Vətəndaş
cəmiyyətinin inkişafına dəstək: reallıqlar,
vəzifələr
Azərbaycan cəmiyyətinin bütün sahələrində köklü islahatlar aparılır. Bu islahatlar ölkəmiz üçün sivilizasiyalı inkişafın magistral yolundakı inkişaf strategiyası çərçivəsində real bir zərurətdir. Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, hüquqi dövlətin qurulması şüarı deyil, ölkənin hərtərəfli inkişafı üçün başlıca şərtdir. Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət, Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi - bu, qarşımızda duran qlobal istiqamətlərdir.
Belə şəraitdə, şübhəsiz ki, dövlət anlayışı, dövlət quruculuğu məsələləri, dövlət və cəmiyyət problemləri, cəmiyyətin ictimai-siyasi həyatının doğru məcrada inkişafının təminatı olduqca böyük əhəmiyyət kəsb edir.
Dövlətçilik
və qanunçuluq ideologiyasının məfkurəsi
Azərbaycanın təməl prinsipləri arasında ilk yeri dövlətçilik tutur. Çünki xalq üçün ən mühüm məsələ onun dövlətidir. Dövlət yoxdursa, hansısa ideologiya, məfkurə və prinsipdən danışmaq yalnız xalqın millətə dönmək yolunda, assimlyasiya olunmayıb, dövlət qurmaq üçün göstərdiyi cəhdlər toplusundan bəhs etməkdir.
İkinci təməl prinsipi isə qanunçuluqdur. Gerçəkdən də, dövlət varsa, qanun olmalıdır. Əgər qanun yoxdursa, dövlət mövcud olmayacaq: dövlətin söykəndiyi qanun onun idarə olunmasının əsas xətlərini və prinsiplərini müəyyənləşdirir. Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılaraq inkişaf etdirilməsi istiqamətində ən ciddi və mükəmməl addım hələ 2007-ci il iyulun 27-də ölkə Prezidentinin Sərəncamından sonra qeyri-hökumət təşkilatlarının inkişaf konsepsiyasının qəbul edilməsi və bu sənəddəki müddəaların reallaşdırılmağa başlanması oldu. Beləliklə, ölkə QHT-lərinin Azərbaycan Respublikası yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından maliyyələşdirilməsi və bunun sayəsində ölkədə yeni, milli maraqları və dövlət mənafeyini üstün tutan III sektor obrazının formalaşdırılması prosesi başlandı.
Ümummilli maraqları təmin edən
QHT layihələri
Məhz
bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurası və Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyələşdirdiyi layihələr, əsasən,
Azərbaycanın ümummilli maraqlarına xidmət edir.
Ölkənin ərazi bütövlüyü ilə
bağlı məsələlərin dünya ictimaiyyətinə
çatdırılması, bir milyondan artıq qaçqın
və məcburi köçkünün pozulmuş
hüquqlarının beynəlxalq məhkəmələrdə
müdafiəsi, Azərbaycanda gedən ictimai-siyasi, demokratik
proseslərin dərinləşməsi, bütövlükdə,
sosial sahədə, o cümlədən, səhiyyədə,
ekoloji məsələlərin həllində, təhsil, elm və
mədəniyyətin inkişafında QHT-lərin təşəbbüslərinin
dəstəklənməsi ön sıradadır. Əgər
obyektivlik prizmasından yanaşsaq, görərik ki, haqqında
söhbət açdığımız qurumların
yaradılması ölkəmizdə vətəndaş cəmiyyətinin
formalaşmasında yeni bir mərhələdir. “Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi” Konsepsiyasında aydın deyilir:
“Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin
məqsədləri cəmiyyətimizdə yeni münasibətlər
modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti
institutlarının müasirləşdirilməsi, vətəndaş
təşəbbüslərinin artırılması, milli
maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli
problemlərin həllinə cəlb olunması, dövlət və
cəmiyyətin inkişafı üçün əhəmiyyət
kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir”.
