Dünyanı fəth
edən Azərbaycan müğənnisi
Azərbaycan musiqi sənətinin böyük sənətkarı, estradamızın, opera sənətimizin əvəzsiz və qeyri-adi ifaçısı Müslüm Maqomayev bir ömrün qatarında məxsusi həyat sürərək, adını əbədiləşdirdi. Nəsillərə örnək ola biləcək ömür yaşadı. Çoxlarına nəsib olmayan səhnə həyatını dünyanın mötəbər səhnələrində bölüşdü.
Hələ SSRİ dövründə yüksək və ağlasığmaz uğurlara nail oldu. Musiqi sənətində bəstəkar Müslüm Maqomayevin fitri yaradıcılıq istedadı özünü bir nəsildən sonra nəvəsi Müslüm Maqomayev simasında, bu dəfə təkrarsız müğənni kimi əks etdirdi. Babası, görkəmli bəstəkar Müslüm Maqomayev Ü.Hacıbəyli ilə birlikdə, öz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Onun musiqi sənəti yolunda qazandığı uğurların əks-sədası nəsillərin yaddaşından silinməyəcəkdir. Onun nəvəsi Müslüm Maqomayev də böyük məsuliyyət hissi ilə musiqiyə yiyələnməyə başladı. Onun ən böyük arzularından biri o idi ki, babasının adını və soyadını nəinki ləyaqətlə daşısın, həm də bu adı yüksəkliklərə qaldırsın. O, buna nail oldu... Lakin müğənni kimi.
Müslüm Maqomayev səsinin qüdrəti, gözəlliyi ilə hamını valeh edirdi. Səsinin geniş diapazonu ona vokal sənətinin müxtəlif sahələrində müvəffəqiyyətlə sınaqdan keçməyə imkan verirdi. Opera, kino, estrada və s. sahələrdə o özünü bacarıqlı bir sənətkar kimi göstərə bildi. Estrada janrı isə Müslüm Maqomayevin yaradıcılığında daimi yerlərdən birini tutur. Bu janr vasitəsilə o, musiqisevənlərin və geniş kütlənin ürəyinə yol tapmış və öz oxuma tərzinin təkrarsızlığını dəfələrlə təsdiqləmişdir.
Tərcümeyi-halı, sənət cığırları bu sima ətrafında bizlərə çox məqamları xatırladır. Uşaqlıq və gənclik dövrümüzün mənalı, zövqlü dünyasında Müslüm Maqomayev səsinin ecazkarlığı, payladığı-aşıladığı dünyəvi, bəşəri hisslərin öz yeri var. Müslüm Maqomayev Azərbaycanda dünyaya gəlsə də dünyanının qəbul etdiyi sənətkar oldu. Dünya ilə məsafələri səsində yaxınlaşdırdı, birləşdirdi. Bu gün belə bir sənətkarın doğum günüdür. Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk səhnə həyatı 14 yaşında ikən dənizçilər klubunda olan çıxışı ilə bağlıdır. Bu sənət yolu çox keçmədən onu Azərbaycandan uzaq məsafələrdə sənət nümayiş etdirməyə sövq edir. 19 yaşında Helsinkidə gənclər festivalında uğur qazanır. Bu, onun ilk rəsmi uğuru idi. Maestro Niyazinin tövsiyəsi ilə festivala göndərilən Müslüm Bakıya medalla qayıdır. Bu nailiyyətdən sonra populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edir.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçir. Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşir və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olur. Beləliklə, Müslüm Bakıya əsil Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.
1966-cı ildə Parisin
“Olimpiya” konsert salonunda ilk konsertini verib.
Müslüm Maqomayevin hələ
gənc yaşlarından
musiqiyə, piano ifaçılığına
olan marağı Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki
10-illik musiqi təmayüllü
məktəbdə özünü
büruzə verdi. Rossininin “Sevilya bərbəri”
operasından Fiqaronun ariyasını o, ilk dəfə
müvəffəqiyyətlə konservatoriyanın böyük
zalında ifa edir. Çıxışdan sonra Müslüm
Maqomayevin vokal sahədəki professional karyerası
yüksəlməyə başladı.
