Milli mücadilənin qəhrəmanlıq yolu...

 

Hər bir fərd, toplum, xalqlar ağır fəsadlardan, dərdli- müsibətli günlərdən sığortalanmayıb. Bu dünyanın müxtəlif bölgələrində gözlənilmədən baş verən zəlzələlər, terror aktları, qaçılmaz müharibələr fonunda xalqların əziyyətlərə, müsibətlərə düçar olmaları bunun real olduğunu təsdiqləyir. Hazırda isə faciələr dolu günləri  məcburən cəlb olunduğumuz müharibədə Azərbaycan xalqı yaşayır. 20 ildir ki, Azərbaycan xalqı erməni vəhşiliyinin, vandalizm aktlarının ağrısını-acısını çəkir. 20 ildir ki, 20 faiz torpaqlarımız Ermənistan tərəfindən işğal edilib, 1 milyondan çox insan ev-eşiyindən didərgin düşsə də, dünya birliyi susur.

Beynəlxalq aləm Ermənistan kimi yarımvəhşi xalqı, onun terrorizm ideologiyasının banilərindən olan başbilənlərinə “əlinizi başqasının torpağından çəkin” deyə konkret mövqe sərgiləmir. Bu da müharibənin, qeyri-rəsmi də olsa, uzanmasının şərtləndirən amilə çevrilir. Çünki 1994-cü ildə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, Ermənistan bu razılaşmanı hər gün azərbaycanlı mülki şəxsləri snayper atəşi ilə qətlə yetirməklə nümayiş etdirir. Serj Sarkisyan rejimi beynəlxalq prinsiplərə əhəmiyyətsiz yanaşaraq, hələ gözlərini tam açıb dünyanın hansı rəngdə olduğunu görə bilməyən körpə uşaqları belə qətlə yetirməkdən çəkinmir.

 

“Torpağa o kəsin vətən deməyə haqqı var ki, onun uğrunda ölməyə hazır olsun və bunu bacarsın”

 

Ermənistan hakimiyyəti günahsız insanları qətlə yetirməyi özlərinə fəxr də bilirlər.  Bu yaxınlarda Ermənistan müdafiə naziri Seyran Ohanyanın hərbçilərlə görüşündə “snayperlər səngərdə möhkəm dayanmaqla azərbaycanlı mülki əhalini yay əkin-biçin işləri ilə məşğul olmağa qoymur, bunu dəyərləndirmək lazımdır” dediyi sözlər Ermənistan dövlətinin insani prinsiplərdən nə qədər uzaq olduğunun göstəricisi sayıla bilər. Bütün bunlara baxmayaraq, Ermənistanın terrorçu hakimiyyəti hansı mövqe sərgiləyib, simasızlıq nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ üzərindəki suverenliyini bərpa edəcək. Mübariz İbrahimov, Fərid Əhmədov kimi vətən oğulları qaçqın və məcburi köçkün həyatı yaşayan 1 milyondan çox insanın qisasını mütləq alacaqlar. Azərbaycan gəncliyi qəhrəmanlıq salnaməsi yazaraq, dünyaya Azərbaycan xalqı mətin, mübariz, haqqını kiməsə verməyən xalq olduğunu nümayiş etdirəcək.

Bu gün cəbhə xəttində, yuxarıda qeyd etdiyimiz kimi, atəşkəs rejimi olsa da, erməni hiyləgərliyi, terror fəaliyyəti nəticə etibarilə üzbəüz döyüşü gözləyən hərbçilərimizin snayper atəşi ilə öldürülməsinə və ya yaralanmasına gətirib çıxarır. İyulun 29-u 2011-ci ildə Ağdam cəbhəsi bölgəsində erməni snayperinin açdığı atəş nəticəsində şəhid olan taqım komandiri leytenant Elşad Həsənov da ermənilərlə üzbəüz açıq döyüşü gözləyənlərdən olmuşdur. 22 yaşlı Elşad Həsənov erməni terrorizminin bütün sahələri əhatə etdiyini bildiyi halda, mərdlik, mübarizlik, cəsarət nümunəsi göstərərək, rəhbərlik etdiyi tağım əsgərlərinə döyüş ruhunu artırmaq, onlara silahlardan istifadə etmək qaydalarını öyrətmişdir. Düşünürdü ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağın sülh yolu ilə həll olunması istiqamətində diplomatik, siyasi səylər nəticəsiz qalarsa, o zaman  müharibə qaçılmaz olacaq. Həmin vaxt Ali Baş Komandanın əmri ilə taqım əsgərləri səngərdən çıxaraq, ermənilərlə üzbəüz döyüşə girəcəklər. Bu zaman isə kimin haqq və ədalət uğrunda döyüşdüyü üzə çıxacaq. Hansı tərəfin daha qətiyyətli, mübariz, hərbi sirlərə daha mükəmməl yiyələnən tərəf olduğu bəlli olacaq. E.Həsənov o da bilirdi ki, ikinci Qarabağ savaşı uzun çəkməyəcək. Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə işğal olunan ərazilərimizi azad edib, erməniləri yurd-yuvamızdan qovacaqlar.

 

29 iyulun səhər saatları...

