Virtual məkanda uşaq hüquqlarının etibarlı müdafiəsi reallığın diktə etdiyi zərurətdir

 

Cəmiyyətin həssas və kövrək zümrəsi kimi həmişə yüksək qayğı və nəvazişlə əhatə olunan uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi zərurəti müasir dövrdə hər bir dövlətin üzərinə uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni vəzifələr qoyur.

 İnsan hüquqlarını demokratik inkişafın ayrılmaz hissəsi, bəşəriyyətin ədalətli cəmiyyətə qovuşmaq idealının ali təzahürü, vətəndaş cəmiyyətinin yetkinliyinin əsas meyarı kimi qəbul edən hər bir dövlət sağlam gələcəyi naminə körpələrin yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyaqanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmlərinin yaradılması isə, ilk növbədə, onların layiqli, firəvan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkilini nəzərdə tutur.

 

Problemlərə beynəlxalq səviyyədə baxış

 

Uşaqların qayğılarına, problemlərinə beynəlxalq səviyyədə də xüsusi diqqət yetirilir. 1950-ci ildən başlayaraq hər ilin 1 iyun tarixi beynəlxalq səviyyədə uşaqların müdafiəsi günü kimi qeyd olunur. Bu əlamətdar gündə, ilk növbədə, uşaqların söz, dini etiqad azadlığı, təhsil, sağlamlıq, istirahət və əyləncə, fizikipsixoloji zorakılıqdan, istismardan qorunmaq kimi hüquqları böyüklərin diqqətinə çatdırılır. Uşaqların müdafiəsi günündə bütün dünyanın diqqətini cəmiyyətin bu kövrək təbəqəsinə cəlb etmək üçün müxtəlif tədbirlər keçirilir.

2006-cı ildən başlayaraq hər il may ayının 17-si Ümumdünya Telekommunikasiyaİnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Hər il bu əlamətdar gün informasiya cəmiyyətinin aktual məsələlərindən birinə həsr edilir. Ümumdünya Telekommunikasiyaİnformasiya Cəmiyyəti Günü virtual məkanda uşaqların təhlükəsizliyi mövzusuna aid tədbirlərin keçirilməsi zərurətdən doğan amillərdir. Burada məqsəd beynəlxalq ictimaiyyətin diqqətini uşaqların İnternetdən təhlükəsiz istifadəsinin təmin olunmasına yönəltməkdədir. 

 

Sosial-mənəvi mühitin uşaq hüquqlarında formalaşması

 

Uşaq hüquqlarının müdafiəsi, onların normal sosial-mənəvi mühitin hökm sürdüyü cəmiyyətə layiqli insan kimi yetişməsi, zəruri ehtiyaclarının dolğun şəkildə ödənməsi, azyaşlı körpə və yeniyetmələrin zəngin daxili potensialının, dünyagörüşünün formalaşmasına imkan verən yaradıcı atmosferin formalaşdırılması son illərdə Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməklə, özündə yüksək humanist dəyərləri ehtiva etmişdir. Ümummilli Lider Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə uşaqlara özünün saf mənəvi dünyasından qaynaqlanan yüksək məhəbbətlə yanaşması, onlarla sıx təmasda olması, cəmiyyətin bu kövrək hissəsinin ahəngdar inkişafının təməl funksiyalarından idi. 1993-cü ildən bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilmiş, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beyn+əlxalq sazişlərə, o cümlədən, 1994-cü ildə BMT-ninUşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, Ulu Öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Uşaq hüquqları haqqında” (1998), habelə, “Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” (1999) Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Uşaq hüquqları haqqında” qanuna əsasən, respublikamızda uşaq hüquqları sahəsində dövlət siyasətinin əsas istiqamətləri uşaq hüquqlarının etibarlı təmin edilməsindən, uşaqların sağlam mühitdə tərbiyə olunması və yaşayışı üçün normal şəraitin yaradılmasından, valideyn himayəsindən məhrum olan körpələrin 18 yaşınadək dövlət himayəsinə götürülməsindən və s. ibarətdir.

 

Dünəndən bu günə, bu gündən sabaha doğru atılan qayğılar

 

