Azərbaycanı dünyada tanıdan alim

 

Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib

 

Dünən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 88-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib.

Səhiyyə naziri Oqtay Şirəliyev konfransda çıxış edərək, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biri olduğunu, tibb elminə böyük töhfələr verdiyini bildirib. Natiq Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından, oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açıb.

O.Şirəliyev bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil almışdır. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış və bütün ömrünü oftalmologiyaya həsr etmişdir. Ötən əsrin 40-50-ci illərində Zərifə xanım Əliyeva respublikamızın bir çox rayonlarında yayılmış traxoma xəstəliyi ilə mübarizəyə başlamış, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparıb. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa bəxş etmişdir. Görkəmli alim malyariyatraxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olmuşdur. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim olmuşdur. Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq "Vestnik oftalmologii" jurnalı redaksiya heyətinin üzvü olmuşdur.

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, professor Elmar Qasımov, Milli Onkologiya Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Cəmil Əliyev, Topçubaşov adına Elmi-Tədqiqat Kliniki Təbabət İnstitutunun direktoru, akademik Böyükkişi Ağayev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva Zərifə xanımın zəngin elmi irsindən, fəaliyyətindən danışmışlar. Bildirilib ki, o, oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, 12 monoqrafiyanın müəllifidir. Natiqlər görkəmli alimin yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük əmək sərf etdiyini bildirib.

Çıxış edənlər alimin yüksək insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, Zərifə xanım Əliyeva ləyaqətli, humanist, xeyirxah, mehriban insan olmuşdur. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlıdır. Xeyirxahlıq onun həyat tərzi idi. Akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillikmüdriklik məktəbidir.

 

 

ZÜMRÜD

 

Səs.- 2011.- 29 aprel.- S. 9.