VƏTƏNDAŞLARIN HÜQUQİ SƏVİYYƏSİNİN YÜKSƏLDİLMƏSİNDƏ QHT VƏ KİV-LƏRİN ROLU

 

Məqaləyə başlamazdan öncə, demokratik cəmiyyəti azad və təşəbbüskar insanların yaratdığı fikrini davam etdirərək böyük yunan mütəfəkkiri Siserona məxsus ifadəni yada salmaq yerinə düşər: “İnsan azad olmaq üçün qanuna tabe olmalıdır”. Son dərəcə çətin və mürəkkəb inkişaf mərhələlərindən keçmiş demokratik inkişaf təmayülünün əsas məqsədi də dövlətin insanların şəxsi həyatına müdaxiləsini minimuma endirmək, vətəndaşların anadangəlmə təbii və sonradan əldə olunmuş hüquqlarının dönmədən müdafiəsini, qanunların aliliyini təmin etmək, cəmiyyətin hüquq mədəniyyətini yüksəltməkdir. Bu məqsədlərin gerçəkləşdirilməsinin yalnız müstəqil məhkəmə sisteminin formalaşdığı, ədalət mühakiməsinin obyektivlik, şəffaflıq və qanunçuluq prinsiplərinin həyata keçirildiyi sivil cəmiyyətlərdə mümkün olduğu isə inkarolunmazdır. Şanlı mübarizə tarixinə nəzər salsaq, ədalətin, qanunçuluğun şah olduğu ölkədə yaşamağın bu xalqın da hər zaman ən böyük arzusu olduğunu görərik.

Xalqımız bu arzusunu reallaşdıracaq, milli dövlətçilik modeli yarada biləcək böyük rəhbərə, liderə ehtiyac duymuşdur. Lakin bu istəyini XX əsrdə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə həyata keçirə bilmişdir. Ümummilli Lider Heydər Əliyev gücün siyasətinə deyil, siyasətin gücünə arxalandı, özünün mükəmməl dövlətçilik konsepsiyasında ədalət, müdriklik və həqiqət kimi ali dəyərləri qiymətləndirdi: “Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalananda”. Və fəaliyyətinin ilk günlərindən Ulu Öndər insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizmlərinin formalaşdırılması baxımından ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsini vacib saymışdır. Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyət olimpinə qayıdan dahi şəxsiyyət Heydər Əliyev milli birliyə nail oldu. Dövlətçiliyimiz ciddi təhlükə ilə üzləşəndə, Azərbaycanı vətəndaş müharibəsi kimi qorxulu bir bəla hədələyəndə Ulu Öndərin çağırışına səs verən milyonların nümayiş etdirdiyi həmrəyliyi yada salmaq kifayətdir. 1995-ci ildə Ümummilli Liderə inanan, öz taleyini Ona etibar edən insanların azad iradəsi əsasında Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk müstəqil Konstitusiyası qəbul olundu. Bu, böyük nailiyyət idi. Bundan sonrakı mərhələdə Ulu Öndər dövlət-vətəndaş münasibətlərinin hüquq çərçivəsində tənzimləndiyi, humanizmin hakim olduğu ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik prinsiplərin tam bərqərar olması naminə misilsiz xidmətlər göstərdi.

 

Dövrün tələbindən irəli gələn tədbirlər

 

“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanın, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması, Azərbaycanın ən müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulması, Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması, Azərbaycan Respublikasına yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun yaradıcısı olduğu bu islahatlar yeni əsrin başlanğıcında Azərbaycanın demokratik dəyərlərə, insan hüquqlarına sadiq ölkə kimi bölgədəki nüfuzunu daha da artırmış, respublikamızın sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirmişdir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur”. Bu siyasi kurs dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

 

Demokratik dövlət və QHT-KİV

 

Dövlət başçısı İlham Əliyev Prezidentlik səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən bildirmişdir ki, demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm şərti, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin başlıca təmini vasitəsidir. Bu yolla irəliləyən dövlətlərin mütləq əksəriyyətində ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi, insanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsiplərinə bütün səviyyələrdə əməl olunması demokratiyanın optimal idarəetmə üsulu kimi dominantlığını təmin etmişdir. Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinə dair imzaladığı Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

 

İnsan hüquqlarının müdafiəsində müştərək iş birliyi

 

Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması ali prinsip kimi qəbul olunur. Bu məsələ ilə bağlı ölkəmizin bütün beynəlxalq konvensiyalara qoşulması dediklərimizin təsdiqidir. Azərbaycanda insan hüquqları sahəsində yeganə problem Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal altına düşməsindən sonra yaranmışdır. İndi respublikamızda 1 milyondan çox insan qaçqın və köçkünlük həyatı yaşayır. Erməni əsirliyində və girovluğunda işgəncə, təhqir və zorakılıqlara məruz qalan, azad ediləndən sonra mənəvi-psixoloji gərginlik şəraitində yaşayan soydaşlarımız var. İnsan haqlarına hörmətlə yanaşan müasir dünyada Ermənistan Azərbaycanı soyqırıma və etnik təmizlənməyə məruz qoymuşdur. Bu gün ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı institutlar, İnsan Hüquqları üzrə Müvəkkil, Milli Məclisdə İnsan Hüquqları Komitəsi fəaliyyət göstərir. Azərbaycan vətəndaşı təhsil almaq, sağlamlığını qorumaq, sərbəst yaşamaq, seçmək və seçilmək kimi hüquqlara sahibdir. Bu, özünü demokratik mühitdə formalaşmış hakimiyyət sektorlarında da sərgiləyir. Yəni, hazırda hakimiyyətin üç deyil, dörd qoldan ibarət olması haqqında fikirlər qeyri-rəsmi şəkildə birmənalı qəbul edilir. Üçüncü və dördüncü hakimiyyət qismində QHT və KİV-lər çıxış edir. Demokratiyanın əsasən ictimai rəyə və söz azadlığına söykəndiyini nəzərə alsaq, QHT-KİV-in dövlət hakimiyyətləri ilə qarşılıqlı münasibətlərinin cəmiyyətə böyük faydaları göz önündədir. Təbii ki, bunun da arxasında üçüncü və dördüncü sektorlar arasındakı müştərək iş birliyini göstərmək mümkündür.