 

2011-ci il iyulun 29-da E.Həsənov, hər zaman olduğu kimi, bu gün də əsgərlərə vətən, torpaq mövzusunda geniş vətənpərvərlik ruhlu fikirlər söyləyib, onları erməni qəsbkarlarını Azərbaycan ərazisindən qovmaq üçün mətinliyə, mübarizliyə çağırmışdır. Əsgərlərlə bir xeyli söhbətdən sonra, anası, atası, bacısı, qardaşı üçün darıxan E.Həsənov səngərdən ayrılıb anasına zəng edir. Bu, təqribən saat 06.45 radələrində olur. Anası Nazilə xanımla  bir xeyli söhbətdən sonra, Elşad “sizlərdən çox nigaranam, özünüzdən muğayat olun” deyə söyləyir. Anası Nazilə xanım isə təəccübünü gizlətmədən “a bala, düşmənlə üzbəüz biz yox, sənsən. Elşad, sən özündən muğayat ol, bizdən nigaran qalma. Bacın, qardaşın sağ-salamatdır. Sənə də çoxlu-çoxlu salamları var. Atanın da kefi yaxşıdır, necə də yaxşı olmasın ki, onun Elşad kimi zabit övladı var” - deyə söyləyir. Elşad isə yenə də özünü saxlaya bilməyib “bir söz idi də dedim, ana” deməklə qəhərli formada telefonu qapayır. Sanki bir saat sonra erməni snayperinin onun həyatına son qoyacağını başa düşmüşdü. Sanki dərk etmişdi ki, bir daha valideynləri ilə, bacı və qardaşı ilə telefonla danışmayacaq, onlarla üzbəüz söhbət etməyəcək. Düşündüyü kimi də oldu. Yenidən səngərə qayıdıb əsgərləri yoxlamaq istəyərkən, ermənilərin Ağdamın işğal olunmuş Yusifcanlı kəndindən açdıqları snayper gülləsi ilə 22 yaşlı Elşad Həsənovun həyatına son qoyulur.

 

“Boylu-buxunlu, enli kürəkli Elşadım”

 

Cəbhədən gələn bu xəbər nəinki Elşad Həsənovun ailəsini, ümumilikdə, Azərbaycan xalqını sarsıtdı. Çünki Azərbaycan xalqı böyük arzularla leytenant rütbəsini general rütbəsinə qədər yüksəltməyə qərar verən, tərbiyəli, əxlaqlı, böyük bilik və savada malik Elşad Həsənovu itirmişdir. Hər dəfə olduğu kimi, bu dəfə də bu itkini müsibətlə qarşılayan hər bir Azərbaycan vətəndaşı bir-biri ilə rastlaşanda, başsağlığı verir, “başın sağ olsun” deyirlər. Mingəçevir şəhərindən Milli Məclisə deputat seçilmiş Aydın Mirzəzadənin tövsiyəsi ilə Mingəçevir şəhərinə gedib E.Həsənovun ailəsi ilə görüşmək və onun qısa, amma şərəfli həyat yolu haqqında reportaj hazırlamağa qərar verdik. Beləcə, Bakıdan yol aldıq  Mingəçevir şəhərinə. Mingəçevirə daxil olanda diqqəti cəlb edən sakitlik, hər kəsin simasında yorğunluq, rahatsızlıq şəhərin sanki Elşad Həsənovun itkisi ilə hələ də barışmadığını nümayiş etdirirdi. İnsanlarla söhbətimizdə E.Həsənovun qəhrəmanlığının hər bir ailə üzvləri üçün örnək olduğunu bildirdilər. E.Həsənovla fəxr etdiklərini, qürur duyduqlarını söylədilər.

Qeyd etmək yerinə düşərdi ki, E.Həsənovun ailəsi ilə görüşmək üçün heç də axtarış aparmağa ehtiyac duymadıq. Kiminsə yol göstərməsinə cəhdlər göstərmədik. Bizə yaxınlaşan orta yaşlı bir kişi E.Həsənovun ailəsini yaxından tanıdığını söylədi. Sonradan öyrəndik ki, bu kişi Mirgəçevir şəhər 8 saylı MİS-in rəisi İlqar Quliyevdir. İ.Quliyev E.Həsənovun atası Həsənəli kişini, onun övladlarını yaxşı tanımaqla yanaşı, qeyd etdi ki, bu ailə çörəyini halallıqla qazanan hər bir kəslə mehriban davranıb, ünsiyyət quran insanlardır. Beşmərtəbəli binanın qarşısında maşınımızı saxlayanda, İ.Quliyev “erməniləri vahiməyə salan qəhrəman Elşadımız bu binada yaşayıb” - deyə bildirdi. Pilləkənlərlə E.Həsənovun bir zaman yaşadığı evə daxil olmaq üçün yuxarı addımlayanda, valideynləri ilə nədən başlayıb, hansı söhbətlər edəcəyimi götür-qoy etməyə başladım. Etiraf edim ki, bu görüş bizim üçün ağır olduğunu düşünürdüm. Nəhayət, mənzilin qapısını döyməklə içəri daxil oluruq. Bizi qəddi-qaməti əyilmiş, sanki bir günün içində saçı-saqqalı ağarmış E.Həsənovun atası Həsənəli kişi və qara paltarlı anası Nazilə xanım qarşılayır. Hələ qapının kandarında ikən ananın və E.Həsənovun xalası Nailə xanımın ağı deyib ağladıqlarını eşitdik. Başsağlığı verib E.Həsənova Allahdan rəhmət dilədik.

 

 

İ.Əliyev

 

T.Qurbanlı

 

(Ardı gələn sayımızda)

 

Səs.- 2011.- 16 avqust.- S. 11.