Dövlətin hüquqi aspektləri
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin iqtisadi həyatında köklü dəyişikliklər baş verib, bazar münasibətləri sürətlə inkişaf etməyə başlayıb. Bununla da ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün geniş imkanlar yaradılıb. Eyni zamanda, bu imkanların yaradılması prizmasından baxsaq, burada ölkə sahibkarlarının hansı hüquqa malik olmalarını bu gün vətəndaşlarımız ölkənin bütün regionlarında - istər şəhərdə, Azərbaycan görərik.
Belə ki, ölkə iqtisadiyyatında mühüm rol oynayan sahibkarlıq tendesiyasında onlara yaradılmış şərait də xüsusi rol oynayır. İstər kəndlərdə, istərsə də şəhərlərdə fəaliyyət göstərən biznes adamları öz əmlaklarından və digər şəxsi imkanlarından istifadə edərək, sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bu fəaliyyət növü zaman keçdikcə inkişaf edir. Hazırda ölkə əhalisinin böyük bir hissəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, Azərbaycan iqtisadiyyatının yüksəldilməsi fonunda önəmli rol oynayır.
Sahibkarların mülki
hüquqları
Dövlət
səviyyəsində sahibkarlara göstərilən
qayğı öz bəhrəsini verməkdədir. Buna
sübut kimi sahibkarlığın sürətlə
inkişaf etməsini və bu sahədə qazanılan
uğurları göstərmək olar. Sahibkarlıqla məşğul
olanlar digər şəxslərlə mülki hüquq
münasibətləri qururlar. Bu isə, o deməkdir ki, onlar
kimlərinsə qarşısında, yaxud da kimlərsə
onların qarşısında öhdəlik götürməli
olur. Bu öhdəliklərin vaxtında və vicdanla yerinə
yetirilməsi sahibkarlar üçün xüsusi əhəmiyyət
daşıyır. Çünki hər bir şəxs
sahibkarlıq fəaliyyətini öz əmlakı hesabına
və müəyyən risklə həyata keçirir. Bəzən
öhdəliklərin lazımi səviyyədə və ya
vaxtında icra edilməməsi aylarla, hətta illərlə
davam edən məhkəmə mübahisələrinə səbəb
olur. Bu baxımdan, öhdəliklər və onların
icrası barədə vətəndaşlarımızın, o
cümlədən, sahibkarların müəyyən qədər
məlumatlı olması çox önəmlidir.
Öhdəlik
hüququ mülki qanunvericiliyin ən böyük sahələrindən
biridir. Bu hüquq əmlaka mülkiyyət hüququ əldə
edilməsi, onun istifadəyə verilməsi, vətəndaşların
yaşayış və qeyri-yaşayış sahələrinə
tələbatlarının ödənilməsi, yük, sərnişin
daşımaları, xidmətlər göstərilməsi,
insanların maddi təlabatının ödənilməsi ilə
əlaqədar bir çox ictimai münasibətləri
nizamalayır. Öhdəlik hüququ ilə nizamlanan
çoxsaylı münasibətlər iqtisadi dövriyyəyə
daxildir. Ümumiyyətlə, iqtisadi dövriyyədəki
bütün münasibətlər bu və ya digər dərəcədə
maddi nemətlərin - əmlak, pul, işlərin yerinə
yetirilməsi və xidmətlərin göstərilməsi
formasında yerini dəyişməsi ilə əlaqədardır.
Məsələn, alqı-satqı müqaviləsi üzrə
satıcının mülkiyyətində olan əmlak
alıcının mülkiyyətinə keçir. Bundan
başqa, təcrübədə daha çox bağlanılan
müqavilələrdən biri kimi podrat müqaviləsinə
əsasən podratçı üzərinə düşən
işləri yerinə yetirməyi, sifarişçi isə
buna görə razılaşdırılmış haqqı
ödəməyi öhdəsinə götürür. Amma
bununla belə maddi nemətlərin hər cür yer dəyişməsi
ilə bağlı olan münasibətlər iqtisadi dövriyyəyə
daxil edilə bilməz. Belə ki, ev təsərrüfatı
sahəsində maddi nemətlər bir ailə
üzvünün adından digərinin adına keçə
bilər. Lakin maddi nemətlərin belə yerdəyişməsi
nəticəsində iqtisadi dövriyyəyə daxil olan
münasibətlər əmələ gəlmir.
