Ermənistanın
tarixi yalan üzərində qurulub
Novruz Məmmədov: “Bunu
dünyada, regionda, hətta Ermənistanın özündə
də həqiqi tədqiqatlar aparan ziyalılar, tarixçilər
çox yaxşı bilir və özləri bunu təsdiq
edirlər”
Müsahibimiz Prezident
Administrasiyası xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədovdur
- Novruz müəllim, Ermənistan prezidenti Serj Sarkisyan erməni gəncləri ilə növbəti görüşündə Dağlıq Qarabağın heç zaman Azərbaycana verilməyəcəyini və 1990-cı ildən bu günə qədər Azərbaycanın Ermənistanla bağlı mahnılarını çox eşitdiyini bildirib. Sarkisyanın anormal mövqeyini necə şərh edərdiniz?
- Belə bir vəziyyəti Serj Sarkisyanın sərsəmləməsi, cəfəng fikirlər söyləməsi kimi qeyd etmək lazımdır. Əslində, belə hallar Ermənistan rəhbərində tez-tez baş verir. Sarkisyan müəyyən bir dalğa, separatizm, işğalçılıq cərəyanları üzərində hakimiyyətə gəlib. Hansısa bir dövlətin prezidenti olmaq çox böyük məsuliyyət tələb edir və hər bir dövlət başçısı müdrik siyasət yürütməlidir. Amma Sarkisyanın öz xalqı qarşısında belə sərsəm bəyanatlar verməsi onu göstərir ki, o öz missiyasını düzgün yerinə yetirə bilmir. Belə çıxışlarla və səhv xarici siyasət yürütməklə erməni rəhbərləri dəfələrlə öz xalqını ağır fəlakətlərlə qarşı-qarşıya qoymuşdur. Təəssüflər olsun ki, erməni xalqı bu cür rəhbərlərin fikirlərinə tabe olur. Serj Sarkisyanın son məlum bəyanatında bir neçə məqsədin olduğu açıq-aşkar ortadadır. Belə bəyanatlar ondan qaynaqlanır ki, artıq indiki şəraitdə Sarkisyan heç bir şey bacarmadığı üçün sanki gənclərə bir təsəlli verir. Bundan əvvəlki çıxışlarında da belə bir fikri bildirmişdir ki, “biz Dağlıq Qarabağı alıb orada böyük bir missiyanı həyata keçirmişik. Dağlıq Qarabağ həmişə müstəqil olacaqdır”. Əslində, bu cür bəyanat Ermənistan prezidentinin bir daha riyakar dövlət başçısı olduğunu sübut və təsdiq edir. Necə ola bilər ki, öz xalqın qarşısında yalanlar uydurmaqla Dağlıq Qarabağın müstəqil bir qurum olduğunu iddia edirsən, amma neçə ildir ki, beynəlxalq qurumlar, dünya dövlətləri, ATƏT-in Minsk Qrupu ilə Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusunun müəyyənləşməsi istiqamətində danışıqlar aparırsan. Madrid prinsiplərində açıq-aydın göstərilir ki, hər iki dövlət üç əsas prinsipə riayət etməlidir. Bunlardan birincisi, mövcud münaqişənin həllində müharibədən istifadə etməmək, yəni zorakılığa yol verməmək, ikincisi, Azərbaycanın ərazi bütövlüyünün təminatı, üçüncüsü isə, öz müqəddəratını həll etmək. Bununla bağlı dünyada artıq praktiki və nəzəri cəhətdən bütün proseslər öz tərifini tapmışdır. Bu gün iddia etmək ki, bəs harada 20-30 min erməni yaşayırsa, o özünü erməni xalqı adlandırıb ayrıca Ermənistan dövlətini təşkil etməlidir? Bu, çox cəfəng və sərsəm iddiadır. S. Sarkisyan bu cür cəfəng ideyalarla utanmadan, çəkinmədən, ən azından, məsuliyyətini dərk etmədən danışır. Bu beynəlxalq birlik deyilən ictimaiyyət üçün təhdiddir, çağırışdır. Ermənistan rəhbərliyi bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar prosesində