Tanınmışlar YAP-ı seçdilər

 

YAP Gənclər Birliyinin Naftalan şəhərində keçirilən konfransında tanınmış gənc incəsənət xadimlərinə üzv olduqları YAP-ın üzvlük vəsiqələri təqdim olundu

 

Ölkənin ən nüfuzlu və aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilən gənclər siyasəti yüksək əhəmiyyət daşıyır və ölkə gəncləri arasında böyük rəğbətlə qarşılanmaqdadır. Gəncləri inkişaf etdirmək, onların bilik və bacarıqlarından dövlətimizin möhkəmləndirilməsi istiqamətində istifadə etmək üçün YAP Gənclər Birliyi tərəfindən bir sıra ardıcıl tədbirlər həyata keçirilir. Aprelin 28-də Naftalan şəhərindəki "Çinar" sanatoriyasında YAP Gənclər Birliyinin təşkilatçılığı ilə partiyanın gənc fəalları üçün "Azərbaycan gəncliyi və müasirlik" mövzusunda keçirilən konfrans isə daha möhtəşəm olması ilə fərqlənib və bir daha Azərbaycan gəncliyinin seçiminin YAP olduğunu nümayiş etdirib.   

 Tədbirdə diqqətçəkən məqamlardan biridaha bir neçə gəncə tədbirdən öncə  Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqəsinin verilməsi olub ki, həmin gənclər də ölkənin tanınmış incəsənət xadimləridir. Belə ki, Elton Hüseynəliyevə, Coşqun Yusifova, Natəvan Həbibiyə, Nazim Məmmədova, Elçin Cəfərova, Aşıq Samirə Əliyevaya və Tərlan Fərzəliyevə YAP-ın vəsiqələri təqdim olunub. Partiyanın yeni üzvlərinə vəsiqələri YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov, partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Məlahət İbrahimqızı təqdim edib. YAP İcra katibi Əli Əhmədov qeyd edib ki, partiyanın Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti partiyaya olan inam və etibarı daha da artırıb. O, partiya sıralarına daxil olanların yarıdan çoxunun gənclər təşkil etdiyinibunun ölkə rəhbərliyinin apardığı gənclər siyasəti ilə bağlı olduğunu vurğulayıb.

YAP-ın yeni üzvləri də belə bir təşkilata üzv olduqlarından məmnunluq hissi keçirdiklərini və onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini deyiblər. Qeyd olunub ki, onlar YAP-a yalnız indi üzv olsalar da, qəlbləri xeyli əvvəl bu partiya ilə birgə döyünüb.

 

AŞIQ SAMİRƏ: "MƏN DƏ HƏR BİR AZƏRBAYCAN GƏNCİ KİMİ BİZƏ GÖSTƏRİLƏN ETİMADA VƏ DİQQƏTƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ  TƏŞƏKKÜR EDİRƏM"

 

Tanınmış gənc müğənni Aşıq Samirə aprelin 28-də YAP Gənclər Birliyinin Naftalan şəhərində keçirdiyi konfransda Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsini alarkən  "Mən də hər bir Azərbaycan gənci kimi bizə göstərilən etimada və diqqətə görə  Prezident İlham Əliyevə  təşəkkür edirəm"- deyə bildirib.

 Aşıq Samirə YAP-a üzvlük  vəsiqəsini almaqdan çox məmnun olduğunu qeyd edərək demişdir: "Təşəkkür edirəm ki, məni də öz sıralarınıza qəbul etdiniz. Biz də incəsənətdə olan insanlar öz fəaliyyətimizlə daim dövlətimizin apardığı siyasəti dəstəkləmişik, bundan sonra da böyük məmnuniyyətlə dəstəkləyəcəyik. Harada olmağımızdan asılı olmayaraq, Azərbaycanı layiqincə təmsil etmək bizim borcumuzdur".

