ABŞ
Dağlıq Qarabağ
münaqişəsinə diqqəti artırır
ABŞ Azərbaycanın xarici
siyasətində xüsusi
əhəmiyyət daşıyan və strateji
mövqeyi olan
ölkələrdən sayılır. ABŞ-la
müxtəlif sahələrdə qurulan
əməkdaşlıq münasibətləri
qarşılıqlı faydalılıq prinsiplərinə
söykənir və beynəlxalq arenada
Azərbaycanın mənafelərinin qorunmasına xidmət edir. Bu
münasibətlərin daha inkişaf etdirilməsi isə hər iki dövlətin maraqlarının təmin
olunması baxımından yüksək əhəmiyyət
daşıyır. Bu günlərdə
isə ABŞ-ın müxtəlif siyasi
dairələri tərəfindən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi, eləcə də, ABŞ-Azərbaycan
münasibətlərinə xüsusi
diqqətin ayrıldığını görmək olar. Bunun üçün
bir sıra məqamlara diqqət
yetirmək kifayətdir. Aprelin 28-də
ABŞ Konqresinin Silahlı
Qüvvələr və Nəqliyyat Komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupunun
həmsədri Bill Şusterin
başçılıq etdiyi
nümayəndə heyəti Azərbaycana səfər etdi. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevlə görüşən nümayəndə heyəti
bir sıra məsələləri
müzakirə etmişdir. Görüşdə
Azərbaycanla ABŞ arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələri, energetika sahəsində həyata
keçirilən əməkdaşlıq və digər
sahələrdə əlaqələrin bugünkü
vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmış,
Azərbaycanın Əfqanıstandakı
sülhməramlı missiyada
iştirakı və beynəlxalq antiterror
əməliyyatlarının həyata keçirilməsi
işinə verdiyi töhfə qeyd olunmuşdur.
Görüşdə, həmçinin, regional
məsələlərə də toxunulmuşdur.
Əlbəttə, bu regional
məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin də yer alması mütləqdir.
Aprelin 27-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov və Robert Bradtke, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin ABŞ-a səfərini qeyd etmək lazımdır. ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnslə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr keçirilmişdir. Həmsədrlər görüşün məhsuldar və ümidverici olduğunu bildiriblər. Keçirilən bu cür görüşləri nəzərə alsaq, demək olar ki, ABŞ Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi yönündə irəliyə doğru addımların atılmasında maraqlıdır. Strateji müttəfiqlik səviyyəsinə qaldırılan münasibətlərin daha da inkişaf etdirilməsi isə hər iki dövlətin bir-birinin maraqlarına hörmət etməsindən asılıdır. Azərbaycanın İraq və Əfqanıstanda aparılan əməliyyatlarda ABŞ-a dəstək verməsi qarşılıqlı əməkdaşlıqda Azərbaycanın üzərinə düşən öhtəçiliyi yetərincə yerinə yetirməsinə sübut ola bilər. ABŞ isə, hələ ki, bu vəzifənin öhdəsindən layiqincə gələ bilməyib desək, yanılmarıq. ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində lazımi qədər səy göstərməməsi və öz nüfuzundan istifadə edərək işğalçı tərəfə təzyiq göstərməməsi buna misal ola bilər. Eyni zamanda, müxtəlif dövrlərdə ABŞ siyasi dairələri tərəfindən Azərbaycandakı ictimai-siyasi vəziyyətin düzgün qiymətləndirilməməsi də münasibətlərə xələl gətirən amillərdəndir. Lakin son hadisələrdən də məlum olduğu kimi, ABŞ adıçəkilən məsələlərin həllinə dair addımlar atır və əməkdaşlığın inkişaf etdirilməsinə çalışır. Bunu təqdirəlayiq hal kimi qiymətləndirmək olar.
Murad İSMAYILZADƏ
Səs.- 2011.- 30 aprel.- S. 13.