Vətəndaşların mülki-hüquqi təmini

 

Hüquq ədəbiyyatında şərəf anlayışına müxtəlif təriflər verilmişdir. A.M. Erdelevskinin fikrincə, şərəf-ictimai şüurda şəxsin cəmiyyət tərəfindən müsbət qiymətləndirilməsi ilə müşayiət olunan keyfiyyətlərinin əks olunmasıdır.

Şərəf cəmiyyətin vətəndaşa münasibətini müəyyən edən şəxsiyyətin obyektiv, mənəvi və digər keyfiyyətlərinin sosial qiymətləndirilməsidir. Hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bu qaydaları məcəllələşdirən və ümumməcburi davranış qaydalarına çevirən dövlət isə bu normaların cəmiyyətə tətbiqi və onlara əməl edilməsinə nəzarəti həyata keçirir. Bu məcəllələşdirilmiş hüquq sahələrindən birimülki hüquq normalarıdır. Azərbaycan Respublikasında son dövrlər aparılan hüquq islahatları bu sahədə müəyyən irəliləyişlərin olmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının III fəsli əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuşdur. Burada nəzərdə tutulan azadlıqlar çərçivəsində hər bir vətəndaşın azad fikirazad düşüncə azadlığı tanınır. Konstitusiyanın 47-ci maddəsində təsbit olunmuş fikirsöz azadlığı maddəsi son dövrlərdə olduqca çox müzakirə olunan maddələrdəndir. Belə ki, qəzet və jurnallarda çap olunan məqalələrdə, televiziyaradio verilişlərində efirə verilən proqramlarda kimlərinsə şərəf və ləyaqətinə toxunan yazı və verilişlər olur. Bu da digər tərəfin öz hüquqlarını qoruması üçün məhkəmələrə müraciət etməsinə səbəb olur. Məhkəməyə müraciət edən vətəndaşlar və təşkilatlar mənəvi zərərin ödənilməsi məsələsini məhkəmədən tələb edir.

 

İnsanların şərəf və ləyaqətini qoruyan mülki məcəllələrin rolu

 

İnsanların şərəf və ləyaqətlərini qoruyan bir sıra qanun müddəaları mövcuddur ki, onların tətbiqi bu sahədə xüsusi rol oynayır. Belə ki, Mülki Məcəllənin 23-cü maddəsi şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi məsələlərini tənzimləyir. Həmin maddədə vurğulanır ki, “Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirriniya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir”. Eyni zamanda, Mülki Məcəllənin bu maddəsi ilə müdafiə olunan şəxsi qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin dairəsi genişləndirilməlidir. Bu önəmli amil Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilmişdir. Daha dəqiq desək, həyat, səhhət, (sağlamlıq), sərbəst hərəkət, ad, müəlliflik hüququs. qeyri-maddi nemətlər və şəxsi qeyri-əmlak hüquqları və onların müdafiəsi bu maddədə ehtiva edilmişdir.

 

Hüquqların mənəvi əsası

 

İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə, insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətini alçaldılmasına əsas verə bilməz. Hər kəsin öz şərəf və ləyaqətini qorumaq hüququ vardır. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə, bir qayda olaraq, qanunlara riayət edir, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerdə qədərdir. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, bəzi vətəndaşlar və kütləvi informasiya vasitələri onlara verilmiş bu hüquq və azadlıqlardan istifadə etdikdə başqalarının şərəf və ləyaqətinə toxunan, onları ləkələyən hərəkətlərə yol verirlər. Bunun nəticəsi olaraq son dövrlər məhkəmələrdə vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsi ilə əlaqədar işlərin sayı xeyli artmışdır. Bəzi hallarda isə məhkəmələr tərəfindən Mülki Məcəllənin bu maddəsi düzgün tövsif olunmur. Bu isə, müəyyən zamanlarda neqativ halların yaranmasına səbəb olur. Belə ki, qəzet və jurnallarda, əsasən, vəzifəli şəxslər barəsində çap olunmuş məlumatların həqiqətə nə dərəcədə uyğun olub-olmamasından asılı olmayaraq, yüksək məbləğli mənəvi pul tələbləri məhkəmələr tərəfindən təmin olunur. Bu isə arzuolunmaz münasibətlərin formalaşmasına  rəvac verir.

