Ermənistan
hakimiyyəti saysız-hesabsız terrora, qətliamlara,
soyqırımlara imza atıb
- Rasim müəllim, Azərbaycan və Rusiya prezidentlərinin Soçi şəhərində keçirilən görüşündə nəticələrin müsbət olduğu bildirilir. Sizcə, artıq bundan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin çözülməsi ilə bağlı proseslər hansı məcrada inkişaf edəcək?
- Əslində, bu görüş konsultasiya xarakterli görüş idi. Azərbaycan və Rusiya prezidentləri illərlə düyünə düşmüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində fikir mübadiləsi aparıblar. Bildiyimiz kimi, Rusiya prezidenti Dmitri Medvedev həm Azərbaycan, həm də Ermənistan prezidentlərinə məktub yazmışdı və yazdığı məktuba da hər iki dövlət başçısı tərəfindən cavab verilib. Bundan sonra D. Medvedev həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşmək qərarını verib. Əgər mövqeləri yaxınlaşdırmaq mümkün olarsa, onda istisna olunmur ki, üçtərəfli görüş elan olunacaq və keçiriləcək. Amma müəyyən bir irəliləyiş olmadan belə bir görüşün keçirilməsi qeyri-mümkündür.
- Rasim müəllim, necə düşünürsünüz, rəsmi Moskvanın təzyiqi və təsiri olmadan Yerevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli məsələsində konstruktiv mövqe sərgiləməsi inandırıcıdırmı?
- Bir çox həmkarlarım hər zaman dəfələrlə qeyd edirlər ki, rəsmi Yerevanı tamamilə Rusiya dövləti idarə edir və erməni inadkarlığının arxasında məlum dövlət dayanır. Əslində, mən bu fikri bir o qədər də bölüşmürəm. Bir məqamı anlamaq lazımdır ki, Serj Sarkisyan, Bako Saakyan, Tiqran Sarkisyan, Seyran Ohanyan kimilər əsil cinayətkar və canilərdir. Onlar işğalçılıq, təcavüzkarçılıq, şovinizm təfəkkürünə sahibdirlər. İnsanları öldürməkdən, onlara işgəncə, zülm, əzab-əziyyət verməkdən sanki böyük bir həzz alırlar. Saysız-hesabsız terrora, qətliamlara, soyqırımlara imza atırlar. Və hər zaman bununla da fəxr edir, qürur hissi keçirirlər. Belə bir ölkədən hansı mərhəməti, ədaləti, konstruktiv mövqeni gözləmək olar? Serj Sarkisyanı düşündürən bu gün ölkəsində baş qaldıran problemlər, xaos, anarxiya deyil, əyləşdiyi kürsüdür. Hakimiyyət, var-dövlət əllərindən çıxmasın deyə, öz həyatlarını belə təhlükə altında qoyarlar. Mənfur ermənilər artıq düz 20 ildir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ prosesindən özləri üçün qazanc, gəlir götürürlər, demək olar ki, bütün həyatlarını təmin edirlər. Amma hər bir halda, rəsmi Moskvanın erməniləri cilovlamaq üçün yetərli qədər imkanları var və çox vacibdir ki, Rusiya məhz o imkanlardan istifadə etsin. Əgər Ermənistana təzyiq və təsir rıçaqları işə salınsa, işğalçı dövlət zəbt etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilər.
- Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturov Azərbaycanın işğal olunan torpaqlarının boşaldılması ilə bağlı fikir səsləndirib. Onun ardınca isə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan da vəziyyətin heç də işğalçı Ermənistanın xeyirinə olmadığını bildirib. Sizcə, nələr baş verir, ordu rəhbəri ilə siyasi hakimiyyət Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu gec də olsa anlayıblarmı?
