İnsan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan dövlətinin apardığı siyasət

 

İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik  və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması həmişə bəşəriyyəti  düşündürən problemlərdəndir. Tarixə nəzər salsaq, hələ qədim Roma dövründə qanunun aliliyinin təmin edilməsi ilə yanaşı, hüquqi dövlətin digər mühüm əlaməti olan hakimiyyətin bölünməsi prinsipinin rüşeyiminə rast gəlirik. Həmin dövrün mütəfəkkirləri insanların qanun qarşısında bərabərliyini və şəxsiyyətin azadlıqlarını, ictimai həyatın hüquqi nizama salınmasını tələb edirdilər.

 

Qısa ekskursiya    

 

XVII-XVIII əsrlərdə yaşayıb-yaratmış, məhşur fransız mütəfəkkiri Ş.L.Monteskye hüquq elmlərinin  enksiklopediyası sayılan “Qanunların  ruhu haqqında” əsərində üç hakimiyyətin - qanunvericilik, icra və məhkəmə hakimiyyətinin bölgüsü modelini yaratdı. Ş.L.Monteskyeyə görə, azadlıqlar qanunlarla icazə verilən hər bir şeyi etmək  hüququndan ibarətdir. Bunlar nəinki hüquqi dövlət haqqında nəzəri biliklərin inkişafına böyük təkan verdi, habelə  qanunvericilikdə əks olunaraq, təcrübədə tətbiq edildi. Məsələn, ABŞ-ın 1787-ci il tarixli, Fransanın 1791, 1795, 1848-ci il  konstitusiyaları, Fransanın 26 avqust 1789-cu il tarixli “Vətəndaş və insan hüquqları Bəyənnaməsi” hakimiyyətin  bölünməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində qanunvericilik tarixinin uğurlu  addımlarıdır.

Hüquqi dövlət bir ideya, elm, nəzəriyyə, siyasi konsepsiya və praktika kimi bəşəriyyətin azadlıq, ədalət uğrunda mübarizəsi nəticəsində əldə etdiyi  nailiyyətlərin ən mühümüdür. Məhz hüquqi dövlət şəraitində əsas insan və vətəndaş hüquqları və azadlıqları, hamının qanun və məhkəmə qarşısında bərabərliyi vətəndaş cəmiyyətinin  bərqərar olunması təmin edilə bilər.

 

Dövlət və hüquq sisteminin təşkilinin əsasları

 

Bunları həyata keçirməyi qarşısına məqsəd qoyan Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra sovet məkanında uzun müddət yaşayan  Azərbaycan xalqı özünün çoxəsirlik dövlətçilik ənənələrini davam etdirərək, 18 oktyabr 1991-ci ildə qəbul etdiyi “Dövlət Müstəqilliyi haqqında Konstitusiya  aktı” ilə dövlətimizi rəsmi olaraq ADR-in varisi və müstəqil  respublika elan etdi. Konstitusiya aktı xalqın öz gələcək inkişafını və müqəddəratını həll edəcək məramnamə qismində çıxış etsə də, ictimai münasibətlərin  prinsiplərini, dövlət və hüquq sisteminin təşkilinin əsaslarını, insan hüquq və azadlıqları sahəsində  dövlətin əsas siyasətini tənzimləyə bilməzdi. Bunun üçün birinci növbədə əsas Qanunun hazırlanıb referendum yolu ilə qəbul edilməsi həyati vacib vəzifə olaraq qalırdı. Lakin ölkədə hökm sürən hərc-mərclik, həmin vəzifəni yerinə yetirmək iqtidarında olmayan hakimiyyətin mövcudluğu xalqın qarşısında duran bu taleyüklü vəzifənin reallaşmasına imkan vermirdi.

Məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışından  sonra ölkədə siyasi sabitlik təmin olundu, zorakı dövlət çevrilişlərinin qarşısı alındı, qanunçuluq və hüquq qaydaları möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başladı. Ümummilli Liderimiz Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya layihəsini  hazırlayan komissiya yaradıldı. Ulu Öndərimizin rəhbərliyi ilə hazırlanan Konstitusiya layihəsi Azərbaycan xalqının müzakirəsinə verildi və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilərək 27 noyabr 1995-ci il tarixdən qüvvəyə mindi. Bu hadisə dövlətçiliyimizin möhkəmlənməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması istiqamətində çox mühüm  ictimai-siyasi hadisə kimi tarixə həkk olundu.

 

Dövlət səviyyəsində vətəndaşların hüquqi mühafizəsi

 

Ümummilli Liderimiz Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətini daha da yaxşılaşdırmaq, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin etmək və bu sahədə dövlət idarəçiliyini təkmilləşdirmək məqsədi ilə “cinayətkarlığa qarşı mübarizə və hüquq qaydalarının daha da möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli Sərəncam imzalamışdır. Cinayətkarlığa qarşı mübarizə sahəsində ilk təkmil sənəd olan bu Fərman proqram sənədi olmaqla bu gün də aktualdır. Ölkəni daim inkişafda görən Ulu Öndərimiz demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu daha da sürətləndirmək məqsədilə 21 fevral 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası yaradılması barədə qərar qəbul etmişdir. Həmin komissiyanın beynəlxalq ekspertlərin iştirakı ilə hazırladığı Avropa standartlarına uyğun cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəllənin, Mülki-Prosessual Məcəllənin layihələri, “Prokurorluq haqqında”, “Vəkillik haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, eləcə də, “Notariat haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin seçkiləri haqqında” və digər Qanun layihələrinin Milli Məclis tərəfindən qəbul edilməsi ilə milli qanunvericilik sistemimizin köklü şəkildə yeniləşdi və müasirləşdi.

