Azərbaycan beynəlxalq səviyyədə turist qəbul etmək gücündədir

 

Azərbaycanda turizm sektoru dinamik olaraq inkişaf etdirilir. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham  Əliyevin  Sərəncamı bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcıdır. Məlum Sərəncam ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verməkdədir.

Bu baxımdan Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksi xüsusi önəm daşıyır. Gündə 10 min turistə xidmət imkanına malik kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilişi həyata keçirilib. Bu layihə Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri tərəfindən icra olunur. “Şahdağ” qış-yay xizək kurortu, xizək infrastrukturu sırf dövlət tərəfindən yaradılan layihədir. “Şahdağ” kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Azərbaycan Prezidenti İlham  Əliyevin dediyi kimi, bu mərkəz dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır. Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaqdır. Bununla yanaşı, yeni iş yerləri açılacaqdır.

Azərbaycan turizm imkanları dünya miqyasında təbliğ olunur. Belə ki, Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərində iştirak edən Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanallarında reklam çarxları yayımlanır. Doqquz dildə müxtəlif nəşr, poliqrafiya məhsulları buraxılır. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, görülən işlərin məntiqi olaraq, ilbəil dünyanın müxtəlif ölkələrindən Azərbaycana üz tutan turistlərin sayında artım müşahidə olunmaqdadır. Bu artım özünü daha çox sərhədyanı ölkələrdən - Rusiya, Gürcüstan, İran və Türkiyədən gələn turistlərin sayında göstərməkdədir. Bu siyahıda sonrakı yerləri Avropa ölkələri tutur. Artıq son 2-3 ildə Azərbaycana Yaponiya və Çindən də turistlər gəlməyə başlamışdır. Bu ölkələrdən gələnlər, əsasən, regional marşrutlara maraq göstərirlər. Əvvəlki 3-4 ildə Azərbaycana turistlər fərdi şəkildə gəlirdilər. Lakin son vaxtlar turistlər Azərbaycana böyük qruplarla səfər edirlər. Azərbaycanın turizm şirkətləri beynəlxalq turizm sərgilərində çıxış edərkən müxtəlif ölkələrin turizm şirkətləri ilə müqavilələr bağlayırlar. Hər dəfə müqavilələr imzalananda da, təbii ki, turistlərin həm fərdi, həm də qrup şəklində Azərbaycana cəlb edilməsi məsələləri gündəmdə olur. Ötən il Azərbaycana xaricdən 1 milyon 968 min turist gəlmişdir. Bu ilin ilk 6 ayında isə bu göstərici 1 milyon 16 minə yüksəlmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur.

Turizmin inkişaf etdirilməsi ilə bağlı qəbul olunmuş Dövlət Proqramına əsasən, beş il ərizində Azərbaycanda mövcud olan potensialdan istifadə edərək ölkənin turizm sənayesinin beynəlxalq səviyyədə qurulması nəzərdə tutulub. Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı Tədbirlər Planının təsdiqi isə bu sahənin inkişafına dövlətin göstərdiyi diqqətin göstəricisidir. İstirahət üçün yararlı olan rayonlardakı turizm mərkəzlərinə turistlərini cəlb olunması əsas məsələrdəndir. Artıq turistləri ölkəmizə cəlb olunması məqsədi ilə ölkəmizə səfər edən şəxslərin sayının artırılması üçün onlara göstərilən xidmətini keyfiyyətini yaxşılaşdırılması ilə yanaşı, viza rejiminin sadələşdirilməsinə dair təkliflərin hazırlanması da diqqətdir. Bütün bunlar turizm sənayesinin inkişafında özünəməxsus rola malikdir.

Bütün bunlar yaxın gələcəkdə Azərbaycana gələcək turistlərin sayının artacağına və ölkəmizin turist ölkəsi tək beynəlxalq miqyasda yer qazanacağana gətirib çıxaracaq.

       

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 13 avqust.- S. 8.