iştirak edir, digər tərəfdən göstərir ki, danışıqları aparmaqda səmimi deyil. Bu, bir daha onu göstərir ki, onlar yalanı özləri üçün ən mühüm silah hesab edirlər. Ermənilər yalan danışmaqdan çəkinmirlər, ümumiyyətlə, Ermənistanın tarixi tamamilə yalan üzərində qurulub. Bunu dünyada, regionda, hətta Ermənistanın özündə də həqiqi tədqiqatlar aparan ziyalılar, tarixçilər çox yaxşı bilir və özləri bunu təsdiq edirlər. İngilis filosofu demişkən, “yalan nə qədər qədim olarsa, o, daha təhlükəlidir. Yəni o daha çox dərinə kök atmış və insanların beynində yer tapmış olur”. Dağlıq Qarabağda bu gün, hələlik, ermənilər yaşaya bilər, amma dediyim kimi, tez, ya gec mövcud münaqişənin həllinin açarı tapılacaq və bu açar məhz ermənilərin indi özlərini necə aparırlarsa, ona adekvat bir açar olacaq.
- Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların aparılmasından çox danışırlar. Sizcə, buna lüzum varmı?
- Bununla bağlı artıq mövqeyimiz var. Buna, hələlik, heç bir ehtiyac yoxdur. Danışıqlar prosesində müəyyən bir mərhələni keçəriksə, son mərhələdə Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusunun müəyyənləşməsi mərhələsində, ola bilsin ki, Dağlıq Qarabağın həm Azərbaycan, həm də erməni icmasının bu prosesdə iştirakı mümkün olsun.
- Novruz müəllim, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan BMT nizamnaməsinin 25 və 51-ci maddəsinə uyğun olaraq Dağlıq Qarabağda antiterror əməliyyatları apararsa, dünya birliyinin buna reaksiyası necə olar?
- Dünya birliyinin istəyi mövcud münaqişənin sülh yolu ilə həll olunmasından ibarətdir. Burada bizim də mövqeyimiz dünya birliyinin məntiqi mövqeyi ilə üst-üstə düşür. Məlum məsələdir ki, münaqişə dinc yolla tənzimlənsə, daha yaxşı olar. Dünya birliyi bu gün belə hesab edir ki, münaqişə sülh yolu ilə həll oluna bilər. Dünya birliyi bununla bərabər düşünür ki, Ermənistan hakimiyyəti özündə iradə tapıb, münaqişənin sülh yolu ilə konstruktiv ideyalar, beynəlxalq hüquq çərçivəsində həllinə nail olmağa çalışacaq. Lakin belə görünür ki, Ermənistan rəhbərlərinə indiki status-kvo, yəqin ki, qəbuldur. Amma ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağa qiymətləndirmə missiyası etmiş qrupun da hesabatında göstərilir ki, bu gün Dağlıq Qarabağın həllində indiki status-kvo qala bilməz. Görünür, ermənilər status-kvonu uzadaraq saxlamaq istəyir. Əgər beynəlxalq birlik hesab edirsə ki, münaqişə mütləq sülh yolu ilə həll edilməlidir, bu halda, erməni rəhbərlərinin mövqeyini də araşdırmalıdır. Görməlidirlər ki, Ermənistan rəhbərləri bu münaqişəyə hansı münasibəti göstərir, hansı addımları atırlar. Əgər onlar bunu etmirsə, düşünürəm ki, beynəlxalq ictimaiyyətin də mövqeyi dəyişiləcəkdir. Burada əsas məsələ ondan ibarətdir ki, problem tezliklə tənzimlənsin. Əgər bunun sülh yolu ilə həlli mümkün olmursa, şübhəsiz ki, BMT-nin nizamnaməsində göstərilən müddəalara uyğun olaraq öz ərazi bütövlüyümüzü təmin etməliyik. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu, bizim üçün vacib prinsipdir.
