Vətəndaş hüquq və azadlıqları tam təmin olunur

 

Azərbaycan son illərdə demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıb və bu yolla inamla irəliləyir. İnsan hüquq və azadlıqlarının müdafiəsi isə demokratik cəmiyyətin, hüquqi dövlətin əsasını təşkil edir. Hər bir müasir, demokratik inkişaf yolunu tutan dövlət insan hüquq və azadlıqları ilə bağlı ölkədəki durumu getdikcə yaxşılaşdırmağa, problemləri aradan qaldırmağa çalışır. Milli Məclisin deputatı, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin üzvü Malik Həsənov insan haqlarının müdafiəsi, onların təmini sahəsində ölkəmizdəki mövcud durumla bağlı məlumat verərək bildirdi ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, təmini sahəsində vətəndaşlarımız, demək olar ki, heç bir problemlə rastlaşmırlar:

 “Qloballaşmanın vətəndaş, siyasi, iqtisadi, sosial, mədəni hüquqların, bütövlükdə, fərdi və kollektiv insan hüquqlarının tam həcmdə həyata keçirilməsinə, həmçinin, ekoloji proseslərə də mühüm təsir göstərir. Hüquqi-demokratik dövlət və azad vətəndaş cəmiyyəti quruculuğu yolunu tutmuş dövlətlərdə əsas insan hüquq və azadlıqlarının, o cümlədən, ekoloji hüquqların səmərəli müdafiəsinin milli prioritetidir. Əsas ekoloji hüquqların, xüsusilə də, sağlam ətraf mühitdə yaşamaq hüququnun səmərəli müdafiəsinin təbliğinin zəruriliyini nəzərə alaraq qanunvericilik bazamız müasir standartlara uyğunlaşdırılıb. Bu baxımdan da, ekoloji sahə dövlətin əsas prioritetlərindən sayılır. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, demokratik inkişaf yolunda böyük məsafə qət edib. Bu yolun ağrısız və uğurla keçilməsində əsas rol Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Azərbaycanın indiki müasir, demokratik və hüquqi bir dövlətə çevrilməsi məhz onun uzaqgörən siyasəti nəticəsində mümkün olub. Bu istiqamətdə islahatlar Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Azərbaycanda Ombudsman institutu fəaliyyət göstərir. MDB məkanında bu institutu ilk yaradan dövlətlərdən biri məhz Azərbaycandır. Hər il parlamentdə insan haqları üzrə müvəkkilin illik hesabatı dinlənilir. Həmçinin, dövlətimizdə insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı Milli Fəaliyyət Planı qəbul edilib. Bu plan indi də çox uğurla reallaşmaqdadır”.

 

Ölkədə vətəndaşların ekoloji hüquqlarının qorunması

 

Azərbaycanda vətəndaşlarımıza verilən hüquqlar arasında ekoloji hüquqlar da mühüm yer tutur. Millət vəkili dövlət vətəndaşların bu hüquqlarının müdafiəsinin təmini sahəsində çox mühüm addımlar atıldığını vurğulayıb: “Ölkə vətəndaşları ətraf mühitin mühafizəsi sahəsində geniş hüquqlara malikdir. Konstitusiyamızın müvafiq maddələri hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnu təsbit edir. Ekologiyanın qorunması hər bir şəxsin, vətəndaşın borcudur. Dövlət başçısının da bu sahəyə diqqəti böyükdür. Məhz hörmətli Prezidentimizin Sərəncamı ilə 2010-cu il “Ekologiya ili” elan olundu. Keçən il insanlarımızın sağlam ətraf mühitdə yaşamasını təmin etmək üçün mühüm addımlar atıldı. Respublikanın bütün rayon və şəhərlərində geniş yaşıllaşdırma işləri aparılıb və istirahət parkları salınıb. Meşələrin qırılması, yaşıllıqların məhv edilməsinə qarşı cəza tədbirləri sərtləşdirilib. Bütün bunlar vətəndaşlarımızın ekoloji hüquqlarının qorunmasına dövlətin göstərdiyi diqqət və qayğının nəticəsidir. Hüquqi-demokratik dövlət və azad vətəndaş cəmiyyəti quruculuğu yolunu tutmuş dövlətlərdə əsas insan hüquq və azadlıqlarının, o cümlədən, ekoloji hüquqların səmərəli müdafiəsi milli prioritet sayılır. Əsas ekoloji hüquqların, xüsusilə də, sağlam ətraf mühitdə yaşamaq hüququnun səmərəli müdafiəsinin təbliği zəruridir”.

