Azərbaycanda ərzaq təhlükəsizliyi təmin olunur

 

Əsası Ümummilli Lider Heydər Əliyev cənabları tərəfindən qoyulan iqtisadi islahatlar kursu bütün sahələrdə müsbət nəticələrini verməkdədir. Belə ki, bazar təsərrüfatçılıq sisteminə transformasiya prosesi ilkin olaraq aqrar sahədən başlayıb, kənd təsərrüfatında 90-cı illərin əvvəllərindən etibarən özünü kəskin şəkildə büruzə verən tənəzzül meyilləri dayandırılıb, iqtisadi artım və inkişafa nail olunub. Artıq istisadiyyatın aqrar sektorunda islahatların birinci mərhələsi başa çatmış, müxtəlif mülkiyyət mənsublu təsərrüfatçılıq qurumları yaradılmış, azad sahibkarlıq və rəqabət mühiti formalaşıb.

Aqrar islahatların birinci mərhələsində kənd təsərrüfatının inkişafı bütünlükdə bazar mexanizminin qanunauyğunluqlarına və prinsiplərinə tabe etdirilib, bu sahədə çoxsaylı normativ-hüquqi aktlar qəbul edilib, məhsulun satışı, gəlirlərin bölüşdürülməsi və digər texnoloji proseslərdə mülkiyyət mənsubiyyətindən asılı olmayaraq, kənd təsərrüfatı əmtəə istehsalçılarının təsərrüfat- iqtisadi müstəqilliyi təmin edilib.

Bu məsələlərin həlli üçün ölkə iqtisadiyyatına investisiya cəlb edilməsinin böyük önəmi olub. İndi də dövlət tərəfindən iqtisadiyyata böyük həcmdə sərmayə qoyulur. Bundan başqa, xarici investorların cəlbi də unudulmur.

“Mən iş yerlərinin açılması ilə bağlı yerli və xarici investorları da dəvət edirəm ki, ölkəmizə investisiya qoysunlar. Çünki buna ehtiyac vardır. Vaxtilə Azərbaycan Dövlət İnvestisiya Şirkətini o məqsədlə yaratdıq ki, xarici investorları cəlb etsin, bizə lazım olan istiqamətlərdə vəsait qoysun. Yəni, İnvestisiya Şirkəti də bu işlərə qoşulmalıdır. Əlbəttə ki, ən böyük yükü Azərbaycan dövləti öz üzərinə götürəcək və biz güzəştli kreditlərin verilməsi ilə və infrastruktur layihələrinin yaradılması sayəsində buna nail olacağıq”- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə deyib.

Ölkə Prezidenti  yaxın zamanda görüləcək işlərin bəzi istiqamətlərini qeyd edib. Bildirib ki, Abşeronda zeytunçuluq inkişaf etməlidir. Həqiqətən də, Azərbaycanda bu sahənin ənənələri var və təbii iqlim də buna zəmin yaradır. Zeytunçuluq təsərrüfatlarının, müasir emal müəssisələrinin yaradılması bu sahənin inkişafına böyük töhfə verə bilər. Hazırda Azərbaycanda zeytun istehsalı artır. Bakıətrafı kəndlər, Abşeron yarımadasında bunu etmək üçün çox yaxşı imkanlar var.

Son illərdə yeni quşçuluq fabrikləri işə salınır. Azərbaycan hazırda özünü  quş əti ilə 80 faiz təmin edir. Dövlət başçısının göstərişi ilə, quşçuluğun inkişafı üçün əlavə vəsait ayrılacaq.

Hazırda dünyada neftin qiyməti bahalaşıb, bu proses idxal olunan məhsullara öz təsirini göstərəcək. Yerli istehsalın artımı isə, təbii ki, eyni zamanda, qiymətlərin sabit vəziyyətdə saxlanmasına da şərait yaradacaq. Azərbaycan indi özünü bir neçə əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, biz ərzaq təhlükəsizliyimizin əsas sahəsi olan taxılçılığı inkişaf etdirəcəyik və özümüzü təmin etmək üçün bunun çox böyük rolu olacaqdır.

Məlum olduğu kimi, son illərdə kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür. Bu məqsədlə müasir texnikalar alınır, lizinqə verilir, aqroservislər yaradılır, subsidiyalar verilir, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir. Dövlət başçısının dediyi kimi, növbəti illərdə, xüsusilə, bu il bu məsələlərə daha da böyük diqqət göstərilməlidir.

