Azərbaycanın xeyriyyəçi, şair, rəssam xanımı

 

Azərbaycanın görkəmli şairə-qadını, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, Xurşidbanu Natəvan zəngin irsin yaradıcı kimi ədəbi mühitdə yer qazanıb. Xeyriyyəçi, şair, rəssam kimi tanınan Xurşidbanu Natəvan 1832-ci ilin bu ayında dünyaya göz açıb. Ailənin yeganə övladı olan Xurşudbanu həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu saraydaDürrü yekta” (tək inci), el arasında isə “Xan qızı” çağırıblar.

Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olublar. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlayıb. Məşğələ zamanı XurşidbanuQuran” ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olub. Yaşadığı dövrdə kübar ailələrin uşaqlarına, bir qayda olaraq, doğma dili ilə bərabər, ərəb və fars dili, onun sərfi-nəhi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənərək, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. O, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olub. Dahi Şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata bağlayıb.

Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmayıb. Qasım bəy Zakir, Mirzə Cavan, Mirzə Adıgözəl, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də, ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndiriblər.

Tarixçilərin ehtimalına görə, bu dövrdə xaricidaxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilib və Xurşidbanu Xasay bəy Usmubəylə izdivaca məcbur edilib. Belə bir ehtimal da vardır ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşidbanuya evlənməyi təklif edib. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib toy edibXurşudbanunu Dağıstana öz doğma kəndinə, oradan da Tiflisə aparıb.

Həyatının çiçək açdığı bir dövrdə Xurşidbanu Tiflisdə yaşamalı olub. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğuçox vaxtları tək qaldığı üçün sıxılaraq, qəriblik çəkib.

1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlib. Oğlanın adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan biri şairənin soyköküdür. Yəni, Natəvanda iki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirib. Maraqlıdır ki, bu nəslin nümayəndələri olan Ziyadi QarabağiMusahib Gəncəvi vaxtilə Qarabağın bəylər bəyi olublar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov “Natəvanın şair qohumları” kitabında bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitablarda da açılır.

Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” kitabında çap olunub. Bu kitabda göstərilir ki, Xanbikə xanım “Məclisi-üns”ün üzvlərindən biri olub.

Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin başqa bir səbəbi, şübhəsiz, Şuşanın təkraredilməz yaradıcı ab-havası və mühitiolub. Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o, şairənin qəzəllərini “Segah” üstündə oxuyarmış. Və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub, ilham alırlar.

Natəvan poeziyası professional Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar, xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur “Qərənfil” mahnı-romansı ola bilər. Onu da deyək ki, bəstəkar “Xan qızı Natəvan” operasını da məhz ona ithaf etmişdir.

Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O, rəssamlıqla, həmçinin, nəfis əl işləri, müxtəlif janrda tikmələrlə də yaradıcılıq yolunu davam etdirib.

Yaradıcılıqla bərabər Xan qızının ictimai və idarəetmə fəaliyyətini qeyd etmək olar. Natəvanın xeyirxahlığı və xeyriyyəçiliyi də gözə çarpır. O, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutaraq, Şuşaya su kəməri çəkdirib. Şuşanın bir qrup şairləri bədii məclisi təşkil edilməsinin zəruriyyətini dərk edirdilər. Lakin məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız Xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul edib və nəticədə qısa bir müddətdə Şuşada “Məclisi-üns” (yəni, dostluq, ülfət məclisi) yarandı. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürüb. Şuşada Mir Möhsün Nəvvab Qarabağinin rəhbərliyi ilə “Məclisi-fəramuşan” adlı daha bir poetik məclis də fəaliyyət göstərirdi.

“Məclisi-üns”də tanınmış Qarabağ şairləri ilə yanaşı, məşhur xanəndə və sazandələr də iştirak ediblər. Bunlardan Hacı Hüsü, Məşədi İsi, Molla Vəli, Molla Abbasqulu, Meşədi Dadaş, Əbdülqəni və Sadıqcanın adlarını çəkmək olar. Məşhur tarzən Qurban Pirimov yazırdı: “Xurşidbanu nəinki şeir, eləcə də, musiqini çox sevirdi. Xanəndələrdən Hacı Hüsü və Məşədi İsi onun məclisində oxuyardılar. Bu xanəndə oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxlardı”.

Qeyd edim ki, o, yaradıcılığa 50-ci illərdən ənənəvi Şərq mövzusu və şeirlərlə başlayıb. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri  tərənnüm olunub. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu şeirlər yazıb. “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və s. əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şeirlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənib.

Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaldaraq, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nurunu itirib, bədəni taqətdən düşüb.

Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat edib və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub. Adı küçə, klub, kitabxana və məktəbə verilib. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və muzeylərimizdə saxlanılır. Onun yaradıcılıq irsi daim diqqətdədir.

XIX əsrin maarifpərvər, xeyriyyəçi xanımı Xurşidbanu Natəvanın Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub.

 

 

Səs.- 2011.-  3 avqust.- S. 12.