QHT-lərin beynəlxalq əlaqələri

 

Bildiyimiz kimi, həm dövlət qurumlarının, həm də ictimaiyyətçi şəxslərin fəal dəstəyi və iştirakı ilə son dövrlərdə xeyli QHT-lər yaradılmış, onların vətəndaş cəmiyyəti sektorunda fəaliyyətləri getdikcə artmışdır. Onların iş sistemləri dövlətçilik baxımından əhəmiyyətli rol oynayır. Onu da vurğulamaq mümkündür ki, bu istiqamətdə fəaliyyət göstərən QHT-lər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından da yararlanır, öz işlərinin aktiv fəaliyyətinə şərait yaradırlar. Bu istiqamətdə görülən işlər nəticəsində adları olub, fəaliyyətləri olmayan QHT-lərin lüzumsuz mövcudluqları da ifşa edilir.

 

Vətəndaş cəmiyyəti - qarşılıqlı münasibətlər

 

Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti arasında qarşılıqlı münasibətlər, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin hüquqi bazasına söykənib. QhT-lərin fəaliyyəti isə ölkədə insan hüquqları sahəsində vəziyyətə həsr olunmaqdadır. Lakin bəzi hallarda təəssüfedici məqamlara da rast gəlinir ki, bu da arzuolunmaz proseslərlə sərgilənir. Belə ki, son vaxtlar dövlət-QHT münasibətlərində qarışıqlı münasibətlər artsa da, mənfi halların baş verməsi bir çox ictimai birlik qurumları tərəfindən iddia edilir. Lakin araşdırmalar göstərir ki, belə iddiaların çox olması yanlış fikirlərin cərəyan etməsindən irəli gərlir. Daha dəqiq desək, ölkədə dövlət- QHT əməkdaşlığında vəziyyət kifayət qədər normaldır.

 

III sektorun beynəlxalq əlaqələri - uğurlar və nöqsanlar

 

Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti qurumları bu istiqamətdə ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlarla xeyli işlər görmüşdür. Lakin beynəlxalq əməkdaşlıq çərçivəsində elə QHT-lər də mövcuddur ki, onların fəaliyyəti qeyri-dövlətçilik prinsiplərinə daha yaxın olur. Yəni elə qurumlar mövcuddur ki, onların fəaliyyətində erməni vətəndaş cəmiyyəti ilə əlaqələri üzə çıxır. Bu baxımdan Azərbaycan qeyri-hökumət təşkilatlarının erməni vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı normal qəbul edilmir. Eyni zamanda, belə fəaliyyət nöqsanlı fəaliyyət kimi dəyərləndirilir. Hətta Azərbaycanın bəzi qeyri-hökumət təşkilatları Ermənistana gedərək orada müxtəlif tədbirlərdə iştirak edirlər. Bu təşkilatlar xaricdən qrant alır, bundan əlavə bəzi təşkilatlar ermənilərin qrantlarına da göz dikirlər. Bu tədbirdə iştirak etmək, bilavasitə dövlət üzərindən keçərək, şəxsi məqsədlərin təmin olunması kimi qəbul edilir. İşğal olunan torpaqlarımız azad edilmədən iki ölkə QHT-lərin əməkdaşlığı beynəlxalq təşkilatlar üçün də görüntü xarakteri daşıyır. Onlar heç bir siyasi məsələni həll edə bilməzlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlamasında erməni QHT-ləri ilə əməkdaşlıq edən Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarını tənqid edib. O bildirib ki, beynəlxalq donor təşkilatları regional əməkdaşlıq adı altında bəzən işğalı unutdurmaq məqsədi ilə müəyyən işlər görürlər və Azərbaycan QHT-lərini pul ilə şirnikləndirirlər.

