Xan
Şuşinski - 110
Azərbaycan muğam sənətinin korifeyi Xan Şuşinski 1901-cu ildə dünyaya göz açıb. Əsil adı İsfəndiyardır. İsfəndiyar Aslan oğlu Cavanşirov. Xan Şuşinski adı ona 12-13 yaşlarında məclislərin birində verilib. Böyük sənətkar Şuşanın bünövrəsini qoyan Cavanşir sülaləsindən olan Aslan bəyin ailəsində dünyaya göz açıb. Ancaq sovet hakimiyyəti qurulduqdan sonra Ballıca kəndində, Şuşada mülkü və dörd kəndi olan Aslan bəyin bütün var-dövləti müsadirə edilir.
Bu hadisədən sonra Aslan bəy Bərdəyə köçür. İsfəndiyarın sənətə gəlişində Segah İslamın xüsusi rolu olub. Belə ki, Segah İslam məclislərin birində səsini bəyəndiyi İsfəndiyarı özünə şagird götürüb. “Xan” ləqəbinin tarixçəsi isə belə olub. Segah İslam tələbəsi İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində bir məclisdəymiş. Məclis arəstə olmamış, ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur. Təbrizli Əbülhəsən xanın ifasında “Kürd Şahnazı”nı dinləyirlər. Hamının heyranlıqla diqqət kəsildiyi bu ifadan sonra Segah İslam heç kimin gözləmədiyi halda üzünü tutur İsfəndiyara: “Bəlkə sən də bizim üçün “Kürd Şahnazı” oxuyasan?” İsfəndiyar 12-13 yaşından başlayaraq, saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını oxudub, onların ifasının ən incə nüanslarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir. Ancaq buna baxmayaraq, İslam Abdullayevin sözünü yerə salmır. Məclis əhli ikinci dəfə “Kürd Şahnazı” dinləməli olur. “Kürd Şahnazı”nı zilə çəkən İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, “əsil xan elə bu imiş ki!”, - deyir. Vəcdə gələn İslam Abdullayevsə, ustad xeyir-duasını verir: “Bu gündən sənin adın oldu Xan Şuşinski”. Xan Şuşinski çox məsuliyyətli insan olub. Püxtələşmiş, tanınmış böyük sənətkar olanda belə, dəfələrlə oxuduğu musiqi nömrəsini ifa edəndə daxili həyəcan keçirdiyi hiss olunub. Xan səsini qoruyan idi. O, müəyyən təamlardan, nemətlərdən həmişə özünü təcrid edib. Bunun səbəbini soruşanda isə söyləyib ki, ilahi əmanətinə naxələf çıxa bilmərəm. Xan Şuşinski gənclikdə ona verilən Xan adının məsuliyyətini ömrünün sonuna qədər daşıyıb. O, Azərbaycan musiqisinin həqiqi Xanı olub...
Xan Şuşinski sonralar, 1944-cü ildə Əbülhəsən xanla da görüşüb. Bir qrup incəsənət xadimi ilə birgə Təbrizdə qastrol səfərində olarkən, Əbülhəsən İqbal Soltan Xanla yaxından maraqlanır. Deyilənə görə, o, “Qrand otel”də Xanın şərəfinə qonaqlıq da verib.
Cabbar Qaryağdıoğlunun: - “Səsin sənə qulaq asmadı, - oxuma, zökəm oldun, - oxuma, yorğun oldun, - oxuma. Bakının dəli havasından özünü qoru. Küləkli havada bayıra çıxma, istidən tərləsən belə, soyuq su içmə”, - sözlərini ömrü boyu unutmayan Xanın səsi həmişə yerində olub. Yaşının ən ahıl çağlarında belə, o, səs imkanlarını qoruya bilib.
Xan Şuşinski yalnız görkəmli xanəndə kimi tanınsa da, onun bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a ceyran bala” mahnılarını Xan Şuşinski bəstələyib.
“Şuşanın dağları” mahnısının sözləri də Xana məxsusdur. Bu mahnının sözlərinə görə, hətta vaxtilə onu çək-çevirə də salıblar - “Şuşanın dağlarının başı niyə dumandır? Bununla nə demək istəyirsən?” Xan Şuşinski də bu sualın cavabında bildirir ki, Şuşa dağlarının başı həmişə dumanlı olur. Yenə əl çəkmirlər. Axırı Xan məcbur olub, bir müddət bu mahnının sözlərini dəyişərək, “Şuşanın dağları deyil dumanlı” kimi oxuyur.
“Mirzə Hüseyn segahı” XVIII əsrdə yaşamış Qarabağın məşhur xanəndəsi Mirzə Hüseynin adı ilə bağlı olsa da, ondan söz düşəndə, Xanın da adı xatırlanır. Adətən də, onu “Mirzə Hüseyn segahı”nın ikinci müəllifi adlandırırlar.
Çünki 120-130 il sürən uzun fasilədən sonra bu muğama Xan yenidən “Manəndi müxalif” şöbəsini əlavə edib.
