Xaçmazda
xalça muzeyi
Hər xalqın mədəniyyət tarixində elə bir sənət sahəsi vardır ki, orada onun zəngin mənəvi aləmi əks olunmuş, xarakteri, intellekti, dünyagörüşü, estetikası və həyat fəlsəfəsinə xas olan köklü xüsusiyyətlər təcəssümünü tapmışdır. Azərbaycan xalqı üçün belə sənət növü xalçaçılıqdır.
Bu gün Azərbaycan xalçası yeni bir tarix yaşayır. Dövlət, millət, mədəniyyət o zaman ərsəyə gəlir ki, o dünya tarixinə daxil olur. Ötən ilin noyabrında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan xalça sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması bu sənətin qorunması və beynəlxalq miqyasda tanıdılması yönündə çox mühüm bir hadisədir. Sözü gedən hadisə 5 min illik tarixə malik olan Azərbaycan xalçasının respublika daxilində də inkişafı, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından qarşımızda ciddi məsələlər qoyur.
Bu baxımdan Azərbaycanın şimal-şərqində, özünəməxsus Quba xalçaçılıq məktəbinin mövcud olduğu regionda - Xaçmaz şəhərində Xalça Muzeyinin açılması olduqca əlamətdar bir hadisədir. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ekspozisiyasında muzeyin Quba xalçaçılıq məktəbinə məxsus unikal eksponatları nümayiş olunur. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyindən “Səs” qəzetinə verilən məlumata görə, bu xalçalar bölgənin tarixi və mədəniyyəti, o cümlədən, xalq sənəti haqqında ətraflı məlumatlar verir. Azərbaycanın şimal-şərqində yerləşən ərazi qədim zamanlardan sənətkarlıq mərkəzi olmuş və bu ənənə bu günə kimi davam etməkdədir. Xalçaçılıqla yanaşı burada misgərlik, duluzçuluq, zərgərlik, silah istehsalı da mövcud idi. Bu bölgə üç hissəyə - dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə - Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Xan, Salmasöyüd kəndlərində mərkəzləşmiş xalçaçılıq məntəqələrini aid etmək olar. Dağətəyi hissədə - Əmirxanlı, Əlixanlı, Xəlfələr, Gəndo, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqoba, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində mərkəzləşmiş xalçaçılıq məntəqələrini göstərmək olar.
Ovalıq hissədə isə xalça istehsalı Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı kəndlərində və Xaçmazda mərkəzləşib.
Bu məktəbə Dərbənd ərazisində toxunan xalçalar da daxildir. Belə xalça kompozisyalarından biri sənətşünaslar tərəfindən “Dərbənd” və ya “Dağıstan” adlandırılan “Köhnə Quba” xalçasıdır.
Quba məktəbinə məxsus xalçaların bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə olunmuş bitki, heyvan motivləri təşkil edir. Bu xalçaların ən parlaq kompozisiyaları “Qədim minarə”, “Qımıl”, “Alpan”, “Qollu-çiçi”, “Pirəbədil”, “Hacıqayıb”, “Quba”, “Qırız”, “Cek” və s. sayılır.
Xovlu xalçalarla yanaşı, burada xovsuz xalçalar da - “sumax”, “palaz” və xalça məmulatları geniş toxunulur.
Quba məktəbinə aid xalçalara Avropa rəssamlarının əsərlərində də rast gəlmək olar. Məsələn, Antonello de Messinanın “Müqəddəs Sebastyan” (1475 - 1476-cı illər) əsərində “Köhnə Quba” xalçası, Yan Van Eykin “Madonna Kanonika” (1436-cı il) əsərində “Zeyvə” xalçası təsvir olunmuşdur.
Bütün bu nümunələr
əhalinin gündəlik məişətdə istifadə
etdikləri məmulatlar olmaqla yanaşı, Azərbaycanın,
hətta dünyanın ən məşhur muzeylərində
saxlanılan təkrarsız incəsənət nümunələri
kimi xalqımızı və onun mədəniyyətini təmsil
edir.
Səs.- 2011.- 19 avqust.- S. 12.