QHT-lərə Dövlət Dəstəyi Şurasının Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə məşğul olan QHT-lərə böyük dəstək göstərilir. QHT-lərə Dövlət Dəstəyi Şurasının azərbaycanlıların deportasiyası və soyqırımı ilə bağlı elan etdiyi müsabiqələrdə bir çox QHT-lər iştirak etmiş və təqdim etdikləri beynəlxalq layihələri gerçəkləşdirmişlər. Bu isə, nöqsanlardan fərqli olaraq uğurların göstəricisidir. Zaman keçdikcə həm QHT-lərin, həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının təcrübəsi artır. Azərbaycanlıların deportasiyası və soyqırımı məsələləri ilə məşğul olan QHT-lər də fəaliyyətlərini xeyli gücləndiriblər. Səmərəli təkliflərlə çıxış edən QHT-lərə şura qrant ayırır və ədalətli qərarlar verilir. Ümumilikdə, şuranın QHT-lərə göstərdiyi diqqət və qayğı ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

 

Regional səviyyədə xarici əlaqələrin qurulması

 

Onu da qeyd edək ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının beynəlxalq və regional səviyyədə effektiv xarici əlaqələrin qurulması baxımından bir sıra layihələr uğurlu icra olunmuş və nəticədə əməkdaşlıq çərçivəsinlə yeni perspektivlər üzə çıxmışdır. Həyata keçirilən layihələrin əsas məqsədi yerli QHT-lərin beynəlxalq və regional şəbəkələrə qoşulmasına, onların effektiv xarici əlaqələrinin qurulması imkanlarının genişləndirilməsinə texniki-metodiki dəstək göstərməklə, Azərbaycan vətəndaş cəmiyyəti institutlarının potensialının beynəlxalq arenada reallaşdırılmasına nail olmaq, onların institutsional və dayanıqlı inkişafına töhfə verməkdən ibarət olub. Müxtəlif zamanlarda gerçəkləşdirilən həmin layihələrin yekun konfranslarında bir daha təsdiq edilib ki, bu çərçivədə reallaşdırılan işlər səmərəli və məntiqi nəticəsini verir. Məlumatlara görə, layihələr çərçivəsində Avropa, beynəlxalq və regional şəbəkələrə üzv olmaq istəyən QHT -lər üçün məsləhət xidməti yaradılıb. Xidmət müddətində müraciət edən bütün QHT-lərə Ödədiyini Açıqla (Publish What You Pay) Beynəlxalq Koalisiyası, Açıq Cəmiyyətlər üzrə İctimai Assosiasiya (PASOS), Vətəndaş İştirakçılığı üzrə Dünya Alyansı (CİVİCUS), Avropa Yerli Özünüidarəetmə Konqresinin Təlim Şəbəkəsi (ENTO) və digər regional və beynəlxalq şəbəkələr, onlara üzvlük prosedurları, üzvlüyün yerli QHT-lərə verdiyi imkanlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, üzvlük üçün zəruri olan sənədlərin toplanması, ərizə formasının doldurulması və sair texniki prosedurlara dair izahatlar aparılıb. Layihənin yekunları, həmçinin, Azərbaycan QHT-lərinin xarici əlaqələrinin genişləndirilməsi sahəsindəki vəziyyət, QHT-lərin beynəlxalq və regional şəbəkələrdə iştirakçılıq imkanlarına həsr olunmuş məruzələr dinlənilib. Həmin məruzələrdə vurğulanıb ki, layihə dövründə QHT-lərə, ilk növbədə, “Xarici şəbəkələrdə iştirakçılıq nəyə kömək edir”, “Avropa şəbəkələrində iştirakçılığın QHT-lər üçün üstünlüyü nədir” və “Bu, inkişafa töhfədirmi” suallarına cavab tapmaqda yardım göstərilib. Aparılan araşdırmalar onu da bəlli edir ki, beynəlxalq və regional şəbəkələrdə təmsilçilik, ilk növbədə, təşkilati, bütövlükdə isə, Azərbaycan vətəndaş cəmiyyətini təmsil etmək imkanlarını artırır; mövcud resurslar bölüşdürülür və perspektiv resurslara çıxış imkanları qazanılır; şəbəkələrdə mövcud olan zəngin və spesifik informasiya məkanına giriş əldə edilir, konfranslar və qrant elanları barədə dövrü olaraq məlumatlar paylaşdırılır; şəbəkədaxili müzakirələrə on-line və canlı olaraq qoşulmaq, orda aparılan diskussiyalarda mövqe formalaşdırılmasına təsir imkanı yaranır, beynəlxalq səviyyədə vəkillik işinə töhfə verilir; Avropa fondlarının və digər beynəlxalq donorların elan etdiyi qrant müsabiqələrində xarici tərəfdaşlarla birgə layihə tələblərinə müvafiq birgə layihə təkliflərini reallaşdırmaqda alternativlər çoxalır. Digər bu kimi layihələr çərçivəsində aparılan müzakirə və fikir mübadilələri zamanı QHT-lərin beynəlxalq və regional şəbəkələrdə təmsilçiliyi, ümumilikdə isə, xarici əlaqələrinin genişləndirilməsi sahəsində bir sıra mühüm problemlərin olduğu da aydınlaşır. Bunlar QHT-lərdə yerli və beynəlxalq əlaqələr üzrə institusionallaşmanın hədsiz zəifliyi; bu sahələrə məsul olan şəxslərin zəruri bilik və bacarıqlara malik olmaması; şəbəkələrdə təmsil olunmaq və fəal iştirakçılıq üçün tələb olunan xarici dil qabiliyyətlərinin aşağı olması; beynəlxalq və regional şəbəkələrlə bağlı lazımi məlumatlara yerli QHT-lərin çıxış imkanlarının az olması; yerli QHT-lərin beynəlxalq şəbəkələrdə təmsilçiliyi ilə bağlı tələb olunan üzvlük haqlarının ödənilməsi imkanlarının məhdudluğudur.