Öhdəlik
hüquqlarının normaları
İqdisadi
dövriyyəyə daxil olan münasibətlərin öhdəlik
hüquq normaları ilə nizama salınması nəticəsində
öhdəlik hüquq münasibətləri yaranır.
Mülki hüquqda isə öhdəlik hüquq münasibətləri
“öhdəliklər” kimi qəbul edilir. Öhdəliklərlə
mülkiyyət hüquq münasibətləri bir-biri ilə
sıx bağlıdır. Mülkiyyətçinin öz əmlakı
üzərində sərəncam hüququnu həyata
keçirməsi ilə öhdəlik hüquq münasibətləri
əmələ gəlir. Öhdəliyin icrası isə bir
çox hallarda mülkiyyət hüquq münasibətlərinin
əmələ gəlməsinə səbəb olur. Məsələn,
mülkiyyətçi sərəncam hüququnu həyata
keçirərək, alqı-satqı müqaviləsi
bağlayır ki, bunun da nəticəsində satıcı ilə
alıcı arasında öhdəlik yaranır. Alıcı həmin
müqavilədən əmələ gələn öhdəlik
üzrə əmlakı qəbul edərək, onun mülkiyyətçisinə
və eyni zamanda, mülkiyyət hüquq münasibətlərinin
iştirakçısına çevrilir.
Bununla
yanaşı, mülkiyyət hüquq münasibətləri
ilə öhdəlik arasında əhəmiyyətli fərq
var. Mülkiyyət hüquq münasibətləri maddi nemətlərin
əldə olunması ilə yaranır və mütləq
xarakter daşıyır. Öhdəliklər isə maddi nemətlərin
bir şəxsdən digər şəxsə keçməsi
ilə yaranır. Ona görə də öhdəliklər bu
prosesdə iştirak edən subyektlər tərəfindən
müəyyən olunur. Öhdəlik iştirakçı
olmayanlar, yəni üçüncü şəxslər
üçün vəzifələr yaratmır. Məsələn,
alqı-satqı üzrə öhdəlik, konkret olaraq,
satıcı və alıcı arasında yaranır. Ancaq
qanunvericilikdə, başqa hüquqi aktlarda və ya tərəflərin
razılığı ilə öhdəliklərin bir tərəfinə
və ya hər iki tərəfinə qarşı münasibətdə
üçüncü şəxs üçün hüquq
yarana bilər. Başqa hüquq münasibətlərində
olduğu kimi öhdəlik hüquq münasibətlərində
də iki və ya çox tərəf iştirak edir. Maddi nemətlərin
dövriyyəsi aktiv hərəkətlərdən ibarət
olduğu üçün öhdəlik hüquq münasibətlərində
bir tərəf öhdəliyin icrasını tələb etməyə
səlahiyyətli olduğu halda, digər tərəf onu icra
etməyə borclu olur. Deməli, burada hər iki tərəf
aktiv hərəkətlər edir. Misalçün, icarə
müqaviləsi üzrə əmlakını icarəyə
verən tərəf müəyyən edilmiş müddət
başa çatdıqda, icarəyə verdiyi əmlakı tələb
edib almaq hüququna malikdir, icarəçi isə icarəyə
götürdüyü əmlakı vaxtında qaytarmağa
borcludur.
Bir
sözlə, öhdəlik dedikdə iqtisadi dövriyyənin
iştirakçıları olan şəxslər arasında
yaranan elə hüquq münasibətləri başa
düşülür ki, bu zaman bir şəxs digər şəxsin
tələbi ilə onun xeyrinə müəyyən hərəkətlər
etməyə (əmlak və ya pul verməyə, iş yerinə
yetirməyə, xidmətlər göstərməyə və
s.) borclu olur.
