Demokratiya və
insan hüquqları
Bu gün hər bir cəmiyyətin və dövlətin
inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət
bir-biri ilə üzvi
surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir.
Ölkəmiz müstəqillik
qazandıqdan sonra Beynəlxalq Dövlətlər
Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin
sınağından çıxmış ümumbəşəri
dəyərlərin üstünlüyünü
qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün
inkişaf yolu seçmişdir. İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin,
ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri
birləşdirən, onları insaniləşdirən ən əsas
meyardır. Bəşər
sivilizasiyasının ən müdrik kəşflərindən
sayılan insan hüquqları bu gün hər bir vətəndaşın anladığı
və anlamalı olduğu əvəzsiz
nailiyyətdir. İnsan hüquqlarına
hörmət, insan hüquqlarının
qorunması müasir dünyaya
qovuşmağın əsas istiqamətidir. Bəllidir ki, sülh,
rifah və əmin-amanlıq olmadan insan
hüquqlarına tam riayət olunması mümkün deyil.
İşğalçı Ermənistanın Azərbaycana
qarşı artıq uzun illərdir ki, davam edən silahlı
təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq
soydaşımız adi insan hüquqlarından məhrum edilmişdir. Vaxtilə ölkəmizdə
insanların həyatını təhlükəyə məruz
qoyan hərc-mərclik, qanunsuz
silahlı birləşmələrin mövcudluğu,
əhalidə qanunsuz silahların cəmləşməsi,
terrorçuluq və mütəşəkkil
cinayətkarlığın tüğyan
etməsi insan hüquq
və azadlıqlarının kütləvi surətdə
pozulmasına gətirib çıxarmışdı. Bu vəziyyət Azərbaycan xalqını vətəndaş
müharibəsi həddinə çatdırmış, milli dövlətçiliyinin itirilməsi təhlükəsi
qarşısında qoymuşdu. Məhz bu ağır sınaqlardan mətinliklə
çıxmış Azərbaycan xalqı dəyanət, iradə,
həmrəylik və əzmkarlıq nümayiş
etdirərək, bəşər sivilizasiyasının
idealları olan azadlığı, ədaləti
və sülhü özünün
inkişaf yolu seçmişdir. Son illər
ölkəmizdə insanların azad və
təhlükəsiz yaşaması, müstəqilliyimizin
möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər
həyata keçirilir. Azərbaycan
dövləti ərazi bütövlüyünün,
qaçqınların və məcburi köçkünlərin
pozulmuş hüquqlarının tam bərpası üçün
sülhsevər siyasət apararaq atəşkəsə
nail olub. ATƏT-in Minsk Qrupu çərçivəsində
və digər beynəlxalq təşkilatlar xətti ilə
ardıcıl və məqsədyönlü işlər
görülməkdədir.
Artıq
göstərilən ictimai-siyasi proseslərin
ağır nəticələri, vətəndaş müharibəsi
təhlükəsi aradan
qaldırılmış, 1994-cü ilin
oktyabrında və 1995-ci ilin martında baş vermiş dövlət
çevrilişi cəhdlərinin qarşısı
qətiyyətlə alınmış, qanunsuz
silahlı dəstələr, terrorçu, təxribatçı
qruplar zərərsizləşdirilmiş,
hərc-mərcliyə son qoyulmuş,
geniş ordu quruculuğu işləri aparılaraq Vətənimizi
təcavüzdən qorumağa qadir nizami və regionda ən güclü ordu yaradılmışdır.
Dövlətin
ali məqsədi
Ölkəmiz müstəqillik
qazandıqdan sonra ümumxalq səsverməsi ilə
özündə ali qanunvericiliyi ehtiva edən Konstitusiyamız
qəbul olundu. Qanunvericilik külliyyatında insan-vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi dövlətimizin ali məqsədi kimi bəyan
edilmişdir. Artıq bu gün müstəqil Azərbaycan
dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə
bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər
yaratmaq üçün tədbirlər görür. Belə
ki, Konstitusiyada irqindən, milliyyətindən, dinindən,
dilindən, cinsindən, mənşəyindən, əqidəsindən,
siyasi və sosial mənsubiyyətindən və sair hallardan
asılı olmayaraq, hər bir insanın hüquq və
azadlıqlarının müdafiəsi qanunvericilik, icra və
məhkəmə orqanları qarşısında ümdə
vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə
söykənən, vətəndaş cəmiyyətinin və
bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən
qanunvericilik bazasının əsası təmin edilmiş,
onun təkmilləşdirilməsi istiqamətində, mütəmadi
olaraq, tədbirlər davam etdirilməkdədir.
