Bu gün Milli Kino Günüdür
2 Avqust
Milli Kino Günüdür. Bu tarix Azərbaycan kino sənətinin
yaratdığı zamanı təqdim edir. Kino sənətimizin
tarixini təsdiq edən sənəddə bu özünün
təsdiqini tapır. Ümummilli Lider Heydər Əliyevin
2000-ci il dekabrın 18-də imzaladığı Sərəncama
əsasən, respublikamızın bütün kino
işçiləri hər il avqustun 2-də Milli Kino
Gününü təntənə ilə bayram edirlər. Azərbaycanda
kino epoxasının başlanğıcı onun tarixi kökləri
olduğunu göstərir. Azərbaycan kino sənətinin
tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər
fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş
xronika süjetləri “Bibiheybətdə neft fontanı
yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər
bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s. ibarət
idi.
1915-ci ildə
Qafqazda Pirone qardaşlarının açdığı səhmdar
cəmiyyətləri tərəfindən Bakı, Tiflis,
İrəvan şəhərlərində prokat kontorları
yaradılmışdır. 1915-ci ildə adıçəkilən
cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun
“Neft və milyonlar səltənətində” romanı əsasında
eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə
başladı. Filmi çəkmək üçün
Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət
mənzərələri Bakıda və ətraf kəndlərdə,
pavilyonla bağlı səhnələr isə Tiflisdə
çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski
oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun
“Arşın mal alan” operettası əsasında ilk Azərbaycan
kinokomediyası çəkildi. 1919-cu ildə isə, Azərbaycanın
müstəqilliyinin ildönümü münasibətilə təntənə”
adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
1923-cü
ildə Azərbaycan Foto-Kino İdarəsi təsis olundu.
AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat
kontorların milliləşdirilməsi və birləşdirilməsi
tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində
Bakıda “Təyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçi”
və s.kinoteatrlar da var idi. 1924-cü ildə AFKİ
ikiseriyalı “Qız Qalası əfsanəsi” adlı bədii
filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən
maraqlı olan bu filmdə müəlliflər Şərq
ekzotikasından qaça bilməmişdilər.
Azərbaycanda
milli rejissor və aktyor kadrları hazırlamaq
üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü
ilə AFKİ-nin nəzdində studiya təşkil edildi.
Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli
kadrların inkişafına kömək məqsədilə
Bakıya məşhur kinorejissorları, eləcə də,
kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə
və başqaları kino yaradıcılığı
işinə cəlb edilmişdilər. AFKİ sonralar
“Azdövlətkino”, “Azərkino”, “Azfilm”, “Azdövlətsənayesi”,
“Azərfilm”, “Bakı kinostudiyası” kimi adlar
daşımışdır, 1961-ci ildən C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyası adlanır.
Xurafat və
cəhalətə qarşı mübarizə, inqilab, qadın
azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan
kinosunun əsas mövzusu idi. “Bismillah”, “Vulkan üzərində
ev”, “Hacı Qara” kimi kino əsərləri, eləcə də,
öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan
qadını obrazını bədii və real şəkildə
ifadə edən “Sevil” həmin dövrdə
yaradılmış uğurlu filmlərdəndir.
XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə “Bakıda 9 qızıl Ordunun rəsmi keçidi” adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il “Şərq xalqlarının birinci qurultayı” xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı.
1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən “Azərbaycana səyahət” filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən “Azərbaycan ekranı” kinojurnalı buraxılmağa başlandı. Bu sənətkarların filmlərində ilk beşilliklərdə respublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrün bədii nailiyyətlərindəndir.
Belə bir çətin yol yaşayan Azərbaycan kinematoqrafiyası onillikləri başa vurub, hər il üçün də təkrarsız filmlər yaradaraq 103 yaşını qeyd edir. Çox mərhələlər onun inkişafına mane olmuşdur. Burjuaziyanın reallıqları, sovet imperiyasının buxovları onun inkişafın ləngitsə də, qarşısına sədd çəkib milli dəyərlərdən kənarda formalaşmasına cəhd edilsə də, buna müvəffəq ola bilmədilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olmuşdur. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını xüsusi vurğulamışdır.
