QHT-lərlə bağlı qanunların tənzimlənməsi

 

Vətəndaş cəmiyyətinin mövcudluğunun vacib forması, bu və ya digər məqsədlərini həyata keçirmək üçün, könüllü əsaslarla insanları birləşdirən, qeyri-hökumət təşkilatlarının sistemidir. QHT şəbəkəsinin daha çox inkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti daha güclüdür. Onu qeyd etmək lazımdır ki, bu təşkilatlar bütün ölkəni, ya regionu əhatə edir və ya lokal xarakter daşıya bilir; rəsmi və ya qeyri-formal ola bilir, uzunmüddətli və ya yaranmış yerli problemin həllinə yönəlmiş konkret hadisə üçün qurulur. Cəmiyyətin birliyinə müxtəlif maraqların uyğunlaşdırılması yolu ilə, yəni ali hakimiyyət qurumlarında qrupların təmsilçiliyinin nəticəsində nail olunur. Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu strukturda qeyri-hökumət təşkilatları mühüm yer tutur və onun vətəndaş cəmiyyətinin yaranmasında, formalaşmasında və inkişafında rolu danılmazdır. Əslində, vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. Vətəndaşların əsas tələbatları və istəkləri əvvəlcə məhz QHT-lər vasitəsi ilə formalaşmış görkəm alır.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev məsələyə münasibət bildirərkən qeyd edib ki, bu qurumlar - QHT-lər vətəndaş cəmiyyəti fəlsəfəsinin, onun ideyalarının həyata keçirilməsində, reallaşmasında mühüm rol oynayır: “Vətəndaş cəmiyyəti özü təşkil olunan və özü-özünə inkişaf edən sistemdir. Vətəndaş cəmiyyətinin əsas atributlarından olan QHT-lərin onun formalaşmasında və inkişafında rolu, yuxarıda qeyd olunduğu kimi, böyükdür. QHT-lər vətəndaş cəmiyyətinin üst təbəqəsini təşkil edən əsas amillərdən biridir. Vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq QHT-lərin cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırılmasından ibarətdir. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin də ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında rolu müstəsnadır. QHT-lərin mənası, funksiyaları, əhəmiyyəti və fəaliyyətləri barədə əhali geniş məlumatlı olmasa da, intellektual insanlar və cəmiyyətin ictimai fəalları arasında bu barədə informasiya kifayət qədərdir. Respublikamızda fəaliyyət göstərən QHT-lər əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya, gənclər və digər sahələrdə fəaliyyət göstərir, öz istiqamətlərinə uyğun müxtəlif layihələr həyata keçirirlər. Onlar insan hüquqlarının təbliğində, əhalinin müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində layihələr həyata keçirirlər”.

 

QHT nədir?

 

Təəssüflə demək lazımdır ki, hələ də cəmiyyətimizdə QHT fəlsəfəsini, anlayışını, fəaliyyətini bilməyən, anlamayan insanlar mövcuddur. Bunun qarşısını almaq üçün QHT-lər cəmiyyətlə, insanlarla daha yaxından işləməli, öz fəaliyyətlərini daha çox işıqlandırmalıdırlar. Millət vəkili onu da vurğuladı ki, ölkəmizdə mövcud olan QHT-lər və insanlar arasında vətəndaş cəmiyyəti quruculuğuna maraq son illərdə daha da güclənib: “Buna səbəb QHT-lərin uğurlu fəaliyyəti və dövlətin vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi dəstək, bu sahədə qəbul etdiyi qanunlar, qərarlardır. Bu qanunların qəbulundan istifadə edən QHT-lər öz fəaliyyətini daha da genişləndirib. Həmçinin, Azərbaycanın Avropaya inteqrasiya olunmasında QHT-lərin rolunu xüsusi qeyd etmək lazımdır. Vətəndaş cəmiyyətinin əsasını təşkil edən QHT-lər onun fəlsəfəsinin, ideyalarının reallaşması istiqamətində fəaliyyət göstərməlidirlər. Bu istiqamət vətəndaşların sosial, intellektual və psixoloji inkişafının, daxili azadlığının və bu və ya digər vətəndaş cəmiyyəti institutuna qoşularkən tam özfəaliyyət qabiliyyətinin yüksək səviyyədə olmasıdır. QHT-lər də, öz növbəsində, dövlətin müxtəlif sahələrdəki fəaliyyətinə kömək etməli, ona tərəfdaş olmalıdır. Müasir dövrümüzdə Azərbaycanda QHT sektorundakı mövcud vəziyyəti ümumiyyətlə qənaətbəxş hesab etmək olar. Çünki bu sektorun fəaliyyət göstərməsi üçün əlverişli şərait və imkanlar dövlət tərəfindən yaradılıb”.

