Azərbaycan
dünya mətbuatında
Böyük Britaniyada nəşr olunan “Exchange” - beynəlxalq biznes və diplomatiya jurnalının iyul sayında səfir Fəxrəddin Qurbanovla müsahibə dərc edilmişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən verilən məlumata görə, müsahibədə, əsasən, Azərbaycan iqtisadiyyatında davamlı inkişaf, ölkəmizin enerji sektorunun cari vəziyyəti və inkişaf perspektivləri, enerji gəlirlərinin idarə olunması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən, Dövlət Neft Fondunun fəaliyyəti, Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq, xüsusilə, neft-qaz ehtiyatlarının işlənməsində Britaniya şirkətlərinin rolu, Azərbaycanın 2011-ci il “Eurovision” Mahnı Müsabiqəsində qələbəsi və turizmin inkişafı ilə bağlı məsələlər əhatə olunmuşdur.
Səfir ölkənin makroiqtisadi göstəricilərinin ildən-ilə yüksəldiyini və bunun əsasında ölkədə mövcud siyasi sabitlik və həyata keçirilən iqtisadi kursun dayandığını bildirmişdir. Regional əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsinin iqtisadi inkişafa təkan verdiyini, enerji gəlirlərinin səmərəli idarə olunması üçün hökumət tərəfindən Dövlət Neft Fondunun təsis edildiyini qeyd etmişdir.
Britaniya şirkətlərinin Azərbaycanın enerji ehtiyatlarının işlənməsində və ixracında xüsusi rolunu vurğulamış, hazırda qeyri-neft sektoruna marağın artdığını nəzərə çatdıraraq, Britaniya şirkətlərini ölkə iqtisadiyyatına sərmayə yatırmağa dəvət etmişdir.
Cari ilin Azərbaycanda “Turizm İli” elan olunduğu, zəngin turizm ehtiyatlarına malik ölkəmizdə hazırda turizmin inkişafının prioritet istiqamətlərdən olduğu vurğulanmışdır. Bu ilin sonuna qədər paytaxt Bakıda dünya şöhrətli beşulduzlu mehmanxanaların açılacağı, regionlarda turizmin inkişaf etdirilməsi üçün layihələrin icra olunduğu qeyd olunmuşdur.
2011-ci il “Eurovision” Mahnı
Müsabiqəsində qələbə münasibəti ilə
səfir Azərbaycan xalqına təbriklərini
çatdırmış, gələn il paytaxt Bakıda
keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinin
xalqımızın zəngin mədəniyyətinin
nümayişi və turizmin inkişafına yaxşı
fürsət yaradacağını əlavə etmişdir.
“The Washington Times” qəzetində
“Azərbaycanın Əfqanıstana yardımı” sərlövhəli
məqalə dərc olunub
ABŞ-ın
nüfuzlu “The Washington Times” qəzetinin 29 iyul tarixli nömrəsində
bu ölkədə fəaliyyət göstərən “Heritage”
Fondunun baş tədqiqatçısı Ariel Koenin “Azərbaycanın
Əfqanıstana yardımı” sərlövhəli məqaləsi
dərc olunmuşdur. Məqalədə ABŞ-ın Əfqanıstanda
“Taliban” silahlılarına qarşı apardığı
mübarizədən, verdiyi çoxsaylı itkilərdən
söhbət açılır. Eyni zamanda, qeyd olunur ki, itki
verən təkcə ABŞ deyildir. ABŞ-ın və NATO-ya
üzv olan digər ölkələrin sadə vətəndaşlarının
xəritədə tapmağa çətinlik çəkdiyi
ölkələr belə bu mübarizədə birləşmiş
ştatlara kömək göstərir, böyük itkilər
verirlər. Müəllif bu ölkələr sırasında
Azərbaycanın adını xüsusi qeyd edir: “ABŞ və
NATO Azərbaycana məxsus yanacaqla dolu təyyarənin iyul
ayında Əfqanıstanda qəzaya uğraması nəticəsində
həlak olmuş 9 heyət üzvünün xatirəsini yad
etməlidir. Digər koalisiya müttəfiqlərinin öz əsgərlərini
Əfqanıstandan çıxardıqları bir vaxtda, Azərbaycanın
antiterror əməliyyatlarında iştirakı onun NATO və
Amerika qüvvələrinə göstərdiyi dəyərli
yardım kimi qəbul olunmalıdır. Azərbaycan liman və
dəmir yolları şəbəkəsi ilə də Əfqanıstandakı
Amerika və NATO qoşunlarının təchizatında
mühüm rola malik tranzit ölkədir”.