Ölkədə mövcud olan vətəndaş cəmiyyəti və mətbuat azadlığından sui-istifadə etməklə cəmiyyəti çaşdırmağa, müvəffəqiyyətləri gözdən salmağa, yalana “həqiqət” donu geyindirməyə cəhd edən siyasiləşmiş QHT-lər və mətbu nəşrlər də mövcuddur. Amma Azərbaycan jurnalistikasının və vətəndaş cəmiyyətinin vicdanı olan nümayəndələrinin sayəsində ölkəmizdə insanların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində nailiyyətlər danılmazdır. Haqqı, hüququ pozulan vətəndaşın yerli məhkəmələrə, ali məhkəməyə, hətta Avropa Məhkəməsinə üz tutması üçün heç bir maneə yoxdur. Azad söz və azad mətbuat demokratiyanın təməl prinsiplərindəndir. Ölkəmizin də demokratiya yolu ilə irəliləməkdə israrlı olduğunu mətbuatla bağlı qəbul edilmiş sənədlər təsdiq edir.

2008-ci il iyulun 31-də ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, bundan sonra Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması təqdirəlayiqdir. Xatırladaq ki, bununla yanaşı, “Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına yardım” Şurasının da yaradılması vacib olan hər iki sektorun əlaqəli işləməsinə şərait yaratdı.

 

 

Vəzifələrin gerçəkləşməsi sahəsində praktiki işlərin əməli nəticələri

 

Müxtəlif müsabiqələrin keçirilməsi istiqamətində həm QHT-lər tərəfindən, həm də KİV tərəfindən qarşılıqlı əməkdaşlığın formalaşması istiqamətində reallaşdırılan layihələr yuxarıda qeyd olunanları təsdiqləmiş olur. Belə ki, bir çox vətəndaş cəmiyyəti institutları və QHT-lər önə sürdükləri layihələr çərçivəsində KİV-lə bağlı maraqlı ideyalar irəli sürmüşdür. Həmin ideyalar, eyni zamanda, QHT-KİV əməkdaşlığının davamlı xarakter almasına  kifayət qədər müsbət təsir göstərir. Bunun müqabilində vətəndaş cəmiyyətinin formalaşması üçün məlumat bazasının da artımı müşahidə edilir. Həmçinin, KİV-lər də qarşılıqlı addım ataraq müəyyənləşdirilmiş layihələr çərçivəsində ictimaiyyətə QHT-lərin fəaliyyəti barəsində müfəssəl məlumatlar ötürür.  Bununla da, üçüncü və dördüncü sektorlarda olan qarşılıqlı fikir mübadilələri həm cəmiyyətin, həm də özlərinin aid olduğu sektorların inkişaf tendensiyasına zəruri bilgilər  aşılayır.

Təbii ki, bütün bu sadalananlar olmaya da bilərdi. Ancaq Azərbaycanda demokratik inkişaf mərhələsinin mövcudluğu əks reaksiyaları bir küncə sıxışdıraraq lüzumsuz, məntiqsiz ideyaları bu məfhumdan kənarlaşdırmağa nail oldu. Habelə, QHT-KİV əməkdaşlığı çərçivəsində qarşıda duran problematik məsələlərin də həlli indidən müəyyənləşdirilməkdədir. Bu isə, onu deməyə əsas verir ki, artıq cəmiyyətə, ictimaiyyətə maneə olan qatı problemlər geridə qalmış, öndə duran vəzifələr isə qarşıdakı vəzifələrin həllinə stimul verməkdədir. Çünki bütün bunların arxasında, bayaq qeyd etdiyimiz kimi, məlumat bazasının mövcudluğu bütün əhəmiyyəti ilə səciyyələnməkdədir. Bu baxımdan, qarşıda duran məsələlərin həllinin qısa zaman kəsiyində həyata keçirilməsi heç kimdə şübhə doğurmur.

Məhz bu baxımdan da, dövlətin apardığı bu siyasət nəticəsində QHT sektorunda inkişaf prizması davam edir. Daha dəqiq desək, QHT-lərin digər sektorlarla da əməkdaşlığının vacibliyi vətəndaş cəmiyyəti qaşısında duran əsas vəzifələrdən biridir. Ümid etmək olar ki, bu vəzifələrin gerçəkləşməsi sahəsində uğurlu praktikaların davamı əməli şəkildə reallaşdırılacaq.   

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 24 avqust.- S. 7.