Azərbaycanda
ictimai sektor anlamı
- görünən və görünməyən tərəflər
Cəmiyyətdə bolluca yanlış, amma sümük kimi formalaşmış təsəvvürlər və anlamlar var ki, onlardan biri də, bilavasitə, qeyri-hökumət təşkilatları ilə bağlıdır. Nədənsə insanlarımız elə hesab edirlər ki, qeyri-hökumət təşkilatları, yəni QHT dediyimiz qurumlar Qərb sivilizasiyasının kəşfi olaraq müstəqilliyə qovuşandan sonra bizlərə az qala “sırıdılan” bir məsələdir. Ancaq əslində, belə deyil.
Tarixə qısa
baxış
XVIII əsrin sonlarından tutmuş,
XX əsrin 20-ci illərinədək Azərbaycanda onlarla indiki
anlamda QHT adlandıra biləcəyimiz təşkilatlar, xeyriyyə
və ianə cəmiyyətləri, pənah, dəstək vəqfləri,
və dərnəkləri fəaliyyət göstərirdi.
Onların arasında ən böyüyü isə çar
Rusiyasının bütün təzyiqlərinə rəğmən,
imperiyanın müsəlmanlar yaşayan məkanlarında
çalışan və ianələr hesabına fəaliyyət
göstərən “Dar üş -Şəfaqə” idi. Azərbaycanda
bu qurum 6 yerli təşkilatı formasında işləyirdi
ki, onların da son maliyyəçiləri Bakı
milyonçuları Hacı Zeynalabdin Tağıyevlə Murtuza Muxtarov olmuşdular.
Cəmiyyətin
sosial və iqtisadi problemlərini həll etməyə
çalışan, təhsil və səhiyyədəki bərbad
durumu aşmaqda vətəndaşlara
yardımçılıq etmək istəyən, yüzlərlə
istedadlı yeniyetməyə təhsil verməklə
yanaşı, minlərlə insanın səhhətinin
qayğısına qalan belə qurumlar, müasir dillə desək,
Bakı zənginlərinin “qrant” formasında, məqsədli
şəkildə ayırdıqları vəsaitlər
hesabına çalışsalar da, onların şəbəkələnmə
miqyası genişdir. Məsələn, Bakıdakı “Difai Məzluman” (“məzlumların müdafiəsi”)
adlı qurum barədə indi çox az adamın məlumatı
var. Halbuki sözügedən qurumun
sıralarında 102 ianə və xeyriyyə cəmiyyəti,
şurası, dəstəsi və dərnəyi, habelə,
ayrı-ayrı fərdi ianəçilər və xeyriyyəçilər
birləşmişdilər ki, onların belə təşkilatı
ölkə ərazisində qeyri-dövlət təşkilatlarının
ilk, mütəşəkkil şurası sayıla bilər.
Azərbaycanda fəaliyyət göstərmiş
qeyri-hökumət və ya qeyri-dövlət təşkilatlarının
ən böyük işləri arasında Bakıda realnı
gimnaziyaları tikməyə milyonçuların sövq edilməsindən
tutmuş, fəhlələrin iş şəraitinin
yaxşılaşdırılması, onların səhiyyə
və təhsil ocaqları ilə təminatı,
hətta Bakıdakı mədənlərdən 4-də fəhlələrin
asudə vaxtlarının təşkili üçün fəaliyyət
də vardı. Bilən azdır, amma məhz Bakıdakı
iki xeyriyyə təşkilatının bilavasitə təşəbbüsü
ilə şəhərə Şollar su kəməri çəkilmişdi
ki, həmin təşəbbüsü də
reallaşdıran Hacı Zeynalabdin Tağıyevdi.
Milyonçu özü bu barədə belə deyərdi:
“Difai Məzluman”nın adamları yanıma gəlib mənə
belə xeyirli və millət üçün sərfəli
işin gərəkli olduğunu nəql etdilər. Dəxi mən
də anladım ki, bu adamlar öz mənfəətlərini
yox, nami-milləti və əhli-Bakının şəfaəti
ilə himməti üçün çalışırlar
ki, onlara da yardım etməmək xeyri
millətdən gizlətmək olardı”.
