“Gorus-2010: absurd teatrı mövsümü” kitabında erməni iddiası beynəlxalq hüquq normaları prizmasında

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabı ermənilərin ideoloji təbliğatına qarşı ən fundamental tədqiqat əsəri olaraq əhəmiyyət daşıyır. Bu kitab işğalçılıq mövqeyində olan və əsrlərlə Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edən erməni işğalçılarının əməllərinin mahiyyətinin açılması baxımından təqdirəlayiqdir. 

“Gorus-2010: absurd teatrı mövsümü” kitabında müəllif ermənilərin əsassız iddialarını yalnız tarixi, fəlsəfi, siyasi, coğrafi, arxeoloji baxımdan deyil, eyni zamanda, müasir geosiyasət və beynəlxalq hüquq normaları baxımından elmi dəlillərlə ifşa olunması ilə səciyyələndirir. Akademik əsər boyu Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda erməni diasporunu təmsil edən jurnalistlər qarşısında verdiyi açıqlamaların reallıqdan tamamilə uzaq olduğunu əsaslandırır. O, bu çıxışı faktlara əsaslanaraq, haqlı olaraq “absurd teatrı”na bənzədir. Bu teatrda isə tamaşaçı qismində iştirak edənlər erməni diasporunu təmsil edən jurnalistlər, naşı artisti isə fikir və düşüncələri çaşdıran, yalan və riyakarlıqla dolu monoloq söyləyən Serj Sarkisyandır. Müəllif Serj Sarkisyanın Gorusdakı çıxışında azərbaycanlıların S.Şaumyanı “bandit” adlandırmasından hiddətləndiyini önə çəkir. Əslində, S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək faktiki “Daşnaksütyun” partiyasının proqramını həyata keçirirdi. Bu partiyanın strateji məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq idi. Bu məsələni yalnız azərbaycanlı və türk əhalinin qırılması hesabına həll etmək mümkün idi.

İdeoloji mübarizənin daha da kəskinləşdiyi bir zamanda akademik Ramiz Mehdiyevin dünya ictimaiyyətinə təqdim etdiyi “Gorus-2010: absurd teatrı mövsümü” kitabı ermənilərə faktlar əsasında kimliyini göstərmişdir. Akademikin bu əsəri əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük mahiyyət kəsb edir. Kitab Ermənistan rəhbərliyinin və erməni ideoloqlarının nə qədər dayaz və məntiqsiz düşüncə tərzinə sahib olduqlarını bariz şəkildə nümayiş etdirir.

Akademik Ramiz Mehdiyev bu əsərində sübut edir ki, müasir erməni vandalizminə köçəryanlar, sarkisyanlar və başqaları rəhbərlik edirlər. Müəllif haqlı olaraq erməni vandalizmi, erməni vəhşiliyi ilə faşizm arasında bir paralellik aparır, yaxın və uzaq analoji oxşarlıqları əsaslandırılmış elmi dəlillərlə sübuta yetirir. Ramiz Mehdiyev tarixi faktlara söykənərək göstərir ki, yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ali irqin müstəsnalığı barədə buna oxşar “qiymətli direktivlər” vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Akademik təəssüf hissi ilə öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərlərinin yaxın tarixdən ibrət dərsi almadıqlarını qeyd edir. Hələ də “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər mənasız müharibədən, minlərlə taleyin qırılmasından, insanların qaçqın yaşamasından, dağıntılardan, geniş sahələrin minalanmasından, sosial xərclər əvəzinə hərbi xərclərin artırılmasından hələ də zövq alaraq insani və humanizm hisslərindən kənarda həyat sürməkdədirlər. Bu səpkidə nə qədər işlər görülsə də, bir həqiqəti dərk etməkdə acizdirlər. Bu, Dağlıq Qarabağı Ermənistana birləşdirməyin mümkünsüzlüyüdür.

Akademik Ramiz Mehdiyev Serj Sarkisyanın bu riyakar iddiaları ilə bəşəriyyətə İkinci Dünya müharibəsi kimi bəla gətirmiş üçüncü Reyx liderlərinin almanların ali irq olması iddiası arasında oxşarlıq olduğunu göstərir. Bunu əsaslandıran müəllif qeyd edir ki, yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar “qiymətli direktivlər” vermişdilər: “Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar”.

Kitabda müəllif tarixiliklə müasirliyin vəhdətini vermişdir. Akademik Herodotdan, Strabondan bu günə kimi ermənilər barəsində deyilmiş fikirləri, arxeoloji qazıntıların nəticələrini, bunlardan az əhəmiyyət kəsb etməyən Azərbaycanın qədim və müasir dövr xəritələrini diqqətə çatdırır. Müəllif fikirlərinin daha inandırıcı, daha tutarlı və daha elmi olması üçün Avropa, rus, gürcü və erməni müəlliflərinin tədqiqatlarına müraciət edir ki, bu da əsərin elmiliyini şərtləndirən ən mühüm xüsusiyyətlərindən biri kimi özünü büruzə verir.

Kitabda erməni tarixinə diqqəti yönəldən müəllif təkcə Cənubi Qafqaza deyil, ümumilikdə, Ön Asiyaya gəlmə xalq olduqlarını tutarlı dəlillərlə göstərir. Kitabda deyilir ki, bütün dövrlərdə hazırkı Ermənistanın yerləşdiyi ərazilər azərbaycanlıların torpaqları olub. Bu əsər ermənilərin yalan təbliğatına qarşı mübarizədə yeni mərhələnin başlanğıcıdır.

Akademik Ramiz Mehdiyevin bu qiymətli kitabı təkcə növbəti erməni riyakarlığına cavab vermək baxımından deyil, çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

 

 

Zümrüd Bayramova

 

Səs.- 2011.-  6 avqust.- S. 5.