MÜSTƏQİLLİK - 20
1993-cü
ildən başlayaraq, Azərbaycanın iqtisadi sahəsində
yeni qanunların qəbul olunması, Azərbaycanın iqtisadi
qanunlarının Avropa standartlarına
uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri
ölkəmizin, xalqımızın milli inkişafını
təmin etməklə bərabər, dünya ölkələri ilə sıx
inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına
çıxışı üçün əlverişli
imkanlar yaratdı.
Bazar
iqtisadiyyatının tənzimlənmə mexanizmləri və
iqtisadi subyektlərin fəaliyyətinə dövlət nəzarət
sisteminin gücləndirilməsi, milli iqtisadiyyatın
inkişafını sürətləndirdi. 1995-ci ildən
başlayaraq iqtisadiyyatın artım tempi hər il yüksəlməyə
başladı. 1996-cı ildə ümumi daxili məhsul istehsalının
artım tempi 1,5 faiz, 1997-ci ildə həmin rəqəm 5,8
faiz, 1998-ci ildə isə 10 faiz təşkil etdi. Sənayenin inkişafı ilə yanaşı, kənd
təsərrüfatında da yüksək inkişaf meyilləri
nəzərə çarpmağa başladı. Ulu Öndər
Heydər Əliyev milli sahibkarlığın inkişafına
xüsusi diqqət yetirir və yerli sahibkarların daha fəal
olması sayəsində bazar iqtisadiyyatının inkişafının sürətlənəcəyinə,
özəl bölmənin xüsusi çəkisinin
artacağına dərin inam bəsləyirdi. Ümummilli Lider
Heydər Əliyevin uzaqgörənliyi bir neçə ildən
sonra tamamilə öz təsdiqini tapdı. İqtisadiyyatın
real inkişaf templəri məhz özəl sektorun
payının artması, milli sahibkarlığın
aparıcı qüvvəyə çevrilməsi sayəsində
mümkün oldu. 1999-cu ilin dekabrında Azərbaycanın mənfəət
nefti ilə doldurulmuş ilk tankerinin dünya bazarlarına
çıxarılması isə respublikamızın
etibarlı maliyyə ehtiyatlarının
formalaşmasının əsasını qoydu. Bununla da, ölkəmizdə islahatların
dinamikliyini daha da artırmaq, irimiqyaslı layihələr həyata
keçirmək, əhalinin sosial yaşayışını
yaxşılaşdırmaq üçün davamlı və
etibarlı maliyyə ehtiyatları mənbəyi
formalaşdı. Azərbaycan hökuməti mənfəət
neftinin satışından daxil olan vəsaitlərin səmərəli
idarə edilməsini, həmin vəsaitlərin
prioritet sahələrin inkişafına və sosial-iqtisadi
baxımdan mühüm əhəmiyyət kəsb edən
layihələrin həyata keçirilməsinə yönəldilməsini
başlıca prioritetləri hesab etdiyini ilk gündən
atdığı addımlarla sübut etdi.
Sosial ədalət prinsipinin qorunması
1995-2003-cü illər ərzində
ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər
müşahidə olunmağa başladı. Məsələn,
1994-cü ildə minimum pensiya məbləği
təxminən 1 manat təşkil etdiyi halda, bu rəqəm
2003-cü ildə 20 manatı ötdü. Orta aylıq əmək
haqqı isə təxminən 5 dəfə artdı.