Ardıcıl
surətdə reallaşdırılan hüquqi islahatlar
Azərbaycanda demokratik cəmiyyətin
formalaşdırılması üçün hər cür
şərait yaradılmışdır. Ölkəmizdə
çoxpartiyalılıq əsasında demokratik yolla parlament
seçilmiş, siyasi plüralizm, şəxsiyyət,
söz, mətbuat, vicdan azadlıqları, insan
hüquqlarının müdafiəsi və qanunun aliliyi
prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə
həyata keçirilən köklü iqtisadi, sosial və
hüquqi islahatların təməlində insana qayğı,
insan ləyaqətinə hörmət dayanır. Artıq bu
günə qədər reallaşdırılmış
islahatlar nəticəsində iqtisadi tənəzzül və
inflyasiyanın qarşısı qətiyyətlə
alınmış, iqtisadi inkişafda
mərhələli yeniliklərin möhkəm təməli
qoyulmuşdur. Özəlləşdirmə proqramı, aqrar
islahatları və torpaqların xüsusi mülkiyyətə
verilməsi prosesi ardıcıl surətdə davam etdirilir.
Azərbaycanda “açıq qapı”
siyasətinin həyata keçirilməsi
iqtisadiyyatımıza xarici investisiyaların həcminin
artmasını və ölkəmizin dünya iqtisadi sisteminə
inteqrasiyasını sürətləndirməklə bərabər
xalqın maddi rifahının
yaxşılaşdırılmasına, vətəndaşların
iqtisadi və sosial hüquqlarının müdafiəsinə
zəmin yaradır.
Beynəlxalq konvensiyalar
və qəbul edilən məsuliyyət
Hər bir şəxsin həyatında və
cəmiyyətdə insan hüquqlarının reallığa
çevrilməsi amalı ilə yaşayan Azərbaycan
dövləti insan hüquqları sahəsində bir çox
beynəlxalq konvensiya və sazişlərə
qoşulmuşdur. Bu gün məqsəd ondan ibarətdir ki, hər
bir şəxs insan hüquqlarının həyata
keçirilməsində və qorunmasında öz məsuliyyətini
dərk etsin. Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə
qoyduğu təməllərdən biri də, məhz həmin
sahəni müəyyənləşdirib. Azərbaycan
Respublikasında insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsini ümumdövlət vəzifəsi hesab edərək,
Fərman imzalayan Ümummilli Lider BMT-nin insan hüquqlarına
dair qətnamələrini əsas gətirərək, bu tədbirləri
daha da genişləndirmişdir.
Məsələn, qanun layihələrinin
hazırlanması və qanunların qəbul edilməsi
zamanı Azərbaycan Respublikasının Konstitusiyasında əks
etdirilmiş insan hüquq və azadlıqları əsas meyar
kimi rəhbər tutulmuşdur. Eləcə də, Milli Məclisin
nümayəndələri ATƏT-in və Avropa
Şurasının Parlament Assambleyalarının, Avropa
Parlamentinin, Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin Parlamentlərarası
Assambleyasının, Qara Dəniz İqtisadi Birliyi Parlament
Assambleyasının, Parlamentlərarası İttifaqın
sessiyalarında, həmin təşkilatların müvafiq komitələrinin
işində və tədbirlərində fəal iştirak
etsinlər, insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsində Azərbaycan
Respublikasının dövlət siyasətini təbliğ
etsinlər, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində
qaçqın və məcburi köçkün
düşmüş şəxslərin hüquqlarının
bərpası üçün aparılan işlərin
gücləndirilməsi üçün önəmli qərarlar
vermişdir.
Həmçinin, insan
hüquqlarının müdafiəsinə dair dövlət
proqramlarının layihəsini, insan hüquqları üzrə
Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili
təsisatını, habelə, insan hüquq və
azadlıqlarının müdafiəsini həyata keçirən
digər qurumların yaradılmasına dair məsələləri
dövlət səviyyəsində qaldırmışdır. Ən
mühüm məqamlardan biri isə, qaçqınların və
məcburi köçkünlərin, əlillərin,
müharibə iştirakçılarının, aztəminatlı
ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli
təmin edilməsi ilə əlaqədar təklif və rəyləri
həyata keçirmişdir. Hüquqi islahatların həyata
keçirilməsi ilə əlaqədar normativ hüquqi
aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam
uyğunluğu təmin edilmişdir. Sözügedən Fərmanda
Azərbaycan Respublikasında fəaliyyət göstərən
qeyri-dövlət hüquqi müdafiə təşkilatları
ilə qarşılıqlı əlaqələrin
yaradılmasının və inkişaf etdirilməsinin təməli
qoyulmuşdur.