Müasir zamanlarımızda QHT
Yuxarıda qeyd etdiyimiz məqamlar, müəyyən mənada, QHT tarixi də sayılar bilər ki, orada soydaşlarımızın və əcdadlarımızın xeyli ilginc işləri olmuşdu... Yazının elə bu yerindəcə, günümüzə dönək və ölkədəki qeyri-hökumət təşkilatlarının cari fəaliyyətinə nəzər salaq. Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bəhs etmədən gerçəkləşdirmək məntiqsiz olardı.
Təbii ki, istiqamətləndirilmiş layihələrə əsasən, Azərbaycanın ümummilli maraqlarına xidmət edən proqramlar həyata keçirilir. Məsələn, ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərin dünya ictimaiyyətinə çatdırılması, bir milyondan artıq qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, Azərbaycanda gedən ictimai-siyasi, demokratik proseslərin dərinləşməsi bütövlükdə sosial sahədə, o cümlədən, səhiyyədə, ekoloji məsələlərin həllində, təhsil, elm və mədəniyyətin inkişafında QHT-lərin təşəbbüslərinin dəstəklənməsi öndə olub. Hər il o da bəlli olur ki, yerli qeyri-hökumət təşkilatlarına xarici ölkələrdəki təşkilat, fond və strukturlardan xarici qrantlar almağa məhdudiyyətlər qoyulmur. Dövlət Dəstəyi Şurasının əsasnaməsində də açıq qeyd olunur ki, dövlət tərəfindən verilən vəsait həmin təşkilatın xarici ölkələrdən və beynəlxaq qurumlardan aldığı vəsaitə hər hansı maneəçilik yaratmır və buna alternativ deyil. Sadəcə olaraq, bu vəsait ona görə önəmli və əhəmiyyətlidir ki, bunu dövlət ayırır. Yəni dövlət vətəndaş cəmiyyətinin, QHT-lərin inkişafına dəstək verir və əməkdaşlıq edir. Bu, həmçinin, QHT-lərin xarici donorlardan asılılığı məsələsinə də təsir göstərir və bu asılılığı azaldır. Təbii ki, növbəti illərdə dövlətin QHT-lərə daha böyük həcmdə vəsait ayıracağının şahidi olacağıq. Bu, çox vacib amil olmaqla yanaşı, qeyri-hökumət təşkialtaları ilə dövlət arasındakı münasibətlərin yeni müstəviyə gətirilməsi kimi də anlaşıla bilər. Yeni situasiyadan isə yalnız Azərbaycan ictimaiyyəti yararlanacaq.
Mühüm məqamların
öncüllük təşkil etməsi
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bəhs edərkən bir neçə mühüm məqamı, ilk növbədə, Azərbaycanın Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasında bəhs etdiyimiz qurumun oynaya biləcəyi və artıq oynamağa başladığı roldan bəhs etməliyik. Bu gün cəmiyyətimizin inkişaf etməsində fəal iştirak edən vətəndaş cəmiyyəti institutları Azərbaycanın Avropaya inteqrasiya prosesində aktiv fəaliyyət göstərirlər. Çünki cəmiyyətimizin inkişafında gerçəkdən maraqlı olan bir qurum kimi şuranın bu istiqamətdə apardığı işlər sürətləndirilməli, inkişaf etdirilməlidir.
Digər tərəfdən, şura Azərbaycanın Avropaya inteqrasiya məsələsində QHT-lərə dəstək olmaqda yaxın gələcəkdə daha çox işlər görməyi də planlaşdırıb. Bu işi digər beynəlxalq donor təşkilatlarla əməkdaşılığı artırmaqla davam etdirməyi nəzərdə tutub. Avropa dəyərlərinin öyrənilməsi, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılması, eyni zamanda, Avropa təşkilatları ilə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi istiqamətində iş aparılır. Həmin fəaliyyət çərçivəsində ölkədə islahatların həyata keçirilməsində, cəmiyyətin demokratikləşməsində səylər artırılır. Buraya insan haqları, ədalətli mühakimə, demokratik islahatlar və s. fəaliyyətlər daxildir.