1995-2003-cü illər ərzində ümumi daxili məhsul 95
faiz, sənaye məhsulunun həcmi 25,7 faiz, kənd təsərrüfatı
istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin
gəlirləri 3 dəfə, ölkənin valyuta
ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4
dəfə, orta aylıq real əmək haqqı 5,1 dəfə
artdı. İnflyasiya səviyyəsi isə 2-3 faizə
endirildi. Büdcə gəlirləri 1995-ci ildə 500 milyon
manat olduğu halda, 2003-cü ildə 1,5 milyard manatı
ötdü. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri
1,5 milyard manat, xərcləri isə 1,7 milyard manat təşkil
etdi. Bu illər ərzində bütün maliyyə
mənbələri hesabına iqtisadiyyata yönəlmiş
investisiyaların ümumi həcmi 20 milyard ABŞ
dollarını keçdi. Ümumiyyətlə, iqtisadi və
sosial islahatlar həyata keçirilərkən, həm də
idarəetmə prosesi ilə sıx bağlı olur. İdarəetmənin
doğru, elmi və hərtərəfli həyata
keçirilməsini cəmiyyətin normal və sabit
inkişafının əsası hesab etmək olar. İnsanların
sosial vəziyyətinin inkişafı, onların yaşam tərzlərindəki
kəskin fərqlərin aradan qaldırılması isə
ancaq sosial ədalət prinsipinin idarəetmədə əsas
mövqe tutması ilə bərqərar ola bilər. Azərbaycanın iqtisadi inkişafında hər
zaman sosialyönümlülüyün gözlənilməsi
ilə əlaqədar olaraq görülən məqsədyönlü
tədbirlər hesabına ölkəmizdə beynəlxalq
standartlara uyğun sosial müdafiə modeli təşəkkül
tapıb. Hər bir ölkənin yüksək
inkişafa nail olmasında və cəmiyyətin idarə
olunmasında sosial ədalət və milli gəlirlərin ədalətli
bölgüsü prinsipi mühüm yer tutur. Sosial
ədalət, eyni zamanda, geniş sosial təminatlardır:
işlə təmin olunma, təhsil, mədəniyyət, tibbi
xidmət, mənzil əldə etmək, yaşlılara,
qadınlara, uşaqlara qayğı, gender bərabərliyi deməkdir.
Çünki sosial ədalət prinsipi insanların sosial rifah
halının yaxşılaşdırılması deməkdir.
Azərbaycan hökuməti bütün bu
komponentləri uğurla reallaşdırıb və yüksək
nəticələr əldə edib. İqtisadiyyatın
proporsional və balanslaşdırılmış
inkişafının təmin olunması, həmçinin,
effektivliyə doğru irəliləyişi, bazar
iqtisadiyyatının intensivləşdirilməsi, liberal
iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və
digər islahatlar əhalinin maddi və mənəvi
rifahının yüksəlməsinə, sosial ədalətin
bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər Ulu Öndər Heydər Əliyevin
layiqli davamçısı Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin başlıca hədəflərini təşkil
edib vəd Dövlət başçısının rəhbərliyi
ilə sosialyönümlü, diversifikasiya olunmuş milli
iqtisadiyyatın formalaşdırılması prosesində
mühüm uğurlara imza atılıb.
Liberal siyasətin təmin
olunması
Yeni inkişaf mərhələsi
isə Azərbaycanın iqtisadi modelinin tətbiq olunması
fonunda başlayıb. Ulu Öndər Heydər Əliyevin
əsasını qoyduğu inkişaf strategiyasını
zamanın tələblərinə cavab verən yeni
çalarlarla zənginləşdirərək uğurla davam
etdirən Prezident İlham Əliyev Azərbaycanın tamamilə
keçid iqtisadiyyatını arxada qoymasına nail olub.
Ölkə bşçısının qeyd etdiyi kimi, liberal
iqtisadiyyatın təmin olunması ölkəmizin dünya
birliyinə sıx inteqrasiyasını dərinləşdirir:
“Biz tam şəkildə bazar iqtisadiyyatına
keçmişik. Azərbaycan iqtisadiyyatı liberal
iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz
resurslarına güvənən, dünya birliyinə sürətlə
inteqrasiya edən iqtisadiyyatdır”.
Azərbaycanın
yeni iqtisadi modeli çoxşaxəli iqtisadiyyatın
inkişafına və innovativ iqtisadiyyatın möhkəmlənməsinə
əsaslanır. Bu modelin baza sütunları diversifikasiya siyasətinin
dərinləşdirilməsi nəticəsində iqtisadiyyatda
liberalizmin daha dərin xarakter almasından, innovasiyaların
iqtisadi idarəetmədə möhkəmlənməsindən
ibarətdir. Azərbaycan artıq XXI əsrin ikinci onilliyində
daha çox neftdən kənar sahələrin
inkişafını stimullaşdırmaqla yaxın illərdə
qeyri-neft sektorunun tarazlı inkişafını təmin etməyi
başlıca məqsəd hesab edir. Postneft mərhələsindən
sonra iqtisadiyyatda dominantlığın qeyri-neft sektoruna
keçəcəyi şübhəsizdir və artıq bunun təzahürləri
açıq şəkildə hiss olunur.
Tərəqqi modelində uğur xətti
Azərbaycanın
milli-iqtisadi inkişafı modeli vahid iqtisadi siyasət
strategiyasının fundamental prinsiplərinə əsaslanır.