 

COŞQUN YUSİFOV: "ÖLKƏ RƏHBƏRLİYİNİN YÜRÜTDÜYÜ UĞURLU GƏNCLƏR SİYASƏTİNİ DAİM DƏSTƏKLƏYİRİK"

 

“Ölkə rəhbərliyinin yürütdüyü uğurlu gənclər siyasətini daim dəstəkləyirik". Bu fikirləri YAP Gənclər Birliyinin Naftalan şəhərində keçirdiyi "Azərbaycan gəncliyi və müasirlik" mövzusunda konfransda Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsini qəbul edərkən açıqlamasında gənc müğənni Coşqun Yusifov (Viləş) deyib. O bildirib ki, Yeni Azərbaycan Partiyasının sıralarında olan 530 mindən çox insanın 40 faizinin gənclər olması, onlara göstərilən diqqət və qayğının, eyni zamanda etimadın nəticəsidir. YAP-ın ölkədə ictimai-siyasi sabitliyin yaradılmasında və ölkənin inkişafında mühüm rola malik olduğunu deyən istedadlı müğənni vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət günü-gündən xalqın daha çox hissəsi tərəfindən dəstəklənir: "İndiyə kimi YAP-ın üzvü olmasam belə, qəlbim daim bu partiya ilə olub. Üzvlük vəsiqəsi  mənim üzərimə böyük məsuliyyət qoyur. YAP sıralarında olan hər bir gənc onlara göstərilən etimadın, diqqətin və qayğının qarşılığını verməli, ölkənin inkişafı, ictimai-siyasi sabitliyin təmin olunması üçün ölkə rəhbərliyinə dəstək olmalıdır".

YAP-ın ən nüfuzlugüclü təşkilat olduğunu deyən müğənni, bunun arxasında partiyaya olan inamın dayandığını deyib. O, üzv qəbul olunmaq üçün etdiyi müraciətinə müsbət cavab verildiyi üçün partiya rəhbərliyinə minnətdarlığını bildirib.

 

NATAVAN HƏBİBİ: "YENİ AZƏRBAYCAN PARTİYASININ ÜZVÜ OLMAQ ÜZƏRİMƏ YENİ MƏSULİYYƏT QOYUR"

 

YAP Gənclər Birliyinin Naftalan şəhərində "Azərbaycan gəncliyi və müasirlik" mövzusunda keçirilən konfransda Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsini alan tanınmış gənc müğənni Natavan Həbibi bu partiyanın sıralarına qoşulmasından məmnunluq  hissi keçirdiyini deyib.

Natavan Həbibi bildirib ki, tale elə gətirib ki, 1994-cü ilə qədər ölkədən kənarda yaşayıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkədə siyasi-ictimai sabitlik yarandığını dilə gətirən müğənni ölkəyə qayıtmaq istəyinin yarandığını bildirib. Azərbaycandan kənarda olanda da Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə yüksək qiymət verdiyini deyən Natavan Həbibi qeyd edib ki, Ümummilli Liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu sabitliyin əldə olunmasında, ölkənin inkişafında mühüm rol oynayıb. Bu vaxta kimi YAP-a üzv olmasa belə, təşkilatın apardığı siyasəti dəstəklədiyini söyləyən müğənni ona etimad göstərdiyinə görə, partiya rəhbərliyinə təşəkkürünü bildirib. O, bundan sonra da partiyanın tədbirlərində yaxından iştirak edəcəyini vurğulayıb.

 Müğənni qeyd edib ki, YAP-ın üzvlük vəsiqəsi onun üzərinə yeni  məsuliyyət qoyub.

