Mehriban xanım Əliyeva -
qayğıkeşliyin, mütərəqqi Azərbaycan
qadınının ali nümunəsi
Azərbaycan hər zaman öz xeyirxahlığı, qayğıkeşliyi və həqiqi sevgi qazanmağı bacaran xalqı ilə dünyada tanınan, rəğbət bəslənilən ölkə kimi qəbul edilir. Bu mənada, təbii ki, Azərbaycan qadınının, Azərbaycan anasının rolu əhəmiyyətli dərəcədə dəyərləndirilir. Çünki belə bir ifadə var ki, Vətən anadır. Ana isə, təbii olaraq, bir qadın obrazıdır. Qadın və ana obrazında formalaşan qayğıkeşlik təcəssümü həmin dövlətin və xalqın mənəviyyatını əks etdirən xüsusi amildir. Bu amil Azərbaycan xalqının sevimlisi, özündə ana obrazının bütün ali məfkurələrini sərgiləyən Mehriban xanım Əliyevada da mövcuddur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 7 ildə elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində həyata keçirilən layihələri diqqətə çatdıraraq bildirdi ki, Heydər Əliyev Fondu Azərbaycanın bugünü və sabahı naminə gələcəkdə də bu işləri uğurla davam etdirəcək
Fondun yaranma zərurəti
Qısaca olaraq Heydər Əliyev Fondunun yaradılma səbəblərinə və ondan doğan zərurətlərinə nəzər salaq: Azərbaycan xalqının öz Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi; Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti; qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti; Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi və s.
Heydər Əliyev Fondunun rəsmi açılışı 2004-cü ilin may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ad gününə həsr olunmuşdur. 7 il zaman baxımından uzun bir dövr olmasa da, bu müddət ərzində xeyli işlər görülmüş, müxtəlif sahələri əhatə edən layihələr həyata keçirilmişdir. Ötən bu dövrdə qazanılan uğurlara diqqət yetirsək, bu həqiqəti bir daha təsdiqləmiş olarıq ki, fond qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün ciddi səylər göstərir.
Fondun məqsəd və məramları
Fondun
əsas məqsədləri Ulu Öndər Heydər Əliyevin
ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil
dünya birliyinə inteqrasiyası, xalqın maddi
rifahının yaxşılaşması naminə müəyyən
etdiyi, işləyib hazırladığı siyasətin
öyrənilməsinə, təbliğinə və bu
ideyaların həyata keçirilməsinə dəstək
vermək; Azərbaycanın tərəqqisi və
xalqımızın rifahı naminə Ümummilli Lider Heydər
Əliyevin zəngin irsindən bəhrələnərək
bu işə xidmət edən genişmiqyaslı proqram və
layihələrin reallaşmasına kömək etmək; elm,
təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə
aid proqram və layihələr hazırlayıb həyata
keçirmək; respublikanın və xarici ölkələrin
fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı
genişləndirmək, onlarla birgə layihələr həyata
keçirmək; yerli əhəmiyyətli sosial problemlərin
həllinə yardımçı olmaq, xüsusi
qayğıya ehtiyacı olan insanlara kömək göstərmək;
insanların yaradıcı potensialının, bilik və
bacarıqlarının aşkara çıxarılmasına,
qabiliyyətlərini göstərməsinə, inkişaf
etdirməsinə yardım etmək; Azərbaycan mədəniyyətinin
geniş təbliği, sağlam mənəvi dəyərlərin
qorunması ilə bağlı aparılan işlərə
kömək etmək; uşaq və gənclərin hərtərəfli
biliklərə malik vətəndaş kimi yetişdirilməsi
işinə xidmət etmək; Azərbaycanın beynəlxalq
nüfuzunun artırılması ilə bağlı tədbirlərin
həyata keçirilməsinə yardım göstərmək;
ölkə həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq; respublikanın və xarici ölkələrin
təhsil müəssisələri ilə əməkdaşlıq
etmək; elmi tədqiqatların aparılmasına yardım
göstərmək; xarici ölkələrin
tanınmış elmi-tədqiqat mərkəzləri ilə
alimlərin mübadiləsini təşkil etmək, ölkənin
yaradıcı və elmi potensialının
artırılmasına kömək etmək; uşaq müəssisələrinin
infrastrukturlarını inkişaf etdirmək; səhiyyə və
tibbi təsisatları inkişaf etdirmək; ekologiya sahəsində
mühüm tədqiqatları dəstəkləmək,
sağlam həyat tərzini təbliğ etmək; Azərbaycanın
ərazisində və xaricdə aktual mövzulara dair konfrans və
seminarlar təşkil etmək; uşaqların, yaradıcı
gənclərin, incəsənət xadimlərinin sərgilərini
təşkil etmək; dini tolerantlığın bərqərar
olmasına, vətəndaş cəmiyyəti quruculuğuna,
qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi
dəyərlərin qorunub saxlanılmasına dəstək
vermək və s-dir.