Yeni iqtisadi təfəkkürün formalaşmasında və
yeni milli iqtisadiyyatın inkişafında Azərbaycan iqtisadi
modeli mükəmməlliyi ilə seçilir. Ölkəmizin
inkişaf modeli iqtisadi mahiyyətinə görə, həm də
sosiallığı ilə seçilir. Yəni bu modelin alt
qatı birbaşa sosialyönümlü liberal iqtisadiyyata
bağlıdır. Bu siyasət ictimai münasibətlərin
sosial ədalət ruhunda dəyişdirilməsinə, gəlirlərin
bərabərləşdirilməsinə, insanlar arasında
maddi bölgülərin istehlakında bərabərsizliyin
aradan qaldırılmasına və son nəticədə sosial
rifahın yüksəldilməsinə hesablanıb. Bu,
eyni zamanda, dövlətin iqtisadi gücünün
artımı əsasında yeni demokratik cəmiyyətinin
qurulmasına kömək edir. Yeni inkişaf
dövrünün iqtisadi tələbləri hazırda ölkəmizin
qarşısında tamamilə yeni iqtisadi meyarlar qoyur. XXI əsrin
ikinci onilliyində meydana çıxan siyasi-sosial, iqtisadi
islahatların dinamikası və yeni dövrün qlobal
çağırışları tamamilə müasir iqtisadi
modelə ehtiyac yaradır. Dövlət bunun üçün
mühüm qanun və məcəllələrə, hüquqi
aktlara dəyişiklik etməyi də islahatların əsas
komponentləri hesab edir. Hətta güclü dövlət,
iqtisadiyyatın inkişafı və yüksək rifah naminə
konstitusion dəyişikliklərin edilməsi də
labüddür. Bu mənada, 2009-cu ilin mart ayında ölkə
konstitusiyasına edilmiş dəyişiklikləri də
pozitiv demokratik islahatların və yeni iqtisadi modelin,
iqtisadiyyatın modernizasiyasının tələbləri kimi
səciyyələndirmək tam məntiqəuyğundur.
Bütün bunlar konstitusiyanın 12-ci maddəsinə
geniş şəkildə öz təsbitini tapıb: “Azərbaycan
Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin
təmin edilməsi dövlətin ali məqsədidir”.
Eləcə də,
konstitusiyanın 15-ci bəndindəki dəyişikliyin əsas
məzmunu sosialyönümlü iqtisadiyyatın təmin edilməsindən
ibarətdir: “Azərbaycan dövləti bazar münasibətləri
əsasında sosialyönümlü iqtisadiyyatın
inkişafına şərait yaradır”. Göründüyü
kimi, həm vətəndaşların layiqli həyat tərzinin
təmin edilməsi, həm də sosialyönümlü bazar
iqtisadiyyatı mexanizmlərinin genişləndirilməsi
modernləşmənin, zamanın tələbidir və
hökumət bu iqtisadi çağırışları
zamanın axarına uyğun ardıcıllıqla həyata
keçirmək əzmkarlığını nümayiş
etdirir.
Müstəqilliyin yeni inkişaf mərhələsi
Son
illər Prezident İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və
radikal islahatlar strategiyası sayəsində ölkəmizin
maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək
dayanıqlıq potensialı yaradılıb,
sahibkarlığa dövlət dəstəyi, real sektora
investisiya qoyuluşları artıb, manatın məzənnəsinin
sabitliyi qorunub saxlanılıb. Azərbaycanın perspektiv
uğurlarının yaxın onillikdə müşahidə
olunacağını beynəlxalq maliyyə institutları və
nüfuzlu təşkilatlar da açıq şəkildə bəyan
edir. Məsələn, BMT yanında
İnkişaf və Artım Komissiyasının son məruzəsində
qeyd olunur ki, “orta gəlirli ölkələr” qrupuna daxil olmaq
qısa müddətdə mümkün olmur. 1950-ci ildən
sonra belə bir inkişafa 13 ölkə nail olub. Azərbaycanın
tam imkanı vardır ki, bu statusu qazanan 14-cü dövlət
olsun. XXI əsrin ikinci onilliyini Azərbaycan üçün
siyasi, iqtisadi, sosial sahədə tamamilə yeni bir inkişaf mərhələsi
kimi qiymətləndirmək olar.
RÖVŞƏN RƏSULOV
Səs.- 2011.-
19 avqust.- S. 3.