Heydər Əliyev Fondu Azərbaycanın tərəqqi və inkişafına töhfələrini verir

 

Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi yeni meyarlar çərçivəsində reallaşır. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə həyata keçirilən islahat və layihələr, genişmiqyaslı proqramlar onun dünyaya inteqrasiya prosesini sürətləndirir.

Qeyri-hökumət qurumu olan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr də Azərbaycanın tərəqqi və inkişafına töhfələrini verir. Qarşıya qoyulan məqsəd uşaq müəssisələrinin infrastrukturlarının inkişafına, səhiyyə və tibbi təsisatların inkişafına, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesinə, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına təsirini göstərir. Fond tərəfindən bu irimiqyaslı layihələrin gerçəkləşdirilməsi ilə yanaşı, elm və təhsilə də xüsusi qayğı göstərilir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Təhsilə dəstək” layihəsi məhz Azərbaycan təhsilinin inkişafına yönəlmiş olan sənədlərdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı həm paytaxtımızda, həm də bölgələrdə həyata keçirilir. Bu yeniləşmə təhsil sistemində özünü göstərir. Azərbaycanın gənc nəslini biliyə, müasir texnologiyalara, elmə yiyələnməsi, dünya təhsil sisteminə inteqrasiya olunması prosesini gücləndirir. Bu hazırlanmış proqram əsasında Heydər Əliyev Fondu tərəfindən məktəblərdə əsaslı təmir və yenidənqurma işləri görülmüş, qısa müddətdə dönüş yaranmışdır. Proqram hazırlanarkən inşa olunan məktəblərdə 100, 200 və 400 yerlik məktəblərin tikintisi nəzərdə tutulmuşdur. Bu məktəblərin hər biri standart şəkildə inşa etdirilir. Fond tərəfindən artıq bu binaların  bir qismi tikilib təhvil verilib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına və Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına uyğun olaraq son illər Azərbaycanda inşa olunan və təmir etdirilən ümumtəhsil məktəblərin sayı artmışdır. Bu layihə Azərbaycanın elə bir məkanı yoxdur ki, orada reallaşmasın. Ümumtəhsil məktəbləri üçün yeni binaların inşası və əsaslı təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Təkcə Ağdaş rayonunda ötən 3 ildə Heydər Əliyev Fondunun dəstəyi ilə böyük işlər görülüb. Belə ki, rayonun Pirkəkə kənd məktəbi və Habil Əliyev adına Musiqi Məktəbi üçün yeni binalar tikilib, M.Şeyxzadə adına Gimnaziya əsaslı təmir etdirilib. Bundan əlavə, dövlət vəsaiti hesabına rayonun Kotavan, Kükəl, Yuxarı Ləki, Qaradeyin və Gürcuva kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilib, M.İsayev adına Lisey, şəhər 3 saylı və Ləki qəsəbəsindəki 6 saylı məktəb binaları əsaslı təmir olunub. Həmçinin, şəhər 3 saylı orta, Güvəkənd, Dəhnəxəlil, Mürsəl, Yuxarı Ləki kənd tam orta, Yenikənd və Nehrəxəlil kənd ümumi orta məktəbləri üçün 840 şagird yerlik 42 əlavə sinif otağı tikilib, 13 ümumtəhsil məktəbində müasir istilik sistemləri quraşdırılıb. Bu günədək rayonun təhsil müəssisələrinə 480 kompyuter verilib, 15 ümumtəhsil məktəbində kompyuterlərin internetə bağlantısı təmin edilib. Bütün bunlar təhsilin keyfiyyətinin yüksək şəkildə qurulmasına dəlalət edir. Son illərdə məzunların abituriyent kimi yüksək bal toplamaları orta ixtisas məktəblərinin müasir avadanlıqla təmin olunması və sinif otaqlarında lazımi şəraitin mövcudluğunu göstərir. Rayonun ümumtəhsil məktəblərindən ali və orta ixtisas məktəblərinə daxil olmuş məzunların sayı 2003-cü illə müqayisədə bu gün 5 dəfə artıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına və Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına uyğun olaraq Qəbələnin 22 kəndində yeni məktəb binası tikilərək, şəhər 1 və 4 nömrəli, Çuxur Qəbələ, Nic qəsəbə 4 saylı, Zalam, Böyük Pirəlli və Çarxana kənd məktəbləri əsaslı təmir edilib, təhsil ocaqları ən müasir avadanlıqla təchiz edilib. Hazırda Nic qəsəbəsində 3 saylı məktəb üçün dövlət vəsaiti hesabına 360 yerlik, Heydər Əliyev Fondunun dəstəyi ilə 2 saylı məktəb üçün 400 yerlik yeni binaların inşası davam etdirilir. Rayonun 24 məktəbi qazanxanalar vasitəsilə qızdırılır. Rayonun 40 məktəbində kompyuter kabineti yaradılmışdır. Qəbələ məktəbliləri ümumilikdə 450 kompyuterdən istifadə edir və rayonda hər 25 şagirdə 1 kompyuter düşür. Bütün bunlar dövlət, eləcə də, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın orta ümumtəhsil məktəblərinə olan diqqətinin təzahürüdür.

Fondun dəstəyi ilə təmir və abadlıq işləri davam etdirilir. Ümumtəhsil müəssisələri müasir avadanlıqla, kompyuterlərlə təmin olunurlar. Bu sırada olan rayonlardan Ağsuda da son beş ildə 15 yeni məktəb binası istifadəyə verilib. Bu təhsil ocaqlarının 9-u Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib.

Azərbaycanın sürətli iqtisadi inkişafı, çiçəklənməsi onun təhsilin keyfiyyət və məzmunca yeniləşməsinə təsirini göstərir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın bilavasitə diqqəti və qayğısı sayəsində ölkəmizdə yeni təhsil ocaqlarının istifadəyə verilməsi artıq ənənəyə çevrilib. Fondun dəstəyi ilə inşa olunmuş, ən müasir tələblərə cavab verən məktəblər müasir avadanlıqlarla təchiz olunmaqla yanaşı,  istilik sistemi ilə təchiz edilir, məktəbin həyətyanı sahəsində abadlıq işləri aparılır, futbol meydançaları da inşa edilir.

Heydər Əliyev Fondu tərəfindən reallaşan proqram və layihələr nəticəsində Azərbaycanın təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu yeniləşmə və nailiyyətlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidmətlərinin təcəssümüdür.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 17 avqust.- S. 3.