Görkəmli
fırça ustası Hüseyn Əliyevin 100 illik yubileyi
münasibətilə Azərbaycan Dövlət İncəsənət
Muzeyində rəssamın fərdi sərgisi
açılıb
Görkəmli fırça ustası, Xalq Rəssamı
Hüseyn Əliyevin anadan olmasının 100 illiyi münasibətilə
aprelin 29-da R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət
Muzeyində rəssamın fərdi sərgisi
açılmışdır. AzərTAc xəbər verir ki, Mədəniyyət
və Turizm Nazirliyinin, R.Mustafayev adına Azərbaycan Dövlət
İncəsənət Muzeyinin birgə təşəbbüsü
ilə təşkil edilmiş sərgi çərçivəsində,
həmçinin görkəmli fırça ustasının
yaradıcılığına həsr olunmuş "Titrəyən
kölgələr, sayrışan işıq" adlı
kataloq və Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən
rəssamın yubileyi münasibətilə
buraxılmış poçt markasının təqdimatı
keçirilmişdir. Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edərək
görkəmli rəssamın 100 illik yubileyi ilə
bağlı sərgilərin Azərbaycandan əlavə, xarici
ölkələrdə də keçiriləcəyini söyləmişdir.
Nazir
bildirmişdir ki, Hüseyn Əliyev Azərbaycan rəssamlıq
sənətinin görkəmli nümayəndəsi olmaqla
yanaşı, ölkəmizin rəngkarlıq məktəbinin
ilk ustadlarından biridir. O, Leninqrad (Sankt-Peterburq) Rəssamlıq
Akademiyasında təhsil almış ilk azərbaycanlı
olmuşdur. Ə.Qarayev vurğulamışdır ki, görkəmli
fırça ustası Hüseyn Əliyevin
yaradıcılığında portret, peyzaj, karikatura, qrafika
janrlarında rəsm əsərləri mühüm yer tutur.
Nazir qeyd etmişdir ki, Hüseyn Əliyev 50 il
"Kommunist" (indiki "Xalq qəzeti") qəzetində
rəssam və baş rəssam vəzifələrində
çalışmışdır. Eyni zamanda diqqətə
çatdırılmışdır ki, sərgidə görkəmli
rəssamın Dövlət İncəsənət Muzeyində
və şəxsi arxivlərdə saxlanan 100-ə yaxın əsəri
nümayiş olunur. Sərginin açılış mərasimində
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı
Fərhad Xəlilov, Dövlət Rəssamlıq
Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər
Eldarov, Əməkdar Memar Rasim Əliyev görkəmli
fırça ustası Hüseyn Əliyevin həyat və
yaradıcılığından, onun ərsəyə gətirdiyi
əsərlərin özünəməxsusluğundan
danışmışlar. Sonra tədbirin
iştirakçıları - Milli Məclisin deputatları,
dövlət rəsmiləri, tanınmış elm, mədəniyyət
və incəsənət xadimləri Xalq Rəssamı
Hüseyn Əliyevin Azərbaycanın müxtəlif guşələrini,
təbiətimizin gözəlliklərini əks etdirən əsərlərinə
maraqla baxmışlar. Sərgi mayın 8-dək davam edəcəkdir.
Səs.- 2011.- 30 aprel.- S. 4.