 

Beynəlxalq şəbəkəyə çıxışın əhəmiyyəti

 

QHT-lər, ictimai birliklər və bütövlükdə, vətəndaş cəmiyyəti institutları ölkə üçün vacib əhəmiyyət daşıyan bir sahədir. Yuxarıda qeyd etdiyimiz kimi, bu təşkilatların beynəlxalq əlaqələr baxımından müstəsna rolu mövcuddur. Bu baxımdan QHT-lərin beynəlxalq şəbəkəyə çıxışı çox mühüm məsələ kimi qəbul olunur.

Lakin burada bir neçə məqamlar da var ki, onlardan ən əsası xarici dilin öyrənilməsidir. Çünki hər hansı xarici dili bilmək əməkdaşlıq əhatəsinin genişlənməsini təmin edən amil kimi dəyərləndirilir. Məsələn, qonşu Gürcüstan QHT-ləri vətəndaş cəmiyyəti quruculuğu istiqamətində və bu işdə çox fəaldırlar. Azərbaycan QHT-ləri də bu sahədə fəallığı artırmalıdır. Bu problemlərin müəyyən hissəsi onların özündən asılı olsa da, bir çoxu QHT-lərdən asılı olmayanlardır. Belə ki, bəzən əldə olunan imkanlardan da səmərəli fayda götürülmür.

Müəyyən layihələr çərçivəsində isə, QHT-lərin əhəmiyyətli tədbirlərdə iştirak edən tərəfləri maliyyələşdirilərkən və seçim edərkən, ilk növbədə, beynəlxalq səfərlərin, QHT-lərin özünə nə verəcəyini fikirləşirlər. Bu isə, bəzi hallarda şəxsi mənafelərin hesablanması ilə nəticələnir ki, burada bəzi anlaşılmazlıqlar yaşanır. Çünki QHT-lər beynəlxalq əlaqələrini genişləndirərkən özlərini və təşkilatlarını deyil, ölkənin, dövlətin maraqlarını prioritet hesab etməlidirdər.

 

 

R.HÜSEYNOVA

 

Səs.- 2011.- 20 avqust.- S. 4.