Əslində,
dövlətin milli QHT-lərə sahib çıxması,
ölkədə vətəndaş cəmiyyətinin daha da
inkişaf etdirilməsi, QHT-lərə və KİV-ə
dövlət dəstəyini nəzərdə tutan
proqramın reallığa çevrilməsi milli QHT sektorunun fəaliyyətində
və vətəndaş cəmiyyəti quruculuğunda yeni mərhələnin
başlandığından xəbər verir. Dövlətin əsas
məqsədi ölkədəki qeyri-hökumət təşkilatlarının
xarici donor qurumları və fondlarından tam
asılılığını aradan qaldırmaq, milli donorluq
institutunun yaradılması, ən başlıcası isə
qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsində
mövcud beynəlxalq təcrübənin öyrənilərək
ən mütərəqqi və gərəkli ünsürlərin
yerli şəraitə uyğunlaşdırılaraq tətbiqidir.
Xarici qurumlardan
asılılığın aradan qaldırılması
Əminliklə
demək olar ki, bu proqramın həyata keçirilməsi sayəsində
ölkənin QHT sektorunun əhatə dairəsi, maddi-texniki
bazası bundan sonra daha da genişlənəcək və
güclənəcək. Eyni zamanda, QHT-lərin
ayrı-ayrı düşərgələrdən, siyasi
qurumlardan, xarici donorlardan, bütövlükdə,
ayrı-ayrı insanlardan asılılığına son
qoyulması istiqamətində ciddi dəyişikliklər
olacaq. O da bəllidir ki, yerli qeyri-hökumət təşkilatlarına
xarici ölkələrdəki təşkilat, fond və
strukturlardan xarici qrantlar almağa məhdudiyyət qoyulmur.
Dövlət Dəstəyi Şurasının əsasnaməsində
də açıq qeyd olunur ki, dövlət tərəfindən
verilən vəsait həmin təşkilatın xarici ölkələrdən
və beynəlxaq qurumlardan aldığı vəsaitə hər
hansı maneəçilik yaratmır və buna alternativ deyil.
Sadəcə olaraq, bu vəsait ona görə önəmli və
əhəmiyyətlidir ki, bunu dövlət ayırır. Yəni
dövlət vətəndaş cəmiyyətinin, QHT-lərin
inkişafına dəstək verir və əməkdaşlıq
edir. Bu, həmçinin, QHT-lərin xarici donorlardan
asılılığı məsələsinə də təsir
göstərir və bu asılılığı azaldır.
Artıq inamla söyləmək mümkündür ki, ilbəil
dövlət QHT-lərə daha böyük həcmdə vəsait
ayırır və ayıracaq. Bu, çox vacib amil olmaqla
yanaşı, qeyri-hökumət təşkilatları ilə
dövlət arasındakı münasibətlərin yeni
müstəviyə gətirilməsi kimi də qəbul edilir.
Bu situasiyadan isə yalnız Azərbaycan ictimaiyyəti
yararlanır.
Avropaya inteqrasiya və onun prioritetləri
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının cəmiyyətdə
oynadığı və bundan sonra da oynayacağı rolu
müəyyənləşdirmək üçün bir
sıra məqamlara nəzər salmaq lazımdır. Bu
qurumlardan bəhs edərkən bir neçə prioriteti istiqamətləndirmək
mümkündür. İlk növbədə, Azərbaycanın
Avropaya inteqrasiyada vətəndaş cəmiyyətinin rolunun
artırılması üçün şuranın oynaya biləcəyi
və artıq oynamağa başlıdığı roldan bəhs
etməliyik. Bu gün cəmiyyətimizin inkişafında fəal
iştirak edən QHT sektoru Azərbaycanın Avropaya inteqrasiya
prosesində aktiv fəaliyyət göstərir. Cəmiyyətimizin
inkişafında gerçəkdən maraqlı olan qurumun bu
istiqamətdə apardığı işlər sürətləndirilməli,
inkişaf etdirilməlidir. Şübhəsiz ki, həm
Dövlət Dəstəyi Şurası, Dövlət Dəstəyi
Fondu Azərbaycanın Avropaya inteqrasiya məsələsində
QHT-lərə dəstək olmaqda yaxın gələcəkdə
daha çox işlər görməyi planlaşdırıb.
