Qərb və
Şərq sivilizasiyalarının kəsişməsində
Azərbaycanın mövcud dəyərləri
Qloballaşan dünyada Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması vacib məsələlərdən biri olduğundan bu istiqamətdə ciddi addımlar atılır. Milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılanması, dövlətin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə xüsusi olaraq diqqət yetirilir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək və Onun Azərbaycançılıq məfkurəsini təbliğ edən Heydər Əliyev Fondu bu istiqamətdə böyük layihələr həyata keçirir.
Bu ideyaya xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək məqsədi ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayır. Bir qurum olaraq Azərbaycana məxsus olan sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə xüsusi diqqət yetirir. Azərbaycanın məxsusi dəyərlərini, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların təşkilində, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına önəm yetirir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan bu layihələr böyük məqsədin həyata keçirilməsinə yönəlib. Bu yaxınlarda fondun təşəbbüsü ilə Fransanın San-Trope şəhərində “Azərbaycanın mədəni zənginlikləri” adlı sərgisində Azərbaycana məxsus olan irsin təqdimi avropalıları valeh etmişdir. İnkişaf etmiş bir dövlətin insanlarının marağına səbəb olmaq, onlarada təəssürat yaratmaq xalqın irsinin zənginliyinə dəlalət edir. Sərgidə Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim, antik mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər nümayiş etdirilib.
Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir. Bu sənət inciləri dünyanın ən mötəbər muzeylərində və sərgilərində nümayiş olunur. Bu nümunələr antik mis qablar və əşyalar qədim Azərbaycanın müxtəlif bölgələrində böyük ustalıqla hazırlanmışdır. Milli musiqi alətlərinin tarixi və zənginliyi əcnəbilərə Azərbaycan musiqi tarixinin əsrlər öncə mövcudluğunu bir daha sübut edir. Qədim musiqi alətlərimiz olan tar, qaval, kamança, balaban alətlərinin təbliği Azərbaycanın məhz mədəni zənginliyini qeyri-xalqlara təqdim edir. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu layihələr tarixi kökümüzün dünya ictimaiyyətinə çatdırılmasında bir körpü missiyasını yerinə yetirir. Ermənilər tərəfindən milli musiqi alətlərimizə qarşı olunan qərəzli münasibələrin qarşısının alınmasında fond tərəfindən həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyəti müstəsnadır. Əsrlər boyu milli musiqi mədəniyyətimizin inkişafına əvəzsiz xidmət etmiş musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən səsləndirilməsi, tariximizin araşdırılması baxımından çox əhəmiyyətlidir və bu işdə Heydər Əliyev Fondunun rolu misilsizdir. Azərbaycan milli dəyərlərinə sahib sıxmaq istəyənlərə qarşı tutarlı cavab olaraq real faktları üzə çıxarıb və sənədlər əsasında təqdim etmək tarix qarşısında böyük əməl sahibi olmaq deməkdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr olunan kitablarda Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə məlumatlar verilib. Bu nümunələr sırasında xüsusi diqqət çəkənlərdən biri də Qarabağ haqqında həqiqətləri dünyaya çatdıran və fransızca nəşr olunan “Qarabağ həqiqətləri” toplusudur. Toplu dünyanın bir neçə aparıcı dillərinə də tərcümə olunmuşdur.
Heydər Əliyev Fondu nəşrləri sırasında fransız dilində çap edilən “Azərbaycan” kitabı xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bugününü, müasir simasını da təcəssüm etdirir. Bu kitab oxucuda ölkəmiz haqqında əyani təsəvvür yaratmaq, onu tanımaq və sevmək baxımından çox böyük əhəmiyyətə malikdir. Kitabda paytaxt Bakı ilə bərabər, bütün bölgələr barədə şəkillər və materiallar əksini tapmışdır. Ölkəmizin qədim tarixinin, memarlığının, mədəniyyətinin bütün tərəfləri ilə əks olunduğu “Azərbaycan” nəşri ilə tanışlıq respublikamız və paytaxt Bakı haqqında dolğun təəssürat yaratmaqla, onun mədəniyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşməsindən xəbər verir. Qədim tarixi olan Azərbaycan zəngin mədəniyyətə və incəsənətə malikdir, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşir. Azərbaycan öz mədəniyyətində müxtəlif sivilizasiyalara məxsus aspektləri əks etdirir. Buraya Yaxın Şərq, rus, yəhudi və digər xalqların mədəniyyət aspektləri daxildir. Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və mətbəxi onun yaxın qonşuluq siyasətində mühüm rola malik olmasını sübut edir.
Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin təbliği sahəsində gördüyü işlər əvəzsizdir. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim ölkə - Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur. Azərbaycanın zəngin tarixi boyunca onun nadir coğrafi mövqeyi burada nümunəvi mədəniyyətin yaranmasına, müxtəlif etnik, dini və mədəni köklərə malik xalqların hüquq və azadlıqlardan bərabər istifadə etməsinə imkan verən çoxəsrlik tolerantlıq mühitinin formalaşmasına xidmət etmişdir. Mehriban xanım Əliyevanın dediyi kimi, Azərbaycanın mədəniyyəti dünyada ən qədim mədəniyyətlərdən biri hesab edilir və ölkədə əsrlər boyu yaşayan xalqların müxtəlif adət-ənənələrini özündə birləşdirir. Bu ilkin şərtlər əsrlər boyu ölkədə fəlsəfi-ədəbi fikrin, poeziyanın və memarlığın, habelə, ölkənin maddi və mənəvi irsinin rəmzi olan təsviri sənətin çiçəklənməsinə gətirib çıxarmışdır.
Mövcud mədəniyyət formaları Azərbaycanın özünəməxsusluğunun əsasını təşkil edir və Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət daşıyır.
Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətini dünyada, o cümlədən, Avropada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi davamlı fəaliyyəti öz əks-sədasını verir. İnsanlar, xalqlar bir-birini məhz mədəniyyət yolu ilə daha yaxşı tanıyırlar, bir-birini daha dərindən öyrənirlər və bu da, ümumiyyətlə, ölkələr arasında mövcud olan əlaqələrin inkişafında çox vacib rol oynayır.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 9 avqust.- S. 3.