Azərbaycanın turizm potensialı böyükdür

 

Azərbaycan Beynəlxalq Turizm Səyahətlər Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirildi

 

Dünən "Trend" Xəbərlər Şirkətinin mətbuat mərkəzində Bakıda təşkil olunacaq "AİTF-2011" 10-cu yubiley Azərbaycan Beynəlxalq turizm və Səyahətlər Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda çıxış edən Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev 2-ci Ümumrespublika Daxili Turizm Sərgisi barədə məlumat verərək, bildirdi ki, bu il "AİTF" sərgisi birdən-birə iki əlamətdar hadisəni - özünün 10 illik yubileyini və 2011-ci ilin Azərbaycanda "Turizm İli" elan olunmasını bayram edəcəkdir. Ölkənin turizm sektoru üçün əlamətdar olan bu hadisə, şübhəsiz, tarixə parlaq dəyişikliklər mərhələsi kimi daxil olacaqdır. Sərginin cari il üçün proqnozlaşdırılan artım dinamikası da belə bir nikbin qənaətə gəlməyə əsas verir. Yubiley sərgisində dünyanın müxtəlif ölkələrindən 200-dən çox şirkətin iştirakı, habelə, 24 ölkənin və 61 istiqamətin təqdim ediləcəyi gözlənilir. A.İsmiyev bildirdi ki, sərginin bünövrəsi qoyulduğu gündən etibarən, ənənəvi olaraq, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Bundan əlavə, sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası tərəfindən də dəstək verilir. Eyni zamanda, Türkiyə ardıcıl olaraq ikinci ildir ki, "AİTF" sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir. Ötən il olduğu kimi, bu dəfə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda təşkil edilən 2-ci Ümumrespublika Daxili Turizm Sərgisi "AİTF" ilə birgə keçiriləcəkdir. Bu sərginin ekspozisiyası 18 regiondan təxminən 100 şirkəti təqdim edəcəkdir. Sərgi ölkəmizin regional istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının parlaq koloritini nümayiş etdirəcək.

Konfransda çıxış edən "İteca Caspian" şirkətinin reklam üzrə meneceri Mehriban Baxşıyeva bu sərginin keçirildiyi 9 ildə "AİTF" haqlı olaraq bütün Xəzəryanı regionun turizm sənayesinin "əsas hadisəsi" statusunu qazandığını bildirdi. Çünki bu sərgi çərçivəsində əhəmiyyətli görüşlər keçirilir, tərəfdaşlıq haqqında müqavilələr imzalanır. Konfransda "İTE Group plc" şirkətinin icraçı direktoru Edvard Stroon "AİTF" sərgisi haqqında məlumat verdi. O bildirdi ki, ilk dəfə 2002-ci ildə keçirilmiş sərgidə 5 ölkədən 26 şirkət iştirak etmişdir. "AİTF-2011" sərgisi isə 24 ölkədən 230 şirkəti qəbul edəcəkdir. Qonaq başqa ölkələrdən fərqli olaraq Azərbaycanda keçirilən sərgidə xarici turizm məkanları ilə yanaşı, daxili turizm marşrutlarının da təqdim olunacağını vurğuladı. Azərbaycanın turizm imkanlarından və təbii gözəlliklərindən danışan E.Stroon sərginin təşkilinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. "AİTF-2011" sərgisinin meneceri Xəyal Əliyeva sərgi ərəfəsində turizm istiqamətlərinin kataloqunun dərc olunduğunu bildirdi. Kataloqda səyahət turlarını təşkil edən şirkətlər haqqında məlumat verilib. Bundan əlavə, beynəlxalq tədbirin davam edəcəyi günlərdə şəhərdə əhalini sərgiyə dəvət edən faytonlar gəzəcək, əyləncə proqramları təşkil ediləcək, seminarlar keçiriləcəkdir. Sonda sərginin təşkilatçıları jurnalistlərin suallarını cavablandırdılar.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 28 aprel.- S. 9.