Azərbaycanda ictimai sektor anlamı - görünən və görünməyən tərəflər

 

Cəmiyyətdə bolluca yanlış, amma sümük kimi formalaşmış təsəvvürlər və anlamlar var ki, onlardan biri də, bilavasitə, qeyri-hökumət təşkilatları ilə bağlıdır. Nədənsə insanlarımız elə hesab edir ki, qeyri-hökumət təşkilatları, yəni QHT dediyimiz qurumlar Qərb sivilizasiyasının kəşfi olaraq müstəqilliyə qovuşandan sonra bizlərə az qala “sırıdılan” bir məsələdir. Ancaq əslində, belə deyil.

 

Tarixə qısa baxış

 

XVIII əsrin sonlarından tutmuş, XX əsrin 20-ci illərinədək Azərbaycanda onlarla indiki anlamda QHT adlandıra biləcəyimiz təşkilatlar, xeyriyyə və ianə cəmiyyətləri, pənah və dəstək vəqfləri, dərnəkləri fəaliyyət göstərirdi. Onların arasında ən böyüyü isə çar Rusiyasının bütün təzyiqlərinə rəğmən, imperiyanın müsəlmanlar yaşayan məkanlarında çalışan və ianələr hesabına fəaliyyət göstərən “Dar üş-Şəfaqə” idi. Azərbaycanda bu qurum 6 yerli təşkilat formasında işləyirdi ki, onların da son maliyyəçiləri Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyevlə Murtuza Muxtarov olmuşdular.

Cəmiyyətin sosial və iqtisadi problemlərini həll etməyə çalışan, təhsil və səhiyyədəki bərbad durumu aşmaqda vətəndaşlara yardımçılıq etmək istəyən, yüzlərlə istedadlı yeniyetməyə təhsil verməklə yanaşı, minlərlə insanın səhhətinin qayğısına qalan belə qurumlar, müasir dillə desək, Bakı zənginlərinin “qrant” formasında, məqsədli şəkildə ayırdıqları vəsaitlər hesabına çalışsalar da, onların şəbəkələnmə miqyası genişdir. Məsələn, Bakıdakı “Difai Məzluman” (“Məzlumların Müdafiəsi”) adlı qurum barədə indi çox az adamın məlumatı var. Halbuki sözügedən qurumun sıralarında 102 ianə və xeyriyyə cəmiyyəti, şurası, dəstəsi və dərnəyi, habelə, ayrı-ayrı fərdi ianəçilər və xeyriyyəçilər birləşmişdilər ki, onların belə təşkilatı ölkə ərazisində qeyri-dövlət təşkilatlarının ilk mütəşəkkil şurası sayıla bilər. Azərbaycanda fəaliyyət göstərmiş qeyri-hökumət və ya qeyri-dövlət təşkilatlarının ən böyük işləri arasında Bakıda realnı gimnaziyaları tikməyə milyonçuların sövq edilməsindən tutmuş, fəhlələrin iş şəraitinin yaxşılaşdırılması, onların səhiyyə və təhsil ocaqları ilə təminatı, hətta Bakıdakı mədənlərdən 4-də fəhlələrin asudə vaxtlarının təşkili üçün fəaliyyət də vardı. Bilən azdır, amma məhz Bakıdakı iki xeyriyyə təşkilatının bilavasitə təşəbbüsü ilə şəhərə Şollar su kəməri çəkilmişdi ki, həmin təşəbbüsü də reallaşdıran Hacı Zeynalabdin Tağıyev idi. Milyonçu özü bu barədə belə deyərdi: “Difai Məzluman”ın adamları yanıma gəlib mənə belə xeyirli və millət üçün sərfəli işin gərəkli olduğunu nəql etdilər. Dəxi mən də anladım ki, bu adamlar öz mənfəətlərini yox, nami-milləti və əhli-Bakının şəfaəti ilə himməti üçün çalışırlar ki, onlara da yardım etməmək xeyri millətdən gizlətmək olardı”.

 

Müasir zamanlarımızda QHT

 

Yuxarıda toxunduğumuz məqamlar, müəyyən mənada QHT tarixi də sayılar bilər ki, orada soydaşlarımızın və əcdadlarımızın xeyli ilginc işləri olmuşdu... Yazının elə bu yerindəcə, günümüzə dönək və ölkədəki qeyri-hökumət təşkilatlarının cari fəaliyyətinə nəzər salaq. Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bəhs etmədən gerçəkləşdirmək məntiqsiz olardı.

Təbii ki, istiqamətləndirilmiş layihələrə əsasən Azərbaycanın ümummilli maraqlarına xidmət edən proqramlar həyata keçirilir. Məsələn, ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərin dünya ictimaiyyətinə çatdırılması, bir milyondan artıq qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, Azərbaycanda gedən ictimai-siyasi, demokratik proseslərin dərinləşməsi bütövlükdə sosial sahədə, o cümlədən, səhiyyədə, ekoloji məsələlərin həllində, təhsil, elm və mədəniyyətin inkişafında QHT-lərin təşəbbüslərinin dəstəklənməsi öndə olub. Hər il o da bəlli olur  ki, yerli qeyri-hökumət təşkilatlarına xarici ölkələrdəki təşkilat, fond və strukturlardan xarici qrantlar almağa məhdudiyyətlər qoyulmur.  Dövlət Dəstəyi Şurasının əsasnaməsində də açıq qeyd olunur ki, dövlət tərəfindən verilən vəsait həmin təşkilatın xarici ölkələrdən və beynəlxaq qurumlardan aldığı vəsaitə hər hansı maneəçilik yaratmır və buna alternativ deyil. Sadəcə olaraq, bu vəsait ona görə önəmli və əhəmiyyətlidir ki, bunu dövlət ayırır. Yəni dövlət vətəndaş cəmiyyətinin, QHT-lərin inkişafına dəstək verir və əməkdaşlıq edir. Bu, həmçinin, QHT-lərin xarici donorlardan asılılığı məsələsinə də təsir göstərir və bu asılılığı azaldır. Təbii ki, növbəti illərdə dövlətin QHT-lərə daha böyük həcmdə vəsait ayıracağının şahidi olacağıq. Bu, çox vacib amil olmaqla yanaşı, qeyri-hökumət təşkialtaları ilə dövlət arasındakı münasibətlərin yeni müstəviyə gətirilməsi kimi də anlaşıla bilər. Yeni situasiyadan isə yalnız Azərbaycan ictimaiyyəti yararlanacaq.