Humanizmə, yüksək insani dəyərlərə və milli mənəviyyat prinsipinə əsaslanan bu siyasəti son 8 ildə dövrün tələbləri səviyyəsində davam etdirərək zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqların cəmiyyətin və dövlətin yüksək qayğısı ilə əhatə olunmasına səylə çalışır. Şübhəsiz, yalnız təhsilli, savadlı, intellektual səviyyəli və ictimai həyatda fəal olan uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilər. Bu reallığı düzgün dəyərləndirən dövlət başçısı yaxın gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi kimi görmək istədiyi uşaqların firavan həyat səviyyəsinin, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının yüksək səviyyədə təmini istiqamətində sistemli və ardıcıl siyasət həyata keçirir. Körpə, uşaq və yeniyetmələrin əsrlərin sınağından çıxmış zəngin milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz əsasında, vətənpərvər ruhda tərbiyəsi, qabaqcıl biliklərə, yaradıcı düşüncə tərzinə malik olması, informasiya-kommunikasiya texnologiyalarını dərindən mənimsəməsi, idmanla və bədən tərbiyəsi ilə məşğul olması məsələləri də bu siyasətin başlıca qayəsini təşkil edir. Ölkənin yaxın və uzaq gələcəyini yalnız respublikamızın zəngin təbii sərvətlərinə deyil, eyni zamanda, intellektual insan kapitalına bağlayan dövlət başçısı İlham Əliyev məktəbəqədər təhsil müəssisələrində, sonrakı mərhələdə isə ümumtəhsil məktəblərində uşaqlara lazımi bilik və vərdişlərin aşılanmasını, onların cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişdirilməsini vacib sayır.

 

Uşaq hüquqları sahəsində həyata keçirilən dövlət siyasəti

 

Ölkə Prezidenti İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi respublikamızda uşaq hüquqları sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını, praktik fəaliyyətə əsaslandığını bir daha təsdiqləmişdir. Sərəncam uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Qısa müddətdə hazırlanan proqram Prezident İlham Əliyevin 2009-cu il 18 fevral tarixli “2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncamı ilə qüvvəyə minərək, müxtəlif səpkili reallıqlarla öz təsdiqini tapdı. Xatırladaq ki, Tədbirlər Planında Azərbaycan uşaqları haqqında məlumat bankının və İnternet saytının, xüsusi portalın yaradılması, müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması, respublika uşaq yaradıcılıq festivalının, habelə, Beynəlxalq Bakı Uşaq Rəsm Müsabiqəsinin və “Şərq-Qərb” Beynəlxalq Uşaq Rəqs Festivalının keçirilməsi, BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, uşaqların intellektual inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunmasına və tolerantlıq ruhunda tərbiyə edilməsinə yönəldilmiş müxtəlif tədbirlərin təşkil edilməsi, xaricdə yaşayan azərbaycanlı uşaqlara ana dilinin öyrədilməsi istiqamətində tədbirlərin görülməsi, “Uşaq ili” ilə bağlı yeni teatr tamaşalarının hazırlanması, dövlət uşaq müəssisələrində tamaşaların və konsert proqramlarının təşkili kimi mühüm məsələlər nəzərdə tutulmuşdu.

 

Heydər Əliyev Fondu və bənzərsiz qayğının ürəkaçan göstəriciləri

 

Respublikamızda elm və təhsilin davamlı inkişafında, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da öz sözünü deyir. Fonda rəhbərlik edən YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bu istiqamətdə göstərdiyi fəaliyyəti ilə bütün uşaqlarda bir ana obrazını canlandırmışdır. Uşaq hüquqlarının  müdafiəsi sahəsində görülmüş nəhəng işlər, əsrarəngiz layihələr Mehriban xanımın qəlbindən gələn qayğıkeş ana sevgisinin sırf göstəricisidir. Bu sevgi Onun timsalında bütün Azərbaycan analarına aşılanmış, şaxələnmişdir.

Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında respublikanın ən müxtəlif bölgələrində yüzlərlə müasir tipli orta məktəb inşa olunaraq istifadəyə verilmiş, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində onlarla körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi də fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.

 

Cəmiyyətin ən kövrək təbəqəsinə qarşı hər bir vətəndaş diqqətli olmalıdır

 

Azərbaycanın və inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, uşaq problemlərinin həllinin hər hansı bir dövlət qurumu çərçivəsində məhdudlaşdırılması məsələyə adekvat yanaşma deyildir. Uşaqların təhsili, sağlamlığı, sosial müdafiəsi, istirahəti, yaradıcılıq potensialının aşkarlanması kimi mühüm istiqamətlər cəmiyyətin bütün təbəqələrinin üzərinə məsuliyyət qoyur. Dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti təsisatları, QHT-lər, həmkarlar ittifaqları, elmi-tədqiqat institutları, biznes strukturları, habelə, kütləvi informasiya vasitələri də respublikada uşaq siyasətinin daha səmərəli və dolğun həyata keçirilməsinə yaxından kömək göstərməli, ictimai diqqəti uşaq hüquqlarına yönəltməyə ürəkdən çalışmalıdırlar. Cəmiyyətin ən kövrək, həssas təbəqəsi olan körpələrə hər bir vətəndaşın diqqət və qayğısı, sevgisi lazımdır. Hər bir valideyn uşağına nəvaziş və qayğı göstərməli, onun cəmiyyət üçün layiqli insan kimi yetişməsi üçün əlindən gələni əsirgəməməlidir. Çünki bu günün həmin uşaqları, sabahın ölkə quruculuğunda iştirak edəcək potensial vətəndaşlarıdırlar. 

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 23 avqust.- S. 5.