Dağılan dünyam

 

Mən hazır gülüşlü üzdən qorxuram,

Qılıncdan qorxmuram, sözdən qorxuram.

 

Dünya yaranandan, söz hökmünü verəndən həyatın görünən və görünməyən tərəfləri nizamlanaraq bədiiləşdirilmiş şəkildə ifadə olunmuşdur. Şifahi və yazılı mənbələrdə ifadələr özünün müxtəlif formada təzahürü ilə seçilmiş və hər fərdin sözünün gücü özünəməxsusluğu ilə ədəbiyyatımızın müəyyən hissəsini təşkil etmişdir. Bu nümunələrin əsasında duran məqsəd bütövlükdə həyat hadisələrinin mənzərəsini, insan hisslərinin məziyyətlərini, eləcə də, tarixin müəyyən illərini əks etdirməkdir. Etiraf edək ki, tarixin həqiqətləri salnamələrdən çox bədii nümunələrdə dolğunluğu ilə seçilir. Bu, qələm sahiblərinin bizlərə ərmağan etdiyi nəzm və nəsr əsərlərində özünü büruzə verir. Bu günlərdə kitabını bizlərə təqdim edən yazıçı, publisist, şairə Əminə Tuncayın “Dağılan dünyam” kitabı da məhz həyat hadisələrinin və insan təxəyyülünün məhsulu olaraq düşüncələrinin, tarixi reallıqların səmimi şəkildə ifadəsini əks etdirir. Qeyd edim ki, o, dünya filosoflarının klassik şair və yazıçılarının əsərlərini tərcümə edib, çap etdirmişdir. “Günəş və dəniz”, “Yolunu gözləyirəm”, “Közərən məhəbbət”, “Mənəvi qocalıq” və rus dilində yazdığı “Günəş və dəniz”, “Asif ata” kitablarının müəllifidir. İmzası Türkiyədə, Tacikistanda, Özbəkistanda və Gürcüstanda tanınır.

 “Şirvannəşr”də işıq üzü görən “Dağılan dünyam” kitabında müəllifin müxtəlif janrlarda qələmə aldığı bədii nümunələrinə rast gəlinir. Belə ki, onun mənsur şeirləri, hekayələri, qəzəlləri, eləcə də, rübailəri Əminə xanımın rəngarəng və çoxşaxəli yaradıcılığının əks etdirir. Qeyd edək ki, Azərbaycan və dünya ədəbiyyatında çox nadir hallarda təsadüf olunan mənsur şeir formasına müraciəti Əminə xanımın yaradıcılığında özünəməxsusluğu ilə seçilir. Dünya ədəbiyyatında Taqorun, eləcə də, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Gülhüseyn Hüseynoğlunun mənsur şeirlərinin davamı olaraq Əminə xanım bu janra müraciət etməklə fərdi üsluba orijinal ifadə tərzinə malik nümunələr yaratmışdır. Filologiya elmlər doktoru, professor İfrat Əliyeva qeyd edir ki, Azərbaycan və dünya ədəbiyyatının tanınmış mənsur şeir nümunələri təmsilçiləri mənsur şeirlərini dərc etdirmişlər. Ancaq Əminə xanım şeirləri nəzmlə qələmə almışdır. Klassik ədəbiyyatda Əminə xanıma qədər mənsur şeirə müraciət edən qadın sənətkara təsadüf olunmur. Professor Nizaməddin Şəmsizadə dediyi kimi “nəsrlə şeir arasında bir janr olan mənsur şeir özünəməxsus poetikaya malik çox çətin bir janrdır. Qalın romanın materialı ola bilən böyük bir fikir və yaxud yarım səhifədə əks etdirmək istedad və sənətkarlıq tələb edir”. Belə istedada malik olan Əminə xanımın “Küləklər”, “Yollar”, “Əlifba kitabı”, “Dənizin etirafı”, “Bayraq”, “Babək təpəsi”, “Kövrək budaq”, “Günəş qürub edən yerdə” və s. başlıqlı mənsur şeirlərində şairənin Azərbaycana, torpağa olan isti, səmimi sevgisi ilə yanaşı,  daxili hissləri, qapalı dünyası müəyyən boyalarla əksini tapıb. Vətən torpağından güc alan sevgi fərdlərin timsalında şaxələnir və bu ülvi hisslər insanın varlıq olaraq tələb və istəklərinin hansı səviyyədə olduğunu göstərir. “Torpaq” mənsur şeirində bir ovuc torpağın müqəddəsliyinə həssaslıqla yanaşan şairə bu məkana od atanlara qarşı üsyan qoparır və hər bir kəsi torpağı qorumağa, onu sevməyə səsləyir. Azərbaycana sonsuz sevgisinin bir nümunəsi “Xəritə”də daha parlaq şəkildə özünü göstərir. “...Neft Daşları əsrimizin möcüzəsi. Yer üzündə şöhrətlidir. Naxçıvanım, Qarabağım başdan-başa sərvətlidir, zinətlidir. Mil düzündən kəhrəba tək taxıl selə dönür. Muğamım da, Şirvanım da qürurlu məğrur görünür. Lənkərandan, Kəlbəcərə, Şəkiyədək, Qubayadək torpaq üstə sanki şeir yazılmışdır misra-misra, sətir-sətir.”