Donor və vətəndaş
cəmiyyətindəki proseslərə baxış
Yaşanan prosesdə əsas diqqətin yönəldilməsi
gərəkən sahə isə donorlarla vətəndaş cəmiyyətinin
məhz Avropaya inteqrasiya prosesindəki fəaliyyətidir. Amma
təəssüflər olsun ki, Azərbaycanın istəklərinə
və niyyətinə rəğmən, Avropa Komissiyası hələ
də əməkdaşlıq təkliflərinə müsbət
cavab verməyib. Ona görə də Avropanın donor
qurumları bu istiqamətdə Azərbaycanın vətəndaş
çəmiyyəti qurumlarına daha çox diqqət
ayırmalıdır. Təəssüf hissi ilə qeyd etməliyik
ki, Avropa Komissiyasının Azərbaycan QHT-lərinə
ayırdığı qrantlar haqqında geniş ictimaiyyətə
çox az məlumat verilir. Halbuki şəffaflıq
bütün təşkilatlar üçün prioritet
olmalıdır. O da var ki, Avropa dəyərlərini mənimsəməkdə
bu gün cəmiyyətdə heç də birmənalı
fikir yoxdur. Hələ də bəzi insanlar hesab edirlər ki,
biz Avropa dəyərlərini mənimsədikdə öz dəyərlərmizdən
uzaq düşəcəyik. Bu isə ondan xəbər verir ki,
Avropaya inteqrasiya prosesində görüləsi hələ
çox iş var. QHT-lərin də üzərinə bu
istiqamətdə çox məsuliyyət düşür. Ona görə də hesab edirik ki, cəmiyyətin
inkişaf etməsi üçün demokratikləşmə,
dünyaya inteqrasiya prosesində qeyri-hökumət təşkilatlarının
istiqamətləndirici strukturu rolunu yerinə yetirən QHT-lərə
Dövlət Dəstəyi Şurasının imkanları və
səlahiyyətlər çərçivəsi daha da genişləndirilməlidir.
Üçüncü sektorda medianını
rolu və təsiri
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə üçüncü sektorun inkişafında medianın rolunun artırılması istiqamətində yetərincə konkret planlarını açıqlayıb və həmin sahədə işlər görməkdədir. Ölkədəki qeyri-hökumət təşkilatlarının yerinə yetirdiyi layihələrin icra prosesinin mediada işıqlandırılması, QHT-lərin ictimai sektorun digər institutları ilə əməkdaşlığı əfsuslar olsun ki, hələ də normal səviyyədə deyil. Problemin həllində QHT fəaliyyətini işıqlandıran jurnalist şəbəkəsi mühüm rol oynaya bilər. Bu şəbəkə QHT-media əməkdaşlığının daha da inkişaf etməsinə öz töhfəsini verə biləcək və QHT-lərimiz haqqında cəmiyyətin obyektiv informasiya ala biləcəyi vasitə ola bilər. Buna isə çox ciddi ehtiyac duyulur, çünki qeyri-hökumət təşkilatlarımızın fəaliyyəti barədə cəmiyyətimizdə hələ də tam bilgi yoxdur. Bilgisizlik isə QHT-lər, xüsusilə də, ölkədə demokratik dəyərlərdən tutmuş, iqtisadi yüksəlişə qədər bir çox məqsədlər uğrunda çalışan təşkilatlar barədə yanlış təsəvvürlər, iddia və gümanların yaranmasına səbəb olur ki, sadalanan halların istisnasız olaraq hamısı, əsassız iddialardan başqa heç nə deyil.
RƏFİQƏ
KAMALQIZI
Səs.-
2011.- 13 avqust.- S. 7.