Hələ 1970-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən öz qayğı və məhəbbətini əsirgəmədi. Heydər Əliyev Azərbaycan kino sənətinin dəyərli ənənələrindən danışaraq tarixi mövzuda çəkilmiş bir sıra bədii filmləri yüksək qiymətləndirmişdir.
Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşısında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoydu. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir.
Müstəqilliyimizin ilk illərində Azərbaycan kinosunda çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən az olmuşdur. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər. Belə ki, “Yarasa”, “Özgə vaxtı” filmləri kino sənətimizin uğurlarıdır.
Müstəqilliyimizin bizə yaratdığı imkan əsasında kinematoqrafçılar tərəfindən Azərbaycan xalqının Xilaskar Oğlu Heydər Əliyevə həsr olunmuş filmlər də ekranlaşdırıldı. Heydər Əliyev haqqında çəkilən dəyərli filmlərdən biri Onun hərtərəfli fəaliyyətindən bəhs edən N.Səfərovun ssenarisi əsasında operator O.Şıxəliyevin çəkdiyi “Hamıya nümunə olan ömür yolu” filmidir. Bu əsərdə Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti öz yığcam ekran ifadəsini tapmışdır.
Son illərdə ssenarist və kinorejissor Vaqif Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri diqqəti cəlb edir. Xüsusən, onun çəkdiyi “Həqiqət anı” filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 serialı “Heydər Əliyev” filmi maraq doğurur. Bu silsilədən olan filmlərdən “Əsil məhəbbət haqqında” filmi böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya Teleforumunda əsas mükafata və xüsusi mükafata layiq görülüb. Daha sonra “Bir həsədin tarixi” filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda “Qran-Pri” mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib.
Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayein “Əsrin sazişi” filmində öz əksini tapmışdır.
Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn və Cavanşir Mehdiyevin, Yavər Rzayevin, Nicat Feyzullayevin, Ayaz Salayevin, Eldar Quliyevin, Rasim Ocaqovun, Oqtay Mirqasımovun filmləri mövzu baxımından maraqlıdır. Rejissor Gülbəniz Əzimzadənin ərsəyə gətirdiyi filmlər də bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür. Bu kinomuz yeni bir dövrünü yaşayır. Yeni filmlər istehsal olunur, dünya ölkələrində uğurla nümayiş etdirilir. Bu günlərdə rejissor və prodüser İsrafil Ağazadə Xarici İşlər Nazirliyinin sifarişi əsasında çəkdiyi “Azərbaycan odlar yurdu” tammetrajlı sənədli filminin istehsalını başa çatdırıb. Film ən son kino texnologiyanın nailiyyətlərindən bəhrələnərək, “RAW” formatında Almaniyanın Münhen şəhərində “ARRİ GROUP” şirkətilə birgə istehsal olunub. Xarici diplomatların və səfirlərin ölkəmiz haqda daha geniş məlumat əldə etmələri üçün hazırlanan film artıq Xarici İşlər Nazirliyinə təhvil verilib. Sənədli ekran əsəri xaricdə yayımlanmaq üçün 8 dilə tərcümə olunub və 1000 nüsxə çap edilib. Tammetrajlı filmdə Azərbaycanın qədim tarixi və mədəniyyəti öz əksini tapıb.
Yaxın günlərdə isə, Azərbaycan kinematoqrafçıları Türkiyənin Antalya şəhərində keçiriləcək “Qızıl portağal” festivalında iştirak edəcəklər. Festival çərçivəsində Azərbaycan kinosu günü keçiriləcək və ilk dəfə olaraq, azərbaycanlı kinematoqrafçıların işləri nümayiş etdiriləcək.
Bu gün Azərbaycan kino sənəti yeni dövrünü yaşayır. Dövlət tərəfindən kino sənətinə göstərilən diqqət və qayğı onun inkişafına təkan verir. Kino-teatrların bərpa və təmir olunması, sənət xadimlərinə dövlət səviyyəsində diqqətin yetirilməsi, müxtəlif ad və mükafatların verilməsi onların bu sahəyə olan maraq və məsuliyyətini daha da artırıb. Bütün bunlarla yanaşı, xarici dövlətlərlə müştərək əlaqələrin qurulması Azərbaycan kino sənətinə yollar açır.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2011.- 2 avqust.- S. 11.