- Onlar həmişə anlayıblar ki, işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik yeddi rayon yalnız Azərbaycan ərazisinə məxsusdur. Sadəcə olaraq, bunu etiraf etməkdən hər zaman çəkiniblər. Serj Sarkisyan dəfələrlə deyib ki, Ağdam, Füzuli ermənilərin torpağı deyil. Bu nöqteyi-nəzərdən mənfur ermənilər çox yaxşı anlayırlar ki, həmin torpaqlardan çıxmaq qaçılmaz haldır. Amma bütün bunların müqabilində özləri üçün bir bonus əldə etmək istəyirlər. Mənfur ermənilərlə iqtisadi əlaqələr olmayacaq, Azərbaycan dövləti nə öz bazarına erməniləri buraxacaq, nə də böyük layihələrə cəlb edəcək. Bütün hallarda status-kvo dəyişməlidir. Çünki artıq status-kvonun dəyişməsinin tam zamanıdır. Hal-hazırda işğalçı Ermənistanda gedən acınacaqlı proseslər ac-yalavac, sabaha ümidləri olmayan erməni əhalisini böyük bir məcburiyyət qarşısında qoyub. Erməni əhalisi kütləvi şəkildə bu ölkəni tərk edir. Çünki yaşamaq üçün sabaha qətiyyən ümidləri yoxdur, böyük bir ümidsizlik, səfalət, yoxsulluq, rəzalət içərisindədirlər. Sarkisyan Ermənistanı uçuruma, məhvə sürükləyir.
İşğalçı Ermənistanın iqtisadiyyatı (onsuz da yox idi) 2008-ci ilin maliyyə böhranından sonra, demək olar ki, daha da ağırlaşıb. Belə olan halda isə, insanların güzəranı gündən-günə pisləşir, siyasi gərginlik artır. Təbii ki, müəyyən bir müddətdən sonra bu proseslər idarə olunmayan bir səviyyəyə gəlib çıxacaq. Ona görə də siyasi hakimiyyət və ordu rəhbərliyi anlayırlar ki, ermənilər üçün çətin də olsa ancaq sülhə doğru addımlar atmaq vacibdir.
- Rasim müəllim, cənab Prezident İlham Əliyevin “Dağlıq Qarabağı işğaldan ya sülh, ya da hərb yolu ilə mütləq azad edəcəyik” bəyanatı nəyə görə işğalçı Ermənistanı və ona havadarlıq edən məlum dövlətləri bu dərəcədə narahat edir?
- Bu gün Azərbaycan seçilən ölkələr sırasındadır. Azərbaycan dövlətinin maliyyə, iqtisadi, siyasi, demokrafik, hərbi gücü, potensialı gündən- günə sürətlə artır. Təbii ki, Azərbaycanda baş verən bu sürətli artım həmin ölkələri çox ciddi surətdə narahat edir, xüsusilə də, işğalçı Ermənistanı. Əvvəllər ermənilər deyərdilər ki, əgər müharibə başlayarsa, Azərbaycan dövləti təkcə işğal altında olan rayonları deyil, Gəncəni, Bərdəni belə düşünməli olacaqlar. İndi isə həmin fikirlərini dəyişərək daima deyirlər ki, bu, belə deyil, Rusiya rəsmi Bakını müharibəni başlamağa qoymaz. Terrorizm ideologiyasının banilərindən olan Serj Sarkisyan ermənilərin Azərbaycanla bacara bilməyəcəyini çoxdan anlayır. Rusiya isə, tam əmin deyil ki, Ermənistanı qoruya bilər, yoxsa bilməz. Çünki bu narahatçılığın arxasında Azərbaycanın hərbi qüdrəti, gündən-günə artan gücü və nüfuzu durur. Azərbaycan dövləti öz torpaqlarından heç kim üçün pay ayırası deyil. Bütün var qüvvəmizlə çalışırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll edək. Əgər belə olmasa, bütün imkanlarımızdan, o cümlədən də, hərbi potensialımızdan istifadə edərək, mənfur ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızı işğaldan mütləq azad edəcəyik.
AYLANA RZAYEVA
Səs.- 2011.- 12 avqust.- S. 9.