Tükənməz inkişaf və reallaşan Dövlət Proqramları

 

Azərbaycanda aparılan islahatlar Yevlax rayonunun iqtisadiyyatının inkişaf etməsinə şərait yaradıb

 

İqtisadi inkişaf yolunda inamla irəliləyən, regionun aparıcı dövlətinə çevrilən Azərbaycanın bölgələri gündən-günə daha da çiçəklənir. Prezident İlham Əliyevin rəhbərliyi altında regionlarda yeni sənaye müəssisələri, nəhəng sağlamlıq mərkəzləri, təhsil ocaqları, müasir idman kompleksləri, göz oxşayan parklar istifadəyə verilir, minlərlə insanın əməyə cəlb olunması onların rifah halının yaxşılaşması ilə nəticələnir. Azərbaycanda ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, bütün bölgələrdə olduğu kimi, Yevlax rayonunda da yüksək nəticələrin əldə olunmasına imkan yaradıb. Sadəcə olaraq, ötən ilin göstəricilərinə diqqət yetirmək kifayətdir.

 

Sürətli və davamlı inkişaf

 

Son illər Yevlax rayonunda aparılan sürətli və davamlı quruculuq işləri bölgənin simasını tamamilə dəyişmişdir. Yevlax şəhəri ölkə  Prezident İlham Əliyev cənablarının dediyi kimi, nəinki ölkənin, eləcə də, Avropanın yaraşıqlı, gözəl şəhərlərindən birinə çevrilmişdir. Rayonda bir sıra yeni istehsal sahələri yaradılmış,  sosial problemlər həll edilmiş, əhalinin güzəranı əsaslı surətdə yaxşılaşmışdır. Ötən il bütün istiqamətlərdə bir sıra layihələr həyata keçirilmişdir ki, bu dayeni yüksək nailiyyətlərin əldə olunmasına imkanlar yaratmışdır. Ötən il ümumdaxili məhsulun həcmi 569,9 milyon manat olmuşdur ki, bu da 2009-cu ilə nisbətən 143,2 milyon manat və yaxud 33,5 faiz çoxdur. Ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunub. Ümumdaxili məhsulun 11,4 milyon manatını sənaye, 68,2 milyon manatını kənd təsərrüfatı, 287,6 milyon manatını tikinti, 162,2 milyon manatını ticarət, 4,1 milyon manatını nəqliyyat, 0,8 milyon manatını rabitə, 35,6 milyon manatını digər xidmətlər təşkil edibdir. İstehsal olunan 5 milyon 129,3 min manatlıq sənaye məhsulu ixrac olunub. Bu, satılmış sənaye məhsulunun 49,7 faizini təşkil edir. Hər nəfərə 4753,4 manat ümumdaxili məhsul istehsal olunubdur ki, bu da 2009-cu ilə nisbətən 1149,7 manat və yaxud 31,9 faiz çoxdur. Rayon üzrə orta aylıq əmək haqqı 174,6 manat, əhalinin pul gəliri 313,5 miylon manat, adambaşına (hər nəfərə) pul gəlirləri isə 2614,4 manat olubdur. Bu isə 2009-cu ilə nisbətən 625,2 manat və ya 31,4 faiz çoxdur.

 

Yevlaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində genişmiqyaslı işlər görülür

 

Yevlax rayon icra hakimiyyətindən verilən məlumata görə, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində genişmiqyaslı işlər görülür. Bu proqramın uğurla həyata keçirilməsində məqsəd əhalinin sosial təminatını və güzəranını yaxşılaşdırmaqdan ibarətdir. Verilən məlumata görə, proqram çərçivəsində rayonda bütün sahələrdə sürətli inkişaf gedir. Rayon mərkəzində tikinti-quruculuq, abadlıq işləri, demək olar ki, başa çatıb. Rayonda ötən ildə 140 km təsərrüfatdaxili suvarma kanalları, 41 km açıq drenlər, 13 km-də Mil-Qarabağ kollektoru, 15 km-də Yuxarı Qarabağ kanalı, 30 km-də Yuxarı Şirvan kanalı lildən təmizlənilib, 11 min kubmetr torpaq həcmində Yuxarı Qarabağ kanalında sahilbərkitmə işləri aparılıb, 130 hidrotexniki qurğuda, 9 nasos stansiyasında əsaslı və cari təmir işləri başa çatıbdır. Həmçinin, ötən ildə Milli Təhlükəsizlik Nazirliyinin Yevlax şöbəsinin, Əhalinin Sosial Müdafiə Mərkəzinin, Dövlət Miqrasiya Xidmətinin, Qanunsuz Miqrantların Saxlanması Yevlax Mərkəzinin, "Bank-of-Azərbaycan" Bankının Yevlax filialının, Baytarlıq İdarəsinin inzibati binaları istifadəyə verilib, "Azərtoxum" MMC toxum emalı müəssisəsi və "Beton" ASC-nin tərkibində saatda 60 kubmetr beton istehsal edən zavodun tikintisi başa çatmış, Uşaq-Gənclər İdman Məktəbinin üzgüçülük hovuzunun, Mərkəzi Bankın Yevlax Ərazi İdarəsi və Ehtiyatların İdarəetmə Mərkəzinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin, Beynəlxalq Bankın Yevlax filialının binalarının tikintisi davam etdirilməkdədir. Sahibkarların hesabına hər biri 72 mənzilli olan 2 ədəd 6 mərtəbəli yaşayış binasının tikintisi də başa çatdırılıbdır. Hal-hazırda rayonun mərkəzində avtovağzal kompleksi tikilir və dəmir yol vağzalı binasında yenidənqurma işləri görülür.