Xatırladaq ki, qeyd olunan məqamları tənzimləmək, şərəfin, ləyaqətin və işgüzar nüfuzun qorunmasının təmin olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarı vardır. Bu qərar bir sıra maraqlı və diqqətçəkici məqamları ilə maraq doğurur. Həmin qərarda göstərilir ki, şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə, həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər də məhkəmədə iddia (vərəsələr, ailə üzvləri, qohumlar, şərik müəlliflər və s.) qaldıra bilərlər. Hətta maraqlı şəxslərin tələbləri üzrə vətəndaşın şərəf və ləyaqətin müdafiəsinə qanunla onun ölümündən sonra da yol verilir.

Ümumiyyətlə, “işgüzar nüfuz” və onun aid olduğu şəxslərin dairəsi qanunda dəqiqləşdirilmişdir.

 

Keyfiyyətli tənqid şərəf və ləyaqətin pozulması anlamını daşımamalıdır

 

Şərəf və ləyaqəti alçaldan məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektivyaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. İşində və fəaliyyətində yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radioteleviziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.

Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessuals. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülkiinzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitələrində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə, bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər.

 

KİV və vətəndaş hüquqları

 

Vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitələri ilə yayıldıqda, onların həqiqətə uyğun olmaması sübut edildikdə, bu, həmin kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Bu məsələ Mülki Məcəllənin 23.2-ci maddəsi ilə tənzimlənir. 23.3-cü maddəyə görə “kütləi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır”.

Bu kütləvi informasiya vasitəsində yayılmış məlumatda vətəndaşın şərəf və ləyaqətini ləkələyən əlamətlər olmadıqda, lakin məlumat onun mənafeyinə toxunduğu hallara şamil edilir. Əgər redaksiya vətəndaşın bu hüququnu təmin etməzsə, o zaman qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət edilə bilər. Şərəf və ləyaqətin müdafiəsi hüququ konstitusyon hüquq olmasına əsaslanaraq, maraqlı şəxslər şərəf və ləyaqətin müdafiəsi üçün kütləvi informasiya vasitəsinin təkzib verməsini tələb etmədən birbaşa məhkəməyə müraciət edə bilərlər.

Məhkəməyə müraciət edərək şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxslərdən dəymiş mənəvi zərərin əvəzini tələb etmək hüququ tam aydın olaraq Mülki Məcəllədə göstərilməmişdir. 23.4-cü maddədə deyilir “şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır”. Mülki Məcəllənin bu maddəsində “vurulmuş zərərin” sözlərindən sonra “mənəvi zərərin” sözləri əlavə edilməsi məqsədə müvafiq olardı.

 

İnsan hüquqlarının real təminatında demokratik mühit

 

Şərəf, ləyaqət və işgüzar nüfuz haqqında məsələ, hər şeydən əvvəl, insan hüquqları, onların real təminatı haqqında məsələdir. Bu həm də, sözügedən sahədə formalaşmış demokratiyanın inkişafından da irəli gəlir. Lakin bütün bunlara rəğmən sosial həyatda insanların şəxsi münasibətlərində də normal ünsiyyət faktoru müəyyənləşməlidir. Hər kəsin şərəf, ləyaqət və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəf, ləyaqət və işgüzar nüfuzu konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. İnsanlar öz aralarında ictimai münasibətlərə, yəni mürəkkəb və çoxtərəfli münasibətlərə girdikləri üçün şərəf, ləyaqət və işgüzar nüfuz real olaraq mövcud olur. Şərəf, ləyaqət və işgüzar nüfuz hüququ, vətəndaş və ya hüquqi şəxsin mənəvi, işgüzar və digər cəhət və xassələrinin özünüqiymətləndirməsi hüququdur ki, cəmiyyətdə bu şəxslərin mövqeyi onlardan asılıdır.

İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin giriş hissəsində qeyd olunur ki, ləyaqət hissi yer üzündə bütün insanlara xasdır. Ancaq insanın azadlığı, yer üzündə ədalət və sülhün bərqərar olması vətəndaşların ləyaqət hissinin inkişafını və qorunmasını mümkün edir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 23 avqust.- S. 7.