Əminə Tuncayın kitaba daxil olan hekayələri də məzmun etibarilə maraq doğurur. Onun “Tale”, “Hacı Qaranın qardaşı”, “Sınaq məclisi”, “Kitab ovçusu” və digər hekayələrində klassik ədəbiyyata nə qədər bağlı olduğu sezilir. Belə ki, Əminə xanımın qəhrəmanları olduqca obrazlı şəkildə, özünəməxsus danışıq tərzinə malik simalar olaraq həyat hadisələrinin iştirakında mövqe və xüsusiyyətləri ilə səciyyələnirlər. Qəhrəmanlarının belə səpkidə təqdimi Əminə xanımı sələflərinin yaradıcılığına yaxından bələd olmasına dəlalət edir.

Əminə Tuncayın klassik ədəbiyyatın mükəmməl janrlarından hesab olunan qəzəllərə müraciəti də şairənin qələminin gücünün məhsulu tək özünü büruzə verir. Onun qəzəllərinin əsas ruhunda ülvi, bəşəri hisslər dayanır ki, bu beytlər vasitəsilə o, insan ruhuna hakim olan dəyərlərinin üzə çıxmasına şərait yaradır:

 

Baharı görmədən soldun çiçəklər tək cavan könlüm!

Həyatı dövrü-dövranı əzəl gündən xəzan könlüm!

Nə edim ki, olmadı bir kəs duyub bilsin o sən kimsən!

Dəvasız dərdlər olaydı, aman könlüm, aman, könlüm!

 

Şairənin dərdi, ahu-zarı, tənhalıq hissləri, yaxınlarına olan bakirə münasibətləri Əminə xanımın iç dünyasının daim yaşantılarla dolu olduğunu və onun baş-başa qaldığı tale yükünün ağırlığında dözüm və mətanətini göstərir. Bu, Əminə xanımın səmimi hisslərinin təzahürü tək ortaya çıxaraq bir dünya yaşamış ömrün yarımçıq, nigaran baxışlarının ziddiyyətli, burulğanlı məqamlarının ömür səhifələrinin vərəqləridir ki, bizlərə təqdim olunur. Onun Füzulinin “Leyli və Məcnun” poemasında Leylinin yaşadığı dövrandan ahu-zarla şikayətlərinə ithaf olunan qəzəlləri də maraq doğurur. Bu beytlərdə təmiz bir hisslə yaşayan, eşqi yolunda əzab və zülmə dözən, ilahi eşqin məzəmmətində yaşayan insanın hiss və duyğuları qabarıq şəkildə özünü göstərir. Müəllif “Keçmərəm Məcnunumun qanından əsla, eşqdə” deməklə öz sevgisinə olan  duyğularının əbədiliyini büruzə verir. “Əminə qəfəs yatağında Leyli tək ürək biixtiyar ağlar” - deyərək İbn Səlamın yüzlərlə qurban kəsməsində belə ilahi hissindən dönməyəcəyi qətiyyətindədir. Onun kitaba daxil olan rübailəri də maraq doğurur. Bu dörd misralıq rübailərdə Əminə xanımın böyük fikri yığcam formada ifadə etmək qüdrətindədir.

 

Mən hazır gülüşlü üzdən qorxuram,

Qılıncdan qorxmuram, sözdən qorxuram,

Ömrümdə alovdan çəkinməmişəm,

Amma kül içində közdən qorxuram.

 

Bir parça ürəyin od alov-içində yaşamasını, ovçu quş kimi könülün hər an gəzməsini, bülbül tək gülə həsrət qalmasını, dağların onun ahından lərzəyə gəlməsini poetik şəkildə rübailərində nəzmə çəkmişdir. Bu rübailər onun həyat və cəmiyyətlə olan dialoqunun müqabilində meydana gəlmiş və mübarizə meydanındakı qarşılaşdığı tale haqsızlıqlarının girdabında tuş gəldiyi məqamlardır ki, şair qələmi göz yaşı içində onları kağıza həkk etmişdir.

Azərbaycan dilinin saflığı və onun qorunması kimi məsələlərdən bəhs edən publisist məqalələr də Əminə xanımın yaradıcılığında yer alır.

 

 

Səs.- 2011.- 24 avqust.- S. 12.