“Kənd təsərrüfatının intensiv şəkildə inkişafı, Azərbaycan üçün çox vacib məsələdir. Biz taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər. Mən hesab edirəm ki, biz bu məsələyə, əlbəttə, kompleks şəkildə yanaşmalıyıq”- Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə aqrar sahədə 40 dövlət kənd təsərrüfatı müəssisələri, 5 səhmdar cəmiyyəti, 117 sair dövlət kənd təsərrüfatı, 1159 kollektiv müəssisə, 167 kənd təsərrüfatı istehsal kooperativi, 2662 fərdi sahibkarlıq qurumları (kəndli-fermer təsərrüfatı), 28 kənd təsərrüfatına xidmət göstərən mexanikləşdirilmiş dəstələr (aqroservislər), 842088 fiziki şəxs statuslu ailə təsərrüfatları fəaliyyət göstərir. İslahat başladıqdan bəri 861451 ailəyə torpaq payı verilib.

 Aqrar sahədə həyata keçirilən islahatlar kənd təsərrüfatında istehsal edilmiş ümumi daxili məhsulun strukturuna da əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, kənd təsərrüfatında istehsal olunan məhsulun 99%-i özəl bölmənin payına düşür. Son 7 ildə ölkəmizdə 1 milyona yaxın çox yeni iş yerləri açılıb. Təqdirəlayiq haldır ki, bu iş yerlərinin açılması prosesi daha çox bölgələrdə reallaşıb.

Hazırda ölkə Prezidentinin diqqət mərkəzində saxladığı ən mühüm problemlərdən biri də milli ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Müasir şəraitdə ərzaq təhlükəsizliyinin təmin edilməsi çox qlobal xarakter daşıyır. Ərzaq təhlükəsizliyi ölkənin iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissəsi olub, dövlətin strateji maraqlarının qorunmasında mühüm əhəmiyyət kəsb edir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkənin milli maraqlarının xarici rəqabətin əlverişsiz təzahürlərindən qorunmasında aparıcı amil sayılmaqla, ölkənin ərzaq təhlükəsizliyinin təzahürü kimi şərtlənir.

Aqrar sahənin dinamik inkişafı istehsalın artırılması ilə yanaşı, həm də onun maliyyə nəticələrinin yaxşılaşdırılmasından xeyli dərəcədə asılıdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəziyyətinə aşağıdakı amillər böyük təsir göstərir:

- məhsulun maya dəyəri;

- məhsulun orta satış qiyməti;

-    yanacaq, enerji daşıyıcılarının qiymətlərinin səviyyəsi.

Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı məhsullarının maya dəyəri əsas etibarilə nəqliyyat xərclərinin, toxum, yanacaq və enerji daşıyıcılarının əldə edilməsinə sərf olunan məsrəflərin artımı nəticəsində yüksəlir. Bu isə son nəticədə məhsul istehsalçılarının maliyyə vəziyyətinə mənfi təsir göstərməklə, aqrar sahənin davamlı inkişaf imkanlarını məhdudlaşdırır.  Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı ilə mövcud qanunlara uyğun olaraq, sərbəst qaydada-dövlət kənd təsərrüfatı istehsal müəssisələri, məhdud məsuliyyətli müəssisələr, birgə təsərürfatlar, kooperativlər, səhmdar cəmiyyətlər, kəndli fermer təsərrüfatları, fərdi təsərrüfatlar, assosiasiya və digər təsərrüfat formaları məşğul olurlar. Dövlət, öz növbəsində, bazar iqtisadiyyatı prinsiplərini qorumaqla, ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün aqrar sektorun inkişafına dəstək siyasətini həyata keçirir. Ümumiyyətlə, Azərbaycanda aqrar sektora göstərilən dövlət dəstəyi öz bəhrələrini verməkdədir. Ölkəmiz artıq özünü əsas ərzaq məhsulları ilə təmin edə bilir. Cari ildə kənd təsərrüfatında ciddi dönüş olacağı gözlənilir. Qeyd edək ki, 2011-ci ilin məhsulu üçün 975 min hektar dənli və dənli paxlalıların əkini proqnozlaşdırılır. 2 mln 535 min ton məhsul istehsalı, ondan 1 mln 700 min ton ərzaq buğdası istehsalı gözlənilir.

 

 

Elçin Bayramlı

 

 Səs.- 2011.-  6 avqust.- S. 2.