Simfonik orkestrin müşayiətilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Azərbaycan musiqi tarixində ilk duet Şövkət xanım Ələkbərova ilə Xan Şuşinskinin ifasında səslənib. Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli Xan Şuşinskinin ifasında mahnılarını dinləməkdən xüsusi zövq alırmış. Xüsusən də, “Qaragöz” mahnısını. Yeri gəlmişkən, onu da deyək ki, 1926-cı ildə bəstələnən bu mahnının ilk ifaçısı da elə Xan Şuşinski olub.
Sənətkarın sağlığında, elə indinin özündə də Xan Şuşinskinin opera teatrının səhnəsində görünməməsinə təəccüblə yanaşırlar. Dövrünün ən böyük sənətkarı olan Xan Şuşinskinin operaya dəvət edilməməsinin səbəbləri həmişə qaranlıq qalıb. Bu sualın ən müxtəsər cavabına Xanın xatirələrini vərəqləyəndə rast gəldiyimizdən, olduğu kimi nəzərinizə çatdırırıq. Xan yazıb: “Üzeyir bəy ayrı bir adam idi. Belə insan beş yüz ildə bir dünyaya gəlir. Onunla heç bir kəsi tərəziyə qoymaq olmaz. Mənim xətrimi çox istəyirdi. Yaman muğampərəst idi. “Şur”u çox sevirdi. Özü də həmişə deyərdi ki, heç kəs “Qarabağ şikəstəsi”ni və “Simayi şəms”i Xan kimi oxuya bilməz. Çox çalışdı məni operaya aparsın, özüm getmədim. Dedim ki, ay bəy, mən üzümə ənnik-kirşan yaxıb, səhnəyə çıxa bilmərəm. Bir də, səhnədə xalqın qızına, gəlininə eşqnamə oxuyacam?”
Xan Şuşinski “Qarabağ şikəstəsi”ni oxumağı çox sevərmiş. Şikəstə ondan əvvəl məclisdə 3-4 xanəndənin ifasında səslənsəydi də, Xan bütün çıxışlarında həmişə birinci “Qarabağ şikəstəsi”ni oxuyarmış. Bu, çox təbii qarşılanardı. Bu barədə Seyid Şuşinski maraqlı bir xatirə qələmə alıb. Məlum olur ki, Seyid Şuşinski və Cabbar Qaryağdıoğlu neçə illərmiş ki, Qarabağa getmirmişlər. Bir gün Cabbar Qaryağdıoğlu Seyid Şuşinskiyə deyir ki, Xanı neçə vaxtdır görmürəm. Xana xəbər göndər gəlsin bizə. O da Xana zəng edib, Cabbar əminin sifarişini ona çatdırır. Cabbar Qaryağdıoğlugilə gələn Xan Şuşinski ustadların göstərişilə “Mirzə Hüseyn segahı” ilə “Qarabağ şikəstəsi”ni oxuyur. Onun ifasından sonra Cabbar deyir ki, “Seyidlə üç-dörd il idi Qarabağa getmirdik. Dedik sənin səsinlə Qarabağın axar-baxarlı dağlarını, Turş suyunu, İsa bulağını, Cıdır düzünü, Topxana meşəsini gedib gəzib gələk. Çox sağ ol. Gəzdik gəldik”. Xanın səsi Qarabağın ab-havası idi.
Xan geniş səs diapazonuna sahib olmaqla yanaşı, Azərbaycanın mədəniyyətini bütün dünyaya tanıtması ilə də xalq arasında böyük müvəffəqiyyət qazanmağa nail olub. Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. O, mürəkkəb muğamların mahir bilicisi olub. Səsini istədiyi kimi dəyişməkdə, zəngulə vurmaqda bir çox tanınmış xanəndələrin diqqət mərkəzində durub. Xan Şuşinskinin ifa etdiyi muğamlarda heç vaxt eynilik hiss edilməyib. Daim muğamların ruhuna uyğun qəzəllər seçib.
Xan təvazökar, sadə sənətkar olub. Sirlərini dostları, həmyaşıdları ilə bölüşüb. Yoldaşlıqda, dostluqda sadiq olan Xan Şuşinski ailədə də qayğıkeş, mehriban idi. Bunu Xanın oğlu Aslan Cavanşirov da təsdiqləyir. Baxmayaraq ki, atası ilə həddindən artıq böyük yaş fərqləri olub. Aslan Cavanşirov Xan atasını əsil Azərbaycan kişisi kimi xatırlayır. Hündürboylu, şux qamətli, buxara papaqlı əsil Azərbaycan kişisi.
Xan Şuşinski bütün növ muğamların mahir ifaçısı idi. O, ritmik muğamları qeyri-adi bir ustalıqla oxuyurdu, dinləyicidə böyük ruh yüksəkliyi oyadırdı.
Azərbaycan musiqi tarixinin əvəzolunmaz
korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi cəmisi
240 dəqiqəlik lent yazısı qalıb.
Səs.- 2011.- 12 avqust.- S. 12.