A.Quliyev xüsusi ilə bildirdi ki, QHT-lərlə bağlı qanunvericilik bazası dövrün tələblərinə uyğun təkmilləşdirilib. Yəni, QHT-lərin qeydiyyatı prosesi də sadələşdirilib: “Bununla belə, Azərbaycanda fəaliyyət göstərən QHT-lərin əksəriyyəti əsasən xarici donorlardan aldığı qrant əsasında fəaliyyət göstərir. Lakin dövlətin son zamanlarda vətəndaş cəmiyətinin inkişafı sahəsində atdığı bir sıra uğurlu addımlar xarici donorlardan bu asılılığın azalmasına səbəb olub”.

 

Vətəndaş cəmiyyətinin əsas strukturu

 

Ümumiyyətlə, vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lərin yaranmasına və formalaşmasına tarixi-politoloji ədəbiyyatlarda bir-birindən fərqlənən münasibətlər mövcuddur. Belə ki, şura sədrinin fikrincə, bir qrup mütəxəssis qədim dövrdə dövlətdən kənarda yaranan hər bir ictimai təşkilatı QHT hesab edir: “Lakin digər qrup mütəxəssislər QHT-lərin yaranma tarixini XIX əsrin ortalarına aid edirlər. Onların fikrincə, həmin dövrdə mövcud olan ictimai təşkilatlar bir sıra xarakterik xüsusiyyətlərinə görə müasir QHT-lərdən fərqlənirdilər”.

Müasir QHT-lərə xas olan xüsusiyyətlər barədə də münasibət bildirən A.Quliyev xatırlatdı ki, BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində əsas prinsiplər bu cür müəyyən edilmişdir: “Xüsusi şəxslər tərəfindən qurulması; Dövlətdən asılı olmaması; Şəxsi qazanc güdməməsi; İctimai maraqları əsas götürməsi; Könüllülük; Legitimlik . Bu prinsipləri əsas kimi götürən 2-ci qrup mütəxəssislər indiki anlamda qəbul olunan QHT-lərin yaranma tarixini XIX əsrin ortalarından etibarən hesablayırlar. Doğrudur, yuxarıda qeyd olunan prinsiplərin qədim və orta əsrlər dövrünü QHT-lərin hamısında olduğunu demək düzgün olmazdı. Lakin fikrimizcə, həmin dövrlərdə mövcud olan ictimai təşkilatlar bir çox əlamətlərinə, yaranma xüsusiyyətlərinə, fəaliyyət istiqamətlərinə görə bugünki QHT-lərin sələfləri hesab oluna bilər”.

 

QHT-lərin fəaliyyətində yeni uğurların və mərhələlərin yaranması

 

Əvvəlki illərə nisbətən Azərbaycanda QHT-lərin fəaliyyəti xeyli inkişaf edib. Elə son illərdə QHT-lərin dövlətdən dəstək alması bu inkişafa geniş şərait yaradıb. Bura həm mənəvi, həm təşkilati, həm də informativ və digər aspektlərdə olan müsbət dəyişiklikləri aid etmək olar. Bütövlükdə, bu gün, onu demək olar ki, QHT - hökumət münasibətləri, sözün əsil mənasında, yeni bir inkişaf mərhələsini yaşayır. A.Quliyev problemlərin də olmasını istisna etməyib: “İlk növbədə, maliyyə davamlığı məsələsi həll olunmamış məsələ olaraq qalır. Həm dövlət, həm donorlar tərəfindən QHT-lərə ayrılan vəsaitlərin azlığı açıq şəkildə hiss olunmaqdadır. O cümlədən, təşkilatların mühasibatlıq sisteminin yenidən qurulmasına da tam şəkildə ehtiyac var. Bununla bağlı son dövrlər şuranın çox böyük dəstəyi və proqramları olub. Yeni bir sistem hazırlanıb. QHT-lərin artıq bir çoxu bu sistemdən istifadə etməyə başlayıblar. Burada bizi daha çox narahat edən özəl sektorlarla olan münasibətdir. Yəni QHT-özəl sektor münasibətlərində çox çatışmazlıq var. Bu istiqamətdə çox işləmək lazımdır. Bütövlükdə, vətəndaş cəmiyyətinin inkişafına şərait yarada biləcək bütün addımların atılması istiqamətində şura işləyir, təkliflər verir və əlaqəli şəkildə fəaliyyətini qurur”.

 

QHT-lərin fəaliyyətində qanun layihələri

 

Bu məsələ, hər zaman olduğu kimi, gündəmdə qalmaqdadır. Şura sədrinin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlarda vətəndaş nəzarətinin gücləndirilməsi ilə bağlı çox ciddi bəyanatları səsləndirilib: “Dövlət başçısı korrupsiya ilə mübarizə, neqativ halların aradan qaldırılması və digər problemlərinin həlli ilə bağlı tək dövlət qurumlarının deyil, vətəndaş cəmiyyətinin iştirakının vacibliyini vurğulayıb. Qanun layihələrinin hazırlanması ilə bağlı yaradılan işçi qrup hazırda beynəlxalq təcrübəni, eyni zamanda, Azərbaycanda mövcud reallıqları öyrənir, əlaqədar təşkilatlarla görüşlər keçirir. Bu layihələr Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bunlar “Peşə birlikləri haqqında”, “Korporativ sosial məsuliyyət haqqında”, “Sosial sifariş haqqında” və “İctimai iştirakçılıq haqqında” yeni qanun layihələridir. Bu qanunlar Azərbaycanda QHT-lərin fəaliyyətində yeni və uğurlu mərhələyə start verib”.

