MÜSTƏQİLLİK-20
Bu məfhumun qorunub
saxlanılmasında Ümummilli Liderimiz Heydər Əliyevin
rolu danılmazdır
20 il bundan əvvəl - 1991-ci il
oktyabrın 18-də Azərbaycan xalqı milli dövlətçilik
tarixində ikinci dəfə öz müstəqilliyinə
qovuşdu. Müstəqilliyi əldə etmək nə qədər
şərəflidirsə, onu qoruyub saxlamaq ondan qat-qat məsuliyyətlidir.
1991-ci ildə müstəqilliyimizi əldə etsək də
1993-cü ilin iyun ayına qədər bunun əbədiliyinə
təminat yox idi. Başımıza gələn müsibətlər,
hakimiyyət uğrunda mübarizə, hərc-mərclik,
anarxiya, xaos, siyasi qalmaqallar, iqtisadi tənəzzül, zorla cəlb
edildiyimiz müharibənin ağrıları,
torpaqlarımızın itirilməsi, şəhid məzarlarının
günbəgün artması, habelə Azərbaycanın beynəlxalq
aləmdə imicinin aşağı düşməsi acı
tariximizdir. Bir sözlə, ölkəmiz parçalanma təhlükəsi
ilə üzləşdi. Yalnız Heydər Əliyev
müdrikliyi bizi bu bəlalardan xilas etdi.
Naxçıvandan
başlanan müstəqillik yolu
Azərbaycanın siyasi tarixində
özünə parlaq iz qoymuş Ulu Öndər Heydər Əliyevin
Naxçıvanda yenidən siyasi hakimiyyətə
qayıdışı, Naxçıvandan başlanan müstəqillik
yolunun bütün Azərbaycan siyasi mühitində
aparıcı qüvvəyə çevrilməsinə, milli
dövlətçiliyin bərpası istiqamətində qəti
addımların atılmasına gətirib
çıxartdı. Xalq azadlıq, istiqlaliyyət uğrunda
mübarizəsində dönməz idi. Xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin sözləri ilə desək,
bu dövrdə “Müstəqillik yolunda mübarizə aparan
adamlar Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini
təşkil edirdi. Naxçıvanın müstəqillik,
milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir
edirdi”.
Ulu Öndər Moskvadan Naxçıvana
gələndə Onu şəhərin baş meydanında
keçirilən görüşdə 70-80 min nəfər
alqışlayırdı, Muxtar Respublika Ali Məclisinin Sədri
seçiləndə sessiyanın keçirildiyi binanın ətrafına
on minlərlə adam toplaşmışdı, onda regionun digər
şəhər və kəndlərində keçirilən
görüşlərdə nə qədər adamın
iştirak etdiyini təsəvvürə gətirmək elə
də çətin deyil. Təbii ki, bunlar müdrik rəhbərə
xalq sevgisindən, el məhəbbətindən irəli gəlirdi.
Ümummilli Liderimiz Heydər Əliyev ağır blokada şəraitinə
baxmayaraq Muxtar Respublikada torpaqların müdafiəsini yüksək
səviyyədə təşkil etməyə, təcavüzkarlardan
qorumağa nail olurdu. Elə o ağır və məşəqqətli
günlərdə də müdrik şəxsiyyət dönə-dönə
deyirdi: “Doğma vətən torpağına heç də yenidən
hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq
respublikanın bu ağır və çətin dövrlərində
xalqın dərdinə şərik olmaqla vətəndaşlıq
borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə
qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim
Azərbaycanın ərazi bütövlüyünü və
Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində
bərqərar etməkdən ibarətdir”.
Naxçıvanda ağır və gərgin
ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə - 17
noyabr 1990-cı ildə Muxtar Respublika Ali Məclisinin birinci
sessiyası keçirildi. Sessiyada ilk növbədə,
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının
adından “sovet, sosialist” sözləri
çıxarıldı, onun Naxçıvan Muxtar
Respublikası adlandırılması haqqında qərar qəbul
edildi. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirildi.