Hüquqi
sistemdə mütərəqqi siyasət
Yuxarıda qeyd olunan fərman və sərəncamların,
eyni zamanda, dövləti funksiyaların daha geniş müstəvidə
gerçəkləşməsi Prezident İlham Əliyev tərəfindən
davam etdirilməkdədir. Ölkə Prezidentinin bu istiqamətdə
verdiyi qərarları Azərbaycanın hüquqi sistemdə
lider dövlətə çevrilməsinə geniş zəmin
yaradır. Dünya Birliyinin tamhüquqlu üzvü kimi
ümumbəşəri dəyərlərin
üstünlüyünü qəbul edərək demokratik,
hüquqi və dünyəvi dövlət quruculuğunu
özünün inkişaf yolu kimi seçən Azərbaycan
hüquq-demokratik dövlət kimi, hətta Avropa ölkələrinə
də numunə göstərilməkdədir. Son illər
respublikamızın universal və regional xarakterli beynəlxalq
təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq
müqavilələrə qoşulması ilə səciyyələnir.
Həmin müqavilələrin mühüm bir hissəsi insan
hüquq və azadlıqlarının müdafiəsinə
yönəlmişdir. Azərbaycan Respublikası tərəfdar
çıxdığı beynəlxalq müqavilələri
özünün qanunvericilik sisteminə daxil etməklə,
beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu
tutmuşdur. Beynəlxalq müqavilələr dövlətlər
arasındakı beynəlxalq münasibətlərin tənzimlənməsinin,
dövlətlərarası əməkdaşlığın
inkişafının əsas vasitəsi olmaqla, milli
qanunvericiliyin tərkib hissəsinə çevrilməkdədir.
Beynəlxalq hüququn səmərəliliyi, beynəlxalq
müqavilələrin müddəalarının həyata
keçirilməsi və beynəlxalq öhdəliklərə
əməl olunması dövlət daxilində həyata
keçirilən təşkilati və hüquqi tədbirlərdən
asılıdır. İnsan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində
bağlanmış müqavilələrdə dövlətlərin
üzərlərinə götürdüyü öhdəliklər
iştirakçı dövlətlərə deyil, onların
yurisdiksiyası altında olan insanlara ünvanlanmaqla,
ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəsinə
yönəlmiş olur.
Məhkəmə
sisteminin modernləşdirilməsi
“Azərbaycan Respublikasında məhkəmə
sisteminin müasirləşdirilməsi və “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
ölkə Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı
da məhz insan və vətəndaş hüquq və
azadlıqlarının müdafiəsinin təmininə, məhkəmə
sisteminin müasirləşdirilməsinə, məhkəmə
hakimiyyətinin möhkəmlənməsinə yönəlmişdir.
Xatırladaq ki, Fərmanda Azərbaycan Respublikasının Ali
Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququnun öyrənilməsi işini təşkil
etmələri və onu məhkəmə təcrübəsində
nəzərə almaları tövsiyə edilmişdir. Ədalət
mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr
tərəfindən “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Avropa
Konvensiyası müddəalarının və İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
presedentlərinin düzgün və vahid qaydada tətbiqinin təmini
məqsədilə Ali Məhkəmə tərəfindən
bir sıra qərarlar tətbiq edilmişdir. Belə ki, insan
hüquqları müasir dünyada ümumbəşəri mədəniyyətin
mühüm tərkib hissəsi qismində bəyan edilmiş
və bu qanun Azərbaycan Respublikası Konstitusiyasının
12-ci maddəsində - insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi dövlətin ali məqsədi kimi dəyərləndirilir.
Habelə, insan və vətəndaş hüquqlarının
və azadlıqlarının pozulması ilə bağlı məhkəmələrin
milli qanunvericilik ilə yanaşı, Konvensiya müddəaların
da rəhbər tutmaları mühüm əsas kimi nəzərə
alınmışdır.
Sonda xüsusi ilə vurğulamaq
lazımdır ki, ölkədə aparılan hüquqi
islahatların hər biri yalnız Azərbaycan vətəndaşlarının
rifahı və xoş gələcəyi təminatına
hesablanır. Prezident İlham Əliyevin bu istiqamətdə apardığı
siyasət , nəinki ölkədə və regionda, eləcə
də, dünya miqyasında ali məqsəd kimi dəyərləndirilir.
Bu isə, hüquqi və dünyəvi dövlət
quruculuğunda əsas faktor kimi özəl xüsusiyyətləri
sərgiləyir.
RƏFİQƏ
KAMALQIZI
Səs.-
2011.- 5 avqust.- S. 7.