Qələmə
dost olan ömür
Tanrının yaratdığı varlıqlar üçün dünyaya açılan qapı zamanın məsafəsində bir gün də qapanır. Bu məsafənin təqvim müddəti heç kəsə məlum olmayan bir zamandır.
Ömrünü sənətə, insanlığın qorunmasına həsr edən Mirvarid Dilbazi də bilmədən bu yolun axarında ömrünü sona vurmuşdur. Lal axan suları qələmi ilə dilləndirən şairə bir gün səssiz və soraqsız dünyanın əbədi qonağı oldu. Amma bu əbədi həyatı onu zamanın əbədiləşən simaları sırasında daxil etdi. Xatırlanan, hörmətlə yad olunan, fikirlərinə və görüşlərinə dəfələrlə müraciət olunan bir şəxsiyyət kimi bizlərə yaxın olaraq qaldı. Bu gün şairənin doğum günüdür. Gözəl, nurlu, dəyərli bir sima kimi tarixin təqviminə ismi yazıldı. 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olan şairə yaradıcılıq yolunun məsafəsində sənət irsinə də imza atdı ki, bu da onun əbədiyaşarlığına səbəb oldu. Mirvarid Dilbazinin tərcümeyi-halından oxuyuruq. O, Azərbaycan Pedaqoji Universitetinin dil və ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil almışdır. İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində çalışmışdır.
“Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə, o cümlədən, şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şeirləri dərc olunmuşdur. Göründüyü kimi, Böyük Vətən müharibəsi dövrünə qədər artıq kitabları çap olmuş, bir şairə həyatının sevincini yaşamaq ona gənclik dövrünün ilk onilliyində nəsib olmuşdur. Belə ki, şairənin yaradıcılıq dünyasının əksi olan kitabları onu oxuculara yaxınlaşdırdı. Mənəvi körpü yaratdı. Belə ki, Mirvarid Dilbazinin “Bizim səsimiz”, “İlk bahar” şeirlər kitabları oxucularla onu yaxınlaşdırdı. Zamanın siması yaradıcılıq yolu ilə birgə addımladığından şairə dövrlə mənəvi dünyasının sorğularını birləşdirib, bir-birindən məzmunlu olan əsərlərə müəllif olaraq imza atdı. Bu imza onun şəxsiyyətinin açarı olaraq xalqa təqdim olundu. Susmadı həyatın burulğanına, qəzəbinə, alov və atəşinə. Yazdıqca daxilindən alovanan o tüstü onu mənzərəli dünyanın dolanbac yollarına gətirib çıxardı. Sakit təbiəti zamanın mühakiməsində özü ilə bəzən barışa da bilmədi. Böyük Vətən müharibəsi illərində qələmin dayanmadan məhz o illərin diqtəsinin silahdaşına çevirdi. Müharibə mövzusuna həsr olunmuş kitabları bir-birinin ardınca oxucularla görüşə gəldi. Böyük Vətən müharibəsi illərində, bir çox sənətkarlarımızda olduğu kimi, Mirvarid Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. O, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə” poemalarının müəllifidir. “Döyüş mahnıları”, “Kamal”, “Ağarzayev”, “Neft”, “Vətən eşqi”, “Qoçaq ataların qoçaq övladlarına”, “Xatirələr”. Bu dövr onu yaradıcılıq nişanəsi tək yeni əsərlərin meydana çıxması ilə nəticələndi. Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə bir çox mahnı, romans və oratoriyalar bəstələmişlər.
Sonrakı dövrlərdə çap olunan kitabları “Sənətkarın xəyalı”,”Seçilmiş şeirlər”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Şeirlər”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı” və s. əsərləri çap olundu. Bu və ya digər əsərlərində şairənin daxili dünyasının həqiqətləri görünür, müxtəlif məzmunlu əsərləri ilə ətrafa səsi-sorağı yayıldı. Həyata, insanlığa laqeyd olmayan şairə vətənə bağlandı. Vətən sevgisini aşıladı. Onun səsindən neçə-neçə insanlar güc aldı. Xoşbəxtliyini əsərlərində tapdı. Şairə müsahibələrinin birində deyirdi:”Bu dünyada hərə bir şeylə xoşbəxt olur. Biri ev tikir, bununla xoşbəxt olur, biri evinin əşyalarını dəyişir, bununla fərəhlənir. Mənimsə ən böyük sevincim, fərəhim xalqımla görüşümdür. Qorxum nə yoxsulluqdandır, nə kasıbçılıqdan, nə də ölümdən. Ən çox qorxduğum şey xalqın ehtiramını itirməkdir. Kədərim isə ona görədir ki, ... yollarım bağlıdır, yəni özüm hakim, özüm məhbusam. Amma qocalığa boyun əymək də istəmirəm. Təəssüf, bu, qaçılmazdır. Uşaqlıqdan nikbinəm, baxmayaraq ki, həyatım iztirablı olub. Heç vaxt qələmlə dostluğumu pozmamışam. Qələm məni xalqa bağlayıb. Əgər bu yaşıma qədər xatirələrdə qalacaq bir iş görmüşəmsə, deməli, mən yaşamışam.” Mirvarid Dilbazi diqqətdə olan şairə idi. Onun irsi vərəqləndi, ətrafında fikirlər söylənildi. Ə.Əhmədova “Bu ellərə vurulmuşam”, B.Nəbiyev “Söz ürəkdən gələndə”, Z.Şahsevənli “Gözü yaşlı bənövşə” və s. əsərlər yazıldı.
Qeyd edək ki, o, tərcüməçilik də etmiş, Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuel Marşak, Sergey Mixalkov və b. şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini Azərbaycan dilinə çevirmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
Azərbaycan poeziyasında xidmətinə
görə, iki dəfə “Şərəf nişanı”
ordeni, “Qırmızı Əmək Bayrağı”,
“İstiqlal” ordenləri və medallarla təltif edilmişdir.
Səs.- 2011.- 19 avqust.- S. 12.