 

Ekoloji hüquqların müdafiəsi sahəsində uğurlu işlər

 

Milli insan hüquqları təsisatlarının insan hüquqlarının, o cümlədən, bu hüquqlar sırasında mühüm yer tutan ekoloji hüquqların müdafiəsi sahəsində imkanlarının inkişaf etdirilməsinə ehtiyac var. Yeri gəlmişkən, keçən il həm də ölkənin bir sıra bölgələrində güclü sel və daşqınlar baş verdi. Minlərlə vətəndaşımız evlərini, əkin sahələrini itirdi. Azərbaycanda seldən əziyyət çəkən vətəndaşların xilas edilməsi, onların hüquqlarının qorunması, insan itkilərinin qarşısının alınmasında dövlət səviyyəsində görülən işlərdən danışan millət vəkili bu sahədə çox operativ işlərin  görüldüyünü vurğulayıb: “Ümumiyyətlə, Azərbaycanda keçən il Kür və Araz çaylarının daşması nəticəsində yaşananlar təbii fəlakət idi. Bu cür fəlakətlər dünyanın bir çox ölkələrində baş verir. Lakin digər ölkələrdən fərqli olaraq Azərbaycanda seldən əziyyət çəkən vətəndaşların xilas edilməsi, onların hüquqlarının qorunması, insan itkilərinin qarşısının alınmasında dövlət səviyyəsində çox operativ işlər görüldü. Çox sevindirici haldır ki, bu olaylar zamanı insan itkisi qeydə alınmadı. Dövlət başçısı da dəfələrlə sel və daşqınlardan əziyyət çəkmiş insanların hüquqlarının bərpası ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün fəlakət zonasında yenidənqurma işləri ilə şəxsən tanış olub, görülən işləri yüksək qiymətləndirib. Çox qısa zamanda evlərini itirmiş vətəndaşların mənzil hüquqlarının bərpası üçün minlərlə yeni evlər tikilib, qəsəbələr salındı. Bu işlər bu gün də davam etdirilir. Azərbaycan təbiətin bu ağır sınağından çox uğurla çıxmağı bacardı”.

 

Şəffaf əməkdaşlıq

 

Bu gün Azərbaycan ATƏT, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatlarla insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq şəffaf, qarşılıqlı maraqlar əsasında qurulub. M.Həsənov beynəlxalq qurumların ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı aparılan islahatları, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işləri çox yüksək qiymətləndirdiyini vurğulayıb: “Qeyd edim ki, Azərbaycan bir neçə il əvvəl gərgin rəqabətin olduğu bir vaxtda BMT İnsan Haqları Şurasının üzvü seçildi. Məhz belə bir qərar ölkəmizdə aparılan demokratik quruculuq işlərinə verilən ən yüksək qiymət idi. Tənqidlərə gəldikdə isə, bunun hansı beynəlxalq təşkilatlar tərəfindən edildiyi hamıya məlumdur. Onlar konkret qüvvələrin maraqlarına xidmət edirlər. Əgər son illərdə hazırlanan hesabatları nəzərdən keçirsək, insan hüquqları sahəsində vəziyyətin “yaxşı” olduğuna dair elə ölkələrin adlarına rast gəlmək olar ki, bu, sadəcə gülüş doğurur. Hətta həmin beynəlxalq QHT-lərin hesabatlarında Azərbaycanın ərazi bütövlüyünə də dəfələrlə hörmətsizlik edilib. Dağlıq Qarabağ ayrı bir müstəqil qurum kimi göstərilib. Onların niyyətinin nədən ibarət olduğu hamımıza məlumdur. Sirr deyil ki, ölkəmizdə ictimai-siyasi asayişi pozmağa cəhd göstərən qüvvələr var. Onların məkrli niyyətlərinin qarşısı alındığı üçün bu cür təşkilatlar vasitəsi ilə Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərməyə çalışırlar. Lakin həmin qüvvələrin bu səylərinin də qarşısı alınacaq. Biz gənc bir dövlətik. Qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün demokratik islahatlar yolu ilə inamla irəliləyirik. Lakin inanıram ki, bir müddət keçdikdən sonra bu problemlər də tam olaraq aradan qaldırılacaq”.

 

Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl edir

 

Sirr deyil ki, hər bir qanun zaman keçdikcə müasir dövrün tələblərinə uyğun olaraq dəyişikliklərə məruz qalır. Onun təkmilləşdirilməsi məqsədilə əlavələr və dəyişikliklər edilir. Və ya qanun yenidən işlənilir. M.Həsənov ölkəmizdə bu sahədə bir çox mühüm qanunların qəbul edildiyini bildirərək, söylədi ki, Milli Məclis də bu sahədə məhsuldar işləyib: “Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq insan hüquq və azadlıqlarının təmini ilə bağlı beynəlxalq konvensiyaları ratifikasiya edib. Bu gün ölkəmizdə qəbul edilmiş və qüvvədə olan insan hüquq və azadlıqları ilə bağlı qanunvericilik aktları beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətləndirilir. Çünki bu kimi vacib məsələni əhatələyən qanun layihələrinin hazırlanmasında ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilib. Bir daha bildirirəm ki, bu həmin qanunların dəyişməz olaraq qalacağı anlamına gəlməməlidir. Zərurət yaranacağı halda, Milli Məclis sözügedən sahədə üzə çıxacaq boşluqları aradan qaldırmaq üçün yenidən həmin qanunlara baxa və əlavələr edə bilər”.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.-  6 avqust.- S. 7.