 

Mühüm məqamların öncüllük təşkil etməsi

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bəhs edərkən bir neçə mühüm məqamı, ilk növbədə, Azərbaycanın Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasında bəhs etdiyimiz qurumun oynaya biləcəyi və artıq oynamağa başladığı roldan bəhs etməliyik. Bu gün cəmiyyətimizin inkişaf etməsində fəal iştirak edən vətəndaş cəmiyyəti institutları Azərbaycanın Avropaya inteqrasiya prosesində aktiv fəaliyyət göstərirlər. Çünki cəmiyyətimizin inkişafında gerçəkdən maraqlı olan bir qurum kimi Şuranın bu istiqamətdə apardığı işlər sürətləndirilməli, inkişaf etdirilməlidir.

Digər tərəfdən, Şura Azərbaycanın Avropaya inteqrasiya məsələsində QHT-lərə dəstək olmaqda yaxın gələcəkdə daha çox işlər görməyi də planlaşdırıb. Bu işi digər beynəlxalq donor təşkilatlarla əməkdaşılığı artırmaqla davam etdirməyi nəzərdə tutub. Avropa dəyərlərinin öyrənilməsi, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılması, eyni zamanda, Avropa təşkilatları ilə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi istiqamətində iş aparılır. Həmin fəaliyyət çərçivəsində ölkədə islahatların həyata keçirilməsində, cəmiyyətin demokratikləşməsində səylər artırılır. Buraya insan haqları, ədalətli mühakimə, demokratik islahatlar və s. fəaliyyətlər daxildir.

 

Donor və vətəndaş cəmiyyətindəki proseslərə baxış

 

Yaşanan prosesdə əsas diqqətin yönəldilməsi gərəkən sahə isə donorlarla vətəndaş cəmiyyətinin məhz Avropaya inteqrasiya prosesindəki fəaliyyətidir. Amma təəssüflər olsun ki, Azərbaycanın istəklərinə və niyyətinə rəğmən, Avropa Komissiyası hələ də əməkdaşlıq təkliflərinə müsbət cavab verməyib. Ona görə də Avropanın donor qurumları bu istiqamətdə Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarına daha çox diqqət ayırmalıdır. Təəssüf hissi ilə qeyd etməliyik ki, Avropa Komissiyasının Azərbaycan QHT-lərinə ayırdığı qrantlar haqqında geniş ictimaiyyətə çox az məlumat verilir. Halbuki şəffaflıq bütün təşkilatlar üçün prioritet olmalıdır. O da var ki, Avropa dəyərlərini mənimsəməkdə bu gün cəmiyyətdə heç də birmənalı fikir yoxdur. Hələ də bəzi insanlar hesab edirlər ki, biz Avropa dəyərlərini mənimsədikdə, öz dəyərlərmizdən uzaq düşəcəyik. Bu isə ondan xəbər verir ki, Avropaya inteqrasiya prosesində görüləsi hələ çox iş var. QHT-lərin də üzərinə bu istiqamətdə çox məsuliyyət düşür. Ona görə də, hesab edirik ki, cəmiyyətin inkişaf etməsi üçün demokratikləşmə, dünyaya inteqrasiya prosesində qeyri-hökumət təşkilatlarının istiqamətləndirici strukturu rolunu yerinə yetirən QHT-lərə Dövlət Dəstəyi Şurasının imkanları və səlahiyyətlər çərçivəsi daha da genişləndirilməlidir.

 

Üçüncü sektorda medianın rolu təsiri

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə üçüncü sektorun inkişafında medianın rolunun artırılması istiqamətində yetərincə konkret planlarını açıqlayıb həmin sahədə işlər görməkdədir. Ölkədəki qeyri-hökumət təşkilatlarının yerinə yetirdiyi layihələrin icra prosesinin mediada işıqlandırılması, QHT-lərin ictimai sektorun digər institutları ilə əməkdaşlığı, əfsuslar olsun ki, hələ normal səviyyədə deyil. Problemin həllində QHT fəaliyyətini işıqlandıran jurnalist şəbəkəsi mühüm rol oynaya bilər. Bu şəbəkə QHT-media əməkdaşlığının daha da inkişaf etməsinə öz töhfəsini verə biləcək QHT-lərimiz haqqında cəmiyyətin obyektiv informasiya ala biləcəyi vasitə ola bilər. Buna isə çox ciddi ehtiyac duyulur, çünki qeyri-hökumət təşkilatlarımızın fəaliyyəti barədə cəmiyyətimizdə hələ tam bilgi yoxdur. Bilgisizlik isə QHT-lər, xüsusilə ölkədə demokratik dəyərlərdən tutmuş, iqtisadi yüksəlişə qədər bir çox məqsədlər uğrunda çalışan təşkilatlar barədə yanlış təsəvvürlər, iddia gümanların yaranmasına səbəb olur ki, sadalanan halların istisnasız olaraq hamısı əsassız iddialardan başqa heç deyil.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 19 avqust.- S. 10.