Azərbaycan
tolerantlığın ünvanıdır
Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı, yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqa malikdir.
Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirilir, burada mövcud olan münasibətlər bir çox ölkələr üçün nümunədir. Müstəqillik əldə edildikdən sonra ölkəmizdəki dini dözümlük, ümumiyyətlə, tolerantlıq mühiti daha da möhkəmlənmiş, Ümummilli Lider Heydər Əliyevin dövlət-din siyasətinə uyğun olaraq tolerantlıq bu sahədə dövlət həyatının prioritet istiqamətinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin alternativsiz siyasi xəttini uğurla və uzaqgörənliklə həyata keçirən Prezident İlham Əliyev hazırda ölkədə tolerantlığın və dini etiqad azadlığının təminatçısıdır. Belə ki, Azərbaycan sürətli inkişafla bərabər, həm də əmin-amanlığın, bərabərliyin təcəssüm tapdığı bir ölkədir. Mədəniyyətlərarası Dialoq Forumunun və digər humanitar konfransların ölkəmizdə keçirilməsi bir daha göstərir ki, Azərbaycan mənəvi dəyərlərə çox böyük qiymət verir. Sovet hakimiyyəti dövründə Azərbaycanda 18 məscid var idisə, bu gün onların sayı 850-ni ötüb. Təkcə bu faktın özü son 20 ildə Azərbaycanın mənəvi həyatında nə qədər irəliləyişin olduğunu təsdiq edən faktdır.
Müasir həyatımızda Azərbaycanda dini ənənə, tolerantlıq dünyada bir örnəkdir. Azərbaycanda və ondan kənarda tarixə malik dini məbədlərin bərpası və xalqın istifadəsinə verilməsi sahəsində ardıcıl, operativ tədbirlər həyata keçirilməsi dövlətin məqsədyönlü siyasətinin tərkib hissəsidir.
Azərbaycan dövləti nəinki islam dininə mənsub olan abidələri, məscidləri tikdirir, bərpa etdirir. Eyni zamanda, digər dinlərə mənsub olan məbədləri təmir etdirir, tikdirir. Bu görülən işlər Azərbaycanın humanizm prinsipləri əsasında həyata keçirilir. Belə ki, Strasburqun mərkəzində yerləşən Notr-Dam kilsəsinin təmiri də bu görülən işləri davamıdır. Heydər Əliyev Fondu ölkəmizdə və ondan kənarda dini abidələrin qorunması və bərpasına yardım göstərir. Fondun dəstəyi ilə paytaxtımızdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmışdır. Azərbaycanın Avropaya, onun mədəni irsinə verdiyi töhfələr əvəzsizdir. Avropa Şurasının üzvü olan Azərbaycan öz mədəni irsinə xüsusi diqqət göstərməklə yanaşı, Avropa mədəni irsinə də diqqət və qayğı ilə yanaşır. Strasburqdakı kilsə də Avropa mədəni irsinin bir parçasıdır. Milli-mənəvi dəyərlərin yüksək səviyyədə qorunduğu Azərbaycanda bu sahədə ardıcıl tədbirlərin görülməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son illər Bakıda və regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən qurulması prosesi uğurla davam etdirilir. İslam aləminin müqəddəs ziyarətgahlarından olan Bibiheybət məscid-kompleksinin tikilərək dindarların istifadəsinə verilməsi, bununla yanaşı, Təzəpir məscid-kompleksində yenidənqurma işlərinin aparılması bu siyasətin məntiqi davamıdır. Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondu Buzovnadakı Cümə məscidinin yenidən qurulma, Bakı şəhərində pravoslav kilsəsində əsaslı bərpa və yenidənqurma işlərini, katolik kilsəsində vitrajları və pannoları quraşdırmışdır.
Azərbaycanda quruculuq-abadlıq işləri geniş vüsət alıb. Bununla bərabər, milli-mənəvi dəyərlərimizin, tarixi, dini abidələrin qorunması, bərpası da diqqətdədir. Təzəpir məscidi, Bibiheybət məscidinin təmir və bərpası da görülən işlərin məntiqi davamıdır. Azərbaycan artıq dinlərarası, mədəniyyətlərarası dialoq üçün əlverişli məkana çevrilib. Azərbaycan dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün artıq bir ünvan, bir məkandır. Bütün bunlar təsdiq edir ki, Azərbaycan müstəqil ölkə, azad xalq kimi yaşayır. Hər bir sahə üzrə proqramlar, icra mexanizmləri mövcuddur ki, bunu əsasında ölkəmizdə böyük quruculuq-abadlıq işləri aparılır. Böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrdə misli görünməmiş canlanma və inkişaf hökm sürür. Bu gün Azərbaycan təkcə Qafqazda deyil, bütün dünya miqyasında tanınan mühüm dövlətlərdən birinə çevrilmişdir. Bu da Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin nəticəsidir.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 24 avqust.- S. 6.