"Heydər Əliyev və Azərbaycan mədəniyyətinin inkişafı"

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, Culfa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Heydər Əliyev və Azərbaycan mədəniyyətinin inkişafı" mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən rayon MKS-in direktoru Sədaqət Mustafayeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnmişdir. Ulu Öndər Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuş, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmışdır. O, mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi.

Mədəniyyətimizə bu mövqedən yanaşan Ulu Öndərin sayəsində Azərbaycan ədəbiyyatı, musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti dünya şöhrəti qazanmışdır. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri - teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Bunlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir. Muxtar respublikada da mədəniyyətin inkişafını sürətləndirmək, bu sahədə qazanılan uğurları artırmaq, muxtar respublika sakinlərinə göstərilən mədəni xidmətin səviyyəsini yüksəltmək üçün aparılan quruculuq işləri daha geniş vüsət almışdır. Ulu Öndərin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət və mövqe hər birimiz üçün böyük məktəbdir. Çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli Liderə həsr olunmuş kitablardan ibarət sərgiyə baxıblar.

 

 

Zümrüd

 

Səs.- 2011.- 29 aprel.- S. 12.