Azərbaycan gəncliyi inkişaf yolunda

 

Dünən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ölkə Prezidentinin Sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlanması çərçivəsində "Azərbaycan gəncliyi inkişaf yolunda" adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, professor Ağacan Əbiyev ilk öncə bildirdi ki,  Azərbaycanda gənc nəslin gələcək inkişafı, onların cəmiyyətdə layiqli yer tutmaları dövlətin diqqət və qayğısı altındadır. Son günlər isə bu qayğı və diqqət daha da artaraq yüksək səviyyəyə çatıb:" Xüsusi ilə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi Dövlət Proqramı" haqqında imzaladığı Sərəncam, ölkə rəhbərliyinin gənclərə olan diqqət və qayğısını bariz şəkildə ortaya qoyur."

Daha sonra çıxış edən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı bildirib ki, ölkə Prezidentinin Sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramında gəncliyin inkişafını təmin etmək üçün ən ümdə vəzifələr öz əksini tapacaq və proqramın qəbul olunub həyata keçirilməsi Azərbaycan gəncliyinin daha da inkişafına ciddi təkan verəcək.

Fəal gənclər Zərifə Bayramova, Könül Hüseynova, Elşən Fərmanzadə, Elton Ağayev də çıxışlarında qeyd ediblər ki, Prezident İlham Əliyevin gənclərlə bağlı imzaladığı Sərəncam onların gələcəkdəki mütəşəkkil, uğurlu fəaliyyətlərinə stimul verib: "Dövlətçilik prinsiplərinin möhkəmləndirilməsində, ölkəmizin müasirləşməsində, daha da güclü və qüdrətli olmasında biz, Azərbaycan gəncləri ölkə başçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşəcək və bu istiqamətdə ölkə quruculuğunda fəallıq, əzmkarlıq göstərəcəyik."

 

 

Rövşən RƏSULOV

 

Səs.- 2011.- 29 aprel.- S. 7.