 

NAZİM MƏMMƏDOV: "MƏN ÖZÜMÜ HƏR ZAMAN QƏLBƏN YENİ AZƏRBAYCAN PARTİYASININ ÜZVÜ HESAB ETMİŞƏM"

 

Yeni Azərbaycan Partiyasını seçən incəsənət xadimlərindən biri də tanınmış gənc bəstəkar Nazim Məmmədov oldu. YAP Gənclər Birliyinin "Azərbaycan gəncliyi və müasirlik" mövzusunda konfransının iştirakçılarından olan gənc bəstəkar Nazim Məmmədov çıxışında özünü hər zaman qəlbən Yeni Azərbaycan Partiyasının üzvü saydığını bəyan edib.

Nazim Məmmədov partiyaya üzvlük vəsiqəsini təntənəli surətdə qəbul edərkən, qeyd etmişdir ki, bu gün ölkə gəncləri həqiqi mənada özlərini Azərbaycanın gələcəyi hesab edir və özlərini bu gələcəyə hazırlayırlar. Bu gün Azərbaycan gəncliyi dövlətin  xüsusi qayğısını öz üzərində hiss edir. Bu gün Azərbaycan gəncliyinin inkişafı üçün dövlət səviyyəsində bütün mümkün vasitələrdən istifadə edilir və həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir.

 

TƏRLAN FƏRZULLAYEV: "ÖZ SƏNƏTİMLƏ HƏMİŞƏ YENİ AZƏRBAYCAN PARTİYASINA QULLUQ ETMƏYƏ HAZIRAM"

 

"Azərbaycan gəncliyi və müasirlik" mövzusunda konfransın mühüm və yaddaqalan məqamlarından biri də tanınmış gənc aktyor Tərlan Fərzullayevin Yeni Azərbaycan Partiyasının sıralarına qoşulması və partiya üzvlük vəsiqəsini təntənəli surətdə qəbul etməsi oldu.

Partiyaya üzvlük vəsiqəsini alan tanınmış gənc aktyor Tərlan Fərzullayev müstəqil Azərbaycanın inkişafında, bugünkü ictimai-siyasi sabitlikdə əvəzsiz xidmətləri olan, eyni zamanda, Azərbaycan gəncliyinin hamisi Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmasından məmnunluq hissi keçirdiyini deyib. "Mən fəxr edirəm ki, bir ay ərzində 2 ailəyə daxil olmuşam. Onlardan birincisi odur ki, yeni ailə həyatı qurmuşam, ikincisi odur ki, partiya ailəsinə daxil olmuşam. Hər iki ailə mənim üçün çox önəmlidir və bu ailələrə daxil olduğum üçün çox şadam. Öz sənətimlə həmişə partiyaya qulluq etməyə hazıram" - deyə Tərlan Fərzullayev bildirib.

 

ELTON HÜSEYNƏLİYEV: "MƏN FƏXR EDİRƏM Kİ, HƏLƏ GƏNCLƏRİN İLK FORUMUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN QARŞISINDA ÇIXIŞ ETMİŞƏM"

 

"Hazırda Azərbaycan ölkəmizin Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Mən fəxr edirəm ki, hələ gənclərin ilk forumunda Ulu Öndər Heydər Əliyevin qarşısında çıxış etmişəm". Bu sözləri tanınmış gənc müğənni Elton Hüseynəliyev Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin aprelin 28-də Naftalan şəhərində keçirilən konfransında YAP-a üzvlük vəsiqəsini alarkən səsləndirmişdir.

Elton Hüseynəliyev YAP-a üzv olmağının səbəbini açıqlayarkən, "ölkəmizin Heydər Əliyev yolu ilə tərəqqisinə öz töhfəmi vermək istəyirəm" - deyə bildirmişdir.

Yeni Azərbaycan Partiyasının rəhbərliyinə gənclərə yaradılan şəraitə görə minnətdarlığını bildirən Elton Hüseynəliyev, eyni zamanda, Naftalanda keçirilən konfransın böyük əhəmiyyətini vurğulayaraq, qeyd etmişdir ki, belə tədbirlər gənclər arasında ünsiyyəti artırır və təcrübə mübadiləsini gücləndirir.

 

 

 

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2011.- 30 aprel.- S. 5.