 

Üçpilləli məhkəmə hakimiyyəti

 

Ölkəmizdə üçpilləli məhkəmə hakimiyyəti bərqərar olundu. Hakimlərin obyektiv və şəffaf prosedurlar, test üsulu ilə seçiminə başlanıldı. Bu baxımdan “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və digər qanunların  qəbulu  mühüm əhəmiyyətə malikdir. 22 fevral 1998-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətləri müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli Fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur.

Ulu Öndərimiz 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm cəzası Ümummilli Liderimizin təşəbbüsü ilə 1998-ci ildə ləğv edilmişdir. Bütövlükdə, Şərqdə ilk dəfə yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə  çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da  yüksəltmişdir.

2001-ci ilin 25 yanvarında Azərbaycan Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tam hüquqlu üzv qəbul edildi, bu da ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsinə, insan hüquq və azadlıqlarının maksimum müdafiəsi üçün çevik mexanizmlərin yaradılmasına, qanunun aliliyinin  təmin olunmasına təkan verdi. 29 dekabr 1998-ci il tarixdə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi”, 10 iyun 1997-ci ildə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, 11 iyun 1999-cı ildə “Vətəndaşların insan hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət edilməsi haqqında” qanunlar, 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)”, 24 dekabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin  tənzimlənməsi haqqında”  Konstitusiya  qanunlarının və s. qəbulu  insan insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan dövlət siyasətinin  tərkib hissələridir.

 

Təməli qoyulmuş kursun uğurlu davamı

 

Əsası Ulu Öndərimiz Heydər Əliyev  tərəfindən qoyulmuş  məhkəmə-hüquq islahatları, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ədalət mühakiməsinin hüquqi dövlət  və vətəndaş cəmiyyəti  quruculuğu prosesində rolunu nəzərə alaraq, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər və əlavələr haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlar qəbul edilmişdir. 19 yanvar 2006-cı il tarixdə Azərbaycan Rspublikasında  məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı Fərman imzalayan Prezident İlham Əliyev bəzi məhkəmə instansiyalarının fəaliyyəti ilə bağlı vətəndaşlarda narahatlıq doğuran məqamların aradan qaldırılması istiqamətində mühüm addım atmışdır. Həmin Fərmanla regionlarda apellyasiya və yeni iqtisad məhkəmələrinin yaradılması nəzərdə tutuldu. Bu da vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı qorunması, onların məhkəməyə müraciət etmək imkanlarının asanlaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı oldu.

 

Hüquq və azadlıqlarda dövlət siyasətinin təmini

 

İnsan hüquq və azadlıqlarının təmin edilməsində dövlət siyasətinin tərkib hissəsindən biri də korrupsiyaya qarşı mübarizədir. Bu məqsədlə ölkə Prezidenti “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair” Fərman imzalamış, Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul edilmişdir. Azərbaycan bu sahədə əsas beynəlxalq sənədlərə, insan hüquqları ilə bağlı 50-dən çox konvensiyaya qoşulmuşdur. Həmçinin, Azərbaycan 2006-cı ilin may ayında BMT-nin yeni yaradılmış  orqanı - İnsan hüquqları Şurasına üzv seçilmişdir. Bu hal Azərbaycan dövlətinin  insan hüquq və  azadlıqları sahəsində apardığı ardıcıl işin beynəlxalq əhəmiyyət kəsb etdiyini və imicinin artdığını bir daha təsdiqləyir.

 

Hüquqların qorunmasında Milli Fəaliyyət Planının töhfələri

 

Ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında  insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixdə imzaladığı Sərəncamda Azərbaycanın müasir inkişaf dövrünün hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi  müəyyən edilmişdir. Sərəncamda Azərbaycan Respublikasının məhkəmələrinə və baş prokurorluğuna tövsiyə edilmişdir ki, normativ-hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının mühafizəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarəti  gücləndirsinlər. Ölkə başçısı İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı 19 yanvar 2006-cı tarixli Fərmanından irəli gələn vəzifələrdən biri də cinayət mühakimə icraatında dövlət ittihamının müdafiəsi sahəsində təkmilləşdirmə aparılmasıdır. Bununla bağlı hazırda təxirəsalınmaz işlər görülür.

Beləliklə, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində aparılan siyasət ardıcıl, dönmədən, uğurla davam etdirilir. Bu sahədə əldə olunan nailiyyətlər dövlətimizin beynəlxalq nüfuzunun daha da artmasına səbəb olmuşdur.

 

 

R.HÜSEYNOVA

 

Səs.- 2011.- 19 avqust.- S. 7.