pul ödəyir. Amma bu, fərqlənməlidir. Belə ki, bələdiyyələr, banklar, iri şirkətlər üçün xidmətin qiyməti eyni ola bilməz. Buna görə də Auditorlar Palatası tövsiyə xarakterli qiymətlər sistemi hazırlayıb. Hər bir təsərrüfat subyektinin növündən, işin həcmindən, müəssisənin dövriyyəsindən asılı olaraq minimum hədlər tövsiyə etmişik. Hansı auditor buna riayət etmirsə, həmin auditorların işini daha çox diqqətdə saxlayırıq".
1996-cı ildən indiyədək 300 fiziki şəxsə audit fəaliyyəti göstərmək üçün lisenziya verildiyini deyən V.Novruzov bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb: "100 hüquqi şəxsə də auditorluq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziya təqdim olunub". Azərbaycanda hər il müəssisə və təşkilatların yalnız 10 faizinin audit yoxlamasından keçdiyini bildirin sədrin sözlərinə görə, bu, çox aşağı göstəricidir. Ona görə də Nazirlər Kabineti 2 ay ərzində auditdən keçməyən müəssisə və təşkilatların üzə çıxarılması, cəzalandırılması ilə bağlı mexanizmin hazırlanmasına başlayıb: "Auditorlar Palatası özü də İşçi Qrupu yaradıb. Bu məsələ ilə bağlı təkliflərimizi 2 həftəyə təqdim edəcəyik. Biz hər il auditdən keçməyən təsərrüfat subyektlərinin hesabatlarını hazırlayırıq və ümumi mənzərəni çatdırırıq. Amma qanun qəbul olunub və mexanizm hazırlanandan sonra artıq yalnız mənzərəni çatdırmayacağıq, həm də onlara qarşı tədbirlərin görülməsində iştirak edəcəyik. Audit yoxlamasından keçməyən subyektlər cəzalandırılacaq".
Rəfiqə
HÜSEYNOVA
Səs.- 2011.- 23 aprel.- S. 9.