Azərbaycan xalqının qan yaddaşında silinməz iz
qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi
qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev
“1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə
siyasi qiymət verilməsi haqqında” qərar layihəsini
işləyib, Ali Məclisin sessiyasının müzakirəsinə
təqdim etdi. Ümummilli Liderimiz Heydər Əliyevin
böyük siyasi nüfuzu nəticəsində qəbul olunan
bu qərarda ilk dəfə qanlı yanvar hadisələrinə
düzgün siyasi qiymət verildi, bu hadisədə SSRİ rəhbərliyi
ilə yanaşı, respublika rəhbərliyinin də
böyük günahı olduğu göstərildi və
onların adlarının bir-bir açıqlanaraq məsuliyyətə
cəlb edilmələri tələb olundu. 1991-ci il
sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali
Məclisinə Sədr seçilməsi milli miqyasda
böyük hadisə oldu. Böyük dövlət xadiminin
ilk gündən başlayaraq atdığı addımlar, həyata
keçirdiyi tədbirlər Naxçıvanın düşmən
əlinə keçmək təhlükəsindən xilas
etdi. Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında isə
“Dünya Azərbaycan türklərinin milli həmrəylik və
birlik günü haqqında” qərar qəbul olundu.
Xilaskarlıq
missiyası
Ümummilli Lider Heydər Əliyevin
1993-cü ilin iyununda xilaskar missiyası ilə ikinci dəfə
hakimiyyətə qayıtması Azərbaycan tarixinin ən
önəmli hadisəsidir. Bu ağır günlərdə
xalq üzünü öz xilaskarına - Heydər Əliyevə
tutdu. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə
ikinci dəfə 1993-cü ildə gəldi. Azərbaycan
xalqı xaos və anarxiyadan, dövlətçiliyini itirmək
təhlükəsindən xilas oldu. Xalqının
azadlığının, müstəqil dövlətçiliyinin
müqəddəratının həll edildiyi ən
ağır günlərdə Heydər Əliyevin hakimiyyətə
qayıdışı əsaslı dönüş nöqtəsi
oldu.
Qurtuluş
missiyalı qayıdış
Qurtuluş missiyalı bu
qayıdış Azərbaycan xalqının itirilmiş
inamını özünə qaytardı, sabaha, gələcəyə
olan ümidini artırdı. Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışı təkcə siyasi tələb
deyil, həm də ictimai tələbata çevrilmişdi. “Bu
ağır vəziyyətdən çıxmaq
üçün-baxmayaraq ki, mən bunu istəmirəm, Ali
Sovetin sədri kimi fəaliyyət göstərməyə
hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən
çıxmasında müəyyən fəaliyyət
göstərmək üçün gedirəm, başqa məqsədim
yoxdur” - deyə bəyan edən Ulu Öndər xalqının
müdrikliyinə və böyük potensialına güvənərək
hamını birləşdirdi və ölkəni
düşdüyü ağır vəziyyətdən
çıxarmağa nail oldu.
Azərbaycanda yeni tarixi mərhələnin
- dövlət müstəqilliyinin möhkəmləndirilməsi
dövrü başlandı. Heydər Əliyev öz
gücünə, təcrübəsinə güvənən
dahi siyasətçi kimi dəfələrlə bəyan
etmişdir: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir,
sarsılmazdır, dönməzdir”.
Ulu Öndərin siyasi hakimiyyətə
qayıdışından sonra ölkədə ilk demokratik
prezident seçkiləri keçirildi. 1993-cü il
oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz
böyük oğlunu ölkənin Prezidenti seçdi. Ulu
Öndərin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı
Onu bütün dünya azərbaycanlılarının lideri
etdi, ömür yolu doğma vətənə xidmət
nümunəsinə çevrildi. Bu gün Azərbaycan
demokratiya prinsipləri, demokratik iqtisadiyyat sahəsində
başqa dövlətlər üçün nümunədir.
Müstəqil Azərbaycan dövləti hal-hazırda
aparıcı ölkələrin strateji müttəfiqi kimi
regionda cərəyan edən proseslərin mərkəzində
dayanır. İndi Cənubi Qafqazda hökm sürən regional
sabitliyi və təhlükəsizliyi Azərbaycansız təsəvvür
etmək qeyri-mümkündür. Bu gün Prezident İlham Əliyev
Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil
ölkəmizi inamla gələcəyə doğru aparır.
Artıq neçə ildir ki, Azərbaycan Respublikasının
milli qurtuluş yolu davam edir. Bu yol Ulu Öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan
durmadan yüksəlir, inkişaf edir, yeni-yeni uğurlar
qazanır.
R.KAMALQIZI
Səs.- 2011.-
23 avqust.- S. 3.