Sonrakı illərin hadisələri
onun vokal ifaçılıq fəaliyyətini
İtaliya və Moskva şəhərləri
ilə bağlayır.
Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan
dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir,
tembri zənginləşirdi.
1969-cu ildə Sopotda keçirilən
Beynəlxalq Mahnı Festivalında mükafat qazanır.
1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik
Orkestri”nin bədii rəhbəri təyin edilir. Bu orkestrlə Sovet
İttifaqının bir
sıra şəhərləri
ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verir. 1970-ci illərdən
həyatını estrada ilə bağlayır və görünməmiş populyarlıq
qazanır. Keçmiş SSRİ-nin hər
yerində çıxışlar
edir, stadionlarda konsertlər verir, televiziya onun konsertlərinə geniş
yer ayırır, qrammofon valları böyük tirajla buraxılır.
Repertuarı hərtərəfli və
olduqca genişdir. Populyar mahnılarla
yanaşı, dünya
hitlərini, klassik əsərləri, kinolara
yazılmış mahnıları
məharətlə səsləndirib.
Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adi
olub. 1960-cı illərin ortalarında
SSRİ-də və bir sıra digər
ölkələrdə geniş
tanınır. Təsadüfi deyil ki, Böyük
Teatrın rəhbərliyi,
nəyin bahasına olursa-olsun, onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta
o yerə çatdı
ki, SSRİ mədəniyyət
naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.
Müslüm illərlə dinləyicilərin
sevgisini qorumağı
bacarmışdır.
Müslümün yaradıcılıq fəaliyyəti Moskva şəhərilə bağlı
olduğundan, öz xatirələrini bu sözlərlə başlayır:
“Azərbaycan mənim
atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız
təsəvvür etmirəm”.
Bu sözləri onun həmvətənlərinə isti,
səmimi münasibətində
özünü aydın
büruzə verir - imkansızlara əl uzatmaq, istedadlılara yol açmaq və bununla yanaşı, çalışıb
kölgədə qalmamaq
və s. bu kimi keyfiyyətlər onun əsil-nəcabətindən
xəbər verir.
Müslümün fitri istedadı Moskvada çiçəklənməyə
başladı və öz bəhrəsini bir sıra mahnıların
ifasında gördü. Moskvanın görkəmli
bəstəkar-nəğməkarları Müslümün səsinə
uyğun olan xüsusi mahnılar bəstələməyə başladılar.
Bunların sırasında
“Buhenvald harayı”, “Ruslar müharibə istəyirmi?” mahnıları,
rus xalq mahnılarından “Piter boyunca”, “Mənim atlarım”, italyan mahnılarından “Luçiya”,
“Sorrento” və s. xüsusi
yer tutur. Bununla yanaşı, onun repertuarından Azərbaycan
mövzusu əksilmir.
Bu, həm Ü.Hacıbəylinin
iki romansı - “Sənsiz”, “Sevgili canan”, həm də babası M.Maqomayevin “Şah İsmayıl” operasından
Şah İsmayılın
ariyasıdır. Ənənəyə sadiq qalaraq, Müslüm Maqomayev öz bacarığını
bəstəkarlıq sahəsində
də müvəffəqiyyətlə
sınayır. Bəstələdiyi mahnıların sırasında
“Ey əziz anam, Azərbaycan!” öz layiqli yerini tutur. Konsertlərinin əvvəlində və sonunda, o daima bu mahnını
qüvvətli səslə
və qüdrət hissilə ifa edirdi, bu da
dinləyicilərdə böyük
qürur doğururdu.
Sovet İttifaqının mərkəzi
televiziyası bir müddət öz verilişlərini Müslüm
Maqomayevin melodiyası
ilə tamamlayırdı,
bu da adi
bir şey deyildi. Bu ondan
irəli gəlir ki, Müslüm Maqomayev istedadı öz parlaq çağlarını yaşayır.
