QHT-lərin fəaliyyətində
şəffaflıq cəmiyyətin hərtərəfli
inkişafı üçün mühüm faktordur
Müstəqilliyin bərpasından sonrakı mərhələdə bir sıra demokratik təsisatlar kimi qeyri-hökumət təşkilatlarının da formalaşması prosesi davam edir. İndiyədək bütöv bir mərhələni keçən vətəndaş cəmiyyəti institutları hazırda geniş təcrübəyə malikdirlər. Proseslərin indiki mərhələsində artıq ixtisaslaşmış, peşəkar xidmətlər göstərən xeyli QHT-lər də uğurla fəaliyyət göstərir.
Ötən dövrdə qeyri-hökumət təşkilatlarının formalaşması və inkişafı sahəsində müəyyən çətinliklər olsa da, bir sıra mühüm tədbirlər də həyata keçirilib. Bu tədbirlər sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası xüsusi yer tutur. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən vətəndaş cəmiyyəti təşkilatlarına 2008-ci ildə 1,2 milyon manat, 2009-cu ildə isə 2,75 milyon manat məbləğində maliyyə yardımları ayrılıb.
Qeyri-hökumət təşkilatlarının idarə olunmasında real nəticələr
“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev vətəndaş cəmiyyəti institutlarının indiki inkişaf səviyyəsində ciddi müzakirələrdən biri də bu qurumların fəaliyyətlərinin şəffaflığı məsələsi olduğunu bildirdi: “Bu QHT-lərin maliyyə fəaliyyətlərindən tutmuş siyasi və iqtisadi asılılıqlarına dair xeyli məsələləri əhatə edir. Təbii ki, burada QHT-lərin hesabatlılığı və şəffaflığına dair mövcud hüquqi baza və real təcrübə olduqca mühüm əhəmiyyət kəsb edir. Məhz bu bu baxımdan “Konstitusiya” Araşdırmaları Fondunun hazırladığı “Qeyri-Hökumət Təşkilatlarında Şəffaflıq” kitabçasının əsas məqsədi də bu sahədə mövcud vəziyyəti öyrənmək və şəffaflığın artırılmasına dair təkliflərin irəli sürülməsindən ibarətdir. Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığın artırılmasına yardım” layihəsi çərçivəsində hazırlamış bu kitabça QHT-lərin fəaliyyətində şəffaflığın artırılmasına öz töhfəsini verəcək”.
Şəffaflığın
hüquqi aspektləri
Qeyri-hökumət təşkilatlarında şəffaflıq və hesabatlılığın təmin olunmasında təkmil hüquqi bazanın olması xüsusi əhəmiyyət daşıyır. Belə ki, bu sahədə zəruri hüquqi bazanın formalaşmaması qeyri-hökumət təşkilatlarının demokratik prinsiplər əsasında fəaliyyətinə ciddi əngəllər yarada bilər. Bütün bunlar isə, son nəticədə, ölkədə dayanıqlı və fəal vətəndaş cəmiyyətinin inkişafına imkan və şərait yaratmır. Ə.Nuriyevin sözlərinə görə, Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini birbaşa və dolayısı ilə tənzimləyən xeyli qanunvericilik aktları qüvvədədir: “Bu normativ aktlar sırasında QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı bir sıra hüquqi aktlar mövcuddur. Bu hüquqi aktlar üzrə aparılan təhlillərdən belə bir ümumi nəticəyə gəlmək olar ki, bu sahəyə dair hüquqi bazanı ümumən yetərli hesab etmək olar. Belə ki, istər Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda, istərsə də milli qanunvericilikdə QHT-lərin fəaliyyətində şəffaflığa dair birbaşa və dolayısı ilə tənzimləyən kifayət qədər müddəalar təsbit olunub”.
Konstitusiya ilə təsbit edilmiş
prinsiplər
Ə.Nuriyev onu da bildirdi ki, aparılan təhlillər göstərir ki, yuxarıda göstərilən məsələlərlə bağlı zəruri müddəalar ümumən qanunvericilikdə təsbit olunub: “Konstitusiyanın 58-ci maddəsinə görə hər kəsin başqaları ilə birləşmək, istənilən birlik, o cümlədən, siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququ vardır. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz”. Bu müddəalar onu göstərir ki, ictimai birliklərin yaradılması, ona üzvlük, bu birliklərin sərbəst fəaliyyəti üçün ciddi məhdudiyyətlər yoxdur və bütövlükdə, bu proseslər açıqlıq prinsipinə əsaslanır. Konstitusiyanın 57-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə, ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Konstitusiyanın bu müddəası isə, ictimai birliklərin cəmiyyət üçün açıqlığı tələbini nəzərdə tutur. Konstitusiya ilə təsbit edilmiş bu prinsiplər qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyətini tənzimləyən müvafiq qanunvericilik aktlarında inkişaf etdirilmişdir”.