Uşaqlar bizim gələcəyimizdir
Heydər
Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən
biri uşaqlara qayğıdır. Fond körpələrin
fiziki və əqli cəhətdən sağlam böyüməsi
üçün biri-birindən əhəmiyyətli tədbirlər,
kütləvi aksiyalar keçirir. “Uşaqlar bizim gələcəyimizdir.
Onları necə tərbiyə edəcəyiksə,
böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin
gələcəyi bundan asılı olacaq.” Ümummilli Lider
Heydər Əliyevin ən müdrik kəlamlarından olan bu
tövsiyələrdə bu günümüzün,
sabahımızın qurucuları olan gənc nəslə
etibarı, inamı öz əksini tapıb. Ölkəmizdə
uşaqların firavan, sağlam böyüməsi
üçün hər cür şərait yaradılıb.
Analara göstərilən diqqət və qayğını da
əlavə etsək, deyilənlərin təsdiqi
üçün geniş təhlilə ehtiyac qalmaz. Əsas təşkilatçısı
Heydər Əliyev Fondu olmaqla “Hər uşağın ailəyə
ehtiyacı var” kampaniyasının həyata keçirilməsi
də bu diqqət və qayğıdan irəli gəlir.
Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında
fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində
biri-birindən əhəmiyyətli layihələr həyata
keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər
bir təşkilat üçün nümunədir. “Diabetli
uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində
Azərbaycanda diabet xəstəliyinə düçar
olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda
insulin preparatları və digər dərmanlarla təmin
ediliblər. Bakıda talassemiyalı xəstələr,
uşaqlar üçün mərkəzin, tələbatı
ödəyəcək qədər Qan bankının
yaradılması gələcək nəslin
sağlamlığı üçün ən böyük
töhfədir. “Talassemiyasız həyat naminə” layihəsi
çərçivəsində görülən işlər
daim təqdir olunur.
Elmə verilən diqqət bu sahənin
inkişafına səbəb olmuşdur
Ümumtəhsil
məktəblərində şagirdlərə elmin, təhsilin
ən müasir nailiyyətlərinə uyğun bilik
aşılanır. Gələcəyin ixtisaslı mütəxəssislərinin
hazırlanması mexanizminin əsası məktəb illərində
qoyulduğu üçün təhsil müəssisələrinin
ən müasir İKT avadanlıqları ilə təmin
olunmasına başlıca vəzifə kimi diqqət yetirilir.
MDB məkanında yeganə olaraq Azərbaycanda bütün
siniflər üzrə təhsil alan şagirdlər pulsuz olaraq
dərsliklərlə, oxu materialları və əlavə tədris
vəsaitləri ilə təmin olunurlar. Sağlamlıq
imkanları məhdud uşaqlar üçün xüsusi
profilli və sadələşdirilmiş tədris
proqramlarına uyğun məktəblər, internatlar fəaliyyət
göstərir.