Müəllif
yazır ki, ABŞ-ın sabiq müdafiə naziri Robert Geyts
Bakıya səfəri zamanı Azərbaycanın Əfqanıstandakı
əməliyyatlara həm əsgəri qüvvə, həm də
quru və hava məkanından istifadəyə imkan yaratmaqla
verdiyi töhfələrə görə şəxsən Prezident
İlham Əliyevə təşəkkür etmişdir. Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov da bu yaxınlarda
rəsmi Bakının Əfqanıstana göndərdiyi əsgərlərin
sayını iki dəfə artırmaqla bu ölkədə
sabitliyə öz töhfəsini verməyə hazır
olduğunu bildirmişdir.
NATO-nun
baş katibi Andres Foq Rasmussen Azərbaycanın Əfqanıstanda
sülhyaratma əməliyyatlarına verdiyi töhfələri
təqdir etdiyini demişdir.
ABŞ-ın
Azərbaycandakı səfiri Metyu Brayza rəsmi Bakının Əfqanıstana
yardımını yüksək qiymətləndirərək
demişdir: “Bu gün NATO iftixarla Azərbaycanı öz tərəfdaşı
hesab edir. Azərbaycanın Kosovodan tutmuş İraq və Əfqanıstana
qədər təhlükəsizliyin təmin edilməsində
töhfələri davamlı və peşəkar olmuşdur.
Bu ölkənin NATO ilə əlaqələri təhlükəsizliyi,
demokratik dəyərləri möhkəmləndirir, siyasi və
hərbi modernləşməni, eləcə də, islahatlar
proseslərini dəstəkləyir və sürətləndirir”.
Məqalədə
o da bildirilir ki, ABŞ Azərbaycanı təkcə Əfqanıstan
məsələsində etibarlı tərəfdaş
olduğuna görə deyil, həm də Xəzərin enerji
resurslarının təhlükəsizliyinin təmin edilməsində
də vacib strateji tərəfdaş olduğu
üçün dəstəkləməkdə davam etməlidir.
Müsəlman ölkəsi olan Azərbaycan, həm də
qlobal terrorizmə qarşı mübarizədə fəal rol
oynayır.
Məqalənin
müəllifi bu yaxınlarda baş vermiş qəzanı həm
Azərbaycan, həm də NATO müttəfiqləri
üçün faciəvi hadisə adlandırır. O,
vurğulayır ki, buna görə də dünyanın bu həssas
regionunda təhlükəsizliyin təmin edilməsində
Amerikanın göstərdiyi səylərdə hətta
kiçik müttəfiqlərin nə qədər
mühüm rol oynadığını qiymətləndirməyimiz
vacibdir.
Almaniyanın “Nitro” jurnalında “Azərbaycana
tərəf?” sərlövhəli məqalə dərc olunub
Almaniyanın
“Nitro” jurnalında Azərbaycanda səfərdə olmuş
alman jurnalist İzabel Ulrixin “Azərbaycana tərəf?” sərlövhəli
məqaləsi dərc olunmuşdur. Ölkəmizin xristian əcdadlarına,
həmçinin, fars, ərəb, türk və rus
işğallarına görə mədəni müxtəlifliyə
malik olduğunu qeyd edən müəllif artıq məqalənin
ikinci abzasında Dağlıq Qarabağ münaqişəsinə
toxunur. Bildirir ki, Azərbaycana məxsus olan bu ərazi Sovet
İttifaqının süqutu zamanı Ermənistan tərəfindən
zəbt olunmuş və bölgənin azərbaycanlı əhalisi
oradan zorla qovulmuşdur.