QHT-lərə
qanunların təsiri və səmərəsi
“Qeyri-hökumət təşkilatlarının fəaliyyətində qanunların böyük təsiri var” fikrini söyləyən Ə.Nuriyev onu da vurğuladı ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 15 və 16-cı maddələrinin tələblərinə görə ictimai birlik yaradıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanına müraciət edərək öz fəaliyyətini ya leqallaşdırmalı, ya da hüquqi şəxs statusuna malik olmaq üçün qeydiyyatdan keçməlidir: “Eyni zamanda, Qanunda, hətta bu tələblərə əməl edilmədikdə, qeyri-hökumət təşkilatının fəaliyyətinin qadağan edən hər hansı müddəa yoxdur. Bu isə, o deməkdir ki, dövlət qeydiyyatından keçən, yaxud fəaliyyətini leqallaşdıran və leqallaşdırmayan bütün qeyri-hökumət təşkilatlarının açıq fəaliyyətinə qanunvericilik imkan verir. Bunlarla yanaşı, qanunvericilik qeyri-hökumət təşkilatlarının təsis edilməsi və üzvlüyə qəbulla bağlı proseslərin açıqlığını da nəzərdə tutur. Həmçinin, adı çəkilən məlum Qanunun 29-cu maddəsi QHT-lərin fəaliyyətinə nəzarətə dair müddəaları nəzərdə tutur. Burada deyilir ki, qeyri-hökumət təşkilatı qanunvericiliyə müvafiq olaraq mühasibat uçotu aparır. Qeyri-hökumət təşkilatının gəlirinin məbləği və strukturu, habelə, onun əmlakı, xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya sirri ola bilməz. Bunlardan əlavə qanunvericilik fondlar üçün illik hesabat vermə tələbini də nəzərdə tutur. Belə ki, həmin maddədə göstərilir ki, öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur. Buradan göründüyü kimi bu normalarda QHT-lərin hesabatlılığı ilə bağlı olduqca mühüm tələblər nəzərdə tutulub. Qanunvericilik, eyni zamanda, müvafiq icra hakimiyyəti orqanı (qeydiyyat orqanı) tərəfindən QHT-lərin öz nizamnamələri çərçivəsində fəaliyyətinə nəzarəti də nəzərdə tutur. Qeyri-hökumət təşkilatı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır. Bu Qanunun məqsədlərinə zidd olan hərəkətlərə yol verildiyi halda, qeyri-hökumət təşkilatına müvafiq icra hakimiyyəti orqanı (indiki halda Ədliyyə Nazirliyi) tərəfindən yazılı surətdə xəbərdarlıq edilə və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilə bilər.
Qanunvericilik bütün bunlarla yanaşı, QHT-lərin qrant müqavilələrinin şəffaflığını da nəzərdə tutur və bu tip məsələlər QHT-lərin digər maliyyə məsələləri kimi kommersiya sirri hesab edilmir. Ona görə də “Qrant haqqında” Qanun bütün hallarda QHT-lərin qrant şəklində və ya digər formada proqram və institutsional maliyyələşməsinə dair müqavilələrin bəyan edilməsi və qeydə alınması tələbini nəzərdə tutur. Belə ki, “Qrant haqqında” Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasının hüquqi şəxsləri tərəfindən qrant alınması (verilməsinə) dair müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanlarında qeydə alınmalıdır”.
Dövlət -
QHT münasibətləri
Ə.Nuriyev, həmçinin, bildirdi ki, bütün bunlarla yanaşı, QHT-lərin dövlət orqanları ilə münasibətlərində bir sıra Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrindən fərqli olaraq Azərbaycanda QHT-lərin fəaliyyətinə prokuror nəzarəti nəzərdə tutulmur: “Belə ki, “Prokurorluq haqqında” Qanunun 4-cü və 5-ci maddələrinin mahiyyətinə görə Azərbaycan Respublikasında QHT-lərin fəaliyyətinin prokurorluq orqanları tərəfindən yoxlanılması yolverilməzdir. Hesab edirik ki, bu müddəa QHT-lərin sərbəst və şəffaf fəaliyyəti üçün əhəmiyyətli hüquqi imkanlar yaradır. Qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq onların funksional təyinatından asılı olaraq, təşkilatdaxili xarakter daşıyır. Qanunun 25.5.4-cü maddəsinə uyğun olaraq ictimai birliyin ümumi yığıncağının səlahiyyətlərinə aid olan məsələlərdən biri də illik hesabatın təqdim olunmasından ibarətdir. Təşkilatın kollegial şəkildə idarə olunması onun fəaliyyətində təşkilatdaxili şəffaflığını şərtləndirən əsas amildir. Təşkilatdaxili şəffaflığı təmin edən hüquqi əsaslardan biri də Təşkilatın Nizamnaməsinin onun üzvləri tərəfindən sadə səs çoxluğu ilə qəbul olunması və üzvlərinin hüquqi statusunun müəyyən olunmasıdır. Təşkilatın dövlət hakimiyyəti orqanı qarşısında hesabatı və şəffaflığı başlıca olaraq onlara yardım məqsədi ilə verilmiş vəsaitlər barəsində mümkündür. Digər bir tərəfdən Qanunun 29-cu maddəsinə uyğun olaraq təşkilat mühasibat uçotu aparmalı, onların gəlirinin məbləği dövlət və ya kommersiya sirri deyildir və onlar haqqında məlumatlar hər il dərc olunmalıdır. Bu da dövlət hakimiyyəti orqanı ilə təşkilat arasında hesabat mexanizminin qanunvericilikdə daha ətraflı şəkildə öz əksini tapmasına imkan yaradır”.
Beləliklə, aparılan tədqiqatların yekunu olaraq, demək olar ki, QHT-lərin fəaliyyətində şəffaflıq cəmiyyətin hərtərəfli inkişafı üçün mühüm faktordur.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 12 avqust.- S. 7.