Valideyn
himayəsindən məhrum olan bütün uşaqları
doğma övladı kimi sevən, qayğısını əsirgəməyən
“Hər uşağın ailəyə ehtiyacı var” söyləyən
Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi heç bir
internat, uşaq evi - ən müasir, bütün tələblərə
cavab versə belə- heç vaxt ailə mühitini, ailə
tərbiyəsini əhatə edə bilməz. Bu problemin həlli
üçün dövlət başçısı İlham
Əliyev tərəfindən imzalanmış “Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi və alternativ
qayğı Dövlət Proqramı” (2006-2015-ci illər) həyata
keçirilir. İnternat və uşaq evlərində ailə
mühitinə uyğun maksimum əlverişli şərait
yaradılır.
Heydər
Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsi çərçivəsində məktəb
tikintisinə, yenidən bərpasına, dünya
standartlarına cavab verən formada avadanlıqlarla təchiz
edilməsinə göstərdiyi diqqət də ölkə
ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.
Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”
fikrinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki,
dünya təcrübəsi də bu həqiqəti təsdiqləyir
ki, ölkənin inkişafında, tərəqqisində
neft-qaz amili ilə yanaşı, elmi potensial, yeni texnologiyalar əsas
yer tutur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
çıxışlarında bu fikri daim bəyan edir ki, təhsilin
inkişafında bu amilə xüsusi diqqət yetirilməlidir.
Məktəblilər dünya standartlarına cavab verən məktəblərdə
dərs almalıdırlar. Proqram çərçivəsində
yüzlərlə məktəb tikilib, lazımi
avadanlıqlarla təchiz olunub, istifadəyə verilib.
Davam edilən yol
Bu
sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı
Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın
da fəaliyyəti təqdirəlayiqdir. Həyata keçirilən
“Xocalıya ədalət” beynəlxalq kampaniyası
Dağlıq Qarabağ həqiqətlərinin dünya
ictimaiyyətinə dolğun şəkildə
çatdırılmasında mühüm əhəmiyyət
kəsb edir. Leyla xanım Əliyeva bildirir ki, biz istəyirik
dünya birliyi bu faciədən, eləcə də, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən xəbərdar
olsun. Biz bu istiqamətdə işimizi gələcəkdə
də, münaqişə ədalətli həll edilənə,
Azərbaycanın ərazi bütövlüyü bərpa
olunana qədər davam etdirəcəyik.
Fondun
Rusiya nümayəndəliyinin fəaliyyətində mədəniyyətimizin
təbliği xüsusi yer tutur. Leyla xanım Əliyeva qeyd
edir ki, mədəniyyət hər bir dialoqun universal
açarıdır. Moskvada, Rusiyanın digər şəhərlərində
Azərbaycan mədəniyyəti günləri keçirilir.
Azərbaycanın zəngin mədəniyyəti layiqincə təmsil
olunur. Ölkəmizin dünya mədəniyyət xəzinəsinə
töhfəsi çox böyükdür və bununla fəxr
etməyə haqqımız vardır.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirir: “Hər
şey ortaya qoyulan məqsəddən, enerjidən,
ağılın və istedadın ölçüsündən
asılıdır”.
Heydər
Əliyev Fondu ötən 7 ildə gördüyü işlərlə
qarşıya qoyulan məqsədlərə nail olmaq
üçün ciddi səylər göstərməyin
vacibliyini diqqətə çatdırır. Təbii ki, qeyd
etdiklərimiz fondun fəaliyyətə
başladığı bu qısa dövrdə həyata
keçirdiyi layihələrin müəyyən bir hissəsidir.
Mehriban xanım Əliyeva Ulu Öndərin adını
daşıyan fondun ötən dövr ərzində
gördüyü işlərdən danışarkən
demişdir: “Bu 7 il ərzində ən böyük nailiyyətimiz,
ən böyük uğurumuz Azərbaycan xalqının
inamını və hörmətini qazanmağımız olub.
Bu əminlik də ifadə edildi ki, Heydər Əliyev Fondu Azərbaycanın
bu günü və sabahı naminə gələcəkdə
də çalışmağa hazırdır”.
R.HÜSEYNOVA
Səs.- 2011.- 24 avqust.- S. 3.