 

Son 6 ildə 14822 iş yeri yaradılıb

 

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən son 6 ildə 14822 iş yeri yaradılıb ki, onlardan 8004-ü daimidir. Rayonda bir-birinin ardınca yeni zavod və müəssisələrin açılması əhalinin işlə təminatını daha da yaxşılaşdırır. Bu baxımdan, Laminat-parket zavodunun, ayaqqabı fabrikinin, "Lalə-Tekstil" MMC fabrikinin ikinci növbəsinin, dekorativ plitə istehsalı sexinin tikintisi, Beton-ASC dəmir-beton məmulatları zavodunun yenidən qurulması nəticəsində yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun səviyyəsinin artmasına imkan verəcək. Qeyd edək ki, ötən il 1843 iş yeri açılıbdır. Onlardan 1218-i daimidir. 

 

Təhsil və səhiyyədə yeniləşmə faktorları

 

Eyni zamanda, təhsil və səhiyyə sahəsində də uğurlar əldə olunmaqdadır. Belə ki, rayonda 4 məktəb binası, 600 şagird yerlik 1 nömrəli orta məktəb, Cırdaxan və Xaldan kəndlərində 180 şagird yerlik əsas, Meyvəli kəndində 40 şagird yerlik ibtidai məktəb binaları tikilibdir. Yevlax rayonunun tibb müəssisələri şəbəkəsində böyük işlər aparılıb. 9 kənd xəstəxanası həkim məntəqəsinə, Yuxarı Qarxun kənd feldşer-mama məntəqəsi tibb məntəqəsinə çevrilmiş, Cırdaxan kəndində və İrəvanlı qəsəbəsində yeni tibb məntəqələri yaradılıbdır. Ana və uşaqlara göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, bu sahəyə vahid nəzarətin əlaqəli təşkili, cərrahiyyə xidmətinin yaxşılaşdırılması üçün ginekologiya və doğum şöbələrinin əsasında 40 çarpayılıq mamalıq-ginekologiya şöbəsi açılıbdır. Ailə Planlaşdırılması və Reproduktiv Sağlamlıq Mərkəzi qadın məsləhətxanasının binasına köçürülüb. Xəstələrin əlaqəli müalicəsinin təşkili məqsədilə xəstəxanada 60 çarpayılıq vahid cərrahiyyə şöbəsi təşkil edilib.

 

Rayonda kənd təsərrüfatı məhsullarının artımı

 

Son 6-7 il ərzində rayonun kənd təsərrüfatında da böyük canlanma olmuşdur, xüsusilə, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli Sərəncamına əsasən, kənd təsərrüfatı istehsalçılarına məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağları və mineral gübrələrin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərdə  böyük ruh yüksəkliyi yaradıb, onların torpağa bağlılığını ön plana çəkərək və həvəslə işləmələrinə zəmin yaradıblar. Belə ki, Yevlax rayonunda ötən il ümumilikdə 68,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunubdur ki, bu da əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 13,6 faiz çoxdur. 2011-ci ilin məhsulu üçün 2191 nəfər buğda istehsalçısına 469,6 min manat dövlət yardımı verilibdir. Keçən il torpaq mülkiyyətçilərinə 1076 tondan çox mineral gübrə güzəştli şərtlərlə satılıb. Cari ilin məhsulu üçün 14054 hektar sahədə taxıl əkilib ki, bunun da 11790 hektarı buğdadır. Həmçinin, ötən ilin məhsulu üçün 8709 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 1 milyon 354,7 min manat yardım verilib, 1-ci və 2-ci reprudiksiyalı toxum istehsal edən 4 toxumçuluq təsərrüfatına 165 min manat subsidiya ödənilibdir. Rayonda maldarlıq sahəsində də nailiyyətlər olub. Belə ki, ötən ildə 2009-cu ilə nisbətən iri malın sayı 221 baş, qoyunların sayı 1812 baş, quşların sayı 1246 baş artıbdır. 2009-cu illə müqayisədə 72 ton ət, 291 ton süd, 115,2 min ədəd yumurta, 4,2 ton yun, 498 ton pambıq çox istehsal edilibdir. Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Yevlax rayonunda uğurla reallaşmaqdadır.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 29 aprel.- S. 8.