Sovetlər Birliyinin hər
bir yerində ona alqış söyləyirdilər, sanki
əlləri üstündə
gəzdirirdilər. Özünəməxsus oxuma üslubu onu çox müğənnilərdən fərqləndirirdi.
O, eyni səviyyədə
həm opera ariyalarını,
həm də estrada mahnılarını
ifa edirdi. Xüsusilə, müasir ritmik
caz üslubunda yazılan mahnılar hamını heyran edirdi. Xüsusən, 60-70-ci illərdə beynəlxalq siyasi aləmdə SSRİ-nin Qərb ölkələrilə
dostluq və mehribançılıq münasibətlərinin
ilk çağlarında Müslüm
Maqomayev öz səhnə ustalığı
ilə bu dostluğa inam gətirdi. Dünyanın elə bir ölkəsi yox idi ki, o, orada
çıxış etməsin.
Dünya
şöhrətli Müslüm
doğma vətənini
bir an unutmurdı.
O dönə-dönə Azərbaycana
gəlirdi. Müslüm Maqomayevin Azərbaycanla
yaradıcılıq münasibətləri
özünü təkcə
estrada-konsert fəaliyyətində
göstərmirdi, o, həm
də 80-ci illərdə
kinoda ölməz Nizami rolunda çəkilməyə təkliflər
alır və onları qəbul edirdi. Dərin məzmunlu Nizami
obrazını Müslüm
Maqomayev böyük məharətlə oynayır.
Onun ifasında Nizami canlı və inandırıcıdır. Babası Müslüm Maqomayevin yaratdığı tarixi Şah İsmayıl obrazını operada canlandırdığı kimi,
nəvəsi bu dəfə öz ifasında Nizami obrazını kinofilmdə
əbədiləşdirdi. Belə obrazların həyatını
səhnədə yaşatmaq
bir növ öz həyatına kənardan baxmaq deməkdir.
Onun müəllifi
olduğu kitablar da var. “Dahi Lansa”
kitabını məşhur
italyan mənşəli
Amerika müğənnisi
Mario Lansaya həsr etmiş Müslüm, ömrünün bütün
çağlarında məşhur
tenora qibtə edib. Sanki onun simasında özünü
görüb. Mario Lansa
da Müslüm kimi gah opera teatrında, gah estrada səhnəsində,
gah da kinofilmlərdə
çıxışlar etmişdir.
Hələ İtaliyada oxuyarkən,
o, Mario Lansa haqqında
olan fotoarxiv materiallarını, tarixi faktları, musiqi fonotekasını toplamağa
başlamışdı və
bu işi Amerikaya qastrol səfərlərinə gələrkən
davam etdirirdi.
“Mənim məhəbbətim
melodiya” adlı kitab da həmin
illərə təsadüf
edir. Bu kitabda o özü barədə düşüncələrini, uşaqlıq
dövründən başlayaraq
yetkin, hərtərəfli
zəngin həyat yolu keçmiş bir insanın yaşadığı mühiti,
onu əhatə edən adamları - dövlət başçılarından
tutmuş adi insanlara qədər bir sıra şəxsiyyətlərin
simasında təsvir edir. Baş vermiş hadisələr, görüşlər, dünya
şöhrətini çiynində
daşımaq məsuliyyəti
və s. kimi maraqlı faktlarla yanaşı, oxucunun gözləri qarşısında
Müslümün bütün
həyat və yaradıcılıq yolu gəlib keçir. Onun simasında biz gözəl
insan, istedadlı şəxsiyyət və dünya şöhrətini
qazanmış müğənnini,
ən əsas isə - vətənpərvər
insan, əsil azərbaycanlını görürük.
Dövlət
tərəfindən Müslüm Maqomayevin
yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib.
Ən yüksək ad və ordenlərə layiq
görülüb. Azərbaycan Respublikasının xalq artisti,
SSRİ xalq artisti, “Xalqlar Dostluğu”, “Şöhrət” və
“İstiqlal” ordenləri. Bütün bunlar Müslüm
Maqomayev sənətinin layiqli qiyməti və dünyaca məşhurluğunun
nəticəsi idi.
Səs.- 2011.- 17 avqust.- S. 12.