Öhdəlik anlayışında
qarşılıqlı münasibətlərin tənzimlənməsi
Mülki
Məcəllədə öhdəlik anlayışı konkret
göstərilib. Sözügedən məcəlləyə
görə bir şəxs (borclu) başqa şəxsin
(kreditorun) xeyirinə müəyyən hərəkəti etməlidir,
məsələn, pul ödəməli, əmlak verməli, iş
görməli, xidmətlər göstərməli və ya
müəyyən hərəkətlər etməkdən
çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin
icrasını tələb etmək hüququ var. Öhdəliklər
dövlət və yerli özünüidarə
orqanlarının qəbul etdiyi aktlardan, ziyan vurmadan, əsassız
varlanmadan və qanunvericilikdə nəzərdə tutulmuş
digər hallardan əmələ gələ bilər. Bunlar
istisna olmaqla, öhdəliklərin əmələ gəlməsi
üçün tərəflər arasında müqavilə
bağlanmalıdır. Müqavilələr əqd kimi,
yazılı formada bağlandığı kimi, şifahi
formada da bağlana bilər. Qanunvericiliyə görə fiziki
şəxslərin öz aralarında şərti maliyyə
vahidinin 50 mislindən az məbləğdə
bağladıqları müqavilələrdə iradələrini
şifahi formada ifadə etmələri mümkündür. Sərnişinin
avtobus sürücüsü, yaxud hansısa şəxsin mal
alması ilə əlaqədar mağaza satıcısı ilə
bağladığı müqavilələri buna misal göstərmək
olar. Deməli, bir çox öhdəliklər şifahi formada
bağlanan müqavilələrdən əmələ gəlir.
Ancaq bütün hallarda öhdəliyin icrası tərəflərin
şərtləşdiyi vaxtda və qaydada həyata
keçirilməlidir. Təbiidir ki, bu şərtlər də
digər mühüm şərtlər kimi müqavilədə
öz əksini tapmalıdır. Bundan başqa, öhdəliyin
icrasının təmin edilməsi məqsədilə
müqavilənin bağlanmasının Mülki Məcəllə
ilə müəyyən edilmiş formasına ciddi əməl
olunmalıdır. Əks halda, bağlanmış müqavilə
etibarsız hesab edilə bilər. Həm də nəzərə
alınmalıdır ki, əqddən əmələ gələn
hüquqların dövlət qeydiyyatına alınmasında
da qanunvericiliyin tələblərinə əməl edilməlidir.
Mülki Məcəlləyə əsasən, əqddən irəli
gələn hüquqların dövlət qeydiyyatına alınması
tələblərinə riayət edilməməsi onun
etibarsızlığına səbəb olur. Bu cür əqd
etibarsız sayılır.
Təcrübə
göstərir ki, bəzən dövlət qeydiyyatına
alınmalı olan əmlakın özgəninkiləşdirilməsi
ilə bağlı müqavilələr notariat qaydasında təsdiq
olunduqdan sonra aylarla, hətta illərlə daşınmaz əmlakın
dövlət qeydiyyatını aparan orqana təqdim edilmir. Bu,
o deməkdir ki, həmin əmlak özgəninkiləşdirilməsinə
baxmayaraq, əvvəlki mülkiyyətçinin adında
qeydiyyatda qalmış olur. Bu isə əmlakın
keçmiş mülkiyyətçisi və ya onu əldə
edən şəxs üçün çox vaxt problemlər
yaradır, bəzən də uzun müddət davam edən məhkəmə
mübahisələrinə gətirib çıxarır.
Qanunvericiliyə uyğun olaraq əmlak üzərində
yaranmış hüquqların qeydə alınması
üçün daşınmaz əmlaka dair əqdlər
notariat qaydasında təsdiqləndikdən sonra iki gün
müddətində digər zəruri sənədlərlə
birlikdə daşınmaz əmlakın dövlət reyestrinə
təqdim edilməlidir.