Daha
sonra müəllif Azərbaycan paytaxtındakı inkişaf və
çiçəklənən həyat səviyyəsindən,
Bakıda və rayonlarda qarşılaşdığı
qonaqpərvərlikdən, xalqımızın dini
tolerantlığından söhbət açır. Ulrix,
xüsusilə, Bakının və İsmayıllı
rayonunun Lahıc qəsəbəsinin qısa təsvirini verir.
Bildirir ki, ölkənin sovet dövrünü geridə
qoyduğu və Avropanın bir hissəsi olduğu hər
addımda hiss edilir. Bundan əlavə, müəllif Azərbaycanda
Yelenendorf alman irsinin mövcud olmasını və
xalqımızın özünəməxsus çay dəstgahı
ənənəsini böyük maraqla oxucuların diqqətinə
çatdırır.
Türkiyə mətbuatı Azərbaycanın
Somaliyə ayırdığı humanitar yardım barədə
yazır
Somalidə
yaranan vəziyyətlə bağlı Azərbaycanın bu
ölkəyə humanitar yardım ayırması barədə
məlumat dərc olunmuşdur. İnformasiya resursunda qeyd olunur
ki, Somaliyə yardımın göstərilməsi barədə
qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən
qəbul edilmişdir.
“Hürriyyet” qəzeti: “Azərbaycan
dünyanın ən nadir piano zavodlarından birinə sahibdir”
Almaniyalı
sahibkar Hans Beltmann Qəbələdəki tütün fabrikini
piano zavoduna çevirib. Bununla da Azərbaycan dünyanın ən
nadir piano zavodlarından birinə sahib olub. Bu fikirlər
Türkiyənin nüfuzlu “Hürriyyet” qəzetində dərc
edilmiş məqalədə yer alıb.
Yazıda
Qəbələdəki piano zavodu haqqında ətraflı məlumat
verilmişdir. Zavodda
hazırlanan pianoların hamısının əl
işi olduğu vurğulanan məqalədə qeyd
edilmişdir ki, dünyada tanınmış “Beltmann”
pianolarının təsisçisinin nəvəsi olan Beltmann
iki il əvvəl Azərbaycan hökumətinin dəvəti
ilə Qəbələdə piano zavodu
açmışdır.
Qəzetə
müsahibəsində Beltmann müəssisənin
işçilərinə bir neçə ay musiqi alətini
düzəltməklə bağlı dərslər
keçildiyini bildirmişdir. O, qeyd etmişdir ki, zavodda 10 ay ərzində
500 piano hazırlanmışdır.
Zəhərli
olduğu üçün poliesterlə işləmədiyini
deyən Beltmann diqqətə çatdırmışdır
ki, Azərbaycana zavod açmağa dəvət olunan zaman da
yeganə şərt bu olmuşdur. O, təbii, qeyri-toksik
materiallardan istifadə edildiyini bildirmiş, Qəbələ
piano zavoduna ağacların Almaniya, Çexiya və Avstriya
arasında yerləşən kiçik kənddən gətirildiyini
qeyd etmişdir.
Beltmann
bildirmişdir ki, dünyada ən yaxşı ağac, məhz
həmin ölkələrdədir. Tonun əla olması
üçün pianonun taxtası mükəmməl
olmalıdır. Müəssisədə 330 nəfərlik
konsert zalı vardır. Eyni zamanda, zavodda piano
akademiyasının yaradılması da nəzərdə
tutulur.
Qeyd
edək ki, “Beltmann” pianolarından ibarət Almaniyada ayrıca
sərgi salonu vardır. Daha iki sərgi salonunun isə Moskva və
Bakıda açılması nəzərdə tutulur.
Səs.- 2011.- 13 avqust.- S. 14.