Azərbaycanın özü qədər əbədi

 

Allahın sevərək işığına yönəltdiyi insanlar elmə yiyələnməklə, vətəninə, xalqına və bütün dünyaya misilsiz xeyir verirlər. Həmin insanlar dünyalarını dəyişib əbədiyyətə qovuşandan sonra həyatda qoyduqları xeyirxah və ləyaqətli əməlləri ilə qədirbilənlər tərəfindən hörmət və ehtiramla yad edilir, xatırlanırlar. XX  əsrin fenomen şəxsiyyəti olan Heydər Əliyev müdrik lider kimi xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür.

 Respublikamızın son 20 ildə demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Xalqın qanı, canı, bahasına əldə olunmuş dövlət müstəqilliyi qorunub saxlanılmış, möhkəmləndirilmiş, Azərbaycan xaos və anarxiyadan davamlı inkişafa doğru böyük yol qət etmişdir. Tarix boyu bir çox məşhur sərkərdələr və dövlət xadimləri Azərbaycan torpaqlarını vahid dövlət bayrağı altında birləşdirmək, milli dövlət qurmaq istəsələr də, obyektiv və subyektiv səbəblərdən qarşıya qoyduqları müqəddəs məqsədə çata bilməmişlər. Ötən əsrin əvvəllərində 1918-ci il mayın 28-də Azərbaycan öz istiqlaliyyətini elan etmək imkanı yaratmışdır. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi bugünkü müstəqil ölkəmizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamında da göstərilir ki, respublikanın milli müstəqilliyi üçün hərtərəfli zəmin formalaşdırılması, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərindən respublikamızda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradan Ulu Öndər, məhz bu möhkəm bünövrə üzərində xalqın azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etmişdir. Həmin illərdə Heydər Əliyev xalqının hüquqlarını qoruyan, ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri daha qabarıq seçilir, Azərbaycan xalqı dahi liderin rəhbərliyi sayəsində yüksək iradə göstərməklə milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toplaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın həqiqi müstəqilliyinin təmin edilməsi üçün hər bir fərdin mənafeyinə cavab verən hüquqi islahatların aparılmasını da təmin etmişdir. Ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. “Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir”. Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlardan biri də cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatıdır.

“Hər bir insan üçün milli mənsubiyyəti onun qurur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyən Ulu Öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında səfərbər etmişdir. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanın inkişaf etmiş dünya  dövlətləri sırasında özünə layiqli yer tutduğunu, aparılmış mütərəqqi islahatlar nəticəsində hüquqi və sivil bir dövlətə çevrildiyini, qanunçuluğun, ictimai-siyasi sabitliyin bərqərar edildiyini faktlarla əsaslandırmışdır. Azərbaycan dövlətinin təşəkkülünə və möhkəmləndirilməsinə çox böyük töhfələr vermiş Heydər Əliyev elmə, mədəniyyətə, təhsilə çox böyük diqqət yetirmişdir. Elmi, mədəniyyəti, mənəviyyatı bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz. Xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərini qorunmağın yeganə, ən yaxşı yolu gənc nəslin təlim və tərbiyəsini düzgün qurmaqdır. Bu, indi Azərbaycan təhsil sisteminin qarşısında duran ən böyük vəzifədir. Təhsil hər bir millətin gələcəyidir və bu gələcəyi biz özümüz qururuq. Xalqın intellekt səviyyəsi nə qədər güclü olarsa, dövlət də o zaman daha güclü, qüdrətli olar. Görkəmli dövlət xadimi, dünya siyasətinin nəhəng simalarından biri, Azərbaycan xalqının lideri Heydər Əliyev ömrünü doğma vətəni - Azərbaycanın çiçəklənməsinə, inkişafına, müstəqil, demokratik, dövlət kimi beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmasına sərf etmişdir. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü Heydər Əliyev adı ilə bağlıdır. Onun ölkəyə rəhbərlik etdiyi illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, irəliləyiş və inkişaf getmişdir. Heydər Əliyev daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyini düşündüyü ağır və çətin sınaqlardan çıxarmışdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli-ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. “Biz öz milli-mənəvi dəyərlərimizlə, dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”. - Bu, xalqımızın böyük oğlu Heydər Əliyevin sözləridir. Türk xalqlarının böyük öndəri Mustafa Kamal Atatürk deyirdi ki, öz milli dəyərlərini tanımayan xalqlar, başqa millətlərin ovu olurlar. İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur. İnsan təbiətdən mərhəmət gözləməməlidir. İstədiyini ondan almalıdır. Qayğıkeş və tələbkar insan, mahir idarəçilik və təşkilatçılıq qabiliyyətinə malik Heydər Əliyev” “Nəyi qurub yaradırıqsa, xalq üçündür. Onlar qalar, biz isə gedəcəyik”. Torpağın, vətənin müdafiəsi hər birimiz üçün ən ülvi, ən uca, ən müqəddəs vəzifədir deyirdi. Bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin irsinin öyrənilməsi, onun ideyalarının geniş təbliğ olunaraq, gündəlik həyatımızda təbliği və gələcək nəsillərə çatdırılması vacib vəzifələrdən biridir. Heydər Əliyev xalqla elə söhbət edirdi ki, ölkənin hər bir vətəndaşı hamıya deyilən sözləri şəxsən ona ünvanlanmış kimi qəbul edirdi, bu, Heydər Əliyevin fitri istedadı ili. İti ağlı, dərin zəkası, siyasi uzaqgörənliyi ilə xalqımızı işıqlı sabahlara doğru aparan müdrik rəhbər Heydər Əliyev Azərbaycan xalqı və dövlətinin taleyini öz taleyi ilə üzvi vəhdət halına gətirən qüdrətli siyasi xadimdir. Tarix belə şəxsiyyətləri az-az yaratsa da, zaman məsafəsi böyüdükcə, belə adamların özü tarix yaradır. Bu gün qətiyyətlə və cəsarətlə deyirəm ki, əsrlər, qərinələr ötsə də, belə şəxsiyyətlərin gördükləri  işlər tədqiq olunacaq, araşdırılacaq və nəsil-nəsil öyrəniləcək. Bu, ciddi bir məktəbdir və belə məktəbi yaradanlar tarixin salnaməsində əbədi yer tutacaq. Nə qədər ki, yaddaş var Heydər Əliyev unudulmayacaq, O, siyasət nəhəngi idi, uzaqgörən siyasi xadim idi, O, Azərbaycançılıq ideologiyasını yaratdı, Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır.

 

 

Almara Hümbətova,

Səbail rayon Qadınlar

Cəmiyyətinin sədri

 

Səs.- 2011.- 20 avqust.- S. 3.