Mirzə İbrahimov - 100

 

Nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, publisist Mirzə İbrahimov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tariximizə iz salmışdır. Onun müxtəlif məzmunda olan əsərləri yazıçının məşhurlaşmasına səbəb oldu. Azərbaycan ədəbiyyatına bütün ömrü boyu göstərdiyi xidmətə görə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Elmlər Akademiyasının akademiki, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı kimi fəxri ad və mükafatlara layiq görülmüşdür.

Azərbaycan ədəbiyyatında iz salmış sənətkarın dövlət səviyyəsində - Prezident İlham Əliyev xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2011-ci ilin oktyabr ayında Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illiyi tamam olur. XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılıb.

Mirzə İbrahimovun milli ədəbi-estetik fikrin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərdiyi bildirilərək Mədəniyyət və Turizm Nazirliyinə, Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə  yazıçının 100 illik yubileyinin keçirilməsi Sərəncamda əksini tapıb.

Mirzə İbrahimovun tərcümeyi-halına nəzər saldıqda, şaxəli fəaliyyəti diqqətimizi cəlb edir. Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olan Mirzə İbrahimovun həyat yolu Bakı ilə bağlı olmuşdur. Çətin və ağır şəraitdə keçən ömür ona böyük həyat təcrbəsi qazandırmışdır. O, bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. Onun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr edilmişdir. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya-Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrində səfərdə olmuşdur. “Qiqantlar ölkəsi” oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə - “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir. “Həyat” pyesi bu dövrün bəhrəsidir. SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-də incəsənət işləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə hərbi hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə səsləyir, düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə ordu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi illik fasilədən sonra “Kəndçi qızı” (1961), “Yaxşı adam” (1963), “Közərən ocaqlar” (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. V.Şekspirin, A.N.Ostrovskinin, A.P.Çexovun əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışmışdır. Azərbaycan EA təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilmişdir. Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri, birinci katibi, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri  vəzifələrində işləmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi, Ümumdünya sülh tərəfdarları konqresi və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika, İngiltərə, Fransa, Portuqaliya, Misir, Kipr, Suriya, Zambiya ölkələrində səfərdə olmuş, beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir. O, milli filologiya elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmişdir.

Xalq yazıçısı, akademik Mirzə İbrahimovun ədəbi dilimizə xidməti yaradıcılıqla məşğul olduğu 60 illik müddətində mümkün olan bütün sahələr üzrə şaxələnmişdir. Azərbaycan dilinin inkişafı, yad təsir və təzyiqindən xilas olması, saflaşması, cilalanması uğrunda mübarizə aparmış, çox sevdiyi ana dilinin qüdrətini nümayiş etdirən gözəl elmi, bədii və publisistik əsərlər yazmışdır. Mirzə İbrahimovun “Gələcək gün” romanı onlarca nəslin tərbiyəsində, mübariz, vətənpərvər və yüksək əxlaqi keyfiyyətlərə malik insan kimi yetişməsində misilsiz rol oynamışdır. Mirzə İbrahimov, hər şeydən əvvəl, şərəflə, vətən sevgisi ilə yaşayan, zəhmətdən yorulmayan bir şəxsiyyət kimi insanlara təsir edib. Bədii və bədii-publisistik əsərləri ilə nəsillərə nümunə olub. Onun fəlsəfi-psixoloji təfəkkürünün məhsulu olan əsərlərinin əsasını da ədəbi dilin milli orijinal normaları durur.

Üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında ciddi əməyi olmuşdur. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir.

 

 

Səs.- 2011.-  9 avqust.- S. 12.