A.Quliyev bir daha qeyd etdi ki, “Qeyri-hökumət təşkilatları haqqında” qanunun qəbul edilməsi və həmin qanunda əlavə və dəyişikliklər yeni variantda təqdim olunması bu sahədə moderləşmənin təməlini qoydu: “Belə ki, QHT-lərin qeydiyyatına görə inzibati məsuliyyəti, məcburi qeydiyyatı, QHT üzvlərinin məcburi reyestrinin aparılmasını nəzərdə tutan müddəalar layihədən çıxarıldı. Fondlarla bağlı nizamnamə kapitalı 50 min manatdan 10 min manatadək azaldıldı. Qanunda Azərbaycanda yaşayan əcnəbilərin QHT yaratmaq hüququ tanınır, həmçinin, QHT-lərin filial və nümayəndəlilərinin yaradılması üçün yeni norma müəyyənləşdirilib. Əsas narahatlıqlardan biri olan QHT-lərin auditinin aparılması təklifi də layihədən çıxarıldı”.

Sonda A.Quliyev dedi ki, mövzu ilə bağlı yaşananlar həm də bir müzakirə mədəniyyətini formalaşdırıb: “Qanunvericiliyin qəbulunda ictimaiyyətin fikrinin nəzərə alınması ənənəsini daha da möhkəmləndirdi. Bu, həm də demokratiyanın göstəricisi kimi qəbul edilməli, parlamentdə hər bir vətəndaşın sözünün eşidilməsi kimi qiymətləndirilməlidir. Fürsətdən istifadə edib, bu mövzu ilə bağlı müzakirələrdə iştirak edən bütün tərəflərə, xüsusilə də, komitəyə öz minnətdarlığımı bildirirəm. Parlament hər zaman vətəndaş cəmiyyəti ilə dialoqun pəncərəsini açıq saxladı, təkliflərin işgüzar şəraitdə müzakirə olunmasına şərait yaratdı. Bilirsiniz, QHT-lər olmadan ölkədə bir çox demokratik institutların oturuşmasından söz gedə bilməz. Bu gün Azərbaycanda QHT sektorunun mövcud olması, həm də demokratiyanın mövcud olması deməkdir. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycanda QHT sektoru formalaşıb, ölkədə demokratiya var, dövlət, Milli Məclis vətəndaşların, onların toplaşdığı qurumların fikirlərinə laqeyd deyil, demokratik cəmiyyətin qaydalarına hörmət edir, ən önəmlisi isə odur ki, cənab Prezidentin vətəndaş cəmiyyəti ilə bağlı siyasətinin dönməz olduğu məlum oldu. Elə şuranın yaradılması, dövlət büdcəsindən QHT-lərə maliyyə ayrılması buna əyani sübutdur”.

 

Üçüncü sektorhüquqi bazanın formalaşdırılması

 

Hazırda ölkədə üçüncü sektorun fəaliyyətini tənzimləyən müəyyən hüquqi bazanın formalaşdırılmasını deyən A.Quliyev onu da əlavə edib ki, konstitusiyada təsbit olunan müvafiq normalar və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunla yanaşı, bu sahəni birbaşa və dolayısı ilə tənzimləyən digər normalar  mövcuddur. Söhbət Mülki Məcəllədən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qrant haqqında” qanunlardan və bir sıra digər normativ-hüquqi aktlardan (Vergi Məcəlləsi, “Sosial sığorta haqqında” qanun və s.) gedir. Ötən dövr ərzində qeyri-hökumət təşkilatlarının dairəsi də xeyli genişlənib. Qeyri-rəsmi məlumatlara görə, hazırda ölkədə 3000-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onların yarıdan çoxu dövlət qeydiyyatına alınıb və hüquqi şəxs statusuna malikdir. Eyni zamanda, qeyri-hökumət təşkilatlarının birlikləri (forum, konqres, konfederasiya və s.) yaradılıb. Bu ittifaqlar içərisində rəsmi qeydə alınanı və daha çox QHT-ni birləşdirəni Milli Qeyri-Hökumət Təşkilatlarının Forumudur. Bir sıra sahələr üzrə ixtisaslaşan (xüsusən, insan hüquqları və seçkilər sahəsində) QHT koalisiyaları da fəaliyyət göstərir: “Lakin ötən mərhələnin təhlili və mövcud reallıqlar göstərir ki, hələ də qeyri-hökumət təşkilatlarının köklü problemləri qalır. Bu problemlər ölkədə demokratikləşmənin inkişafı və vətəndaş təşəbbüskarlığının artırılması baxımından ciddi maneələr yaradır və bunları aradan qaldırmaq üçün əsaslı tədbirlər görülməlidir”.

 

 

R.HÜSEYNOVA

 

Səs.- 2011.-  10 avqust.- S. 6.