Avropa
dəyərlərinin öyrənilməsi, bu istiqamətdə
cəmiyyətdə maarifləndirmə işlərinin
aparılması, eyni zamanda, Avropa təşkilatları ilə
qarşılıqlı əməkdaşlığın
həyata keçirilməsi, cəmiyyətimizin demokratikləşməsi
istiqamətində iş aparılır. Bura insan haqları, ədalətli
mühakimə, demokratik islahatlar və s. fəaliyyətlər
daxildir. Yaşanan prosesdə əsas diqqətin yönəldilməsi
vacib olan sahə isə donorlarla vətəndaş cəmiyyətinin
məhz Avropaya inteqrasiya prosesindəki fəaliyyətidir.
Dövlət tərəfindən maliyyələşdirilən
layihələrin digər əsas prioritetləri
sırasında milli-mənəvi dəyərlər,
Dağlıq Qarabağ mövzusu, vətənpərvərliyin
təbliği ilə bağlı layihələr xüsusi yer
tutur. Yuxarıdakıların yekunu olaraq, fikrimizi qısaca belə
ifadə bilərik: Azərbaycanda vətəndaş cəmiyyəti
quruculuğu kifayət qədər yüksək müstəvidə
inkişaf edir. Siyasi plüralizm mühiti genişləndirilərək
müasir tələblərə uyğunlaşdırılır.
Azərbaycanın tolerant mühiti bir az da genişlənir.
Respublikanın daxilində və xaricdə hökumətin
mövqeyinin gücləndirilməsi, dövlət idarəçiliyinin
daha da təkmilləşdirilməsi və şəffaflaşdırılması,
digər tərəfdən, ölkədə siyasi sistemin əsasını
təşkil edən institutların fəaliyyətində
inkişaf müşahidə olunur.
Təəssüfedici hallardan necə
çıxmalı?
Məlum
olduğu kimi, sivil və inkişaf etmiş ölkələrdə
qeyri-hökumət təşkilatı ilk əvvəl dövlətin
müvafiq strukturlarından maliyyələşdirilir.
Çünki belədə QHT dövlətindən
aldığı maliyyə dəstəyi ilə dövləti
üçün fəaliyyət göstərir, vətəndaşlarının
problemlərinin həllinə çalışır və bu
problemləri beynəlxalq təşkilatlar səviyyəsinə
çıxararaq, ölkəsinin imicini yüksəltməyə
səy göstərir.
ABŞ-dan
tutmuş Avstraliya, Danimarkadan tutmuş Cənubi Afrika
Respublikasına qədər heç bir dövlətin QHT-si cəmiyyətin
iltihablı yaralarını başqa ölkələrin
müzakirə və mühakiməsinə buraxmaq istəmir. Təəssüf ki, Azərbaycanda
bəzi ictimai təşkilatlar təmənnasız dövlət
yardımının mövcudluğuna inanmır, III sektoru
inkişaf etdirməyə yönəlmiş səyləri
“dövlətin qeyri-hökumət təşkilatlarını
total nəzarət altına alıb onların maliyyələrini
nəzarətdə saxlamaq cəhdləri” kimi dəyərləndirir.
Bu dəyərləndirmənin kökündə isə cəmiyyətdə
mövcud olan ictimai və inzibati neqativin yanlış olaraq
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının fəaliyyətinə şamil edilməsidir.
Əgər həmin proses kortəbii
reallaşdırılsaydı, bunu demokratiyanın
formalaşması prosesi nəticəsində müşahidə
olunan obyektiv nöqsanlardan biri saymaq olardı. Ancaq həmin tənqid
və təzyiqlər məqsədli və planlıdır.
Daha sadə desək, dava pul davasıdır və yenə də
bir qədər öncə bəhs etdiyimiz kimi, “niyə onlara
olar, mənə yox” tipli düşüncənin
yaratdığı virtual obrazlar sırasıdır.
Nəticə...
Bu
gün Azərbaycanda vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində mühüm irəliləyişlər
var, ölkədə sabit ictimai-siyasi vəziyyət yaranıb
və dinamik inkişaf müşahidə olunmaqdadır.
Ümid edirik ki, dinamik inkişaf prosesi bundan sonra daha da sürətlənəcək
və yaxın gələcəkdə ölkədə
güclü vətəndaş cəmiyyəti də
formalaşacaq.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 16 avqust.- S. 7.