Öhdəlik
münasibətlərinin iştirakçıları hüquq
və vəzifələrini həyata keçirərkən
vicdanlılıq prinsiplərinin tələblərinə əməl
etməli, müqavilənin şərtlərini pozmamalı və
məhkəmə mübahisələrinə səbəb ola
biləcək hərəkətlərə yol verməməlidirlər.
Amma bununla belə, təcrübədə öhdəliyin icra
edilməməsi hallarına da rast gəlinir. Bu, o deməkdir
ki, öhdəliyin icrası pozulur və ya lazımınca icra
edilmir. Nəticədə, xeyirinə öhdəlik icra
olunmalı şəxsə zərər dəyir. Sözsüz
ki, dəymiş zərər də borclu tərəfindən
ödənilməlidir. Çünki o, öhdəliyin
vaxtında və lazımınca icra olunmasına görə
cavabdehdir. Öhdəliklərin əmələ gəlməsinə
əsas olan müqavilələr bağlanarkən şərtləşdirilmiş
qaydada onun icrasının təmin edilməsi üçün
yuxarıda göstərilən üsullardan istifadə olunur.
Son on ilin notariat təcrübəsi göstərir ki, bu
üsullardan ən çox istifadə olunanı ipoteka (girov)
müqavilələridir.
Təcrübələr nəyi
göstərir?
Bəzən
təcrübədə ipoteka ilə girovu eyniləşdirirlər.
Amma onlar bir-birindən əhəmiyyətli dərəcədə
fərqlənir. Mülki Məcəllədə ipoteka ilə
girov anlayışları verilib. Həmin məcəllədə
göstərilir ki, ipoteka daşınmaz əşyalara, habelə,
rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara
əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
Girov isə daşınar əşyalara (ipoteka obyekti olan
daşınar əşyalardan başqa) əşya
hüquqlarının məhdudlaşdırılması deməkdir.
Müqavilədən
əmələ gələn öhdəlik borclunun kreditor qarşısında
onun xeyirinə icra etməli olduğu əsas öhdəliyidir.
Lakin girov və ya ipoteka müqavilələrindən əmələ
gələn öhdəlik ipoteka (girov) qoyanın ipoteka (girov)
saxlayan qarşısında əsas öhdəliyinin
icrasının təmin edilməsi üçün əlavə
öhdəliyidir. Bu öhdəliyə bəzən aksessor
öhdəlik də deyilir. Onu da bilmək lazımdır ki, əmlakı
girov və ipoteka qoyan şəxs onun mülkiyyətçisi
olmalıdır. Borclunun xeyirinə üçüncü
şəxslər də əmlakını girov və ya ipoteka
qoya bilər. Həmçinin, nəzərə
alınmalıdır ki, tərəflərin arzusundan
asılı olaraq girov müqaviləsi notariat qaydasında təsdiq
edilə bilər. Bu isə, o deməkdir ki, girov müqaviləsinin
notariat qaydasında təsdiqi mütləq deyil. Məsələn,
şəxsi istehlak üçün nəzərdə tutulan
daşınar əşyanın qısa müddətli kreditlərin
təmin edilməsi məqsədilə xüsusi icazə ilə
fəaliyyət göstərən lambardda girov qoyulması
haqqında müqavilə lambardın girov bileti verməsi ilə
rəsmiləşdirilir. Bu müqavilənin notariat
qaydasında təsdiqlənməsinə ehtiyac qalmır.
Qeyd
olunan aspektlərə diqqət yetirdikdə, dövlətin bu
sahədə yürütdüyü siyasətin nə qədər
əhəmiyyət daşıdığını
görürük və buna nəzər saldıqda, bir daha
sübut olunur ki, istər sadə vətəndaşların,
istərsə də sahibkarların hüquqları yetərincə
qorunur. Bu, həm də, ölkədə formalaşan demokratik
prinsiplər dəyərindəki biznes mühitinin
inkişafı deməkdir.
R. HÜSEYNOVA
Səs.- 2011.- 18 avqust.- S. 10.