- Yeri gəlmişkən, BMT Baş Assambleyasının 66-cı sessiyasında Azərbaycanın Dağlıq Qarabağla bağlı iki qətnaməsi müzakirəyə çıxarılacaq. Bu qətnamənin qəbulu ilə bağlı proqnozlar nədən ibarətdir?
- Hələlik, qətnamənin qəbulu ilə bağlı proqnoz vermək istəmirəm. Çünki o zamana qədər müəyyən müddət keçəcək. Hələlik, müəyyən işlər gedir. Və biz də bu sahədə ölkə rəhbəri İlham Əliyevin göstərişi ilə müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk, əlaqələrimizi daha da genişləndiririk. BMT-nin Baş Assambleyasının gündəliyinə salınan bu məsələlər Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı mövqeyini bir daha ortaya qoyur və özünə daha çox dəstək qazanır. Bu, Ermənistan tərəfini çox ciddi şəkildə narahat edir və onunla bağlı ağızları köpüklənə-köpüklənə hər yerdə bunun əksinə təbliğat aparırlar. Amma bu, əbəsdir. Ermənilərin heç vaxt imkanı olmayacaq ki, bu təkliflərə qarşı çıxsınlar.
- Qətnamənin qəbulu təcavüzkar ölkənin bir daha iflası üçün hansısa imkanlar yaradacaqmı?
- Şübhəsiz. Bu, beynəlxalq birliyin bizim mövqeyimizə uyğun olan dəstəyinin bir daha nümayişi olacaq. Ümumilikdə götürəndə, şübhəsiz ki, bu, erməni tərəfinin mövqeyinə növbəti zərbə olacaq.
- Novruz müəllim, son günlər İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin Azərbaycan dövləti ilə bağlı tutduğu qərəzli mövqe nə ilə bağlıdır?
- Düşünmürəm ki, İranda bəzi dairələr Azərbaycana qarşı mövqeyində məkrlidir və müxtəlif planları var. Çünki çox böyük, zəngin bir dövlət kimi tarixi olan İran özü də çox yaxşı başa düşür ki, qonşu dövlətlərlə həmişə mehriban qonşuluq, faydalı əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində əlaqələr qurmaq ən mühüm prinsipdir. Bunu İran rəhbərləri də bəyan edir. Mən özüm şəxsən Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin İran rəhbərliyi ilə çox saylı görüşlərində həmin rəhbərlərin verdiyi bəyanatların canlı şahidiyəm. Və bu bəyanatların mahiyyəti ondan ibarət olmuşdur ki, İranla Azərbaycan arasında əlaqələr dostluq, qardaşlıq və yaxşı tərəfdaşlıq əlaqələri olmalıdır. Düşünürəm ki, İranda bəzi dairələrdə Azərbaycana qarşı məkrli niyyətlər nümayiş etdirilir. Amma siyasətçi siyasətlə, hərbçi isə hərbi işlə məşğul olsa daha yaxşıdır. Çərçivədən çıxaraq bir dövlət haqqında yanlış fikirlər səsləndirmək düzgün deyil. İran dövləti başa düşməlidir ki, onlara dost Azərbaycan lazımdır. Məhz dost Azərbaycan İranın daha da güclü, qüvvətli və dayanıqlı olmasına kömək edə bilər. Bizim də arzu və istəyimiz budur. Çox yaxşı olar ki, İranda bütün dairələr bütün məqamlarda başa düşsün və İranla Azərbaycan arasında möhkəm qonşuluq, dostluq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirsinlər. Necə ki, İranın rəhbərləri bunu bəyan edir. Madam ki, onlar bunu bəyan edirlər, deməli, digər rəsmilər də buna tabe olmalıdır. Təəssüf ki, bəzən belə olmur.
AYLANA RZAYEVA
Səs.- 2011.- 24 avqust.- S. 5.